Dünya çempionatının bağlanış mərasimi
Üç halqa iki gürzlə hərəkətlərin final mərhələsi başa çatdıqdan sonra çempionatın rəsmi bağlanış mərasimi oldu. Tədbiri giriş sözü ilə açan Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışdı: "Biz fəxr edirik ki, son illərdə ölkəmiz dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Bu, hər şeydən əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin, ictimai, mədəni və sosial inkişafın, idmana diqqət və qayğının dövlət səviyyəsində olmasının nəticəsidir". Federasiyanın vitse-prezidenti çıxışının sonunda 27-ci dünya çempionatı Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya, Beynəlxalq Gimnastika Federasiyasının (FİG) rəhbərliyinə, Milli Olimpiya Komitəsinə, Gənclər, İdman və Turizm Nazirliyinə, həmçinin bütün azarkeşlərə və idmançılara öz təşəkkürünü bildirdi.
Altay Həsənovdan sonra çıxış edən Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandi də 27-ci dünya çempionatını yüksək səviyyədə təşkil etdiklərinə görə Azərbaycan Gimnastika Federasiyasına və onun prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə, Gənclər, İdman və Turizm Nazirliyinə, sponsorlara və yerli orqanlara minnətdarlığını bildirdi. Bundan başqa, federasiya rəhbəri AGF-in prezidenti Mehriban xanım Əliyevaya bayraq və xüsusi medal təqdim etdi. O, AGF-in vitse-prezidenti Altay Həsənov və Təşkilat Komitəsinin icraçı direktoru Namiq Əmiraslanova da xüsusi medallar təqdim etdi.
Sonda Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva FİG-in bayrağını Bruno Qrandiyə qaytardı. FİG rəhbəri isə həmin bayrağı 2007-ci ildə Yunanıstanda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının Təşkilat Komitəsinin sədrinə təqdim etdi.
Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandi dedi: "Bakıda keçirilən dünya çempionatı tarixə çevrildi, lakin biz bu şəhəri, sizin qonaqpərvərliyinizi heç vaxt unutmayacağıq. Bununla da mən bədii gimnastika üzrə 27-ci dünya çempionatını bağlı elan edirəm. 2007-ci ildə Yunanıstanda - Patrasda görüşənədək".
Bağlanış mərasimi daha sonra bədii hissə ilə davam etdi.
Olimpiya dünyası.- 2005.- 11-14 oktyabr.- № 75.- S. 1.