Mehriban xanım Əliyeva – vətənpərvərlik və xeyirxahlığın ali ünvanı
"Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir".
Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun və ANS Şirkətlər Qrupunun Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya "2005-ci ilin adamı" adının verilməsi bu mənada tamamilə reallığı əks etdirir. Özünün də söylədiyi kimi, başqalarına yaxşılıq, mərhəmət ömrü boyu onun üçün ümdə anlayışlara, ən ülvi insani keyfiyyətlərə çevrilmiş, eyni zamanda, bu xoşməramlı fəaliyyətin kökündə səmimilik dayanmışdır. Lakin bütün bunlar hələ görüləcək işlərin başlanğıcıdır.
Həyatın mənası, insan ömrü yaşayan hər kəsin dünyadakı yeri və rolu haqda deyilən yazının əvvəlindəki fikirlərin dəqiq təsəvvürə, kifayət qədər dolğun və möhkəm qənaətə əsaslandığı dərhal hiss olunur. İlk növbədə ona görə ki, həmin mülahizələr səmimiyyətə və konkret, məqsədyönlü fəaliyyətə söykənir, fikrin arxasında konkret əməl, məqsədyönlü iş dayanır. YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın indiyədək keçdiyi ömür və fəaliyyət yolu onun belə dəyişilməyə tam mənada haqqı, mənəvi ixtiyarı olduğuna ciddi əminlik yaradır. Bu fəaliyyət yolu isə olduqca zəngin və çoxşaxəlidir.
Ötən əsrin 80-ci illərinin sonlarından etibarən tənəzzülə uğramaqda olan Azərbaycan mədəniyyətinin təmənnasız diqqət və qayğıya böyük ehtiyacı vardı. Bu ehtiyacın mümkün dərəcədə ödənilməsinə çalışan, ictimai fəaliyyətinin ilk mərhələsində - 1995-ci ildə "Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondunun təşəbbüsçüsü kimi çıxış edən Mehriban Əliyevanın dəstəyilə tez bir zamanda diqqətəlayiq nailiyyətlərə imza atıldı. Mehriban Əliyeva Fonda birbaşa rəhbərlik etməyə başladıqdan sonra isə qurumun fəaliyyəti daha gücləndi və bu Azərbaycan mədəniyyətinin böhran məngənəsindən çıxmasına əlavə təkan verdi. Görülən bütün bu işlərin geniş ictimaiyyətə çatdırılmamasının, sadəcə, bir səbəbi vardı - təvazökarlıq. Bu isə onun həyat kredosuna, fəaliyyət tərzinə xas ən ümdə cəhətlərdən biridir: "Ömür boyu mənim həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çarpdırmaq olmaz. İndi mən bundan, demək olar ki, məhrumam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu isə özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur". 1996-cı ildə isə Mehriban Əliyeva milli mədəniyyətimizin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus dillərində) çap olunan "Azərbaycan-İrs" jurnalını təsis etməklə Azərbaycan həqiqətlərinin daha geniş təbliği, beynəlxalq ictimaiyyətə çatdırılması yönündə növbəti addım atmış oldu. Bu jurnalın səhifələrində indiyədək Azərbaycan mədəniyyəti haqda, ölkəmizin, cəmiyyətimizin ən aktual problemləri barədə bir çox maraqlı materiallar, yüksək səviyyəli məqalələr dərc edilib.
Mehriban Əliyevanın Azərbaycan musiqisinin inciləri olan muğamların tədqiqi və təbliği ilə bağlı fəaliyyəti isə ayrıca tədqiqatın mövzusu ola bilər. Həmin sahədə müəyyən önəmli addımlar atan Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri seçildikdən sonra onun bu istiqamətdə gördüyü işlər daha ardıcıl və effektli xarakter aldı. Qürur doğuran faktdır ki, YUNESKO indi Azərbaycan muğamını dünya irsi hesab edir. Mehriban Əliyeva Azərbaycan xalqının kökü çox qədimlərə gedən sənət xəzinəsinə, ulu muğamatımıza, sözün əsl mənasında, sahib çıxaraq, bu sahəyə yaxından himayədarlıq etdi. İlkin nəticələrdən biri "Qarabağ xanəndələri" adlı albomun nəfis tərtibatda buraxılması oldu. Albom işıq üzü gördükdən sonra, yəqin ki, əksəriyyəti belə bir sual düşündürdü: "Muğam bütün Azərbaycanındır, onda niyə məhz "Qarabağ xanəndələri?"
Doğrudan da, albomun adını bəlkə "Azərbaycan xanəndələri" də qoymaq olardı. Amma burada böyük dəqiqliklə düşünülmüş incə bir məqam vardı. Alboma "Qarabağ xanəndələri" adı qoyulmaqla bütün dünyaya bir daha göstərildi ki, Qarabağ əzəli və ədəbi Azərbaycan torpağıdır, muğam isə bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsidir. Aydın məsələdir ki, bu, adi bir musiqi layihəsi olmadı, həm də milli-siyasi əhəmiyyət daşımaqla, illərdən bəri aparılan erməni təbliğatına vurulan böyük zərbəyə çevrildi. Elə buradaca qeyd edək ki, Mehriban Əliyevanın rəhbərliyi altında "Qarabağ" kitabının çapa hazırlanması da Azərbaycanın, Qarabağın tarixi keçmişinin öyrənilməsinə və təbliğinə diqqətin dəyərli təzahürlərindən biri kimi diqqəti çəkdi.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu sosial sferaya aid aktual məsələləri - qaçqın və məcburi köçkünlərin, uşaq evlərinin, internat məktəblərinin, müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən insanların problemlərini daima diqqətə saxlayır. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" bilavasitə Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü və rəhbərliyilə hazırlanıb. Bakıda və ətraf qəsəbələrdə yerləşən uşaq evi və internat məktəblərdə mövcud problemlər öyrənilib, onların aradan qaldırılması üçün konkret işlər görülüb. Fondun təşəbbüsü ilə keçirilən "Mən Azərbaycanı sevirəm" mövzusunda rəsm sərgisi bu baxımdan xüsusən yaddaqalan oldu.
Cəsarətlə demək olar ki, Heydər Əliyev Fondu kimsəsiz, valideyn himayəsindən məhrum, fiziki imkanları məhdud, habelə, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın-köçkün həyatı yaşayan uşaqlara qayğı göstərmək baxımından bütün digər qurumlar üçün layiqli örnəkdir. Fond tərəfindən səhiyyə sahəsində həyata keçirilən layihələrin arasında talassemiya ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə belə xəstələrin sayı, onların vəziyyəti ətraflı təhlil olunur, talassemiyanın müalicəsi və profilaktikası üçün milli proqramlar hazırlanır. Təkcə keçən il Heydər Əliyev Fondunun dəstəyi ilə 500-dən çox soydaşımıza yardım göstərilməsi Mehriban Əliyevanın xeyirxah fəaliyyətinin nəticəsidir.
Mehriban Əliyevanın istər xeyriyyəçilik, istərsə də ictimai fəaliyyətinin əsas istiqamətləri sırasında təhsil və səhiyyənin mühüm yer tutması qətiyyən təsadüfi deyil. "Azərbaycanın gələcəyi təhsilli insanların çiyinləri üzərində qurulacağını" böyük inamla vurğulamış ulu öndər Heydər Əliyevin ideyalarını əldə rəhbər tutan və onların həyata keçməsinə çalışan Mehriban Əliyeva təhsilə xüsusi diqqət yetirir. Bu sahəyə yönələn diqqət və qayğının ölkənin gələcəyi baxımından nə dərəcədə önəmli olduğunu bir daha qeyd etməyə, yəqin ki, ehtiyac yoxdur. Təhsilin inkişafı, yeni nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bu günün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi yolunda konkret və məqsədyönlü işlər görmək ilk növbədə həqiqi vətənpərvərlikdən irəli gəlir. Yalnız vətənpərvərlik hissi, vətən sevgisindən qaynaqlanan ali duyğular insanı olduqca çətin, lakin xalqın, dövlətin gələcəyi baxımından strateji əhəmiyyətli işlər həyata keçirməyə sövq edə bilər. Heydər Əliyev Fondunun prezidenti kimi, Mehriban Əliyevanın son dövrdə atdığı addımlar, xüsusən də, konkret olaraq, təhsilə yönəltdiyi böyük diqqət onun gerçək vətəndaşlıq mövqeyində dayanmasının, nümunəvi vətənpərvərliyinin danılmaz sübutudur.
Təhsillə bağlı qarşıya qoyulan əsas məqsəd, izlənilən başlıca qayə Azərbaycanda bu sahənin çağdaş dünyanın tələb etdiyi səviyyəyə yüksəldilməsidir. Qeyd olunan məqsədə çatmaq üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının vacibliyini dərindən dərk edən Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu artıq bu yöndə konkret addımlar atmaqdadır. Qısa vaxt ərzində 126 yeni məktəb tikilməsi dövlət müstəqilliyinə cəmi 14 il əvvəl qovuşan, müharibə vəziyyətində olan, iqtisadiyyatı təzəcə inkişaf etməyə başlayan istənilən ölkə üçün fövqəladə göstərici sayıla bilər.
Zaman etibarilə çox qısa müddətdə millət və dövlət maraqları baxımından strateji əhəmiyyət daşıyan bir sıra layihələri uğurla gerçəkləşdirərək cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun qarşıya qoyduğu hər bir xoş məram ulu öndərimizin ali ideallarını özündə təcəssüm etdirir. Şəxsiyyətə yüksək hörmət, vətəndaşa həssas münasibət, insanlara qayğı və təmənnasız xidmət amalını prioritet seçmiş Fond həm də xalqın milli varlığını özündə yaşadan zəngin mənəvi-intellektual və mədəni mülkiyyətin müasir qloballaşma dövrünün yabançı təzahürlərindən qor naminə cahanşümul işlər görmüşdür.
Heydər Əliyev Fondu həyata keçirdiyi önəmli tədbirləri miqyası ilə böyük ictimai və nüfuz rəğbət qazanmış, köməyə ehtiyacı olan kimsəsiz insanların ümid, pənah yerinə çevrilmiş bir məbədgaha bənzəyir. Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın yüksək humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn bu uğurlu fəaliyyətin təməli məhz millətə xidmət məramı dayanır. Xalqın qərinələr boyu formalaşmış yüksək əxlaqi-mənəvi dəyərlərini pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına əsaslı təsir göstərmək, onun genetik yaddaşını. tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiyanın uğurla həyata keçirilməsində Mehriban Əliyevanın müstəsna xidmətləri vardır. Məhz onun müəyyənləşdirdiyi prioritetlərin nəticəsi olaraq Heydər Əliyev Fondunun fəaliyyəti keçmişlə gələcək arasında körpü yaratmağa, insanlara xeyirxahlıq və insanpərvərlik kimi ali dəyərləri əxz etməyə yönəlmişdir.
Mehriban Əliyevanın YUNESKO-nun "Xoşməramlı səfiri" seçilməsi ilə Fondun milli irsin mühafizəsi, elm və mədəniyyətin inkişaf sahəsindəki fəaliyyəti bir qədər də genişlənmişdir. Azərbaycanın bir sıra görkəmli alimlərinin, yazıçı və bəstəkarların yubileylərinin keçirilməsi, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, YUNESKO-nun "Dünya irs siyahısına İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə daxil edilməsi, bu siyahıya Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil olması üçün ilkin sənədlərin hazırlanması bu fəaliyyətin təqdirəlayiq məqamları kimi vurğulana bilər. Heydər Əliyev Fondu qısa müddətdə mədəniyyət abidələrinin yenidən qurulması və reabilitasiyası sahəsində əməli tədbirlər həyata keçirmişdir. Gəncə şəhərində Cavad xan türbəsinin. Comərd Qəssabın məqbərəsinin. Bakının Şüvəlan qəsəbəsində yerləşən Pirhəsən ziyarətgahının bərpasını, Abdulla Şaiqin ev-muzeyinin təmiri bu qəbildən olan işlər sırasında xüsusi vurğulana bilər. 2005-ci ildə həcminə və keyfiyyətinə görə ölkədə analoqu olmayan "Azərbaycan" informasiya portalının yaradılması xüsusilə təqdirəlayiqdir. Layihənin reallaşmasına respublikanın aparıcı mütəxəssisləri də cəlb edilmiş, çoxsaylı arxivlərdən, kitabxanalardan və dövlət müəssisələrindən toplanmış dəyərli materiallar, sənədli bilgilər burada əksini tapmışdır.
Təbii ki, bütün bunlar Heydər Əliyev Fondunun prezidenti. xoşməramlı səfir. millət vəkili Mehriban xanım Əliyevanı nəcibliyin və xeyirxahlığın ali ünvanına çevirmişdir.
A. Hümbətov
Səs.- 2006.- 2 fevral.- № 18. - S. 4.