Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 6 nömrəli uşaq poliklinikasının əsaslı təmirdən sonra açılışında iştirak etmişdir
AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva dekabrın 27-də Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 6 nömrəli uşaq poliklinikasının əsaslı təmirdən sonra açılışında iştirak etmişdir.
Tibb işçiləri Mehriban xanımı binanın önündə səmimiyyətlə və gül-çiçəklə qarşıladılar. Mehriban Əliyeva rəmzi açılışı bildirən lenti kəsdi.
Poliklinikanın foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın uşaqlara qayğısını əks etdirən fotoşəkillərdən ibarət stendlər qurulmuşdur.
Mehriban xanım poliklinikanın laboratoriyaları, müalicə-idman otağı, fizioterapiya, LOR, stomatoloji, kardioloji bölmələri ilə tanış oldu. Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, 1975-ci ildən fəaliyyət göstərən tibb ocağı indiyədək əsaslı təmir edilməmişdi. Hazırda ən müasir avadanlıqla təchiz olunmuş poliklinikada 125 nəfər çalışır. Ərazidə yaşayan 13 minə yaxın uşaq üçün nəzərdə tutulmuş poliklinika gün ərzində 60-70 nəfərə xidmət göstərir.
Yeniyetmə otağında kardioqraf, elektron boy və çəki ölçən cihazlar quraşdırılmışdır. Ultrasəs müayinəsi kabinetindəki müasir avadanlıq bütün insan orqanlarını müayinə etməyə imkan verir. Göz xəstəliklərinin müayinəsində ən qabaqcıl texnologiya əsasında hazırlanmış cihazlardan istifadə edilir.
Mehriban Əliyeva uşaqların peyvənd olunması prosesində oldu, tibb işçilərinə kömək etdi. Uşaqların valideynləri ilə səmimi söhbət edərək, tövsiyələrini verdi.
Fondun prezidentinə məlumat verildi ki, Prezident İlham Əliyevin 2005-ci il 21 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”na (Elektron Azərbaycan) uyğun olaraq, Səhiyyə Nazirliyinin hazırladığı tədbirlər planı çərçivəsində elektron sağlamlıq kartlarının tətbiqinə başlanmışdır. Yeni doğulan hər bir uşaq üçün elektron sağlamlıq kartları yaradılır. Kartda uşaq haqqında şəxsi və tibbi məlumatlar (müayinələr, müalicələr, keçirdiyi xəstəliklər, qəbul etdiyi dərmanlar, peyvəndlər haqqında) olur. Həmin məlumatlar ümumi informasiya bankında da yerləşdirilir. Avrasiya məkanında ilk dəfə Azərbaycanda tətbiq edilən elektron sağlamlıq kartları doğum evlərində verilir.
Mehriban xanım yenicə peyvənd edilmiş uşaqların peyvənd olunmaları haqqında məlumatların yükləndiyi kartları və bayram hədiyyələrini valideynlərə təqdim etdi. Qarşıdan gələn bayramlar münasibətilə onlara təbrikini yetirdi.
Heydər Əliyev Fondunun prezidenti Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə poliklinikanın kollektivini ürəkdən təbrik etdi, onlara uşaqların sağlamlığının keşiyində durmaq kimi şərəfli peşələrində uğurlar arzuladı.
Xalq qəzeti.- 2007.- 28 dekabr.- № 292.- S. 4.