Ana səhifə   ⁞   Bioqrafiya   ⁞   E-Kitablar   ⁞   Biblioqrafiya
Çap etmək   ⁞     ⁞   Fond haqqında

“Gənclər sivilizasiyaların alyansı uğrunda” təşəbbüsü çərçivəsində tədbir keçirilmişdir


AzərTAc xəbər verir ki, oktyabrın 31-də Heydər Əliyev Fondunun və İslam Konfransı Təşkilatının Dialoq və əməkdaşlıq naminə gənclər forumunun təşəbbüsü ilə “Gənclər Sivilizasiyaların Alyansı uğrunda” təşəbbüsü çərçivəsində tədbir keçirilmişdir.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın da iştirak etdiyi tədbirdə gələn il Madriddə keçiriləcək sivilizasiyalar sammitində səsləndiriləcək təkliflər müzakirə olunmuşdur.

Leyla Əliyeva demişdir ki, gənclər münaqişələrin həlli prosesinə yeni yanaşmalar gətirə bilər, bunun üçün onların böyük imkanları var. Bu cür toplantının məhz Azərbaycanın paytaxtında keçirilməsindən məmnunluğunu söyləyən Leyla Əliyeva bildirmişdir ki, dünyada baş verən proseslərdə gənclər böyük rol oynaya, dünya ictimaiyyətinin diqqətini qlobal istiləşmə və ətraf mühit problemləri kimi məsələlərin həllinə yönəldə bilər. Bu problemlərin həlli üçün birgə səylər göstərilməsi daha səmərəli nəticələrin əldə olunmasına kömək edər. Leyla Əliyeva ümidvar olduğunu bildirmişdir ki, gələn ilin yanvarında Madriddə keçiriləcək sivilizasiyalar sammitində gənclərin qlobal problemlərin həllinə dair təklifləri ətraflı müzakirə olunacaq və dərindən araşdırılacaqdır.

BMT-nin Cənub-Cənub əməkdaşlığı layihəsinin nümayəndəsi Şahid Hüseyn çıxışında vurğulamışdır ki, bu təkliflərin müzakirəsi ciddi nəticələrin əldə olunmasına kömək edəcəkdir. Avropa Şurası Gənclər Şurasının rəhbəri Ralf-Rene Vaynqartnerin fikrincə isə, bu müzakirələrdə gənclərin iştirakı problemlərin daha tez həllinə yardım edə bilər. Almaniya, Rusiya, Gürcüstan, Qətər, Lüksemburq və digər ölkələrin nümayəndələri “Gənclər Sivilizasiyalarının Alyansı uğrunda” təşəbbüsü çərçivəsində Bakıda keçirilən tədbirin yekununda qəbul edilməsi gözlənilən bəyannamənin mətninə dair təkliflərlə bağlı fikirlərini söyləmişlər. Müxtəlif ölkələri və millətləri təmsil edən gənclər arasında bu cür dialoqun, geniş fikir mübadiləsinin əhəmiyyətini vurğulayan qonaqlar aktual problemlərin müzakirəsi üçün gözəl imkan yaradan bu cür tədbirin keçirilməsinə görə Heydər Əliyev Fonduna və onun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya minnətdarlıq etmişlər.


Azərbaycan.- 2007.- 1 noyabr.- № 245.- S. 5.