Bakıda Üçüncü Beynəlxalq Humanitar Forum öz işinə başlamışdır
Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak etmişlər.
Sonra UNESCO-nun baş direktoru xanım İrina Bokovanın Forum iştirakçılarına videomüraciəti təqdim edildi.
Müraciətdə deyilir: “Xanımlar və cənablar! Mənim üçün böyük şərəfdir ki, III Bakı Beynəlxalq Forumuna müraciət edirəm. Artıq üçüncü dəfədir keçirilən bu Forum qlobal bir platformaya, bəşəriyyəti narahat edən müxtəlif humanitar məsələlərin müzakirəsi üçün gözəl bir vasitəyə çevrilmişdir.
Bugünkü Forumun mövzuları - davamlı inkişaf, elm və təhsil, multikulturalizm və s. UNESCO-nun əsas fəaliyyət istiqamətlərindəndir. Bu baxımdan Forum davamlı sülh və sabitliyin təmin edilməsi məsələsində bizim üçün əhəmiyyətli bir fəaliyyətdir. Bunlar çox mürəkkəb məsələlərdir. Amma bunlar insan inkişafı üçün gündəlikdə duran başlıca mövzulardır.
Elmin inkişaf etdirilməsi və elmi məlumatların bölüşdürülməsi çox əhəmiyyətli məsələdir. Təhsil bizim üçün ən əhəmiyyətli mövzudur. Bütün insanlar - qadınlar və kişilər öz töhfələrini verməlidirlər ki, biz bu məsələdə uğurlara nail olaq.
Bu gün cəmiyyətlər çox dərin transformasiya dövrü keçir. Burada müəyyən qeyri-bərabərliklər vardır. UNESCO üçün bu, bir nömrəli humanist gündəlikdir. İnsan hüquqlarının və ləyaqətinin təmin edilməsi ən vacib və başlıca vəzifədir. Buna görə də bizim böyük iddialı yanaşmamız vardır ki, 2015-ci ildən sonra bu məsələ üzrə gündəlik formalaşdıraq.
Mən, III Bakı Beynəlxalq Humanitar Forumunun bütün iştirakçılarına uğurlar arzulayıram və Azərbaycan hökumətinə xüsusi təşəkkürümü bildirirəm. Xüsusilə də, Zati-aliləri cənab İlham Əliyevə bu təşəbbüsə görə təşəkkürümü bildirirəm. Sizə səmərəli iş arzulayıram və sizin mühüm qərar qəbul edəcəyinizə inanıram”.
Xalq qəzeti.- 2013.- 1 noyabr.- № 241.- S. 2.