Paytaxtımızda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının püşkü atıldı
Şəxsi yarışlarda gimnastlarımız xalça üzərinə 4-cü çıxacaqlar.
Aprelin 28-də "Hyatt Regensy" hotelində iyunun 29-dan iyulun 2-nə kimi Bakıda təşkil olunacaq bədii gimnastika üzrə Avropa çempionatının püşkatma mərasimi keçirildi. Avropa Gimnastika İttifaqı Bədii Gimnastika üzrə Texniki Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə qurumun prezidenti Haydı Bruneder (Avstriya), komitənin üzvləri Jeilbert Jannada (İsveçrə), Nataliya Kuznina (Rusiya), Mariya Tereza Nadal (İspaniya), Atanasiya Çarana (Yunanıstan), Mariya Petrova (Bolqarıstan), Azərbaycan Gimnastika Federasiyasıntn nümayəndələri və media işçiləri iştirak edirdilər.
Püşkatma nəticəsində Avropa çempionatında gimnastların xalça üzərinə hansı ardıcıllıqla çıxacaqları müəyyənləşdi. Püşkə əsasən, Azərbaycan yeniyetmələri qrup hərəkətləri üzrə yarışlarda 10-cu çıxış edəcək. Bu növdə birinci Slovakiya gimnastları öz məharətlərini nümayiş etdirəcəklər. 25 komandanın qatılacağı çempionatın final mərhələsi iyulun 1-də keçiriləcək. Həlledici mərhələyə isə, həmişə olduğu kimi, 8 qrup komandası vəsiqə qazanacaq.
Böyüklərin ip, halqa, lent və gürzlə şəxsi çıxışlarına gəlincə, komandalar 3 qrupda mübarizə aparacaqlar. Azərbaycan gimnastları Rusiya, Ukranya, Bolqarıstan, İspaniya, Çexiya, Belarus, İsrail, Yunanıstan, Sloveniya kimi güclü ölkələrin yer aldıqları A qrupunda çıxış edəcəklər. Təmsilçilərimiz xalça üzərinə Sloveniya, Yunanıstan, İsrail idmançılarının çıxışlarına baxdıqdan sonra çıxacaqlar. Bu isə belə mötəbər bir yarışda olduqca yaxşı haldır. Qeyd edək ki, Avropa çempionatında ölkəmizin idman şərəfini 3 gimnast qoruyacaq. Qrupun çıxışlarını Rusiya komandası yekunlaşdıracaq.
Daha 10 ölkənin daxil olduğu B qrupunda isə əvvəlcə Polşa gimnastları öz məharətlərini göstərəcəklər. Nəhayət, qitənin ən zəif komandalarının yer aldıqları C qrupundan xalça üzərinə birinci Norveç gimnastları çıxacaqlar.
Yarışların final mərhələsi iyulun 1-də keçiriləcək. Azərbaycanı, eləcə də digər iştirakçı ölkələri Avropa çempionatında təmsil edəcək gimnastların adları iyunun 6-na kimi müəyyənləşməlidir.
A qrupu | B qrupu | C qrupu |
1. Sloveniya | 1. Polşa | 1. Norveç |
2. Yunanıstan | 2. Avstriya | 2. Gürcüstan |
3. İsrail | 3. Slovakiya | 3. Kipr |
4. Azərbaycan | 4. Fransa | 4. Belçika |
5. Belarus | 5. Latviya | 5. Makedoniya |
6. Çexiya | 6. İtaliya | 6. Böyük Britaniya |
7. İspaniya | 7. Türkiyə | 7. Litva |
8. Bolqarıstan | 8. Finlandiya | 8. Xorvatiya |
9. Ukrayna | 9. Estoniya | 9. Portuqaliya |
10. Rusiya | 10. Macarıstan | 10. Almaniya 11. İsveç |
Qrup hərəkətləri üzrə yeniyetmələrdən ibarət komandalar AÇ-da aşağıdakı ardıcıllıqla çıxış edəcəklər:
1. Slovakiya, 2. Bolqarıstan, 3. Macarıstan, 4. Gürcüstan, 5. Rumıniya, 6. İsveçrə, 7. Finlandiya, 8. Çexiya, 9. Portuqaliya, 10. Azərbaycan, 11. İsrail, 12. Latviya, 13. Yunanıstan, 14. Litva, 15. İspaniya, 16. Türkiyə, 17. Rusiya, 18. Belarus, 19. Estoniya, 20. Polşa, 21. Ukrayna, 22. İtaliya, 23. Avstriya, 24. Almaniya, 25. Norveç.
Olimpiya dünyası.- 2007.- 1-4 may.- №30.- S. 2.