Yeni dərs ili - yeni məktəbdə
Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə Zaqatalada yeni məktəb binası tikilib istifadəyə verilmişdir
Yaşadığımız əsrin özünəməxsus xüsusiyyətlərindən biri də o olacaq ki, artıq dünya güc, qüvvə tətbiq etməklə deyil, ağıl və intellektlə idarə ediləcək. Hər bir dövlətin qüdrəti onun cəbbəxanasındakı silah potensialı ilə deyil, siyasi, mənəvi enerjisi ilə ölçüləcəkdir. Elə məhz buna görə də Birləşmiş Millətlər Təşkilatı XXI əsri "Təhsil əsri" elan edərək, biliyi, ağlı, idrakı və intellekti dəyərləndirərək ön plana çəkmişdir.
Azərbaycanda isə təhsil, dünyada baş verən qlobal dəyişikliklərlə, qabaqcıl ölkələrin təhsil sahəsindəki mütərəqqi təcrübəsinin öyrənilib mənimsənilməsi ilə paralel inkişaf edir. Milli dövlətçiliyimizin qorunub saxlanması və daha da möhkəmləndirilməsi kimi şərəfli bir missiyanın keşiyində dayanır. Dövlət təhsil inteqrasiyasını müəyyən edərkən onu özünün milli inkişaf strategiyasına uyğunlaşdırılmış, vahid mərkəzdən idarə olunmaqla, məqsədyönlü şəkildə həyata keçirmək üçün şərait yaratmışdır. Bu gün iftixarla demək olar ki, ümummilli liderimiz Heydər Əliyevin məqsədli və ardıcıl səyləri, tükənməz dühası və enerjisi sayəsində keçid dövrünün problem və çətinliklərinə baxmayaraq təhsilimizin inkişafına nəinki dövlət təminatı verilmiş, hətta bu milli inkişafımızın öncül istiqaməti kimi səciyyələndirilmişdir. Artıq paytaxt Bakıdan tutmuş əyalətlərədək sürətlə kompüterləşmə gedir. Son illər isə təhsilə daha çox diqqət artıb. Elə təkcə bu ildən bütün sinif şagirdlərinə pulsuz kitabların verilməsi buna misal ola bilər. Ümummilli lider Heydər Əliyev sağlığında təhsilə necə diqqət yetirirdisə, bu gün onun adı ilə bağlı olan "Heydər Əliyev" fondu da həmin ənənəni uğurla həyata keçirir. Artıq Azərbaycanın elə bölgəsi yoxdur ki, orada "Heydər Əliyev" fondu təhsillə bağlı nə isə bir iş görməsin. Bu günlərdə "Heydər Əliyev" fondunun Zaqatala rayonunda da yeni layihələr həyata keçirdiyinin şahidi olduq. Aldığımız məlumata görə, "Heydər Əliyev" fondunun rəhbəri Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə Zaqatala rayonu Faldar kəndində 260 yerlik müasir standartlara uyğun yeni məktəb binasının tikintisinə və Zaqatala şəhər 1 saylı Azərbaycan məktəbinin əsaslı təmirinə başlanılmışdır. Görülən işlərlə yaxından tanış olmaq üçün yollandıq Zaqatalaya. Şəhər 1 saylı Azərbaycan məktəbində əsaslı təmir işlərinin aparıldığının biz də şahidi olduq. Bu məktəbdə son tamamlanma işləri görülürdü. Məktəbin həyətində fəhlələrlə rayon təhsil şöbəsi müdirinin söhbət etdiyini görüb onlara yaxınlaşdıq. Zaqatala rayon təhsil şöbəsinin müdiri elə ayaqüstü 1 saylı məktəb haqqında bizə məlumat verdi: "Zaqatala şəhərindəki 1 saylı Azərbaycan məktəbi 1913-cü ildə tikilərək Rus-Tatar məktəbi kimi fəaliyyət göstərib. Bu günədək 8 minə yaxın məzunu olub. Məktəbin məzunlarından xeyli adlı-sanlı şəxslər də çıxıb. Sovet İttifaqı Qəhrəmanı Səlahəddin Kazımov, hal-hazırda MTN akademiyasının rəisi Ziya Yusifzadə də 1 saylı Azərbaycan məktəbinin məzunu olub. Sözügedən məktəbin məzunlarından istər respublikamız-da, istərsə də digər xarici ölkələrdə, xüsusən də MDB-də rəhbər vəzifələrdə çalışanlar var ki, onlar mütəmadi olaraq məktəblə əlaqə saxlayırlar".
Daha sonra Təhsil Şöbəsinin müdiri Tahir Məmmədov məktəb və əsaslı təmir haqqında geniş məlumat verdi: "1 saylı Azərbaycan məktəbi 50 sinifdən ibarətdir. 900 şagird kontingenti olan məktəbdə 110 müəllim çalışır. Rayonumuzda "Heydər Əliyev" fondunun hesabına bir məktəb əsaslı təmir olunur, digər bir məktəb isə yenidən tikilib", Tahir müəllim "Heydər Əliyev" fondunun rəhbəri Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə rayonda tikilən və əsaslı təmir olunan məktəb binalarının əhali tərəfindən çox yüksək qiymətləndirdiyini xüsusi vurğuladı. 100-ə yaxın mövsümi iş yeri açılmasına səbəb olan bu tikililərin nə qədər əhəmiyyətli olmasını zaqatalalılar anlayır və Mehriban xanımın təhsilə olan bu qayğısını alqışlayırlar. Tahir müəllim 1 saylı məktəbin əsaslı təmirində Azərbaycan Dövlət Neft Şirkətinin neft boru kəmərləri idarəsinin rəisi Rizvan Vahabovun yaxından iştirak etdiyini xüsusi vurğulayaraq dedi ki, Rizvan müəllim məktəbdə gedən təmir işlərini yaxından izləyir və mütəmadi əlaqə saxlayırıq. TŞ-nin müdiri təkcə məktəbin əsaslı təmiri ilə İşin bitmiş olduğunu söyləmir. Onun sözlərinə görə, 1 saylı Azərbaycan məktəbinin bütün avadanlıqları stol, stul və s. yenisilə əvəzlənmişdir. Artıq 1 saylı məktəbin direktoru Fatma İsrafilova bütün pedaqoji kollektivi ilə birgə iməcilik keçirərək məktəbdə təmizlik işləri aparır. Şöbə müdiri onu da xatırlatdı ki, Faldar kəndindəki məktəb binası da yeni dərs ilinə istifadəyə veriləcəkdir. Sözügedən məktəbin tikintisi "Heydər Əliyev" fondunun hesabına olduğu üçün bu məktəb də bütün müasir avadanlıqlarla təchiz olunacaqdır.
Qeyd edək ki, bu il Zaqatala rayonunda 1700 məzun olub ki, onlardan 830-u ali məktəbə qəbul üçün sənəd verib və 250 abituriyent ali, 50 orta texniki məktəbə qəbul olub. 5 nəfər zaqatalalı abituriyent 600-dən yuxarı bal toplayıb. Abituriyentlərdən MDB və digər xarici ölkələrin ali məktəblərinə qəbul olanlar da var.
Sonda Zaqatala Rayon Təhsil Şöbəsinin müdiri T. Məmmədov rayon təhsilinə qayğı göstərdiyinə görə "Heydər Əliyev" fondunun rəhbəri Mehriban Əliyevaya təhsil işçiləri adından xüsusi minnətdarlığını bildirdi. Və onu da xüsusi olaraq bildirdi ki, rayon təhsilində abadlıq, təmir işləri təkcə bununla bitmir. Rayon icra hakimiyyətinin başçısı Vaqif Rəhimovun diqqət və qayğısı nəticəsində bir çox məktəblərdə təmir-tikinti işlərinin aparıldığını da vurğuladı.
Əlmaniz Ələkbərli
Azad Azərbaycan.- 2005.- 7 sentyabr.- № 207.- S. 1-2 .