Öz varlığı ilə məmləkətinə şərəf gətirən Azərbaycan xanımı
Mehriban Əliyevaya “Humanizmin rəmzi” mükafatının verilməsi həm də ölkəmizin bu sahədəki uğuru kimi dəyərləndirilir.
Respublikanın ictimai-siyasi, mədəni və sosial həyatında aparıcı qüvvəyə malik olan Azərbaycan qadını həm də dünya miqyasında beynəlxalq cəmiyyətin nüfuz sahibinə çevrilib. Onun qadın gözəlliyi, qadın idarəsi, saflığı və sədaqəti, əlbəttə ki, xalqımızın çoxəsrlik milli-mənəvi dəyərləri sistemində formalaşıb. Bütün sahələrdə əməyi olan Azərbaycan xanımı dövlətin inkişafında, dövlətçilik ənənələrinin möhkəmlənməsində əvəzsiz, müstəsna rola malikdir.
Bu gün müasirimiz olan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva da məhz Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli rola malikdir. Azərbaycanda baş verən sıçrayışlarda, onun simasının gündən-günə dəyişməsində, dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer qazanmasında Mehriban xanım Əliyevanın fəaliyyəti, genişmiqyaslı layihələri nəticəsini verib. Onun həyata keçirdiyi layihələr yerli əhəmiyyətli sosial problemlərin həllinə, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək məqsədi daşıyır. İnsanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi istiqamətində önəmlidir. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, uşaq müəssisələrinin infrastrukturlarını, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək istiqamətində böyük mahiyyət daşıyan addımlar Mehriban xanım Əliyevanın humanizm prinsiplərinə söykənir.
O öz peşəkarlığı, dünya arenasında baş verən hadisələrə yanaşması ilə dünyada humanist insan obrazını canlandırdı
Öz varlığı ilə məmləkətinə şərəf gətirən Azərbaycanın birinci xanımının fəaliyyəti Azərbaycan haqqında olan təsəvvürlərin ciddi şəkildə dəyişilməsi ilə nəticələnib. Azərbaycan haqqında olan təsəvvür, insan haqqında olan təsəvvür Onun layihələri əsasında tamam fərqli bir şəkildə meydana çıxdı. Bütün dünyaya müstəqil dövlətdə yaşayan qadın obrazının lazımi şəkildə təqdiminə nail oldu. Öz peşəkarlığı, dünya arenasında baş verən hadisələrə yanaşması ilə humanist insan obrazını canlandırdı. Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinin tərkib hissəsinə daxil olmasında atdığı addımlar çox əhəmiyyətli hadisədir. YUNESKO-nun elə bir tədbiri yoxdur ki, orada Azərbaycanın milli-mənəvi dəyərlərindən, mədəniyyətindən söz açılmasın. O, tarixi həqiqətləri, tarixi faktları, dünyanın nüfuzlu təşkilatlarının iştirakı olan tədbirlərdə qonaqlara çatdıraraq, maraqlı faktlar əsasında çıxışı ilə ölkə həyatında baş verən hadisələrin təbliğinə nail olub. Onun humanizminin nəticəsi olaraq Azərbaycan əhalisinin sağlamlığı, xoşbəxtliyi geniş bir sferanı əhatə edib. Belə ki, ahıllara, qocalara, uşaqlara qayğı ilə yanaşmaq məsuliyyəti Mehriban xanımın fəaliyyətində özünü təsdiqlədi. Mövcud humanizm bu gün ölkəmizdə örnəkdir.
Mehriban Əliyeva tərəfindən yaradılan Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti nəinki Azərbaycanda, onun hüdudlarından kənarda belə əks-səda doğurub. Fond görkəmli siyasi xadim Heydər Əliyevin ideyalarını dəstəkləyərək, ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə fəaliyyətini davam etdirir. Bu yol Heydər Əliyevin müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə doğru yönəlib. Məhz buna görə Heydər Əliyev Fondu bir sıra dost dövlətlərdə nümayəndəliklər yaratmağı, eləcə də, bu ölkələrdə fəaliyyət göstərən analoji qeyri-hökumət qurumları ilə əməkdaşlıq əlaqələri qurmağı məqsədyönlü hesab edərək, Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə və ABŞ-da nümayəndəliklərini yaratdı. Fondun bu nümayəndəlikləri Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Hər bir azərbaycanlı üçün fərəhlidir ki, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın fəaliyyəti beynəlxalq səviyyədə diqqətdədir. Onun gördüyü işlər cavabsız qalmamış, dünya dövlətləri, nüfuzlu təşkilatlar tərəfindən müxtəlif adlara, mükafatlara layiq görülmüşdür. Mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsində sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, islam aləmində görülən işlərə böyük dəstəyinə görə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə “Qızıl ürək” beynəlxalq mükafatı, Polşa prezidenti Lex Kaçinski tərəfindən Azərbaycanla Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni, Fransa prezidenti Nikolya Sarkozinin sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilməsi və digər belə mükafatlar Onun fəaliyyətinin real qiymətidir.
Fəaliyyətinə görə təqdim olunan mükafatların davamı olaraq Onun Pakistanın nüfuzlu “Daily times” qəzeti və Qadın Könüllülər Təşkilatının “Humanizm simvolu-2012-ci ilin adamı” elan edilməsi də bəşəri, humanizm prinsiplərini yüksək tutmasına söykənir. Mehriban xanım bu ada Heydər Əliyev Fondunun 2012-ci ildə Pakistanın bütün əyalətlərində keçirdiyi humanitar aksiyalara, o cümlədən, təhsil və səhiyyə sahəsində işlərə görə layiq görülüb. Qeyd edək ki, Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda bir sıra layihələr gerçəkləşib. Belə ki, 2007-ci ildə Pakistanın zəlzələdən zərər çəkən Müzəffərabad şəhərində qızlar məktəbi tikilib, 2012-ci ildə isə həmin məktəb əsaslı təmir edilib, orada yenidənqurma işləri aparılıb. Bu və ya digər gördüyü işlər onu “Humanizm simvolu-2012-ci ilin adamı” elan edib. Mehriban Əliyeva qarşıya qoyduğu məqsədə doğru daim addımlayır. Özünü, Özünün kimliyini gördüyü işlərlə təsdiqləyir və fərdi dəyərlərini ortaya qoyaraq həyat missiyasını gerçəkləşdirir, Azərbaycan tarixinə silinməz izləri, əməlləri ilə həkk olunur.
Humanizm dəyərlərini əks etdirən ali mükafat
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 15-də Pakistan parlamentinin komitə sədri, Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü xanım Rubina Saadat Qaimxani ilə görüşüb. Rubina Saadat Qaimxani Heydər Əliyev Fondunun gördüyü işlərdən məlumatlı olduğunu demişdir. Pakistanlı deputat vurğulamışdır ki, onun xalqı göstərilən yardımlara görə Azərbaycan rəhbərliyinə, Heydər Əliyev Fonduna və şəxsən Mehriban xanım Əliyevaya minnətdardır. Xanım Rubina Saadat Qaimxani Prezident Asif Əli Zərdarinin salamlarını və Pakistana dəvətini Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya çatdırmışdır. Mehriban xanım Əliyeva dəvəti məmnunluqla qəbul etdi. Sonra Mehriban xanım Əliyevaya 2012-ci ilin “Humanizm rəmzi - Dünya miqyasında apardığı xeyirxah fəaliyyətinə, bəşəriyyətin ülvi ideyalarına xidmətinə görə” qadın mükafatı təqdim edilib.
Artıq bu gün bütün dünya ictimaiyyəti Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın apardığı nəhəng işlərə, reallaşdırdığı əvəzsiz layihələrə heyran qalır. Bu amil həm də Azərbaycan xanımının, Azərbaycan qadınının qəlbində yaşayan ən ali təcəssümün bariz göstəricisidir.
Rəfiqə Kamalqızı
Səs.- 2013.- 19 iyun.- № 110.- S. 3.