Mədəniyyətimizin və mənəvi sərvətlərimizin hamisi
Koitiro Matsuura,
YUNESKO-nun baş direktoru
Mehriban Əliyeva,
Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı
Mədəniyyət, mədəni irs hər bir xalqın tarixdə olmaq, tarixdə qalmaq faktının ən əsas göstəricilərindən biridir. Hər bir xalqın qərar tutduğu, özünə məskən saydığı, nəhayətdə Vətən adlandırdığı torpaq parçası böyük dünyamızın lap kiçik zirvəsi olsa belə, həmin xalq üçün böyükdən-böyük, əzizdən-əzizdir. Bu torpağın qoynunda Tanrının yaratdığı möcüzələrdən tutmuş, adi qaya parçası, çay daşınadək hər şey o xalqa məxsusdur, onun mənəvi varlığıdır. Azərbaycan da ucsuz-bucaqsız dünyamızın qədim mədəniyyətə malik, qoynunda qocaman, vüqarlı bir xalqı yaşadan məmləkətdir. Dünyaya səpələnmiş 50 milyonadək azərbaycanlının Vətənidir...
Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva YUNESKO-nun 60 illiyinə həsr olunmuş "Sivilizasiyalararası dialoq" həftəsi çərçivəsində Parisdə keçirilmiş "Azərbaycan mədəniyyətlərin və sivilizasiyaların qovşağında" adlı tədbirdəki çıxışında demişdir: "Azərbaycan zəngin mədəni irsi və ənənələri ilə fərqlənən qədim diyardır. Azərbaycan əsrlər boyu sivilizasiyalararası dialoqun aparılmasında mühüm rol oynamışdır. Ölkəmiz Şərqlə Qərbin qovuşduğu məkanda yerləşir. 1918-ci ildə Şərqdə ilk demokratik cümhuriyyət məhz Azərbaycanda yaradılmışdır. Bu, bütün islam aləmində Avropa tipli ilk parlament respublikası idi. Bununla bərabər, islam ölkələri arasında opera, balet, teatr, qadın məktəbləri, azad mətbuat, kişilər və qadınlar üçün bərabər seçki hüququ ilk dəfə məhz Azərbaycanda formalaşmışdır. Bu gün Azərbaycan Avropa dəyərlərini qəbul edən və getdiyi yolu tam dərk edən müasir ölkəyə çevrilmişdir. Uğurlu inkişafın mühüm amillərindən biri ondan ibarətdir ki, Azərbaycan dünyəvi dövlətdir, yüksək tolerantlığı ilə fərqlənən ölkədir".
Bu, gənc, müstəqil Azərbaycan dövlətinin qarşısında bu günümüzədək gəlib çatmış zəngin irsimizin bərpası və onun qorunub saxlanması kimi məsul və şərəfli bir vəzifənin durduğunu gözəlcə dərk edən, bu istiqamətdə fəaliyyətə başlayan, az sonra: "Mən fəxr edirəm ki, Üzeyir Hacıbəyov, Qara Qarayev, Səttar Bəhlulzadə, Mstislav Rostropoviç kimi şəxsiyyətlərin Vətəni olan ölkəni YUNESKO-da xoşməramlı səfir kimi təmsil edəcəyəm" - deyən və bundan böyük qürur duyan Mehriban xanım Əliyevanın mədəniyyətimizin və mədəni incilərimizin hamisi və əsil vətəndaş kimi söylədiyi fikirlərdir. Onun hami kimi gördüyü işlərə isə YUNESKO-nun baş direktoru cənab Koitiro Matsuura Azərbaycanın kütləvi informasiya vasitələrinə müsahibəsində belə dəyər vermişdir: "Azərbaycan YUNESKO çərçivəsində keçirilən tədbirlərdə get-gedə daha fəal iştirak edir. Xüsusilə də mən vurğulamaq istəyirəm ki, ölkənin birinci xanımı Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri seçildikdən sonra böyük fəaliyyətə başlamışdır. Qısa müddət ərzində o, şifahi və musiqi ənənələrinın təbliği və qorunması sahəsində böyük xidmətlər göstərmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva on il bundan öncə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmış və həmin fondun çərçivəsində böyük işlər görülmüşdür. Mən onun bu sahədəki fəaliyyətini izləyir və yaxından öyrənirdim. Mən gördüm ki, bu sahədə Mehriban xanımın xidmətləri əvəzsizdir və belə qərara gəldim ki, o, YUNESKO-nun xoşməramlı səfiri təyin edilsin. İndi o, nəinki Azərbaycanda, həm də regional miqyasda, hətta deyərdim ki, qlobal miqyasda fəaliyyət göstərir".
Mehriban xanım Əliyevanın fəaliyyətinin qlobal xarakteri eyni zamanda milli mədəniyyətimizin inkişafı üçün aparıcı amilə, onun strateji resursuna çevrilməsinə şərait yaradır. Bu günlərdə mədəniyyət və turizm nazirinin müavini Sevda xanım Məmmədəliyevanın dövri mətbuat materialları əsasında tərtib etdiyi və nəşr olunaraq işıq üzü görmüş "Mədəniyyətimizin və mədəni incilərimizin hamisi" adlı kitabı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mədəniyyət sahəsindəki fəaliyyətinə həsr olunmuşdur. Ayrı-ayrı bolmələrdə toplanmış materiallar Mehriban xanımın qazandığı uğurların kökündə dayanan mətləbləri açıb göstərir.
Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin kitaba yazdığı ön sözdə müəllif müxtəlif aspektlərdən xarakterizə olunan Mehriban Əliyevanın fəaliyyətini əks etdirən kitab haqqında oxuculara müraciətlə deyir: "Diqqətli oxucu bu kitabı oxumaqla Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini, onun liderlik keyfiyyətlərini, tutduğu vəzifələrdə yorulmadan apardığı işin müxtəlif aspektlərini daha yaxşı dərk etmək imkanı əldə edəcəkdir. Gənclərimiz bu kitabdan bəhrələnməklə özləri üçün xalqımıza və ölkəmizə, Azərbaycanın xoşbəxt gələcəyinə xidmət örnəyi seçəcək, faydalı mənəvi nəticələr çıxara biləcəklər..."
"Mehriban xanım Əliyeva mədəniyyətimiz, mədəni irsimiz və incəsənət xadimləri haqqında" bölməsində maraqlı yazılar toplanmışdır. Ayrı-ayrı mətbuat orqanlarında nəşr olunmuş bu yazılarda musiqimiz, tarixi abidələrimiz, korifey sənətkarlarımız haqqında dəyərli fikirlər söylənilir: "Musiqi, musiqi..." sərlövhəli yazıda böyük mədəniyyətin beşiyi, musiqiçilərin vətəni olan Azərbaycanın Səfiəddin Urməvi, Əbdülqadir Marağayi kimi musiqi xadimlərindən söz açılır, tarixin müxtəlif dövrlərində öz varlığı, müstəqilliyi uğrunda mübarizə aparan xalqımızın milli-mənəvi dəyərlərini qoruyub saxladığını və yaşatdığını, Azərbaycan muğamının bu gün də öz təravətini itirmədiyini böyük qürur hissi ilə qələmə alır: "Qafqazın konservatoriyası" adlandırılan Şuşa Azərbaycan musiqi sənəti tarixinə onlarca böyük muğam ustası - xanəndələr, tarzənlər bəxş etmişdir. “Şuşa və Azərbaycan musiqisi" sözləri isə Azərbaycanla maraqlanan, onu sevən, tədqiq edən hər kəs üçün ayrılmaz vəhdətdir. Səttar, Sadıqcan, Cabbar Qaryağdıoğlu, Məşədi Cəmil Əmirov, Xan Şuşunski, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Məcid Behbudov və neçə-neçə muğam ustadının adı Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda məşhurdur".
"Azərbaycan məbədləri", "Qızıl irsimiz", "Mənəvi irsimiz" kimi yazılarda Mehriban Əliyeva Azərbaycan ərazisində mövcud olan məbədlərin tarixindən, onların yerləşdiyi ərazilərdən, 2001-ci ildə 500 illiyi tamam olan Səfəvi dövləti dövründə mədəniyyətin inkişafı barədə, o vaxt tanınmış sənətkarlar haqqında fikir söyləyərkən tarixi faktlara müraciət edir, fikirlərini əsaslandırmağa çalışır. "Rəşid adlı bir möcüzə" yazısında XX əsrin korifeyi, Yer kürəsinin hər bir nöqtəsində Azərbaycanı tərənnüm edən, "özü də, sözü də bir dünya" olan Rəşid Behbudov dünyasına baş vuran müəllif yazır: "Azərbaycan musiqi tarixində Rəşid bizim özümüzü də, bizim bədii zövqümüzü də dəyişdirməyə qadir olan bir sənətkar kimi qalacaqdır. XX əsrdə Azərbaycan musiqisində baş verən dəyişikliklərin səbəblərini Rəşid möcüzəsində axtarıb tapmaq olar".
Kitabın II bölməsi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun tədbirlərini əks etdirir. Burada 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış fondun məram və məqsədi, bu istiqamətdə fəaliyyəti işıqlandırılır. Azərbaycan tarixi muzeyinin sərgi salonunda açılmış "Azərbaycan Milli qadın geyimləri" sərgisi, Səttar Bəhlulzadə adına sərgi salonunda "Azərbaycanın abidələri uşaqların gözü ilə" adlı sərgi, yenə orada Azərbaycan, Koreya və Türkiyə rəssamlarının əsərlərindən ibarət sərgi, Respublika Sarayının səhnəsində Rusiyanın balet ulduzlarının, Moiseyev ansamblının konsertləri Azərbaycan Mədəniyyətinin Dostları Fondunun keçirdiyi tədbirlərdir və bu tədbirlər milli mədəniyyətimizin təbliğinə, onun dünya xalqlarına tanıdılmasına xidmət edir.
Fondun ən böyük layihələrindən biri təqdimat, müsabiqə və yubileylərin keçirilməsidir və bu istiqamətdə də kifayət qədər görülmüş işləri əks etdirən materiallar kitabda özünə yer almışdır. Respublika Dövlət İncəsənət Muzeyinin albom-kataloqu, "Azərbaycan xanəndələri" divar təqvimi, "Qarabağ xanəndələri" albomu, "Dan ulduzu" uşaq yaradıcılıq festivalı, gənc ifaçıların müsabiqəsi, "Qədim Şuşa" kitabının təqdimatı və digər tədbirlərin reallaşmasında Mehriban xanımın çox böyük əməyi olmuşdur.
Mehriban Əliyevanın fəaliyyəti Heydər Əliyev Fondunun prezidenti seçildikdən sonra daha da genişlənir. 2004-cü il may ayının 10-da yaradılmış fondun məqsədi ümummilli liderimiz Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq məfkurəsinin geniş təbliğ olunmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirlərin həyata keçirilməsinə dəstək vermək, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə dəstək olmaq, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım etməkdən ibarətdir.
2005-ci il iyunun 22-də Heydər Əliyev Fondunun "Azərbaycan" portalının təqdimat mərasimində çıxış edən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva demişdir: "Materialların həcminə, zənginliyinə və əhatəliliyinə, habelə istifadə olunmuş internet texnologiyalarına görə portalın respublikada analoqu yoxdur. Müasir informasiya texnologiyalarının imkanlarını bir daha nümayiş etdirən Azərbaycan portalı ölkəmizin beynəlxalq aləmdə təbliği işinə, dünyada Azərbaycan haqqında tam, həqiqi və dolğun təsəvvür yaradılmasına sanballı kömək göstərəcəkdir".
2005-ci il dekabrın 9-da BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında saziş imzalandı. Mərasimdə Mehriban xanım da çıxış etdi: "Ölkəmizdə 320 min əlil insan yaşayır. Onlardan 40 mini kor və görmə qabiliyyəti zəif olan şəxslərdir. Bu saziş Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın ilk təməlidir. Heydər Əliyev Fondu yaradıldığı ilk gündən cəmiyyətimizin ən zəif təbəqələrinə böyük diqqət və qayğı ilə yanaşır. Artıq bu gün hamıya tanış fəaliyyətimiz bunu sübut edir. "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat", "Yeniləşən Azərbaycana yeni məktəblər", "Uşaq evi və internat məktəblərinin inkişafı" proqramları qısa bir zamanda həyata keçirilmişdir və nəticədə minlərlə insana yardım göstərilmiş, kimsəsiz uşaqlara qayğı artırılmış, mühüm sosial problemlər həllini tapmışdır. Məhz bu fəaliyyətinə görə Heydər Əliyev Fondu Azərbaycanda böyük hörmətə malik olan və ölkənin ictimai həyatında mühüm rol oynayan bir qurumdur. Mən əminəm ki, bu gün başladığımız layihə çox böyük uğurla nəticələnəcək, əldə olunan təcrübə kor və görmə qabiliyyəti zəif olan insanların imkanlarını genişləndirmək üçün hazırlanan yeni strategiyaya yardım göstərəcəkdir".
Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun YUNESKO ilə birgə həyata keçirdikləri layihə və tədbirlər kitabın IV bölməsində əhatə olunmuş, Mehriban Əliyevanın Dünya Mədəni İrs siyahısına daxil edilmiş Azərbaycan abidələrinin bərpası, qorunması istiqamətində fəaliyyəti önə çəkilmişdir. "Muğam dəsgahlan" layihəsi çərçivəsində 2005-ci il fevralın 18-də filarmoniyada keçirilən muğam axşamı isə xalqımızın ən böyük xəzinəsi olan muğamlarımızın mühafizəsi və yaşaması istiqamətində atılmış ilk və qətiyyətli bir addım oldu.
Mehriban xanım Əliyevanın YUNESKO-da fəaliyyəti bu qurumla Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsi, ölkəmizdə qaçqın uşaqların təhsilinə xüsusi diqqətin artırılması ilə bağlı dövlət proqramlarının həyata keçirilməsinə böyük təkan vermişdir. Ölkəmizin birinci xanımı Azərbaycanla YUNESKO arasında sıx əməkdaşlığın yaranmasında xüsusi xidməti olan cənab Matsuuraya minnətdarlığını ifadə edərkən demişdir: "Qədim tarixi və zəngin abidələri olan Azərbaycanın mədəniyyətinə və incəsənətinə xüsusi diqqət göstərdiyinizə, gözəl memarlıq kompleksinin - İçərişəhərin Dünya Mədəni İrs siyahısına və xanəndə Alim Qasımovun ifasında Azərbaycan muğamlarının bəşəriyyətin qeyri-maddi irs siyahısına daxil edilməsinə görə minnətdaram".
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban Əliyevaya YUNESKO-nun xoşməramlı səfiri fəxri adı verilməsi ilə bağlı 2004-cü il 13 avqust tarixli məktubunun sonunda YUNESKO-nun baş direktoru Koitiro Matsuura yazır: "YUNESKO-nun rolunun təbliğində və ictimaiyyəti onun məqsəd və məramları ilə tanış etməkdə bizə yardımçı olan görkəmli şəxsiyyətlər arasında Sizi tezliklə salamlamaq ümidi ilə
Səmimiyyətlə Sizin
Koitiro Matsuura,
YUNESKO-nun baş direktoru.
Paris, 13 avqust 2004-cü il.
Təbii ki, bu səmimi sözlər Mehriban xanımın fəaliyyətinə, eyni zamanda şəxsiyyətinə hörmətin ifadəsidir. Bu münasibət YUNESKO-nun mətbuat xidmətinin fəxri adın təqdimolunma mərasimindən öncə yayılmış rəsmi məlumatından da açıq görünür: "Təhsilcə həkim, YUNESKO-nun ideallarına bağlı olan Mehriban Əliyeva ölkəsində mədəniyyət, təhsil və idman sahələrində şəxsən fəallıq göstərir: O, 1995-ci ildə yaratdığı Azərbaycan Mədəniyyətinin Dostları Fondu vasitəsilə festivallar, sərgilər, konsertlər və digər mədəni tədbirlər təşkil etməklə ölkəsinin, zəngin mədəniyyətinin, o cümlədən şifahi və qeyri-maddi irsinin beynəlxalq miqyasda tanınmasına, bunların milli və regional səviyyədə qorunmasına töhfəsini verir.
Üç övlad anası olan Mehriban Əliyeva uşaqların problemlərinə də xüsusi diqqət yetirir.
Xoşməramlı səfirlər öz nüfuz və xarizmaları sayəsində YUNESKO-nun ideallarının həyata keçirilməsinə töhfə verən şəxsiyyətlərdir. Fransız kosmonavtı Patrik Bodri, Mali alimi şeyx Mobido Diarra, İslandiyanın keçmiş prezidenti Viqdes Finnboqadottir, İordaniya şahzadəsi Firial, İspaniya dənizçisi Kitin Munyoz və İtalyan aktrisası Klaudiya Kardinale onların sırasındadır".
Kitabda Nurlana Əliyevanın imzası ilə yer almış “Azərbaycan mədəni irsinin hamisi” sərlövhəli yazı oxunaqlığı ilə diqqətı cəlb edir. Müəllif məqalənin elə ilk abzasında yazır: "Dövlətçilik sistemində xaqan-xatun modelini əslində bütün dünya türk ruhundan əxz edib. Xanım Mehriban Əliyevanın timsalında bu qədim ənənənin müstəqil Azərbaycanın dövlətçilik sistemində yenidən bərpası onun ölməz türk ruhuna sədaqət hissi ilə bağlıdır".
Elə bütün bu xidmətlərinə görə Mehriban Əliyeva "Lider qadınlar" İctimai Birliyi və Azərbaycan Sosiologiya Assosiasiyası tərəfindən keçirilən sorğuya görə "İlin qadını"(2005-ci il), "İlin mədəniyyət adamı" (2005-ci il) fəxri adlarına, "Yüzilliyin messenatı" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut xaç" ordeninə (2005-ci il) və s. mükafatlara layiq görülüb.
"Mehriban xanım Əliyevanın müsahibələri" adlanan VI bölmədə yer almış yazılarda isə ölkəmizin birinci xanımının digər keyfiyyətləri də üzə çıxır. O, gözəl müsahib, intellektual səviyyəli bir ziyalıdır. "İzvestiya" qəzetinin müxbiri Oleq Sıqanovla 2005-ci il 26 may tarixli müsahibəsində oxuyuruq:
"Sual: Lora Buş ciddi proqramlarla məşğul olur. Hillari Klinton qubernatordur, siyasi karyeraya başlayıb. Siz siyasətlə məşğul ola bilərdinizmi?
Cavab: Mən siyasətlə məşğul olmuram, sadəcə insanlara kömək edirəm. Əgər bunu siyasət adlandırmaq olarsa, buyurun, elə də hesab edin. Mən hakimiyyət adamı deyiləm və hakimiyyətə can atmıram. Bu, mənlik deyil. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm".
Bəli, bu, Mehriban xanımın qeyd etdiyi kimi, öz seçimidir. Dünyanın harasına gedirsə-getsin, hansı səfərdə olursa-olsun, bu istəyinə, bu əqidəsinə sadiq qalır, kimsəsizə əl tutub, sağalmaz xəstəliyə düçar olaraq yaşamağa ümidini itirmiş bir uşağı yenidən həyata qaytarmağın sevincini yaşamaq istəyir.
"Mədəniyyətimizin və mədəni incilərimizin hamisi" kitabının müəlliflərinin əsas məramı da elə bu böyük insanın əsil portretini yaratmaq istəyi olmuşdur. Güman edirik ki, kitabı vərəqləyən hər kəs burada xalq üçün, Vətən üçün çalışan təəssübkeş bir vətəndaşın canlı obrazını görəcəkdir...
Nərgiz Rüstəmli
Respublika.- 2007.- 5 iyul.- № 145.- S. 3.