"Olimpiya oyunları - 2004" miniatür kitabının təqdimatı olmuşdur
İyulun 11-də Miniatür Kitab Muzeyində Milli Olimpiya Komitəsi və Respublika "Kitab" Cəmiyyətinin nəşr etdirdiyi "Olimpiya oyunları-2004" miniatür kitabının təqdimat mərasimi olmuşdur.
Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva iştirak etmişdir. Təqdimat mərasimini giriş sözü ilə açan Respublika "Kitab" Cəmiyyətinin sədri Zərifə Salahova bildirmişdir ki, dünyada nadir mədəniyyət obyektlərindən olan bu muzeydə 60 ölkədə nəşr olunmuş, ən kiçiyinin həcmi 2x2 millimetr, böyüyünün həcmi 100x100 millimetr olan 3750 kitab nümayiş etdirilir. Muzeyin ekspozisiya fondu isə 5300 kitabdan ibarətdir. 2002-ci ildə yaradılan muzeyə indiyədək 20 min nəfərdən çox tamaşaçı baxmışdır. Ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimlərinə həsr olunmuş "Vətənə, dövlətə, xalqa sədaqət andı", "Kitabi-Dədə Qorqud", "Qurani-Kərim", "Koroğlu, Nizami, Xaqani, Məhsəti, Nəsimi kimi klassiklərin onlarla müasir Azərbaycan ədəbiyyatı nümayəndələrinin, dünya ədəbiyyatının Şekspir, Bayron, Puşkin kimi korifeylərinin əsərlərinin muzeydə nümayiş etdirildiyini söyləyən natiq, bu mədəniyyət mərkəzinin ən son eksponatı barədə tədbir iştirakçılarına məlumat verdi.
"Olimpiya oyunları - 2004" miniatür kitabının Azərbaycan dilində nüsxəsinin ölçüsü 38x53 millimetrdir, 256 səhifədən ibarətdir, 36 rəngli şəkli vardır. İngilis dilində buraxılmış kitabın da ölçüsü eynidir, səhifələrin sayı 248, şəkillərin sayı isə 44-dür. Kitab Azərbaycan Prezidenti İlham Əliyevin XXVIII Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarımızın yolasalma mərasimindəki nitqi ilə açılır, Olimpiya Oyunlarında iştirak etmiş idmançı və məşqçiləri qəbul edərkən söylədiyi nitqi ilə sona yetir. Nəşrdə hər bir olimpiya medalçısı haqqında yığcam məlumat, habelə yarışların ən gərgin anlarmı əks etdirən şəkillər də verilmişdir.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən dövlətimizin başçısı İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına, olimpiya hərəkatının genişlənməsinə göstərdiyi diqqət və qayğıdan, idmançılarımızın Afina Olimpiadasında qazandığı uğurlardan danışaraq, yeni işıq üzü görən bu kitabı olimpiyaçılara ən gözəl hədiyyə kimi qiymətləndirdi, onun dünyada idmana aid buraxılan ilk miniatür kitab olduğunu vurğuladı.
Natiq, eyni zamanda, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Afina Olimpiadasında təşkil edilmiş "Azərbaycan günü"nün yüksək səviyyədə keçdiyini, dünyanın onlarla ölkəsinin təmsilçilərinin bu musiqili-əyləncəli mədəni tədbiri maraqla izlədiyini bildirdi, son Olimpiya Oyunlarında idmançılarımıza böyük mənəvi dəstək verdiyinə görə Mehriban xanıma idman ictimaiyyətinin minnətdarlığını çatdırdı.
O, tədbir iştirakçılarına belə bir xoş xəbəri də yetirdi ki, bu gün İtaliyada keçirilən Avropa Olimpiya Festivalından Vətənə qayıdan idmançılarımız özləri ilə, 2-si qızıl olmaqla, 6 medal gətirmişlər.
Zərifə Salahova "Olimpiya oyunları - 2004", eləcə də digər miniatür kitab nümunələrini Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya təqdim etdi.
Mehriban xanım Əliyeva kitab təbliği sahəsində dəyərli fəaliyyətinə görə Respublika "Kitab" Cəmiyyətinin sədri Zərifə Salahovaya təşəkkür etdi, Heydər Əliyev Fondunun vəsaiti ilə buraxılmış kitab və albomları muzeyə bağışladı.
Tədbir iştirakçılarına da miniatür kitab nüsxələri paylandı.
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, Milli Məclisin deputatları, olimpiya medalçıları, yazıçılar, alimlər, idman ictimaiyyətinin nümayəndələri, xarici ölkələrin respublikamızda akkreditə olunmuş diplomatları mərasimdə iştirak edirdilər.
Xalq qəzeti.- 2005.- 12 iyul.- № 158. - S. 2.