Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Azərbaycanın birinci xanımı dünyanın diqqət mərkəzindədir


Uzun illərdir ki, səhiyyə sistemində çalışıram. Özüm, el dili ilə desək, uşaq həkimiyəm. İşlədiyim müddətdə müxtəlif xəstəliklərlə mübarizə aparmışıq, uşaqları ölümün caynağından qopara bilmişik və nə qədər acı da olsa, faciələrin də şahidinə çevrilmişik. Səhiyyə işçisi kimi Azərbaycanın bu sahədə qazandığı uğurları görməyə, qeyd etməyə bilmərəm. Lakin son illər bu səhiyyə səhəsində qazanılmış uğurların arxasında persona, ölkənin birinci xanımının dayandığı faktdır. Davamlı İnkişaf yolunda addımlayan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dünyanın da diqqət mərkəzindədi. Hələ ötən ilin ortalarında Azərbaycanda keçirilən "Qadın, Gözəllik və Sağlamlıq" festivalında qeyd edilmişdi ki, dünya mətbuatının ən çox yer ayırdığı qadınlardan biri Mehriban xanımdır. O, ölkəsinin inkişafı yolunda həyat yoldaşına ən böyük köməkçi olan Şərq qadını kimi diqqəti çəkmişdi. Azərbaycanın xarici siyasətində və digər sahələrində qazanılan nailiyyətlərdə də ölkənin birinci xanımının adı çəkilir. Bu dəfə xalqının mənafeyinin müdafiəçisi və mədəniyyətinin aparıcısı kimi. Yenicə qədəm qoyduğumuz ilin əvvəlində ABŞ dövlət katibinin müavini, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Menyu Braya Vaşinqtonda Mehriban Əliyevanın şərəfinə verilən ziyafətdən sonra Azərbaycanın və Amerikanın bölüşdüyü strateji məqsədlərin bu xanımın çıxışında necə müşahidə edildiyini söyləyib.

Bu günlərdə beynəlxalq aləmin diqqəti yenidən Mehriban xanıma yönəlib. Bir neçə gün öncə isə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) icraiyyə Komitəsinin yekdil qərarı ilə Mehriban Əliyeva bu qurumun "Ana, uşaq və ailə sağlamlığının qorunmasında və möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə" mükafatına layiq görüldü. Mükafat UNESCO və İSESCO-nun Azərbaycan-da xoşməramlı səfiri Mehriban xanım Əliyevaya bu ilin may ayında Cenevrə şəhərində keçiriləcək Ümumdünya Səhiyyə Assambleyasında təqdim ediləcək. Bir səhiyyə işçisi kimi Mehriban xanım Əliyevanın bütün xidmətləri ilə yanaşı, səhiyyəyə ayırdığı diqqəti böyük qürur hissi ilə qeyd etmək istəyirəm. Respublikamızda əlil və valideyn himayəsindən məhrum uşaqlara göstərilən qayğı məhz bu insanın ana, qadın olmasından qaynaqlanır. Lakin burada peşə yönümünü danmaq olmaz. Səhiyyəyə göstərilən diqqət, bu yönümdə inkişafın ən yüksək pilləsinə qədəm qoyması üçün atılan addımların hamısı Mehriban xanım Əliyevanın peşəsinə sevgisindən qaynaqlanır. Bu sevgiyə həm də bir məsuliyyət hissi hopub. Yetişən nəslin sağlamlığına cavabdehlik isə həmin hissi daha da gücləndirir. Bu, biz səhiyyə işçilərini sevindirir.

Dünyanın quş qripi təhlükəsi ilə təhdid edildiyi bir vaxtda az zaman içərisində rəhbərlik etdiyim xəstəxana bu xəstəlik üzrə ixtisaslaşdırıldı. Ən müasir avadanlıqlarla təchiz edildi. Müxtəlif ölkələrdə ara-sıra boy verən, bəşəriyyəti qorxuya salan quş qripinin ölkəmizdə qarşısını almaq üçün bütün tədbirlər görülüb. Səhiyyə işçisi kimi həmişə bu ziyalı xanımın addımları, bir-birinin ardınca həyata keçirdiyi layihələrə dəstək olmaq üçün elimizdən gələni əsirgəmirik.


Məhəbbət İbrahimova,
YAP Nərimanov rayon təşkilatı qadınlar şurasının sədri

Yeni Azərbaycan.- 2007.- 2 fevral.- № 19.- S. 3.