Heydər Əliyev Fondu - ulu öndərin adına layiq
Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramını ifadə etmək arzu və istəyi, Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurəti, qloballaşan dünyada Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq niyyəti, Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim açıqlamaq məqsədi Heydər Əliyev Fondunun yaradılmasının əsas səbəbləri olmuş və 2004-cü il may ayının 10-da ulu öndərin ad günündə fondun açılış mərasimi keçirilmişdir.
Heydər Əliyev Fondunun əsas məqsədləri sırasında görkəmli siyasi xadimin ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək, Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək, elm, təhsil, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək, yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycan Respublikasında və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanmasına dəstək vermək və bir sıra digər məsələlər xüsusi yer tutur.
Fondun prezidenti, Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun məqsədlərinin həyata keçməsi istiqamətində genişmiqyaslı fəaliyyət göstərir.
Dörd illik fəaliyyəti dövründə Fondun həyata keçirdiyi proqram və layihələr, təşkil etdiyi beynəlxalq konfranslar, görüşlər, nəşr etdirdiyi kitablar, beynəlxalq aləmdə qazandığı nüfuz çox böyük nəticələrdən xəbər verir.
Fondun fəaliyyət coğrafiyası ölkəmizin sərhədlərini aşmış, onun dəstəyi ilə dünyanın bir çox ölkələrində layihələr reallaşmış, Rusiya, Rumıniya kimi ölkələrdə nümayəndəlikləri açılmışdır.
«Heydər Əliyev Fondu» kitabının növbəti nəşrində Fondun 3 illik fəaliyyətinə geniş yer ayrılmış, bu müddət ərzində Fondun təşəbbüsu və dəstəyi ilə həyata keçirilmiş tədbirlər öz əksini tapmışdır.
Kitabın «Heydər Əliyev Fondunun məqsədləri» adlı bölməsində vurğulanır ki, ulu öndər Heydər Əliyevin zaman, məkan anlayışına sığmayan həyat amalı azad və müstəqil bir dövlət qurmaq idi. Heydər Əliyev ömrü Azərbaycan xalqının iyirminci əsr tarixinin 35 illik ən çətin, məsuliyyətli və şərəfli bir dövrünün salnaməsidir.
Kitabda göstərilir ki, fond yarandıqdan az sonra fondun rəhbəri Mehriban xanım Əliyeva Bakıda, digər şəhər və rayonlardakı uşaq evlərində, internat məktəblərində olmuş, bundan sonra «Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı»nın hazırlanıb həyata keçirilməsini məqsədəuyğun hesab etmiş, 29 uşaq müəssisəsində yenidənqurma və tikinti-təmir işləri aparılmış, onların zəruri avadanlıqlarla, informasiya texnologiyaları ilə təmin olunması həyata keçirilmişdir.
Fondun «Yeniləşən Azərbaycana yeni məktəb» proqramının həyata keçirilməsi isə ölkənin təhsil sahəsində görünməmiş genişmiqyaslı tədbirlərlə hər kəsə məlumdur. Müxtəlif bölgələrdə tam yararsız hesab edilən 132 məktəb binası müəyyənləşdirilmiş, birinci mərhələni əhatə edən qısa müddətdə 38 mindən çox şagird yeri olan 190 məktəb binası tikilib istifadəyə verilmiş, ikinci mərhələ üçün inşası davam edən 58 məktəb binasının siyahısı verilmişdir.
Yarandığı gündən bəri fondun təhsil, səhiyyə, mədəniyyət, elm, ekologiya və digər sahələrdə həyata keçirdiyi tədbirləri, gördüyü işləri sadalamaqla qurtarmaq olmaz.
Fondun beynəlxalq əməkdaşlığı genişlənməkdə, dünyanın nüfuzlu qurumları ilə əlaqələr möhkəmlənməkdədir.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilmiş «YUNESKO-Azərbaycan: gələcəyə körpü», «Avrasiyada mədəniyyət müxtəlifliyi: Azərbaycan-sivilizasiyalararası» dialoqun keçmiş və bu günü», «Orta əsr əlyazmalarında tibb və əczaçılıq» və digər beynəlxalq konfranslar, bir sıra xarici ölkələrdə həyata keçirdiyi tədbirlər Fondun beynəlxalq aləmdə nüfuzlu bir qurum kimi mövqeyinin möhkəmlənməsindən xəbər verir.
Bütün bunların nəticəsidir ki, Fondun prezidenti Mehriban xanım Əliyeva YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri adlarına layiq görülmüşdür.
Heydər Əliyev Fondu Azərbaycan xalqının hələlik sağalmayan yarası olan Qarabağ itkisinin əsas səbəblərini, erməni işğalçılığını dünya ictimaiyyətinə çatdırmaq üçün məqsədyönlü tədbirlər həyata keçirir.
Xocalı soyqırımının 15 və 16 illiyi ərəfələrində Fondun dəstəyi ilə xüsusi layihələr həyata keçirmiş, dünyanın onlarla ölkəsində faciəni anım mərasimləri təşkil olunmuş, erməni faşizminin iç üzünü açıb göstərən «Qarabağ həqiqətləri», «Xocalı soyqırımı» kimi filmlər nümayiş etdirilmiş, real faktlara, foto-sənədlərə əsaslanan geniş təbliğat işləri aparılmışdır.
Heydər Əliyev Fondu ümummilli liderin göstərdiyi yolda inamla irəliləyir, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə aparılan uzaqgörən siyasi kursun daha böyük uğurlar qazanması üçün daim dəstək olur.
Bu gün böyük iftixar hissi ilə demək olar ki, Fond Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ulu öndərimiz Heydər Əliyevin ölməz ideyalarının reallaşması istiqamətində uğurla irəliləyir.
Rabitə dünyası.- 2009.- 8 may.- № 16.- S. 14.