Mehriban Əliyeva "İlin mədəniyyət adamı" nominasiyasına layiq görülüb
Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən
Ötən gün Yeni Yazarlar və Sənətçilər Qurumunun (YYSQ) təşəbbüsü ilə İçəri şəhərdə yerləşən Miniatür Kitab Muzeyində "Beynəlxalq Kitab və Müəllif Hüququ Günü", habelə "Ümumdünya Əqli Mülkiyyət Günü"nə həsr olunmuş tədbir keçirilib.
Tədbir çərçivəsində 2004-cü ilin nəticələrinə görə, "İlin mədəniyyət adamı", "İlin ədəbiyyat adamı", "İlin mədəniyyətə dəstək verən dövlət qurumu" və "İlin mədəniyyətə dəstəkverən özəl qurumu" nominasiyasında qaliblərə diplom və hədiyyələrin təqdimatı olub.
YYSQ Gənc Art-Sosioloqlar Qrupunun texniki dəstəyinə YUNESKO tərəfindən elan edilmiş 21 mart Dünya Poeziya Günü - Beynəlxalq Ədəbiyyat Bayramı münasibətilə ölkəmizin Bakı, Sumqayıt, Lənkəran, Quba və başqa şəhərlərində 16-40 yaşlı 500-dən yuxarı vətəndaşlar arasında keçirdiyi rəy-sorğunun nəticələrinə əsasən YYSQ İdarə Heyəti 2004-cü ilin nəticələrinə görə: Yeni milli mədəniyyət quruculuğu sahəsindəki xidmətlərinə, xalq musiqisi və muğamlarımızın qorunub, gələcək nəsillərə çatdırılması istiqamətindəki nailiyyətlərinə və YUNESKO-nun xoşməramlı səfiri kimi həyata keçirdiyi kültür layihələrə görə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban Əliyeva "İlin mədəniyyət adamı"; Milli Məclisin mədəniyyət məsələləri daimi Komissiyasının rəhbəri, millət vəkili Anar "İlin ədəbiyyat adamı”, Gənclər, İdman və Turizm Nazirliyi "İlin Mədəniyyətə dəstək verən dövlət qurumu", "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov "İlin Mədəniyyətə dəstək verən özəl qurumu" diplomu ilə təltif ediliblər.
Paritet.- 2005.- 23-25 aprel.- № 45.- S. 9.