Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu məcburi köçkün məktəblərinin himayəçisidir



Ağdam rayonunun Bakıda fəaliyyət göstərən 32 saylı orta məktəbi tədris-təlim prosesində respublikanın öncül təhsil müəssisələrindən birinə çevrilib

Onların bəziləri Ağdamı, elini, obasını sonuncu dəfə körpə yaşlarında görüb, bir qismi isə heç vaxt görməyib. Amma hər birinin qəlbində doğma Ağdam, xatırladıqları, böyüklərdən eşitdiklərinə əsasən xəyallarında canlandırdıqları yurdun həsrəti var. İntiqam hissi ilə alışıb-yanan, günlərin birində doğma yerlərinə qayıdacaqlarına inam hissi ilə böyüyən bu uşaqlar ərazisinin böyük bir hissəsi Ermənistanın işğalı altında olan Ağdam rayonunun Bakıdakı 32 saylı orta məktəbinin şagirdləridir.

Dərnəgül qəsəbəsində yerləşən məktəbin həyətinə daxil olduğumuz vaxt fasilə idi. Həyətdə, dəhlizdə rastlaşdığımız şən, əsil məktəbli əhval-ruhiyyəli, bir sinifdən digərinə tələsən şagirdlər, ətrafdakı səliqəlilik bizi buranın şəhərin digər orta təhsil müəssisələrindən heç də fərqlənmədiyi, məktəbdə əsil Ağdam şöhrətinə xas bir ab-havanın hökm sürdüyü qənaətinə gətirdi.

Məktəbin direktoru Ülviyyə Hacıyeva gənc olmasına, bu vəzifəyə yeni təyin edilməsinə baxmayaraq, işgüzarlığı, təşkilatçılığı, bacarıqlı rəhbərliyi sayəsində qısa müddətdə müəllim və şagird kollektivinin hör-mətini, etimadını qazanıb. Elə ilk söhbətimiz də onunla oldu. Məktəb barədə məlumat verən Ü. Hacıyevanın sözlərinə görə, hazırda burada 532 şagird təhsil alır. Onlardan 49-u birinci sinifdə oxuyur. Böyük əksəriyyəti ağdamlılar olsa da, içərilərində işğal olunmuş Füzuli və digər rayonlardan olanlar da var. Şagirdlərin təlim-tərbiyəsi ilə 95 müəllim məşğul olur. Məktəbdəki sinif otaqlarının sayı isə 20-dir. Sinif otaqları azlıq etdiyi üçün VII - XI siniflər birinci, I - VI siniflər isə ikinci növbədə dərsə gəlirlər.

Ötən il məktəbi 63 şagirdin bitirdiyini deyən direktor onlardan 11 nəfərinin respublikanın müxtəlif ali məktəblərinə qəbul olunduğunu söylədi. Məktəbin şagirdləri arasında idmanın müxtəlif növləri üzrə fərqlənənlər də var. Zaur Hüseynov kik-boksinq, Azər Quliyev yüngül atletika üzrə respublika birinciliklərinin qalibləridirlər. İdmanın uşu-taunu növü ilə məşğul olan Lalə Haqverdiyeva 40 kq çəki dərəcəsində beynəlxalq turnirlərdə müxtəlif vaxtlarda birinci, ikinci və üçüncü yerləri tutub.

Ülviyyə xanım məktəbin qabaqcıl müəllimlərindən bəzilərinin adlarını da çəkdi. Emiliya Hacıyeva, Dilərə Əliyeva, Firəngiz Abdullayeva, Leyla Quliyeva, Nurəddin Hüseynov, Zülfiyyə Quliyeva, Vaqif Məmmədov, Mətanət Hüseynli və digər müəllimlər öz vəzifə borclarını ləyaqətlə yerinə yetirirlər. Bu il ali məktəbi yeni başa vuran 4 müəllim də işə qəbul olunub. İngilis dili müəlliməsi Hüzurə Ağayeva ABŞ-da, Almaniyada kurs keçərək öz biliyini daha da təkmilləşdirib. Ona işləmək üçün Bakıdakı bir çox ali məktəblərdən təkliflər gəlir. Amma təcrübəli pedaqoq kimi biliyini yalnız öz doğma yurddaşları ilə, məcburi köçkün şagirdlərlə bölüşməyi hər şeydən üstün tutur. Özünün də qeyd etdiyi kimi, məktəbdə təcrübəli təhsil işçilərinə ehtiyac duyulduğundan işləmək üçün kənardan gələn heç bir təklifi qəbul etmir. Hətta əlində olan şəxsi kompüter dəstini də məktəbə gətirərək şagirdlərin istifadəsinə vermək fikrindədir.

Söhbətə direktorun təlim-tərbiyə işləri üzrə müavini Emiliya Hacıyeva da qoşulur. 1993-cü ilin sonlarında - respublikamızın çətin vaxtlarında bu məktəbin yaradılmasında böyük zəhməti olan Emiliya müəllimə görülmüş işlərdən danışdı. 45 ilə yaxındır pedaqoji sahədə çalışan Emiliya Hacıyeva zəngin elmi və həyat təcrübəsindən yararlanaraq, məktəbin inkişafı üçün əlindən gələni edib və etməkdədir. Emiliya müəllimənin bir vaxtlar Ağdam şəhərində işləyərkən yaratdığı coğrafiya kabineti nəinki rayonda, bütün respublikada birinci olub. Elə burada yaradılan fənn kabinetlərinin də lazımi ərsəyə çatdırılmasında Emiliya müəllimənin böyük zəhməti olub. O, söhbət zamanı məktəbin yerləşdiyi binanın ikinci mərtəbəsində fəaliyyət göstərən peşə liseyinin köməyini xüsusilə qeyd etdi. Hazırkı siniflər vaxtilə 32 saylı məktəbə verilərkən liseyin rəhbərliyi əlavə dörd sinif otağını də köçkün şagirdlərə hədiyyə edib. Amma məktəbə edilən kömək bununla bitmir. Ağdam Rayon İcra Hakimiyyəti təhsil şöbəsi də məktəbə daim diqqət və qayğı ilə yanaşırlar. Söhbət əsnasında qeyd olundu ki, bu ildən başlayaraq məktəbin müəllim kollektivi öz təşəbbüsü ilə IX - XI sinif şagirdləri arasında yaxşı oxuyanları mükafatlandırmaq niyyətindədir. Bu mükafatların həm də əslən Ağdamdan olan imkanlı şəxslərin hesabına verilməsi nəzərdə tutulur.

Bu il isə məktəbə ən böyük yardımı Heydər Əliyev Fondu edib. Yeni dərs ilində məktəbə gələn Fondun nümayəndələri birinci sinfə qəbul edilən 49 şagirdin hər biri üçün geyim dəstləri, dərs ləvazimatları hədiyyə ediblər. Məktəb rəhbərliyinin bildirdiyinə görə, Heydər Əliyev Fondunun bu xeyriyyəçilik aksiyası bütün kollektivin hədsiz sevincinə səbəb olub. Buna görə də müəllim və şagirdlər Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya müraciət hazırlayıblar. Onların arzusu Mehriban Əliyevanı məktəbə dəvət etmək, onunla görüş keçirməkdir.

Qısa söhbətdən sonra sinif otaqları ilə tanış oluruq, ilk daxil olduğumuz Azərbaycan dili kabinetində 7 "b" sinfinin şagirdləri rusdilli dərsi keçirdilər. Kabinetin səliqə-sahmanına söz ola bilməzdi. Müəllimlərin hazırladığı dilimizin qrammatik qaydalarını əks etdirən lövhələr diqqəti cəlb edirdi. Kabinet bir az darısqal olduğu üçün bəzi partalarda şagirdlər üç nəfər oturmuşdular. Amma bu darısqallığı unutduran bir ürəkaçan ovqat da vardı. Bu da şagirdlərin hamısının dərsə hazırlığı, müəllimənin sualına rus dilində mükəmməl cavab vermələri idi.

Eyni əhval-ruhiyyə ilə fizika kabinetində də rastlaşdıq. Burada da di-varda fizikanın qanunlarından bəhs edən stendlər, fizika elmi sahəsində tanınmış Azərbaycan alimlərinin şəkilləri diqqəti çəkirdi. Yay tətilindən yeni qayıtmalarına baxmayaraq, şagirdlərdən dərəcə hazırlıqlı idilər. Bu, kabinetə gələcəyimizi gözləməyən fizika müəlliminin suallarına şagirdlərin səriştəli cavab vermələrindən hiss olunurdu.

Emiliya müəllimənin özünün zəhməti hesabına qurub-yaratdığı coğrafiya kabinetİ isə indiyə qədər gördüyümüz bütün coğrafiya kabinetlərindən fərqlənirdi. Bura E. Hacıyevanın Ağdamda yaratdığı və ölkədə birinci olan avtomatlaşdırılmış coğrafiya kabinetinə çatmasa da, tələbata tam cavab verirdi. Otaqda partaların üstünü qlobuslar, divarları isə müəllimənin şagirdlərlə birgə hazırladığı fiziki və iqtisadi xəritələr bəzəyirdi. Amma bu kabinetdə indiyə qədər görmədiyimiz xəritələrə də təsadüf etdik. Bunlardan biri Azərbaycanın iqtisadi - ticari əlaqələri olan ölkələri özündə əks etdirən xəritə idi, Digərində isə ölkəmizin üzv olduğu beynəlxalq təşkilatların adları göstərilirdi. Xəritələrin arasında diqqəti xüsusi ilə cəlb edən biri də var idi. Bu, yurd həsrəti ilə alışıb-yanan Emiliya müəllimənin ürək ağrısı ilə qara tumdan və ağ toxumdan yaratdığı Ağdamın xəritəsi idi. Qara tum rayonun işğal altında olan ərazilərini, ağ toxum isə digər yerləri göstərirdi.

Gəzdiyimiz bütün siniflərdə şagirdlərin davamiyyəti, elmi biliklərinin səviyyəsi ürəkaçan olsa da, fənn kabinetlərinin maddi təchizatı zəif idi. Məsələn, fizika kabinetində laboratoriya məşğələləri üçün lazımi şərait yoxdur. Bundan başqa, məktəbdə bir dənə də olsun kompüter dəsti gözümüzə dəymədi. Çatışmazlıqları təsdiqləyən məktəb rəhbərliyi müvafiq orqanlardan bu istiqamətdə yardım gözlədiklərini dedi.

Məktəbə yeni rəhbərlik təyin ediləndən sonra burada inanılmaz dərəcədə böyük işlər görülüb. Bunlardan biri ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən guşənin yaradılmasıdır. Bu ildən həm də "Heydər Əliyev məktəbi"nin yaradılması nəzərdə tutulur. Binanın girişində təzə qoyulmuş stenddə Ağdam şəhidlərinin, məktəbin əlaçı şagirdlərinin, ali məktəblərə daxil olmuş məzunların şəkilləri vurulub.

Ülviyyə Hacıyevanın sözlərinə görə, məktəbdə hər il Ağdam günü qeyd olunur və işğal olunmuş ərazilərlə bağlı xüsusi məşğələlər keçirilir. Bu məşğələlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş oğul və qızlarımız barədə şagirdlərə ətraflı məlumatlar verilir. Öz doğma yurdundan kənarda fəaliyyət göstərən, mövcud çətinliklərə baxmayaraq, tədris və təlim prosesində mühüm uğurlar əldə edən, şagirdlərə yüksək səviyyəli təhsil verən 32 saylı məktəbin kollektivinə yeganə arzumuz məcburi köçkün məktəbi statusuna tezliklə xitam vermələri, fəaliyyətlərini Ağdamda davam etdirmələridir.

Rəşad Cəfərli

Azərbaycan.- 2005.- 20 sentyabr.- № 218.- S. 5.