Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva BMT-nin Cenevrədəki bölməsinin iqamətgahında “Azərbaycan otağı”nın açılışında iştirak etmişdir


AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Dünya Səhiyyə Assambleyasının 60-cı sessiyasında iştirakı çərçivəsində mayın 18-də BMT-nin Cenevrədəki bölməsinin iqamətgahında “Azərbaycan otağı”nın açılışında iştirak etmişdir.

Açılış mərasiminə BMT-nin Cenevrədəki bölməsi yanında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların yüksək vəzifəli təmsilçiləri, ölkəmizin daimi nümayəndəliyinin və səfirliyinin əməkdaşları toplaşmışdılar.

BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Sergey Orconikidze və Mehriban xanım Əliyeva açılışı bildirən lenti kəsmiş, “Azərbaycan Respublikası tərəfindən təmir edilmiş və bəzədilmişdir. 2007” sözləri yazılmış lövhənin üzərindəki örtüyü götürmüşlər.

Mehriban xanım Əliyeva ölkəmizi təmsil edən eksponatlar - İçərişəhərin təsvir edildiyi tablo, Bakıda, Qarabağda və Qubada toxunmuş XVII və XVIII əsrlərə aid xalçalar haqqında baş direktora məlumat vermişdir.

Mərasimdə çıxış edən Sergey Orconikidze Azərbaycanı başqa ölkələrə örnək göstərərək, belə otaqların açılmasının BMT və onun məqsədləri üçün çox dəyərli töhfə olduğunu xüsusi vurğulamış, yaxın vaxtlarda “Azərbaycan otağı”nda mühüm tədbirlərin keçiriləcəyini bildirmişdir.

Mehriban xanım Əliyeva çıxışında otağın bərpa olunmasında yaxından iştirak etmiş BMT bölməsinin rəhbərliyinə təşəkkürünü bildirmişdir. Son illər Azərbaycanda mühüm layihələrin həyata keçirildiyini, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun getdikcə artdığını xatırladan Mehriban Əliyeva respublikamızın iqtisadi qüdrətinin dinamik şəkildə yüksəldiyini vurğulamışdır.

Ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Mehriban xanım Əliyeva işğalçılıq siyasəti yeridən Ermənistanın ərazilərimizin 20 faizini zəbt etdiyini, doğma yurdlarından silah gücünə çıxarılmış bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətində yaşadığını bildirmişdir. İşğalçı dövlətin zəbt etdiyi ərazilərdən silahlı qüvvələri qeyd-şərtsiz çıxarması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə indiyə qədər əməl etmədiyini bildirən Azərbaycanın birinci xanımı beynəlxalq təşkilatları məsələnin sülh yolu ilə həllində öz təsir imkanlarından istifadə etməyə çağırmışdır.

Mərasimdə iştirak edən qonaqlar Mehriban xanımı “Azərbaycan otağı”nın açılması münasibətilə təbrik etmişlər.

Baş direktor Sergey Orconikidze Mehriban Əliyevanı böyük ehtiramla yola salmışdır.


AzərTAc
2007, 18 may