Azərbaycan - İslam Konfransı Təşkilatı və ISESCO
Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatı ilə ilkin əməkdaşlığı respublikanın müstəqillik tarixi ilə eyni vaxtda baş tutmuşdur. Artıq 18 ildir ki, mövcud münasibətlər səmərəli inkişaf tempi ilə müşahidə olunmaqdadır. Bu illər ərzində Azərbaycanın xarici siyasət kursunun genişlənməsi, uğurlu strategiya və beynəlxalq qurumlardakı balanslaşdırılmış diplomatik fəaliyyəti müsəlman təşkilatları ilə həmrəyliyin əhəmiyyətini artırmışdır. Bu baxımdan, Azərbaycan Respublikasının keçən illər ərzində İKT ilə həyata keçirdiyi elmi-mədəni əməkdaşlığının tədqiq olunması zərurət olaraq qalmaqdadır. İKT-nin təhsil, elm və mədəniyyət sahəsində fəaliyyət göstərən struktur bölmələri ilə ikitərəfli əlaqələrin qurulması, bu təşkilatın İslam irsi və mədəniyyətinin araşdırılması istiqamətində Azərbaycanla əməkdaşlığının vacib olduğunu söyləməyə əsas verir.
1997-ci il dekabr ayının əvvəllərində Tehranda keçirilən İKT-nin VIII zirvə toplantısının iş prosesində "İslam tarixi, incəsənəti və mədəniyyəti araşdırmaları mərkəzinə dair" (IRCICA) qətnаmә qəbul olunmuşdur. Qətnamənin VII maddəsinə əsasən mərkəz 1998-ci ilin payızında Bakı şəhərində, Prezident Heydər Əliyevin himayəsi altında, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Elmlər Akademiyası ilə birlikdə "Qafqazda islam sivilizasiyasına dair" beynəlxalq simpoziumun geniş tərkibdə keçirilməsinə nail oldu (1). İKT-nin xətti ilə keçirilən bu mötəbər tədbirdə Qafqaz sivilizasiyasının formalaşmasında islam amilinin rolu, müsəlman Qafqaz dövlətlərinin elmi-mədəni həyatında islam mədəniyyəti və mənəviyyatının yüksək mövqeyi xüsusilə vurğulanmışdır. Asiya və Avropanın qovuşuğunda yerləşən Azərbaycanın bu mədəniyyət və mənəviyyatdan kənarda qalmaması, əksinə, bu gün İKT sıralarında uğurla təmsil olunması, Azərbaycan xalqının islam mədəniyyəti ilə sıx bağlı olduğunu bir daha sübut etməkdədir.
1976-cı ildə İKT xarici işlər nazirlərinin İstanbulda keçirilən VII konfransında qəbul olunan qərarlara müvafiq olaraq təsis edilmiş IRCICA Sultan II Əbdülhəmidin Ulduz sarayında yerləşir ki, bu mərkəz islam tarixinə dair elmi araşdırmalar aparır (16). Ümummilli lider Heydər Əliyevin simpoziumdakı əhatəli çıxışı müsəlman ölkələrinin diqqətini respublikaya yönəltmiş və İslam dünyası ilə əlaqələrimizin elmi-mədəni əməkdaşlıqla davam etdirilməsinin əhəmiyyətli olduğu bildirilmişdir.
İslam dünyasının mötəbər təhsil, elm və mədəniyyət mərkəzi, İKT-nin bu sahədə müsəlman ölkələri ilə əlaqələr qurduğu ən böyük mədəni struktur bölmələrindən olan ISESCO-dur. Әmәkdaşlığımızın ilk günündən ISESCO Azərbaycanın haqq işinin dəstəklənməsinə öz qüvvəsini səfərbər etmişdir. İKT, ISESCO və bütövlükdə islam dünyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yönündə birmənalı mövqe nümayiş etdirərək, ermənilərdən işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalarını tələb etməkdədir. Bu məqamda ISESCO-nun beynəlxalq konfrans və simpoziumlarda, alimlərlə keçirilən tədbirlərdə, elm məclislərində Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi buna bariz nümunədir. İKT Azərbaycanın işğal olunmuş ərazilərində elmi-mədəni abidələrimizi talan edən erməni vandalizmini pisləmiş və müxtəlif illərdə müvafiq qətnamələr qəbul etmişdir ki, bugünə qədər dünya ictimaiyyəti problemə lazımi reaksiya verməmişdir.
Son beş il Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatı ilə qurulan mədəni münasibətlərinin inkişafında xüsusilə maraq kəsb etməkdədir. Bu illər İKT-nin də himayəsi ilə birgə respublikada həyata keçirilən elmi-mədəni tədbirlərin reallaşması baxımından məhsuldar olmuşdur. Azərbaycan bir sıra beynəlxalq və regional tədbirlərin mərkəzinə çevrilmişdir. İKT Gənclər Forumunun (GF) təsis edilməsi isə respublika gənclərinin mədəni həyatında baş verən mühüm hadisə idi. Forumun təsis edilməsi haqda ideyanın məhz Azərbaycan tərəfindən təqdim edilməsi isə respublika gəncliyinin bu işdə nə qədər maraqlı olduğunu deməуә əsas verir. Azərbaycan Respublikası Gənclər Təşkilatlan Milli Şurasının (ARGTMŞ) sədri Fuad Muradov təsisat iclasında forumun əhəmiyyətindən danışarkən qeyd etmişdir ki: "İslam Konfransı Təşkilatı (İKT) özünü islam mədəniyyətinə aid edən dünyanın 57 ölkəsini öz sıralarında birləşdirən nüfuzlu beynəlxalq təşkilatlardan sayılır. Bu təşkilata üzv olan ölkələr arasında sıx elmi, mədəni və siyasi əlaqələr yaranması, fəal elmi və mədəni informasiya mübadilələri aparılması istiqamətində geniş imkanlar yaradır. Lakin dünya siyasi arenasında özünəməxsus yeri və çəkisi olan İKT-nin gənclər siyasəti ilə məşğul olan qurumu indiyə kimi mövcud deyildir". 2001-ci ildən ARGTMŞ ilə Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası (ABİA) İKT ölkələrindən olan gənclərin qeyri-hökümət təşkilatlarını özündə birləşdirən Forumunu yaratmaq ideyasını irəli sürmüş və bu məqsədi həyata keçirmək üçün bir sıra əməli işlər görmüşdür. İKT GF-in yaradılması üzrə ilk görüş 2003-cü il avqust ayının 22-23-də Bakıda keçirilmişdir. Bu görüşdən sonra 2004-cü ilin 1-3 dekabr tarixlərində İKT GF-in təsis qurultayı уеnә də Bakıda baş tutmuşdur. Təşkilatın baş katibi Elşad İsgəndərov Forumun Azərbayсаnın mədəni, siyasi həyatında vacib rol oynayacağını bildirmişdir: "57 ölkəni öz sıralarında birləşdirən İKT-nin Gənclər Forumunun yaradılmasının çox mühüm beynəlxalq əhəmiyyəti var. Çünki, 1.5 milyard əhalisi olan islam dünyasının böyük əksəriyyətini gənclər təşkil edir. Həmin gənclərin də dünya düzəninin formalaşmasında özünəməxsus rolu var. Tədbirin Azərbaycan üçün əhəmiyyətinə gəlincə, onu deyə bilərəm ki, belə bir təşkilatın təsis konfransının Bakıda keçirilməsinin özü çox şey deyir. Bundan başqa bu təşkilatın Baş Katibi vəzifəsinə Azərbaycan təmsilçisinin seçilməsi də önəmli bir hadisədir. Bu postda fəaliyyət göstərdiyim müddətdə çalışacağam ki, Azərbaycan gənclər təşkilatlarının islam aləmində baş verən proseslərin önünə keçməsinə yardımçı olum. Bu, һәm də bizim ölkəmizin İKT çərçivəsində rolunun artmasına da kömək edəcək. Forumda yekun olaraq Dağlıq Qarabağda baş verən işğalın nəticələri ilə əlaqədar, Ermənistanı ittiham edən və Azərbaycanın haqq mövqeyini dəstəkləyən qətnamə qəbul edildi. Mənə elə gəlir ki, böyük əhaliyə və potensiala malik olan islam aləminin gənclərini Azərbaycanın haqq işinin müdafiəsinə səfərbər etmək bizim başlıca vəzifəmiz olmalıdır" (11). Göründüyü kimi, möhkəm təmələ əsaslanan İKT GF-in təsisatı respublika gəncliyinin mədəni həyatında son dərəcə dəyərli hadisəyə çevrilmişdir. Forumla qurulan münasibətlər onu göstərir ki, Azərbaycan gəncliyi də mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təmin olunmasına öz töhfəsini verəcəkdir.
2006-cı ilin 3 sentyabr tarixində İstanbul Ticarət Mərkəzində İKT GF-in dialoq və əməkdaşlıq uğrunda daimi qərargahının açılışı, təşkilatın İKT üzvü olan ölkələr və digər beynəlxalq qurumlar tərəfindən ciddi dəstəklənməsinin nəticəsi idi (12). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılışda iştirakı və söylədiyi yüksək səviyyəli nitq, Azərbaycan-İKT elmi-mədəni münasibətlərinin inkişaf etdirilməsi istiqamətində respublikanın mövqeyini təsdiq edirdi. Keçirilən təntənəli açılış mərasimində Azərbaycan gənclərinin Forumun fəaliyyətində ilk uğuru kimi qiymətləndirilən "Qarabağ: faktlar və nəticələr" adlı ərəb dilində nəşr olunan kitab, һәm Azərbaycan, həm Türkiyə, həm də İKT üzvü olan ölkələrin ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi. Sanballı tədqiqatın nəticəsi olan kitabın erməni vandalizminin dünyaya bəyan edilməsi istiqamətində səmərə verəcəyi heç kimdə şübhə doğurmur.
Azərbaycan-İKT elmi-mədəni əlaqələrinin inkişaf etdirilərək bugünkü yüksək səviyyəyə çatdırılması Heydər Əliyev Fondunun ISESCO ilə birgə həyata keçirdiyi beynəlxalq konfrans, simpozium, seminar və digər elmi-mədəni tədbirlərin əhəmiyyətini artırmışdır. Azərbaycanın İKT-də yüksək mövqe nümayiş etdirməsi isə diplomatiyamızın təşkilatdaxili nüfuzunun artması ilə də izah olunur. Bu baxımdan Azərbaycan Respublikasının beynəlxalq arenada elmi-mədəni münasibətlərinin yüksək inkişaf tempi ilə irəliləməsi, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adı ilə sıx bağlıdır. Onun islam dünyası ilə mədəni münasibətlərimizin formalaşmasına verdiyi töhfə ISESCO-nun xoşməramlı missiyasına təkan vermiş oldu. M. Əliyevanın bu sahədə göstərmiş olduğu xidmətləri isə çox keçmədən rəsmi statusa layiq görüldü. Belə ki, 2006-cı ilin 23 noyabr tarixində M. Əliyeva ISESCO-nun bu yüksək dərəcəsini qəbul edərək xoşməramlı səfir seçilir və ISESCO-nun tarixində ilk qadın xoşməramlı səfir dərəcəsi Azərbaycanın birinci xanımına təqdim olunur. Bu mühüm hadisəni ISESCO rəhbərliyi yüksək qiymətləndirmiş və təhsil naziri Misir Mərdanov demişdir ki, ISESCO-nun bu günə kimi 3 xoşməramlı səfiri olmuşdur. M. Əliyevanın Azərbaycanın mədəniyyət, təhsil və səhiyyə sahələrində böyük xidmətləri olduğunu deyən nazir bildirmişdir ki, son 3 ildə 735 yeni məktəb tikilib, təxminən bu qədər məktəb də əsaslı təmir olunub, inşa olunan 300 məktəb Heydər Əliyev Fondunun payına düşür (9). Qeyd etmək lazımdır ki, Azərbaycanda elm, təhsil və mədəniyyətin inkişafına qayğı ilə yanaşan M. Əliyeva ISESCO-nun xoşməramlı missiyasını böyük şərəflə yerinə yetirməkdədir. Azərbaycan-İKT elmi-mədəni əməkdaşlığının bu istiqamətdə lazımi dəyər qazanması təbii ki, birinci xanımın xidmətləri sayəsində bir konsepsiya təşkil etmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda qızlar üçün təhsil ocağının inşa edil-məsi isə xoşməramlı addımların Azərbaycanın hüdudlarından kənarda da eşidildiyinə bir işarədir.
2006-cı ilin 11 sentyabr tarixində Bakıda İKT turizm nazirlərinin V konfransı keçirilmişdir ki, bu tədbir Azərbaycanın dünyaya açılması və müsəlman ölkələri ilə turizm mübadiləsinin inkişafına əsaslı stimul vermişdir (13). Son illər Azərbaycanda turizm sahəsinin inkişafını nəzərdə tutan layihələrin həyata keçirilməsi, о cümlədən otel biznesinin genişləndirilməsi ölkəyə turistləri cəlb edən mühüm amillərdir. Qoruqlara dövlət nəzarətinin gücləndirilməsi, flora və faunamızın nadir incilərindən olan bitkilərin yetişdirilməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi Azərbaycana səyahət edən əcnəbilərin sayını artırmışdır ki, bu müsbət dəyişikliklər respublika turizminin inkişafına təkan vermişdir. Konfransda Azərbaycanın işğal altında olan ərazilərindəki maddi və mənəvi mədəniyyət nümunələrinin dağıdılması, о cümlədən onlarca məscid, türbə, məktəb, mədəniyyət ocaqları, kitabxanalar, klublar və s. tikililərin erməni terroruna məruz qalması faktı müsəlman ölkələrinin turizm nazirlərinin yekun sənədinə daxil edilmiş və təcavüzkar ermənilərin tarixi Azərbaycan torpaqlarını tezliklə tərk etməsinə dair qətnamə də qəbul olunmuşdur.
2007-ci il iyun ayının 21-də isə "İslam Konfransı Təşkilatına üzv ölkələrin iqtisadiyyatında turizmin rolu" mövzusunda keçirilən beynəlxalq elmi praktiki konfrans müsbət nəticələrlə yadda qalmışdır (5). Tədbirin sonunda qəbul edilmiş "Bakı Bəyannaməsi"nin əsas maddələrində islam ölkələrinin zəngin mədəniyyətlərinin, ənənələrinin, mənəvi dəyərlərinin, tarixi abidələrinin və digər yüksək bəşəri keyfiyyətlərinin təbliğində turizmin əhəmiyyəti vurğulanmış və müsəlman dövlətlərinin bu sahədə bir-biri ilə sıx əməkdaşlığı tövsiуә edilmişdir. İKT-уə üzv ölkələrin turizm nazirlərinin V konfransında Azərbaycanın bu sahə üzrə toplantıların sədri seçildiyini diqqətə çatdıran mədəniyyət naziri Əbülfəs Qarayev qısa müddət ərzində Səudiyyə Ərəbistanı və digər islam ölkələrində turizmin inkişafı ilə bağlı müxtəlif tədbirlərin keçirildiyini bildirmişdir.
2007-ci ilin 1-3 noyabr tarixlərində, İKT-nin Dialoq və Əməkdaşlıq Naminə Gənclər Forumunun təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının, Avropa Şurasının və ISESCO kimi mötəbər təşkilatların Heydər Əliyev Fondu ilə birgə həyata keçirdiyi "Gənclər sivilizasiyaların alyansı naminə" mövzusunda yüksək səviyyəli beynəlxalq konfrans dünya ictimaiyyətinə təqdim olundu (7). Məqsəd Azərbaycan gəncləri ilə müsəlman ölkələrinin gəncliyi arasında körpü yaratmaq və ümumislam gəncliyinin dünya siyasətinə inteqrasiyası baxımından beynəlxalq təşkilatlarla səmərəli işbirliyi məsələlərini gündəmə gətirmək idi. Dövlət başçısı İlham Əliyevin tədbirə ünvanladığı təbrik məktubundan da aydın görmək olar ki, Azərbaycan Respublikasının siyasi həyatında ölkə gənclərinə qayğı, təhsil-elm, məşğulluq kimi sahələrin dünya standartlarına uyğunlaşdırılması, respublikanın qarşısında duran davamlı inkişaf strategiyasının әn vacib şərtlərindəndir. Cənab prezident xüsusilə vurğulamışdır ki: "Bu gün Azərbaycanda milli, mənəvi dəyərlərimizi, ana dilimizi, adət-ənənələrimizi qoruyub yaşadan, eyni zamanda, ümumbəşəri ideyaları mənimsəyərək, dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan nəsil yetişmişdir. Onlar Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni qəsbkarları tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunması naminə qüvvə və bacarıqlarını səfərbər edərək fəaliyyət göstərirlər. Son illərdə ölkəmizin iqtisadiyyatının misli görünməmiş yüksəlişi gənclərimiz qarşısında geniş üfüqlər açmış və onlara bəslənilən ümidləri daha da artırmışdır" (12). Yetişən gənc nəsillərə dövlət qayğısının artırılması həmişə aktual olmuş, bu gün isə Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilat və forumlarının respublikanın ictimai həyatında oynadığı rol müstəqilliyimizin möhkəmləndirilməsinə daim xidmət edəcəkdir.
2008-ci il may ayının 6-da "Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında" kitabı geniş oxucu kütləsinə təqdim olunmuşdur (3). Heydər Əliyev irsi beynəlxalq elektron kitabxanası tərəfindən hazırlanan nəşr Azərbaycan Respublikasının İKT ilə diplomatik, iqtisadi, mədəni və digər sahələrdə aparılan əməkdaşlığına həsr olunmuşdur.
2008-ci ilin 10 iyun tarixində YUNESCO-ISESCO və Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq Forumun keçirilməsi, müsəlman qadınına islamın verdiyi yüksək dəyərlərlə yanaşı, bugünkü sivil cəmiyyətin inkişafında qadınların xüsusi rolunun olduğu bir daha vurğulanmışdır (14). Ailə və uşaq problemləri dünyada baş verən proseslər qadınların zərif missiyasını bir qədər mürəkkəbləşdirmişdir. Qadınların ictimai işlərdə təmsil olunmasının vacibliyi də müzakirələrin əsas mövzularından olmuş və dünyada qadınlara qarşı törədilən zorakılığın yolverilməz olduğu, bu səpkili cinayətlərlə üzləşən qadınlara hüquqi dəstəyin göstərilməsi kimi məsələlər də önə çəkilmişdir. Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESCO və ISESCO-nun xoşməramlı səfiri, millət vəkili M. Əliyevaya İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi statusunun təqdim olunması Azərbaycan-İKT mədəni münasibətlərində geniş üfüqlər açmaqla əlaqələrimizin yüksək səviyyəsindən xəbər verməkdədir (14).
2008-ci ilin 23 iyun tarixində İKT-nin Elm və Texnologiyalar Komitəsinin də (KOMSTECH) təşkilatçılığı ilə Azərbaycanda biotexnologiya və bioinformatikanın əsasını qoymuş görkəmli seleksiyaçı alim, akademik Cəlal Əliyevin 80 illik yubileyinə həsr olunmuş "Bioinformatika: mövcud vəziyyəti və praktikada tətbiqi" mövzusunda beynəlxalq konfrans və seminar keçirilmişdir (2). Görüşdə C. Əliyevin Azərbaycanda XXI əsr bioelminin inkişafına verdiyi töhfə iştirakçıların nəzərinə çatdırılmışdır.
Azərbaycan Respublikası İKT-nin xətti ilə mötəbər konfranslara ev sahibliyi etməkdə davam edir. Bu tədbirlərdən biri 2008-ci ilin 6 oktyabr tarixin-də İKT-уə üzv olan ölkələrin təhsil və elm nazirlərinin "Elmdə gənc alimlərin gücü ilə dəyişikliyə nail olunması" mövzusunda IV konfransı respublikanın elm-təhsil və mədəni həyatında baş verən əlamətdar hadisə oldu (8). Bakı bəyannaməsinə Azərbaycanın işğala məruz qalan ərazilərindəki təhsil və elm ocaqları, həmçinin də mədəniyyət mərkəzlərinin ermənilər tərəfindən məhv edilməsinə son qoyulmasını tələb edən qətnamə də daxil edilmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi hazırda müsəlman ölkələrinin universitetləri ilə tələbə mübadiləsi aparmaqdadır. Səudiyyə Ərəbistanı, Misir, Suriya, İordaniya, Malaziya kimi ölkələrdə onlarca azərbaycanlı gənclər təhsillərini davam etdirməkdədirlər və ya bu müsəlman ölkələrindən Azərbaycana təhsil almağa gələn gəncləri qeyd etmək olar. Respublikanın, xüsusilə elm və təhsil sahəsində apardığı islahatlar ölkədə təhsilin səviyyəsini xeyli yüksəltmişdir.
Respublikanın mədəni həyatında əlamətdar olması ilə yadda qalan әп mühüm hadisə isə Bakının islam dünyasına məxsusluğunu bir daha sübut edən tədbirin gerçəkləşməsi ilə baş verdi. Belə ki, 2007-ci il 21-23 noyabr tarixlərində Liviyanın Tripoli şəhərində mədəniyyət nazirlərinin V konfransı keçirilmişdir. Həmin tədbirdə İCCM5/2007/R.5.2 saylı qətnaməyə əsasən Bakı şəhəri 2009-cu il üçün islam mədəniyyətinin paytaxtı elan olunmuş və İKT mədəniyyət nazirlərinin növbəti VI konfransının Bakıda keçirilməsi qərara alınmışdır. Bu səbəbdən 2009-cu il fevral ayının 18-də Bakı İslam Mədəniyyətinin Paytaxtı" adlı mədəniyyət ilinin təntənəli açılışı baş tutmuşdur (4). Tədbirdə çıxış edən qonaqlar Azərbaycanın mədəniyyətlərin qovuşduğu bir məkan olmasını bəyan etmələri bu torpaqlarda müxtəlif sivilizasiya və mədəniyyətlərin, о cümlədən də İslam sivilizasiyasının geniş yayıldığı bir ərazi olması fikrini tamamlayır. Mədəniyyət ili çərçivəsində Azərbaycanda yüzə yaxın tədbirin keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan rəssamlarının əl işlərini bəzəyən rəsm qalereyasının açılması, açıq konsertin keçirilməsi və M. F. Axundov adına milli kitabxanada "Qədim Bakı" kitabının təqdimetmə mərasimi kimi mədəni tədbirlər 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuş Bakıda mədəniyyət günlərinin açılışı kimi yadda qalmışdır. Novruz bayramının bu il çərçivəsində əvvəlki illərə nisbətən daha möhtəşəm keçirilməsi İslam paytaxtı Bakının şöhrətini dünyaya bəyan etmişdir.
Məlum Xocalı soyqırımı hadisələrindən 17 il ötür. Erməni vəhşiliklərinin iç üzünün açılmasında erməni-sovet faciəsi olan bu dəhşətli cinayət hadisəsi ilə əlaqədar dünya birliyinə, beynəlxalq qurumlara müraciətlər ünvanlanmışdır. Artıq bu istiqamətdə, Xocalı qətliamının beynəlxalq ictimaiyyətə doğru-düzgün təbliğ olunmasını qarşısına məqsəd qoymuş yeni sayt oxucuların istifadəsinə verilib. "Xocalıya ədalət" beynəlxalq məlumat-təşviqat kampaniyasının və onun internet saytının (www.justiceforkhojaly.org) dünyanın aparıcı mərkəzlərində təqdimatı davam etdirilmişdir. Bu beynəlxalq məlumat və təşviqat kampaniyası İKT-yə üzv qurum olan Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏUİKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə ötən ilin mayında elan edilmişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində törədilmiş insanlığa qarşı cinayətin təfərrüatının ictimaiyyətə çatdırılması, ona hüquqi-siyasi və mənəvi qiymət verilməsi üçün Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliği məqsədi daşıyan kampaniyanın beynəlxalq səviyyədə rəsmi startı bir neçə həftə ərzində dünyanın müxtəlif paytaxtlarında keçirilmişdir. Eyni zamanda qeyd olunan internet saytı "Xocalıya ədalət" kampaniyasının virtual aləmdə yayılması və kampaniyanın həyata keçirilməsinin sistemləşdirilməsi məqsədini daşıyır və geniş ictimai baxış üçün nəzərdə tutulub (10).
Son illər ərzində Azərbaycan Respublikasının İKT ilə qurulan əməkdaşlıq əlaqələrinin təhlilində elmi-mədəni münasibətlərin aktiv templə irəlilədiyinin şahidi oluruq. İKT ilə münasibətlər qurmağa başladığımız bu illər ərzində respublikada təşkilatın xətti ilə müxtəlif mədəni tədbir, forum, simpozium və konfransların yüksək səviyyədə təşkil olunmasında Heydər Əliyev Fondunun da misilsiz əməyi vardır. Azərbaycan Respublikası ötən illər ərzində siyasi, iqtisadi və mədəni siyasətini daha da genişləndirərək beynəlxalq qurumlarda nüfuz sahibinə çevrilmişdir. Belə məqamda islam-müsəlman həmrəyliyinin böyük əhəmiyyət kəsb etməsi Azərbaycanın ərazi bütövlüyünün dünya dövlətləri tərəfindən dəstəklənməsinə şərait yaratmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində İKT və bu quruma bağlı olaraq fəaliyyətini davam etdirən ISESCO-nun birmənalı mövqeyi günü-gündən ciddiləşərək haqq səsimizin daha tez eşidilməsinə xidmət etmiş və gələcək illərdə də dəyişməz olaraq qalacaqdır.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İrana səfəri // Azərbaycan 9-16 dekabr 1996
2. Akademik Cəlal Əliyevin 80 illik yubileyinə həsr olunmuş "Bioinformatika: mövcud vəziyyəti və praktikada tətbiqi" mövzusunda beynəlxalq konfrans keçirildi / www.science.az
3. Azərbaycan islam Konfransı Təşkilatı sıralarında kitabı sanballı və dəyərli mənbədir / www.xalqqazeti.com
4. Azərbaycan paytaxtı 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur / www.respublika.news.az
5. "Bakıda İslam Konfransı Təşkilatına üzv ölkələrin iqtisadiyyatında turizmin rolu" mövzusunda beynəlxalq elmi praktiki konfrans / www.anl.az
6. Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forum işə başlamışdır // Azərbaycan, 11 iyun 2008
7. Bakıda Heydər Əliyev Fondunun dəstəyi ilə "Gənclər sivilizasiyaların alyansı naminə" təşəbbüsü çərçivəsində beynəlxalq konfrans başlanmışdır // Azərbaycan, 2 noyabr 2007
8. Bakıda İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransı keçirilir // Xalq qəzeti, 7 oktyabr 2008
9. Heydər Əliyev Fondunun prezidenti M. Əliyevaya ISESCO-nun xoşməramlı səfiri adı verilmişdir // Azərbaycan, 24 noyabr 2006
10. "Xocalıya ədalət" kampaniyası / www.yeniazerbaycan.com
11. İslam ölkələrinin gəncləri Azərbaycanda / www.fmuradov.az
12. İKT-nin üzvü olan ölkələrin gəncləri dünyada gedən mütərəqqi proseslərdə iştirak etməlidirlər // Respublika, 5 sentyabr 2006
13. İslam ölkələrinin turizm sahəsində əməkdaşlığının genişlənməsi Azərbaycanın dünyaya da¬ha yaxından tanıdılması üçün də yeni imkanlar açacaqdır // Respublika, 13 sentyabr 2006
14. Mehriban Əliyevaya İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi statusu verildi / www.kaspi.az
15. Zaim S. Türk və islam dünyasının yenidən yapılanması. II nəşr. İzmir: Nil, 1997, № 102, s. 160-161
Aqil Əhmədov,
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi
Dirçəliş-XXI əsr.- 2009.- İyun-iyul.- №135/136.- S. 224-231.