Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva təşkilatın xoşməramlı səfirlərinin illik hesabat yığıncağında iştirak etmişdir
Mayın 20-də Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin illik hesabat yığıncağı keçirilmişdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva yığıncaqda iştirak etmişdir.
Mehriban Əliyevanı YUNESKO-nun qərargahında təşkilatın yüksək vəzifəli şəxsləri səmimiyyətlə qarşıladılar.
Yığıncaqdan əvvəl xoşməramlı səfirlər dünyada savadlılığın dəstəklənməsi üzrə YUNESKO-nun regional konfransları silsiləsindən “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda Bakıda keçirilmiş 5-ci regional konfransın yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür etdilər. Bildirildi ki, həmin konfrans təşkilatın təhsil problemlərinin həllində mühüm hadisədir və regionda təhsilin inkişafında da əhəmiyyətli rol oynayacaqdır.
YUNESKO-nun xoşməramlı səfirlərinin illik hesabat yığıncağını təşkilatın baş direktoru Koişiro Matsuura açdı. Xoşməramlı səfirləri salamlayan baş direktor yığıncağın uğurla keçəcəyinə əmin olduğunu bildirdi.
Yığıncaq iştirakçıları məşhur musiqiçi, həmyerlimiz Mstislav Rostropoviçin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Baş direktor çıxışında əsas diqqəti təhsil, xüsusilə də dünyada savadsızlığın aradan qaldırılması istiqamətində görülən işlərə çəkdi. Qeyd etdi ki, indi dünyada 72 milyon uşaq məktəbə getmir. Yeniyetmələrin təhsilə cəlb olunmasında hələ də problemlər var. Koişiro Matsuura bu baxımdan YUNESKO-nun Bakıda keçirilmiş 5-ci regional konfransının əhəmiyyətini vurğuladı və tədbirin yüksək səviyyədə təşkilinə görə Mehriban xanım Əliyevaya təşəkkür etdi. Baş direktor çıxışında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqdan da danışdı, hazırda dünyanı narahat edən iqlim dəyişikliyi, ərzaq çatışmazlığı, səhiyyə xidmətlərinin təşkili məsələlərinə toxundu.
YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva yığıncaqda çıxış etdi.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çıxışı
-Sağ olun, əlahəzrət şahzadə, çox xoş qəbulunuza görə sizə minnətdarlığımı bildirirəm.
Hörmətli cənab baş direktor!
Əlahəzrətlər!
Zati-aliləri!
Xanımlar və cənablar!
Mən bütün hörmətli həmkarlarımı, YUNESKO-nun xoşməramlı səfirlərini görməkdən şadam. Biz burada dostlarımız arasında, YUNESKO-da olmaqdan hər zaman çox şadıq. Mən bu görüşü təşkil etdiyinə görə YUNESKO-nun baş direktoru zati-aliləri cənab Koişiro Matsuuraya xüsusi minnətdarlığımı bildirmək istəyirəm.
Cənab Matsuuranın bildirdiyi kimi, əfsuslar olsun ki, bizim bu görüşümüz birinci dəfədir dostumuz və həmkarımız Mstislav Rostropoviçsiz baş tutur. Gözəl musiqiçinin vəfatından sonra bu görüş birinci dəfədir ki, keçirilir. O, bütün dünya mədəniyyətinə böyük töhfə vermişdir. Onun vəfatı bütün beynəlxalq ictimaiyyət üçün əvəzsiz itki olmuşdur. Lakin bu, eyni zamanda, bizim həmvətənlərimiz üçün də böyük itkidir. Bu böyük musiqiçinin əbədi xatirəsinə ehtiram əlaməti olaraq, biz ötən ilin dekabrında Bakıda beynəlxalq musiqi festivalını təşkil etmişdik.
2007-ci il Heydər Əliyev Fondu üçün çox məhsuldar bir il olmuşdur. Biz təhsil, elm və mədəniyyət sahələrində bir neçə layihələri və təşəbbüsləri uğurla həyata keçirmişik. Bir neçə gün bundan öncə Bakıda Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə YUNESKO-nun Avropada savadlılıq problemlərinə həsr olunmuş konfransı keçirilmişdir. Konfransda milli təhsil sistemlərinin rəhbərləri, habelə Avropanın 30-dan çox ölkəsindən gəlmiş ekspertlər və bir çox nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdilər. Bakıda keçirilmiş konfransda savadlılıq və böyüklər üçün təhsillə bağlı mühüm məsələlər müzakirə olunmuşdur. Bir çox vacib ideyalar səslənmiş və təcrübə mübadiləsi edilmişdir. Heydər Əliyev Fondu olaraq, biz hamı üçün təhsil proqramının uğurla həyata keçirilməsinə töhfə vermişik.
Biz eyni zamanda, böyük məmnuniyyətlə YUNESKO-nun baş direktoru cənab Koişiro Matsuuranın, İordaniyanın əlahəzrət şahzadəsi Ferialın, Hollandiyanın əlahəzrət şahzadəsi Laurentienin və xanım Finnboqadottirin Azərbaycanda konfransda iştirakını alqışladıq. Onlaq öz iştirakı ilə bu konfransa xüsusi bir dəyər vermişlər.
YUNESKO-nun ideallarını rəhbər tutaraq, biz hesab edirik ki, çətin vəziyyətlərdə olan ölkələrə yardım göstərməliyik. Mən məmnunluq hissi ilə bildirmək istəyirəm ki, bu ilin fevral ayında Heydər Əliyev Fondu xaricdə özünün ilk layihəsini həyata keçirmişdir. Pakistanın Müzəffərabad şəhərində dəhşətli zəlzələdən sonra biz yerlə-yeksan olmuş qızlar məktəbini yenidən tikmişik. Bu məktəbdə 500-dən çox şagird təhsil ala bilər, onun ümumi sahəsi 2000 kvadratmetrdir. Sinif otaqları, laboratoriyaları, kitabxanası, informasiya texnologiyası otaqları və idman meydançaları ən yüksək müasir tələblərə cavab verir. Pakistandakı məktəb Heydər Əliyev Fondunun xaricdə tikdiyi ilk təhsil ocağı olmuşdur.
Eyni zamanda, Fondumuz Azərbaycanda mədəniyyətin inkişafına xüsusi diqqət yetirir. Bununla bağlı biz bənzərsiz musiqi irsimiz olan muğamın və xalq musiqisinin digər nümunələrinin qorunmasına xüsusi səy göstəririk.
YUNESKO-nun baş direktoru cənab Matsuuranın bu yaxınlarda Azərbaycana səfəri zamanı biz Beynəlxalq Muğam Mərkəzinin tikintisi ilə tanış olduq və eyni zamanda yeni xalça muzeyinin təməlqoyma mərasimində iştirak etdik. Beləliklə, biz Azərbaycanın hər bir vətəndaşı üçün çox vacib olan mədəniyyətimizi təşviq etməyə nail olduq. Mən çox şadam ki, Beynəlxalq Muğam Mərkəzi və yeni xalça muzeyi - hər ikisi Xəzərin sahilində, gözəl bulvarda yerləşir və yaxın dövrdə tikinti işləri başa çatdırılacaqdır.
2007-ci ildə, eyni zamanda, “Muğam” jurnalı da ilk dəfə olaraq çap edildi. Biz eyni zamanda, “Muğam ensiklopediyası”nı həm çap, həm də elektron variantlarda hazırlamışıq. Biz dövri olaraq gənc muğam ifaçıları arasında müsabiqələr də təşkil edirik. Ötən il uğurla təşkil edilmiş müsabiqəyə, demək olar ki, bütün regionlardan 160-a yaxın gənc ifaçını cəlb etdik və yekun mərhələyə 20-yə yaxın ifaçı çıxdı. Onlardan altısına fəxri adlar və mükafatlar verildi.
Hörmətli həmkarlar, YUNESKO-nun xoşməramlı səfirlərinin illik iclası yeni ideyalarımızı və planlarımızı bölüşmək, görülmüş işlər haqqında söhbət üçün yaxşı fürsətdir. Mən nailiyyətlərinizlə bağlı bir daha sizi təbrik etmək istəyirəm və sizə gələcəkdə işlərinizdə uğurlar arzulayıram.
Yekun olaraq, mən bu fürsətdən istifadə edərək, sizin hamınızı Azərbaycan gecəsinə dəvət edirəm. Diqqətinizə görə çox sağ olun.
X X X
İordaniya şahzadəsi xanım Ferial da YUNESKO-nun Bakıda keçirilmiş 5-ci regional konfransında iştirakından danışdı, onun yüksək səviyyədə təşkil olunduğunu vurğuladı.
YUNESKO-nun xoşməramlı səfirləri ölkələrində gördükləri işlər, həyata keçirilən layihələr barədə hesabat verdilər. Hesabatlarda əsas diqqət təhsil, elm, səhiyyə, mədəni irsin qorunması, QİÇS-lə mübarizə kimi mühüm məsələlərə yönəldildi.
Yığıncağın sonunda xoşməramlı səfirlər xatirə şəkli çəkdirdilər.
YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın adından xoşməramlı səfirlərin şərəfinə ziyafət verildi.
Xalq qəzeti.- 2008.- 22 may. - № 110. - S. 1-4.