Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun yeni layihəsi – “Hərəyə bir ağac əkək”


Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu xalqımızın ən əziz bayramı olan Novruz ərəfəsində yeni bir layihəsini reallaşdırmağa başlamışdır.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış "Hərəmiz bir ağac əkək!" layihəsinin icrasına Azərbaycanın birinci xanımının iştirakı ilə onun deputat seçildiyi Əzizbəyov rayonundan başlanmış, bu çağırış ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılanmışdır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, vətənimizin abad, yaşıl, çiçəklənən diyara çevrilməsi naminə başlanan bu hərəkatın əhəmiyyətini yerlərdə yaxşı başa düşür və lazımınca dəyərləndirirlər.

AzərTAc-ın müxbirlərinin bölgələrdə keçirilən iməciliklərdən hazırladıqları məlumatlar da bunu təsdiq edir.

Gəncə

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın "Hərəmiz bir ağac əkək" təşəbbüsünə qoşulan gəncəlilər martın 30-da kütləvi şəkildə iməciliyə çıxmışlar. Həmin gün bu vətənpərvərlik təşəbbüsünü dəstəkləyən on minlərlə şəhər sakini böyük həvəs və ruh yüksəkliyi ilə park və xiyabanlarda 15 mindən artıq müxtəlif növ həmişəyaşıl ağac və dekorativ gül kolları əkmişlər. Yaşadıqları şəhərin yaşıllaşdırılmasında iştirak etməyi özlərinə mənəvi borc bilən gəncəlilər aksiya zamanı yaşadıqları ərazilərdə abadlıq işləri də görmüş, məhəllələrdə olan məişət tullantılarını təmizləyərək səliqə-sahman yaratmışlar. Aksiyanı mövsüm ərzində davam etdirmək nəzərdə tutulmuşdur.

Sabunçu rayonu

Heydər Əliyev Fondunun "Hərəmiz bir ağac əkək!" devizi ilə həyata keçirdiyi layihəyə qoşulan rayonların sayı artır. Martın 30-da ağacəkmə kampaniyası Sabunçu rayonunun ərazisində də davam etmişdir.

Bilgəh-Şüvəlan magistralının ətrafında yerləşən ərazidə 2500-dən çox ağac əkilmişdir. Rayonda 300-dək müəssisə, idarə, təhsil və səhiyyə təşkilatlarının ərazilərində abadlıq işləri aparılmışdır. Ümumilikdə isə layihənin icrasına başlanan vaxtdan bəri rayon ərazisində 4500 ağac əkilmişdir.

Bu xeyirxah aksiyaya yüzlərlə sakin qoşulmuşdur. Ağacəkmə kampaniyası aprelin 15-dək davam edəcəkdir.

Abşeron rayonu

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən yaşıllaşdırma kampaniyasının hüdudları günbəgün genişlənir. "Hərəmiz bir ağac əkək!" devizi altında keçirilən xoşməramlı aksiyaya abşeronlular da qoşulmuşlar.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Sərviz Suleymanov bildirmişdir ki, rayon ərazisində ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə ardıcıl tədbirlər keçirilir. Ümumilikdə rayon üzrə 100 mindən artıq ağacın əkilməsi nəzərdə tutulmuşdur. Kampaniyanın gedişi müddətində Xırdalan şəhərində 15-20 min, rayonun 15 kənd və qəsəbəsinin hər birində isə 6-10 min ağac əkiləcəkdir.

Martın 30-da keçirilən kampaniya kütləviliyi ilə seçilmişdir. Rayon fəallarının iştirakı ilə baş tutan abadlıq işləri çərçivəsində əsasən, şam ağacları, müxtəlif dekorativ bitki və kollar əkilmişdir. Təkcə Masazır qəsəbəsində 1500-dən çox ağac əkilmişdir. Həmin ağaclar xəstəxanaların, məktəblərin, uşaq bağçalarının həyətlərində, məhəllələrdə, istifadəsiz torpaq sahələrində və yolların kənarında əkiləcəkdir.

Aprelin sonunadək belə tədbirlər davam etdiriləcəkdir.

Kürdəmir rayonu

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xalqımızın əziz bayramı olan Novruz ərəfəsində başlanan "Hərəmiz bir ağac əkək!" çağırışına kürdəmirlilər də mütəşəkilliklə qoşulmuşlar. Bir neçə gün ərzində rayonun park və xiyabanlarında 2000 gül kolu, 3500 müxtəlif növ ağac, habelə 10.000 ədəd tut ağacı əkilmişdir.

Təkcə martın 29-da Bakı-Gəncə magistral yolunun kənarında 1500-dən çox küknar ağacı əkilmişdir.

Rayon mərkəzi ilə yanaşı, kəndlərdə də ağacəkmə kampaniyası keçirilir.

"Hərəmiz bir ağac əkək!" - layihəsində rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri ilə yanaşı, məktəblilər, ahıl insanlar da həvəslə iştirak edirlər.

Mingəçevir

Mingəçevirli gənclər Prezident İlham Əliyevin 2007-ci ili "Gənclər ili" elan etməsini və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Hərəmiz bir ağac əkək!" çağırışına qoşularaq iməcilik keçirmiş, bir gündə 2007 ağac əkmişlər.

Şəhər icra hakimiyyətinin rəhbərliyi ilə keçirilən əkin kampaniyasında gənclərlə yanaşı, ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri fəal iştirak etmişlər.

Ağaclar Heydər Əliyev seyrəngahında, Dostluq və Sahil parklarında, şəhərin bir çox küçə və prospektlərində əkilmişdir.

Qaradağ rayonu

Heydər Əliyev Fondunun "Hərəmiz bir ağac əkək!" çağırışına ilkin səs verənlərdən biri də Qaradağ rayonunun Səngəçal ərazisində yerləşən N.Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsinin kollektivi olmuşdur.

İdarənin rəisi Xaliq Şəfiyevin verdiyi məlumata görə, bu nəcib təşəbbüsü razılıq hissi ilə qarşılayan neftçilər idarənin qarşısındakı 3 hektarlıq geniş bir sahədə iməciliklər keçirmiş, burada 3 mindən çox ting əkmişlər. Əkilmiş ağaclara qulluq göstərilməsi üçün təcrübəli işçilər ayrılmış, suvarma arxları çəkilmişdir.

Yaşıllaşdırma kampaniyası aprelin sonunadək davam etdiriləcəkdir.

Şəmkir rayonu

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın "Hərəmiz bir ağac əkək!" təşəbbüsünə böyük həvəslə qoşulan Şəmkir rayon ictimaiyyətinin nümayəndələri havaların əlverişli keçməsindən istifadə edərək hər gün küçə və xiyabanlara çıxaraq yeni yaşıllıqlar salır, ağaclara qulluq edirlər. Bu xeyirxah təşəbbüs rayonun kəndlərində də razılıqla qarşılanıb. Martın 30-da Kür və Çinarlı qəsəbələrində, Mahmudlu, Təzəkənd kəndlərində iməciliyə çıxan yüzlərlə şəmkirli on mindən artıq ağac əkmişlər. Hazırda rayonda yeni yaşıllıqlar salınması kampaniyası uğurla davam etdirilir.

Suraxanı rayonu

Heydər Əliyev Fondunun təşəbbüsü ilə ağacəkmə kampaniyası davam edir. Martın 31-də "Hərəmiz bir ağac əkək!" devizi altında daha bir iməcilik Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində keçirilmişdir.

Rayonun təhsil, səhiyyə, mədəniyyət işçiləri, gənclər və idmançılar, eləcə də sənaye-istehsal müəssisələrinin kollektivlərinin iştirakı ilə keçirilən iməcilikdə 3 minə qədər sərv ağacı əkilmişdir.

Həmin ağaclar xəstəxanaların, məktəblərin, uşaq bağçalarının həyətlərində, məhəllələrdə və yolların kənarlarında əkilmişdir.

Suraxanı sakinləri ağaclara qulluğu da öz üzərlərinə götürmüşlər. Artıq ağacların suvarılması üçün su xətti də çəkilmişdir.

Kampaniya aprelin sonunadək davam etdiriləcəkdir.


Xalq qəzeti.- 2007.- 1 aprel.- № 67.- S. 5.