Bəşər mədəniyyətinin inciləri: bu, Azərbaycan muğamlarıdır
Azərbaycan xalqının mədəni-mənəvi irsinin möhtəşəm abidəsi sayılan muğam təkcə pərvazlandığı torpağın deyil, dünya mədəniyyətinin nadir incilərindən sayılır. Avropadan başlamış uzaq Amerikaya qədər qitələr gəzən Azərbaycan muğamları onu dinləyənləri heyrətdə qoyub. Hətta bəzilərinə elə gəlib ki, ifaçılar vurduqları qeyri-adi zəngulələri xüsusi aparat vasitəsilə səsləndirirlər. Dəfələrlə eşitmişik ki, avropalı tamaşaçı səhnəyə çıxaraq azərbaycanlı xanəndəni daha yaxından görməyə, onun səs möcüzəsini anlamağa çalışıb. Cənubi Amerikanın musiqi mütəxəssisləri belə rəyə gəliblər ki, dünyada yalnız Azərbaycan xanəndələri öz boğazlarında təbiətin səslərini yarada bilirlər. Azərbaycan muğamlarının əfsununa düşənlərin sayı bilinmir. Elə bu məziyyətlərinə görədir ki, Azərbaycan muğamları YUNESKO-nıın Dünya İrs Siyahısına daxil edilmişdir.
Xalqımızın acılı-şirinli günlərini məhz öz ahəngində yaşadaraq əsrlərin dizini qatlaya-qatlaya III minilliyin əbədiyaşar sənət qalasına çevrilən muğamlar həmişə pərəstişkarları, ifaçıları tərəfindən qorunmuşdur. Babalarımız bu qiymətli xəzinəni göz bəbəyi kimi hifz edərək bizlərə çatdırmışlar. İndi konsert salonlarını, efiri, ekranı bürümüş yüngül şouların, sözün əsil mənasında gurultuların, ruhumuza yad musiqilərin içində yenə də muğam sanki bir xilaskar rolunu oynamaqdadır. İnsanın duyğularını əzən, sinirlərini tarıma çəkən qatmaqarışıq çalğılardan, cingiltili səslərdən sonra qəfildən muğam eşidəndə dincəlirsən. Sanki qasırğa qopmuş dənizdə bir sakitlik yaranır. İnsanın əsəblərinə ipək sığalı çəkilir, varlığını bürümüş əsəbilik əriyib gedir. Onu da etiraf edək ki, muğam və xalq mahnılarına qarşı bəzi məqamlarda bir laqeydlik də baş alıb getməkdə idi. Xüsusilə də gənclərin yüngül musiqiyə meyil etməsi, toylarda, konsert salonlarında şit nəğmələrin, ara mahnılarının müntəzəm səsləndirilməsi yaşlı nəsildə bir xiffət yaradırdı. Hətta ustad sənətkarlardan eşidirdik: "Biz də getdik. Bəs sonra bu muğamlarımızı kim yaşadacaq?"
YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban Əliyevanın "Azərbaycan muğamları" layihəsi çərçivəsində həyata keçirdiyi islahatlar sözün həqiqi mənasında böyük bir hadisəyə çevrildi. Mədəni aləmdə baş verən bu xoşməramlı islahat və tədbirlər sənət adamlarını, xüsusilə muğam ifaçılarını ürəkdən sevindirdi. Bu ilin mart ayında M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında muğam axşamlarının təşkili və bu məbəddə muğam dəstgahlarının keçirilməsi artıq ənənəyə çevrilib. Azərbaycan Mədəniyyətinin Dostları Fondu tərəfindən Muğam ensiklopediyası yaranmaqdadır. Muğam sənətinə həsr olunmuş traktatlar tərcümə edilərək çapa hazırlanır. Dövlət başçısı tərəfindən Azərbaycan musiqisində və incəsənətində özünəməxsus xidmətləri olan ifaçıların əməyi mükafatlandırıldı.
Ölkə Prezidenti cənab İlham Əliyevin aprelin 6-da imzaladığı "Bakı şəhərində muğam mərkəzinin yaradılması haqqında"kı sərəncamda deyilir: "Azərbaycan musiqisini zəngin, fəlsəfi və ədəbi zəmində təşəkkül tapmış muğamsız təsəvvür etmək mümkün deyildir. Klassik ədəbiyyat nümunələri ilə üzvi surətdə vəhdət təşkil edərək sintetik sənət növü kimi meydana çıxan muğamların Azərbaycan musiqisinin inkişafında rolu böyükdür. Bəstəkarlarımızın daim ilham mənbəyi olmuş muğamlar bir çox simfonik əsərlərin yaradılmasına təkan vermişdir. Təsadüfi deyildir ki, Azərbaycan bəstəkarlarının qələmindən çıxan simfonik muğamlar dünyanın hər yerində maraqla qarşılanır".
Aprelin 8-də "Gülüstan" sarayında YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyevanın layihəsi əsasında hazırlanmış "Qarabağ xanəndələri" albomunun təqdimat mərasimi keçirildi. Həmin albomda 24 muğam ustadının ifası öz əksini tapmışdır. Qarabağın unudulmaz səs sahiblərindən olan Cabbar Qaryağdıoğlunun, Keçəçioğlu Məhəmmədin, Məşədi Məhəmməd Fərzəliyevin, Məcid Behbudovun, Seyid Şuşinskinin, Xan Şüşinskinin, İslam Abdullayevin, Bülbülün, Zülfü Adıgözəlovun, Əbülfət Əliyevin və müasir muğam ustalarının səs inciləri toplanmış bu albom sənətsevərlər tərəfindən rəğbətlə qarşılandı. Mərasimdə nitq söyləyən YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva demişdir: "Qarabağ xanəndələri" "Muğam-irs" layihəsinin ilk albomudur... Hər biriniz bu albomu hədiyyə olaraq almısınız. Mən inanıram ki, bu albomla tanış olanda hiss etmisiniz ki, biz onu nə qədər məsuliyyətlə, digər tərəfdən də böyük məhəbbətlə hazırlamışıq. Heç də təsadüfi deyil ki, bizim ilk layihəmiz Qarabağ xanəndələrinə həsr olunmuşdur. Biz Qarabağ torpağının acısını, Azərbaycanın haqq səsini muğam vasitəsilə bütün dünyaya çatdırın".
Bakı şəhərində muğam mərkəzinin yaradılması ilə əlaqədar ölkə başçısının sərəncam imzalaması, eləcə də Azərbaycan Mədəniyyətinin Dostları Fondunun muğamla əlaqədar layihə hazırlayıb həyata keçirməsi, xüsusi olaraq "Qarabağ xanəndələri" albomunun yaranması bütövlükdə xalq tərəfindən rəğbətlə qarşılanıb. Dövlətin xalq musiqisinə, muğamlara göstərdiyi bu diqqət muğam ifaçılarını riqqətə gətirib. Onlar bu hadisələri yüksək əhvalla qarşılayaraq bunu xoş məramlı "sənət bayramı" kimi qeyd edirlər.
Xalq artisti Arif Babayev:
- "Qarabağ xanəndələri" albomunun təqdimatında mən də iştirak edirdim. Çox gözəl bir gün idi. Doğrudan da bizim üçün əsil bayram oldu. Qarabağ xanəndələrinin - Cabbar əmidən tutmuş bugünkü ifaçılara qədər ardıcıl olaraq bir albomda toplanması ürəyimizi dağa döndərdi. Bu həqiqətən çox böyük bir işdir. Milli musiqimizə verilən qiymətdir. Hamımız ruhlanmışıq, ürəkdən sevinirik. Çox narahat idik ki, muğam sənətinə nə vaxt əsil qiymət veriləcək? Unudulmaz Heydər Əliyev bu işi çox qayğı ilə başlamışdı. Hər bir sənətçiyə necə həssaslıqla yanaşırdı. İndi bu ənənəni ölkə başçısı İlham Əliyev və Mehriban xanım çox ləyaqətlə davam etdirirlər. Milli musiqimiz-muğam və xalq mahnılarımız bizim xəzinəmizdir. Bu mənəvi varidata belə yüksək münasibət bizi çox ruhlandırdı. Bakıda Muğam mərkəzi yaradılacaq. Vallah, möcüzədir. Biz indiyəcən belə bir şey eşitməmişdik. Bu mərkəzin yaradılması əslində böyük ocağın qurulması deməkdir. Bu, tarixi hadisədir. Milli musiqini sevən adamlar bu işi yüksək qiymətləndirirlər. "Xalq gözü tərəzidir". Onun diqqətli baxışlarından heç nə yayınmır.
Xalq artisti Ağaxan Abdullayev:
- Ölkə Prezidentinin Bakıda muğam mərkəzinin yaradılması ilə bağlı imzaladığı sərəncam muğamsevərlərin bayramına çevrildi. "Gülüstan" sarayında keçirilən təqdimat mərasimində mən öz ürək sözlərimi Mehriban xanım Əliyevaya dedim. Şükür Allaha, bizə sahib çıxan tapıldı. Bu, çox böyük işdir. Allah bunu həyata keçirən nəcib insanlara cansağlığı versin. Onlar ulu öndərimizin saldığı yolu davam etdirirlər. Həm muğam ifaçılarına göstərilən qayğı, həm də muğamlara verilən yüksək qiymət çox yerinə düşdü. Bu mövqe təkcə ifaçıları deyil, bütün xalqımızı sevindirdi. Çox şükür olsun. Ürək açan işlər elə çoxdur ki, bilmirsən hansı məqama görə təşəkkür edəsən. Aprel ayının əvvəlində cənab İlham Əliyevin sərəncamı ilə Prezidentin fərdi təqaüdçüsü olmuşam. Mənimlə birgə neçə sənətçinin adı var o siyahıda. Gör neçə ailə sevindi. Nə qədər savab işdir.
Xalq artisti Qəndab Quliyeva:
- Həyatımın çox çətin anlarında, qəlbimin yaralı vaxtında hörmətli Prezident cənab İlham Əliyev və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyeva məni sevindirdilər. Anadan olduğum yurdumu, ocağımı, dağımı, çeşməmi, meşəmi, orada doğulan saf səslərimizi itirmişəm. Könlümdə Qarabağ adlı bir dərd inildəyir. Sirr deyil ki, Qarabağ muğamlarımızın beşiyidir. Belə bir vaxtda muğamları yada salmaq, bu sərvətə yüksək səviyyədə diqqət göstərmək, dəyərləndirmək çox böyük hadisədir. Mən az qala unudulmuşdum. Bir qədər də belə davam etsəydi cəmiyyət elə biləcəydi ki, heç həyatda yaşamıram. Amma var olsun ölkə başçısı məni o dəryanın dibindən üzə çıxardı. Bu günlərdə Prezidentin fərdi təqaüdünə layiq görüldüm. Muğamlarımıza diqqət artıb. "Gülüstan" sarayına mən də dəvət olunmuşdum. Mehriban xanım Əliyevanın çıxışı məni heyran etdi. Onun qəlbində qədim mədəniyyətimizə, irsimizə böyük məhəbbət var. Muğamlarımız haqqında zəngin məlumata malikdir. İnsanki öz milli kökünə, dəyərlərinə sahib çıxdı, onun keşiyində dayandı, həqiqətən xoşbəxtlikdir. Görüşdə mən o anları yaşadım. Qarabağın unudulmuş xanəndələrini bu gün yada salıblar. Bilsəniz, yaralı qəlbim necə sevindi. Mənə elə gəldi ki, dünyasını dəyişmiş Qarabağ xanəndələrinin ruhu da şad oldu.
Xalq artisti Mələkxanım Əyyubova:
- Muğam hər bir azərbaycanlı üçün müqəddəsdir. Muğamlar Azərbaycan xalqına Allah tərəfindən göndərilən bir xoşbəxtlikdir. Muğamlarınızın yaradıcısı da elə ulu Tanrının özüdür. Bəzən çox qiymətli, əvəzsiz bir sərvət əlimizdə olanda onun qədrini elə də yaxşı bilmirik. Muğamlarımızı min cür ağrı-acının içindən salamat çıxardaraq bu günümüzə çatdırıblar. Ustad sənətkarların sırası çox seyrəlib. Biz - orta yaşlı nəsildə də bir narahatlıq var idi ki, bu qiymətli, mənəvi sərvəti gələcək nəslə necə çatdıra biləcəyik? Prezident İlham Əliyevin imzaladığı sərəncamlar, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyevanın layihələri əsasında həyata keçirilən tədbirlər bu nigaranlığa son qoydu. Biz indi inanırıq ki, muğamlarımızı lazımi səviyyədə gələcək nəslə ötürə biləcəyik.
Mədəniyyət və İncəsənət Universitetinin dosenti, muğamlarımızın mahir ifaçısı Yaqut Abdullayeva:
- Muğamlarımızın dövlət tərəfindən dəstəklənməsi, dəyərləndirilməsi, "Qarabağ xanəndələri" albomunun təqdimatı bizə gözlənilməz bir sevinc gətirdi. Otuz ilə yaxındır ki, mən həm muğamlarımızı ifa edirəm, həm də gələcək ifaçıları yetişdirirəm. Musiqiçilər adından həm ölkə başçısına, həm də Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığımı bildirirəm. "Qarabağ xanəndələri" albomunun təqdimat mərasimində qeyriadi hisslər keçirdim. Elə güman edirəm ki, bu, Qarabağın qayıdışına atılan ilk addımlardır. Muğamın dəyərləndirilməsi mənə torpaqlarımızın qaytarılması kimi təsir etdi.
Əməkdar artist Mənsum İbrahimov:
- Bizim bayramımızdır. Prezidentin sərəncamı ilə muğam mərkəzinin yaradılması dəyərli bir hadisədir. Bu o deməkdir ki, muğam ifaçılarının, nəhayət, Bakıda bir evi olacaq. "Qarabağ xanəndələri" albomunun işıq üzü görməsi mədəni aləmin ən mühüm hadisəsi oldu, Özümü çox xoşbəxt hiss edirəm ki, 24 diskdən biri mənimdir. Belə bir alboma salınmağımı layiq görüblərsə, böyük etimaddır. Qarabağ bu gün düşmən tapdağındadır. Qarabağ xanəndələrinin belə yüksək səviyyədə albomunun dörd dildə buraxılması təkcə-mədəni deyil, həm də siyasi hadisədir. Çünki Qarabağ əzəli və əbədi olaraq Azərbaycan torpağıdır. Dünya mədəniyyətinə bəxş etdiyi incilər, korifeylər bunu bir daha təsdiq edir.
Əməkdar artist Nəzakət Teymurova:
- Çox sevindirici haldır ki, dövlətimiz tərəfindən muğamlarımıza və onun ifaçılarına belə yüksək səviyyədə diqqət göstərilir. Mən bu ecazkar sənət yolunun gənc nümayəndələrindən biriyəm, lakin buna baxmayaraq ulu öndərimiz tərəfindən "Əməkdar artist" fəxri adına layiq görülmüşəm. Opera və Balet Teatrının səhnəsində mənə baş rolların ifası etibar edilir. Dünyanın çox möhtəşəm səhnəsində muğamlarımızı ifa etmişəm. Əcnəbi tamaşaçıların baxışlarında duyduğum heyrəti, ehtiramı heç vaxt unuda bilmirəm. Az qala bütün dünya bizim milli musiqimizə və muğamlarımıza vurğun kəsilib. Heç kəsə demək olmaz ki, mütləq muğamı sevsin, milli musiqiyə meyil etsin. Gərək bu hər bir insanın öz içindən gəlsin. Sevinirəm ki, muğamın taleyi ilə əlaqədar narahatlıq keçirən müəllimlərimin, ustad sənətkarların üzüntüsünə son qoyuldu. Əgər bir ölkədə dövlət başçısı onun milli sərvətinə diqqətlə, həssaslıqla yanaşırsa, o məmləkətin vətəndaşları da öz borcunu anlamalı, mənəvi dəyərlərə məhəbbət göstərməlidir. Təbii ki, muğam ifaçıları olduğumuz üçün biz ikiqat sevinc keçiririk.
Səsin şeriyyətini, sözün gizli mənasını, nağılımızı, əfsanəmizi ötənlərin buludlarından süzə-süzə ruhumuza çatdıran muğamlarımıza dövlət tərəfindən göstərilən diqqət sənət adamlarını vəcdə gətirib. Onlar öz minnətdarlıqlarını bildirməyə söz belə tapmırlar. Çünki bütün qəlblər sevincdən dolub-daşır. Çox mətləbdən xəbər verən sənət abidəsi haqqında şair Bəxtiyar Vahabzadənin 1974-cü ildə yazdığı "Muğam" poemasından seçdiyimiz misralar bu musiqi dünyasının əsil poetik pasportudur:
Daş ürəklərdə yanıb daşları sındırdı muğam,
Haqqa düşmən olanı haqqa tanıtdırdı muğam.
Nə güman eyləmisən ondakı tilsimləri sən,
"Kürü ahıyla qurutdu", "salı yandırdı" muğam.
Onun hər guşəsi bir xatirə, bir canlı kitab,
Keçilən yolları hərdən bizə andırdı muğam.
Flora Xəlilzadə
Azərbaycan.- 2005.- 19 aprel.- № 87.- S. 5.