Bədii Gimnastika çempionatı həyəcanı başlayır
Oktyabrın 3-9-da ölkəmiz daha bir mötəbər yarışa – bədii gimnastika üzrə XXVII dünya çempionatına ev sahibliyi edəcək.
Bakıda üç dəfə Dünya kubokunun mərhələ yarışları təşkil olunsa da, ilk dəfədir ki, bu idman növü üzrə dünya çempionatı paytaxtımızda keçiriləcək. Bu nüfuzlu yarışın ölkəmizdə keçirilməsində Azərbaycan Gimnastika Federasiyasının xüsusi rolu var. Belə ki, məhz Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasına prezident seçildikdən sonra ölkəmizdə bədii gimnastika dirçəlməyə başlamış və sürətlə populyarlaşmışdır. Təbii ki, Bakıda keçirilən Dünya kubokunun mərhələ yarışlarındakı yüksək təşkilatçılıq və başqa bu kimi amillər də Beynəlxalq Gimnastika, Federasiyasının rəhbərliyinin nəzərindən yayına bilməzdi. Məhz bunun nəticəsidir ki, idman həvəskarları oktyabrın 3-9-da dünyanın ən yaxşı gimnastlarının ecazkar çıxışlarını Heydər Əliyev adına İdman-Konsert Kompleksində izləyə biləcəklər.
Qeyd edək ki, bədii gimnastika üzrə ilk dünya çempionatı 1963-cü ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilib və çempion adını keçmiş Sovet İttifaqının təmsilçisi Lüdmila Savinkova əldə edib. Bundan başqa, üç dəfə Madrid (İspaniya), iki dəfə Varna (Bolqarıstan) və Budapeşt (Macarıstan), bir dəfə isə Praqa (Çexoslovakiya), Kopenhagen (Danimarka), Havana (Kuba), Rotterdam (Hollandiya), Bazel (İsveçrə), London (Böyük Britaniya), Münhen (Almaniya), Strasburq (Fransa), Valyadolid (İspaniya), Sarayevo (Yuqoslaviya), Afina (Yunanıstan), Brüssel (Belçika), Alikante (İspaniya), Paris (Fransa), Vyana (Avstriya), Berlin (Almaniya), Sevilya (İspaniya), Qsako (Yaponiya) və Yeni Orlean (ABŞ) analoji yarışa ev sahibliyi ediblər, Dünya çempionatlarında Rusiya, Almaniya, Çexoslovakiya və Ukrayna idmançılarının uğurları diqqəti cəlb edir. Budəfəki yarışda da mükafatlar uğrunda əsas mübarizənin Rusiya, Ukrayna, Belarus, Bolqarıstan, İspaniya və həm də Azərbaycan gimnastları arasında gedəcəyi proqnozlaşdırılır.
Heydər Əliyev adına idman-Konsert Kompleksində keçiriləcək 27-ci dünya çempionatında 47 ölkə -Azərbaycan, ABŞ, Cənubi Afrika, İsrail, Latviya, Sloveniya, Almaniya, Çexiya, İsveç, Macarıstan, Tailand, Andorra, Çin, İsveçrə, Malayziya, Türkiyə, Avstraliya, Çin, İtaliya, Meksika, Ukrayna, Avstriya, Estoniya, Kabo Verde, Moldova, Yaponiya, Finlandiya, Kanada, Norveç, Yeni Zenlandiya, Belarus, Fransa, Koreya Xalq Demokratik Respublikası, Özbəkistan, Yunanıstan, Bolqarıstan, Gürcüstan, Kipr, Polşa, Böyük Britaniya, Hindistan, Cənubi Koreya, Portuqaliya, Braziliya, İspaniya, Qazaxıstan və Rusiya idmançıları qalib adı uğrunda mübarizə aparacaqlar. Fərdi yarışlarda çıxış edəcək gimnastlar dörd alətdə - top, ip, gürzlər və lentdə öz məharətlərini göstərəcəklər. Qrup halında çıxış edən gimnastlar isə xalça üzərinə 5 lent və 3 halqa, 2 gürzlə çıxacaqlar.
Ölkəmizi fərdi yarışlarda üç gimnast - Dinarə Gimatova, Anna Qurbanova və Vəfa Hüseynova təmsil edəcəklər. Qrup halında gimnastların çıxışında işə Anna Bitiyeva, Valeriya Yeqay, Dina Qorina, Alina Tryopina, Anastasiya Prasolova və Olesya Aleninadan ibarət komandamız qüvvəsini sınayacaq. Heydər Əliyev adına İdman-Konsert Kompleksinə toplaşanlar həm də daha bir əlamətdar hadisənin şahidi olacaqlar. Belə ki, uzun müddət beynəlxalq yarışlarda iştirak etməyən məşhur rusiyalı gimnast Olimpiya çempionu Alina Kabayeva yenidən Bakıya gələcək. Amma o, bu dəfə paytaxtımıza gimnast kimi yox, "Longines" şirkətinin nümayəndəsi kimi təşrif buyuracaq. Xatırladaq ki, Kabayeva Macarıstanın paytaxtı Budapeştdə keçirilən sonuncu - XXVI dünya çempionatının və Afina Olimpiya Oyunlarının qalibidir. Çoxnövçülük yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxan Alina lent və topla hərəkətlərdə da ən yaxşı nəticə göstərib. Qrup hərəkətlərinin çoxnövçülük yarışlarında da Rusiya millisi birinci olub. Şimal qonşularımız 5 lent və 3 halqa 2 topla da çempion admı qazanıblar.
Olimpiya dünyası.- 2005.- 1-3 oktyabr.- № 72.- S. 4.