Heydər Əliyevin həyata keçirdiyi bənzərsiz strategiyanın məntiqi davamı
Ulu öndərin adını daşıyan fond ili uğurla başa vurdu.
İlin əvvəli olduğundan ölkəmizdə fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatları ötən ildə gördükləri işlər barədə, cəmiyyətimizin həyatında necə rol oynadıqları haqda hesabat verirlər. Heydər Əliyev Fonduda 2005-ci ildəki fəaliyyətinin yekunlarına dair tədbir keçirib. YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva, Nazirlər Kabinetinin məsul işçiləri, Milli Məclisin deputatları, nazirlər, ziyalılar, ayrı-ayrı təşkilatların nümayəndələri və xarici ölkələrin Azərbaycandakı səfirlərinin iştirakı ilə keçirilən tədbirdə ilk öncə fondun birillik fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib. Filmdə fondun təhsil, mədəniyyət, elm və texnologiya, səhiyyə, sosial-iqtisadi inkişaf və digər istiqamətlərdə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib.
Məlumat üçün bildirək ki, 2005-ci ildə Heydər Əliyev Fondu BMT-nin İnkişaf Proqramı, YUNESKO və Azərbaycan Mədəniyyətinin Dostları Fondu ilə birgə "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı", "Yeniləşən Azərbaycana yeni məktəb", "Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi", H"əhsilə dəstək, "Diabetli uşaqlara ən yüksək qayğı" layihələrini və həmçinin də "Talassemiyasız həyat naminə" proqramını uğurla həyata keçirib. Eyni zamanda, "Qarabağ xanəndələri" musiqi albomunun hazırlanması, Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulması, respublikada analoqu olmayan "Azərbaycan" portalının yaradılması, Qarabağın tarixindən, Ermənistan - Azərbaycan münaqişəsinin başlanması və ağır nəticələrindən, Xocalı soyqırımından, erməni terrorizmindən bəhs edən "Qarabağ həqiqətləri" toplusunun nəşri və s. də fond tərəfindən görülən işlər sırasındadır. Bildiyimiz kimi, Heydər Əliyev Fondunun fəaliyyəti çoxşaxəlidir. Belə ki, fond tərəfindən təhsil, səhiyyə, elm və texnologiya, mədəniyyət, ekologiya, idman, sosial problemlər - bütün bu sahələrdə proqramlar hazırlanaraq həyata keçirilir.
Fondun fəaliyyətinin prioritet istiqamətlərindən biri təhsil sahəsidir. Ölkəmizin inkişafında təhsilin böyük əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, keçən il fond tərəfindən bu sahədə bir neçə irimiqyaslı layihələrin hazırlanaraq həyata keçirilməsinin şahidi olarıq. Bu layihələrdən ən böyük əks-səda doğuranı isə "Yeniləşən Azərbaycana yeni məktəb" proqramıdır.
Fondun ötən ildən həyata keçirməyə başladığı və artıq birinci mərhələsi başa çatan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı iqtisadi inkişaf yolunu tutan, yeniləşən Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliyə yiyələnməsi, dünya təhsil sisteminə inteqrasiyasına dəstək verilməsi məqsədi güdür.
Bu layihənin həyata keçirilməsi məqsədilə təhsil sahəsində real vəziyyəti qiymətləndirmək üçün fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə respublika üzrə orta məktəblərin monitorinqi keçirilib və ya ən müxtəlif bölgələrdə 132 məktəb binasının tam yararsız olduğu müəyyənləşdirilib. Fondun prezidentinin layihə ilə bağlı cəmiyyətə ünvanladığı əməkdaşlıq çağırışından sonra Azərbaycanın bölgələrində - dağ kəndlərində, ən ucqar yaşayış məntəqələrində məktəb tikintisi geniş vüsət aldı, qısa müddətdə layihələr əsasında yeni, müasir tələblərə cavab verən binalar istifadəyə verildi. Həmin məktəblər həmçinin müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüterlərlə təchiz olunub. Hazırda isə fond "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsinin icrasına başlayır. Belə ki, bu il daha 100 məktəb binasının inşası nəzərdə tutulub.
Qeyd edək ki, Heydər Əliyev Fondu fəaliyyətinin ilk günündən uşaqlara, xüsusilə ehtiyacı olan uşaqlara da diqqət və qayğı göstərir. Bu məqsədlə fondun prezidentinin təşəbbüsü ilə "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı hazırlanıb. Proqram üzrə uşaq evləri və internat məktəblərində mövcud problemlərin həll olunması üçün 4 əsas istiqamət müəyyən edilib: texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq. Proqram çərçivəsində yaradılmış işçi qrup respublikada fəaliyyət göstərən uşaq evləri və internat məktəblərindəki mövcud vəziyyətin monitorinqini apararaq uşaqların sayı, aylıq, illik dövlət təminatına daxil olan qida, geyim, texniki vəsait normativləri, ümumi şərait (təhsil, səhiyyə, yaşayış, istirahət) kimi göstəriciləri müəyyən edib. Belə uşaq müəssisələrinin böyük əksəriyyətinin ilkin mərhələdə əsaslı təmirə və texniki təchizata daha çox ehtiyacı olduğu aşkar edilib. Və fondun rəhbəri Mehriban Əliyeva Bakının və ölkəmizin əksər rayonlarındakı uşaq evləri və internat məktəblərində şəxsən olaraq, proqramın texniki dəstək istiqaməti üzrə işlərin başlanması üçün tapşırıq verib. Uşaq evləri və internat məktəbləri əsaslı təmir edilməklə yanaşı, həmin müəssisələrdə kitabxanalar yaradılıb, onlar müvafiq tədris vəsaiti və bədii ədəbiyyatla təmin olunub, əksəriyyətində kompüter avadanlığı quraşdırılıb, sinif otaqları interaktiv təhsil üçün uyğunlaşdırılıb. Bir çoxunda isə həkim və psixoloq otaqları yaradılıb. Bundan başqa, uşaq evlərində və internat məktəblə-rində tərbiyə olunan uşaqlar, qaçqın və məcburi köçkün ailələrindən olan və təhsildə fərqlənən şagirdlər üçün müxtəlif bayram şənliklərinin təşkili artıq ənənəyə çevrilib. Fondun prezidentinin təşəbbüsü ilə uşaqların asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədi ilə bu il pilot layihəsi olaraq, Nizami rayonundakı 1 nömrəli uşaq evi üçün Şüvəlan qəsəbə-sində yay düşərgəsinin yaradılması planlaşdırılır.
Keçən il Heydər Əliyev Fondunun həyatında daha mühüm bir hadisə baş verib. Demək olar ki, Heydər Əliyev Fondu beynəlxalq fəaliyyətə başlayıb. Belə ki, keçən ilin dekabrında Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında kor və zəif görən insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsinə dair layihə sənədi və əməkdaşlıq sazişi imzalanıb. "Kor və zəif görən insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsinə dair" layihənin əsas məqsədi əhalinin belə qruplarının səlahiyyətlərini genişləndirmək və xüsusilə məşğulluğunu artırmaq üçün onlara əlavə imkanlar yaratmaq mexanizmi kimi İKT-dən istifadə etməklə kor və görmə qabiliyyəti zəif olan insanlara yardım göstərməkdir.
Layihənin yeri Bakının Nərimanov rayonundakı Kor və zəif görən uşaqlar üçün respublika internat məktəbi müəyyənləşdirilib. Hazırda burada yenidənqurma işləri aparılır. Layihənin geniş imkanlarından bütün əlil insanlar faydalana biləcəklər.
Heydər Əliyev Fondunun mədəniyyət sahəsində Azərbaycan Mədəniyyətinin Dostları Fondu ilə birgə həyata keçirdiyi layihələr də uğurlu olub. Belə ki, Mehriban xanımın şəxsi təşəbbüsü ilə Azərbaycan milli musiqisinin incilərindən olan muğamın inkişafı və təbliği ilə əlaqədar görkəmli sənətkarlar dəvət edilməklə dəyirmi masa keçirilib və YUNESKO-nun baş direktoru Matsuuranın iştirakı ilə Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulub.
Bundan başqa, "Qarabağ xanəndələri" musiqi albomu buraxılıb, Azərbaycanın görkəmli yazıçısı və pedaqoqu Abdulla Şaiqin ev-muzeyində təmir-bərpa, Mərdəkan qəsəbəsindəki kütləvi kitabxanada yenidənqurma işləri aparılıb. Eyni zamanda, Pir-Həsən ziyarətgahının yenidən qurulması ilə bağlı işlər sona çatır. Həmçinin Gəncə şəhərində Comərd Qəssab türbəsi bərpa olunub, Gəncənin sonuncu xanı Cavad xanın qəbri üzərində türbə ucaldılıb, Həzrəti Zeynəb məscidi yenidən qurulub.
Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun 120, akademik Yusif Məmmədəliyevin 100 illik yubileyləri qeyd olunub, dünya şöhrətli sənətçilər Mstislav Rostropoviçin və onun hə-yat yoldaşı Qalina Vişnevskayanın 50 illik birgə fəaliyyətinə həsr edilmiş albom və disklər buraxılıb.
Ulu öndərin adını daşıyan və onun ideyalarına sadiq qalan fond Bakıda, respublikanın digər şəhər və rayonlarında Heydər Əliyevə həsr olunmuş muzeylər, yaxud guşələr də yaradıb, Azərbaycan İqtisad Universitetində "Heydər Əliyev irsinin öyrənilməsi mərkəzi"nin açılmasına nail olub.
2005-ci ildə əsası qoyulan iri-miqyaslı layihələrdən biri də Heydər Əliyev Fondunda Azərbaycan Regional Muzeyinin yaradılmasıdır. Qeyd edək ki, layihə ilə bağlı Böyük Britaniyanın SMA Design şirkəti ilə birgə işləyəcək yerli mütəxəssislərdən ibarət işçi qrup yaradılıb. Məqsəd Azərbaycanın müxtəlif bölgələrinin özünəməxsus özəlliklərini - tarixi keçmişini, sosial-iqtisadi vəziyyətini, flora və faunasını, mədəni-dini abidələrini, təsərrüfat həyatını, yerli adət-ənənələrini, etnik qruplarını əks etdirməklə yanaşı, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində bu regionların inkişafı üçün gördüyü işləri, qoyduğu zəngin irsi təbliğ etməkdir.
Yeri gəlmişkən, 2005-ci ildə ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "heydar-aliyev.org" domen adlı Azərbaycan, ingilis və rus dillərində internet portalı yaradılıb. Portalda ümummilli liderimizin müxtəlif nitqləri, kütləvi informasiya vasitələrinə müsahibələri toplanıb. Növbəti layihə domen adı "heydar-aliyev-foundation.org" olan, yüksək zövqlə tərtib edilmiş Heydər Əliyev Fondunun internet səhifəsinin yaradılmasıdır.
Ötən il yaradılan "Azərbaycana" internet portalının isə respublikamızda analoqu yoxdur. Məhz bu səbəbdən həmin portal "Azərbaycan Elektron kontent-2005 mükafatı" milli müsabiqəsində "Elektron-cəlbetmə" nominasiyası üzrə qalib olub.
Ötən il fond kitab nəşrləri ilə də məşğul olub. Bu nəşrlər içərisində ən maraqlısı isə ingilis dilində dərc olunmuş "Qarabağ həqiqətləri" toplusudur. Bu nəşr "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin" başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitabçalarından ibarətdir. Qeyd edək ki, onların fransız, alman, ərəb və rus dillərində də nəşr olunması nəzərdə tutulub. Və artıq "Qarabağ həqiqətləri" silsiləsinin ikinci cildinin hazırlanmasına da başlanıb. Bundan başqa, Azərbaycan Milli Akademiyasının İnsan Hüquqları İnstitutunun mütəxəssisləri ilə birgə "Pirlər və müharibə" kitabı da hazırlanıb. Kitabda Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfin-dən işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli və digər rayon-larında düşmən tapdağı altında qalan ziyarətgahlar, dağıdılmış tarixi memarlıq abidələri, pirlər haqqında ətraflı məlumat verilir.
Ötən ildən başlayaraq, bir sıra xarici nəşrlərin Azərbaycan dilinə tərcüməsi üzərində də işlər aparılır. Orduda xidmət edən gənclərimizin hərbi hazırlığına və maarifləndirilmə-sinə töhfə olaraq, "Hərbçinin qeyd-yaddaş kitabçası və "Hərbi and qəzeti çap edilib. Bu sıradan Heydər Əliyev Fondunun bir illik fəaliyyətini əks etdirən kitab da böyük maraq doğurur.
Səhiyyə ilə bağlı layihələrin həyata keçirilməsi də fondun ötənilki fəaliyyətinin prioritet məsələlərindən olub. Ötən il 310 nəfər şəkərli diabetə düçar olmuş 14 yaşınadək uşaq himayəyə götürülüb və onlar insulinlə təmin edilirlər. Bu il isə Talassemiya Mərkəzinin tikilməsinə başlanacaq. Fondun prezidentinin təşəbbüsü ilə həmçinin Diaqnostika Mərkəzinin də inşası nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, 2005-ci ildə fonda 3 mindən çox adam müraciət edərək, müalicə üçün kömək istəyib və onların hamısına yüksək səviyyədə tibbi yardım göstərilib. Eyni zamanda xarici ölkələrin səhiyyə müəssisələri ilə əlaqələr yaradılıb və hazırda xəstələrin bəzilərini oraya göndərmək imkanı var.
Qeyd olunan layihələrlə yanaşı, sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində də fond tərəfindən geniş tədbirlər həyata keçirilib. 0 cümlədən yeni avtomobil yolları çəkilib, elektrik təchizatı yaxşılaşdırılıb, kanalizasiya sisteminin yenidən qurulması, su borularının çəkilməsi və s. işlər görülüb.
Beləliklə, Heydər Əliyev Fondu 2005-ci ildə fəaliyyətinin istiqamətləri, həyata keçirdiyi layihə və proqramlar barədə ictimaiyyətə hesabat verdi. Bu məlumatlardan bir daha belə nəticəyə gəlmək olur ki, Heydər Əliyev Fondu bu gün ölkəmizin ictimai həyatının ən fəal iştirakçıların-dan biridir və öz əməlləri ilə cəmiyyətdə böyük hörmətə və dəstəyə malikdir. Əminik ki, fond gələcəkdə də öz fəaliyyətini məhz bu cür davam etdirəcək və Azərbaycanın firavan gələcəyi, xalqımızın xoşbəxt sabahı naminə çalışacaqdır. "Bütün görülən və görüləcək işlər Vətənə həsr edilmiş Heydər Əliyev ömrünün dövlət quruculuğunda həyata keçirdiyi bənzərsiz strategiyanın məntiqi davamı və gerçəkləşən arzularıdır" prinsipini əldə rəhbər tutan fond rəhbərliyinə və əməkdaşlarına gələcək işlərində yeni-yeni gurlar və müvəffəqiyyətlər arzulayırıq.
Sevinc Paşayeva
Azad Azərbaycan.- 2006.- 31 yanvar.- № 13.- S. 3.