Azərbaycan-YUNESKO əlaqələri ildən-ilə genişlənir
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın haqq səsini YUNESKO-nun tribunasından dünyaya çatdırır
Dünya ölkələri arasında elm, təhsil və mədəniyyət körpüsü salmaq və bu vasitə ilə bütün dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək göstərmək məqsədini həyata keçirən YUNESKO bu ali ideyasını bir xətt olaraq davam etdirir. Xalqların dil, din və irqindən asılı olmayaraq, əməkdaşlığın genişləndirilməsində, sülh və təhlükəsizliyin möhkəmləndirilməsində müstəsna rola malik olan bir təşkilat kimi 1945-ci ildən fəaliyyətdədir. YUNESKO 1946-cı ildə 20 üzv dövlətlə rəsmi fəaliyyətə başlamışdırsa, bu gün artıq dünya ölkələrini özündə birləşdirmək gücündə olduğundan, bu, 190-dan artıq dövlətlə izlənir. Bu dövlətlər sırasında Azərbaycanın da yeri var. YUNESKO ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu mühümdür.
Belə ki, Ümummilli Lider 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən YUNESKO-nun o vaxtkı baş direktoru Federiko Mayorla görüşü bu əlaqələrin yaranmasında addım olub. Bu görüşün nəticəsi olaraq YUNESKO-ya üzv dövlət kimi 1994-cü ildə Heydər Əliyevin Sərəncamı ilə Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Milli Komissiya yaradılıb. Bu Milli Komissiya Azərbaycanın YUNESKO-dakı siyasətinin əsas istiqamətlərini müəyyən edir. Heydər Əliyev Azərbaycan və YUNESKO əlaqələrinin inkişaf perspektivlərini nəzərə alaraq, hər zaman bu sahəyə diqqət ayırırdı. Daha sonra Heydər Əliyevin təşəbbüsü ilə YUNESKO ilə əlaqələri möhkəmləndirmək və Azərbaycan elminin, təhsilinin və mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan YUNESKO çərçivəsində qəbul edilmiş bir sıra konvensiyalara qoşulur. Belə ki, silahlı münaqişə baş verdikdə, mədəni dəyərlərin qorunması haqqında 1954-cü il tarixli Konvensiya, Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında 1972-ci il tarixli Konvensiya, Asiya və Sakit okean dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 1983-cü il tarixli regional Konvensiya mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında 1970-ci il tarixli Konvensiyası Azərbaycanın qoşulduğu YUNESKO konvensiyalarından yalnız bir neçəsidir. Bu konvensiyalara qoşulmaq əhəmiyyət kəsb edən məsələlərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu mötəbər təşkilatla əlaqələrin inkişaf etdirilməsinə böyük diqqətlə yanaşır. Görülən işlərin davamı olaraq 2005-ci il tarixində Prezident İlham Əliyev YUNESKO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla mədəniyyət sahəsində qurduğu geniş əməkdaşlıq əlaqələri ölkəmizin milli-mədəni ənənələrə sadiq qalaraq dünya sivilizasiyasına inteqrasiyası üçün əlverişli şərait yaradıb.
Müasir dövrümüzdə Azərbaycan YUNESKO münasibətlərinin inkişafında və möhkəmlənməsində Heydər Əliyev Fondunun xüsusi xidmətlərini qeyd etməliyik. Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına sadiqliyinə görə bu təşkilatın xoşməramlı səfiri adına layiq görülüb. Mehriban xanım Əliyevanın ciddi səyləri nəticəsində Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuş, Qobustan Dövlət tarixi-bədii qoruğu Dünya Mədəni İrs Siyahısına daxil edilmişdir. Aşıq sənəti və Novruz bayramı da YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısında yer almışdır.
YUNESKO ilə Azərbaycan arasında elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda da bir sıra beynəlxalq tədbirlər keçirilmişdir. YUNESKO-nun baş direktoru İrina Bokova Azərbaycanda səfərdə olarkən, bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin təbliği, mədəniyyətlərarası dialoqun inkişafı naminə göstərdiyi səylərinə, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə sanballı töhfələrinə görə Mehriban xanım Əliyevaya “Qızıl Motsart” medalı təqdim etmişdir.
Azərbaycan YUNESKO əlaqələri ildən-ilə daha da genişlənir. Təşkilatın 36-cı sessiyasında Azərbaycan YUNESKO Baş Konfransının vitse-prezidenti seçilmişdir. Daha sonra bu günlərdə Azərbaycanın YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin vitse-prezidenti seçilməsi bu əlaqələrin daha da möhkəmliyinə dəlalət edir.
Bu, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək fəaliyyəti sayəsində ölkəmiz ilə qurum arasında əlaqələrin möhkəm bir şəkildə qurulmasını özündə ehtiva edir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyilə Azərbaycan YUNESKO münasibətləri yüksək inkişaf səviyyəsinə yüksəlib. YUNESKO hər bir xalqın mədəniyyətinin dünyaya çatdırılması üçün mühüm vasitədir. Bu mühüm vasitə ilə Azərbaycan mədəniyyətinin təbliğində, onun həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında rola malikdir. Bu günlərdə YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin növbəti 6-cı sessiyasında Ermənistan tərəfindən təqdim olunan “Erməni Aşıq sevgi romansı ənənəsi” və “Erməni su festivalı Vardavar” adlı fayllar Dağlıq Qarabağla bağlı təxribat xarakterli olduğundan qəbul edilməyib. Bu, YUNESKO-nun Azərbaycana olan obyektiv münasibətinin təzahürüdür.
Müasir həyatımızda Milli Məclisinin üzvü, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycanın haqq səsini YUNESKO-nun tribunasından dünyaya çatdırır.
Nəzakət Ələddinqızı
Səs.- 2011.- 2 dekabr.- № 221.- S. 5.