Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu Pakistanda fəaliyyətini genişləndirir

"Pakistan Observer" qəzeti Mehriban Əliyevanın göstərdiyi humanitar yardımlarla bağlı məqalə dərc edib


Pakistanın nüfuzlu ingilisdilli "Pakistan Observer" qəzetinin 20 iyun nömrəsində "Azərbaycan Pakistanda humanitar fəaliyyətini genişləndirir" sərlövhəli məqalə dərc edilib. Məqalədə respublikamızın Pakistanda həyata keçirdiyi humanitar layihələrin genişləndirildiyi qeyd olunub. Məqaləyə görə, layihələr səhiyyə, təhsil və digər sahələri əhatə edir.

Yazıda Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun senatorlar Hacı Qulam və Hacı Adilin dəvəti ilə Dünya Qan Donoru Günü ilə bağlı keçirilən tədbirdə iştirak etmək üçün Hayber Paxtunxva əyalətinin Pişəvar şəhərinə səfər etdiyi xatırladılıb. Bildirilib ki, "hər bir donor qəhrəmandır" devizi altında keçirilən tədbirin məqsədi ictimaiyyətin diqqətini könüllü donorların fədakarlıqlarına cəlb etmək olub. Müəllif yazır ki, qan xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsi ilə məşğul olan Həmzə Xeyriyyə Fondunda çıxış edən D.Şikarov qurumun gördüyü işləri yüksək qiymətləndirib. Diplomat Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın adından Həmzə Fondunun təsisçisi İcaz Əli Xana xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunmuş "Suzuki" markalı təcili tibbi yardım avtomobili və iki min ədəd qankoçürmə paketini təqdim edib. Yazıda D.Şikarovun tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən genişmiqyaslı layihələr haqqında ətraflı məlumat verdiyi qeyd olunub. Müəllif yazır: "Səfirin özü də qan verərək, hər kəsi bu aksiyaya qatılmağa çağırıb. Daşqın Şikarov Peşavaraya səfəri çərçivəsində Xayber Göz Fonduna baş çəkib, bu təşkilatın nəzdində fəaliyyət göstərən göz klinikasının yeni korpusunun təməlqoyma mərasimində iştirak edib. O, həm də Heydər Əliyev Fondu adından Xayber Göz Fonduna maddi yardım göstərib".

Yazıda qeyd olunub ki, mərasimdə iştirak edən senator Hacı Qulam Əli, eləcə də Xayber Göz Fondunun sədri Malik Məhəmməd Əli Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya göstərdiyi yardıma görə minnətdarlıq bildiriblər və bu yardım nəticəsində bir çox imkansız insanların şəfa tapacaqları deyiblər. Bundan əlavə, məqalədə yazılıb ki, M.Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilən humanitar layihələr zəlzələdən zərərçəkmiş Müzəffərabad şəhərində qızlar məktəbinin tikilməsini, Hayber Paxtunxva əyalətində Hepatit B virusuna qarşı vaksinasiyanın aparılmasını, Laki Marvat şəhərindəki Serebal Paraliç İnstitutunda pulsuz müalicənin təşkil olunmasını, Peşavar Qadın və Uşaq Xəstəxanasında açıq ürəkdə əməliyyatların aparılmasını, kimsəsizlərə, ahıl və uşaq evlərinə maddi yardımların edilməsini və s. əhatə edir.

Pakistanın digər nüfuzlu urdudilli "Daily Express" qəzetində də Dünya Qan Donoru Gününə həsr olunmuş məqalə dərc edilib. Məqalədə Hayber Paxtunxva əyalətinin qubernatoru Məsud Kosar, baş nazir Amir Haydar Xan Hutti, senator Hacı Qulam Əli, Həmzə Fondunun təsisçisi İzac Əli Xan və səfir Daşqın Şikarovun müraciətləri yer alıb.


Vüsal Tağıbəyli

Həftə içi.- 2012.- 22 iyun.- № 107.- S. 2.