Çap etmək   ⁞     ⁞   Fond haqqında

Paris və Moskvadan sonra Azərbaycan mədəniyyəti Berlini heyran etdi

Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizin təbliği istiqamətində həyata keçirilən tədbirlər qürur hissləri doğurur


Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsindədir. Artıq xeyli müddətdir ki, təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da müstəqilliyimizin bərpasının ildönümünə həsr olunmuş möhtəşəm tədbirlərin keçirilməsinə start verilib. Bu istiqamətdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən tədbirlər təqdirəlayiqdir.

Fevral ayında Fransanın paytaxtı Parisdə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə respublikamızın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə və "Azərbaycan" kitabının təqdimatına həsr olunmuş möhtəşəm mərasimin keçirilməsi olduqca mühüm hadisə idi. May ayında isə Fondun təşəbbüsü ilə belə bir tədbir Moskvada keçirildi. "Azərbaycan gecəsi" adlanan həmin təntənəli mərasim əsl mədəniyyət hadisəsinə çevrilərək diqqəti bir daha ölkəmizə yönəltdi.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş növbəti təntənəli mərasim sentyabrın 29-da Almaniyanın paytaxtı Berlində keçirildi. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Almaniyanın birinci xanımı Bettina Vulf iştirak ediblər.

Mərasimdən öncə iki ölkənin birinci xanımları arasında keçirilən görüşdə Bettina Vulf Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş mərasim üçün Berlinin seçilməsinə görə təşəkkürünü bildirib. Mehriban xanım Əliyeva bu tədbirə verdiyi dəstəyə və dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş mərasimdə iştirakına görə Bettina Vulfa təşəkkür edib, Azərbaycan mədəniyyətinin Almaniyada təbliği baxımından bu mərasimin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Mehriban xanım Əliyeva Berlin qəsrinin bərpası ilə bağlı başlanan ianə kampaniyasına Heydər Əliyev Fondunun töhfəsi olaraq 50 min avro məbləğində pul çekini Berlin qəsrinin rəhbərliyinə təqdim edib.

Paris və Moskvada olduğu kimi, Berlində də mərasim çərçivəsində Azərbaycan mədəniyyətini əks etdirən sərgi təşkil edilmişdi. Mehriban xanım Əliyeva və xanım Bettina Vulf bu sərgiyə baxıblar. Azərbaycan xalçalarının, qədim milli misgərlik nümunələrinin, Heydər Əliyev Fondunun ölkəmizlə bağlı müxtəlif mövzulara həsr edilən kitab, buklet və digər nəşrlərinin nümayiş etdirildiyi sərgidə Azərbaycan nəşrinin alman dilində dərc olunan versiyasının təqdimatı keçirilib.

Daha sonra təntənəli mərasim başlayıb. Mərasimdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən xanım Bettina Vulf həmçinin mədəni əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. "Ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir" deyən Bettina Vulf Azərbaycan sərgisinin ölkəmizin malik olduğu mədəni sərvətlərin təbliği baxımından önəm daşıdığını vurğulayıb. Çıxışlarda Azərbaycan və onun sahib olduğu mədəni dəyərlər haqqında ətraflı məlumat verilib, "Evrovision-2011" mahnı müsabiqəsində qələbəyə görə ölkəmizin ünvanına təbriklər səsləndirilib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edib. Heydər Əliyev Fondu tərəfindən təşkil olunan bu mərasimin əsas məqsədinin Azərbaycanın keçmişini və bugününü, 20 il ərzində əldə etdiyi uğurları dünya ictimaiyyətinə çatdırmaqdan ibarət olduğunu bildirən Mehriban xanım Əliyeva qeyd edib ki, ölkəmiz gənc də olsa, tarixi qədimlərə gedib çıxır: "Cənubi Qafqazda - Xəzər dənizinin sahillərində ilk dövlətlər hələ eramızdan əvvəl II-I minilliklərdə yaradılmışdır. Şərqin ən qədim sivilizasiyalarından biri məhz Azərbaycanın ərazisində formalaşmışdır. Tarixi İpək yolu üzərində, mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkanda yerləşən Azərbaycan əsrlər boyu Qərb və Şərq mədəniyyətinin təsiri altında formalaşmışdır. Baxmayaraq ki, müxtəlif dövrlərdə Azərbaycan müxtəlif imperiyaların tərkib hissəsi olmuşdur, xalqımız tarixini, mədəniyyətini, dilini qoruyub saxlayaraq milli mənliyini itirməmişdir".

Ölkəmizin birinci xanımı 1918-ci ildə yaranan və müsəlman Şərqinin ilk demokratik parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işlər barədə məlumat verib. Qeyd edib ki, o dövrdə Azərbaycan müsəlman dünyası üçün, müsəlman Şərqi üçün əsl mayaka çevrilmişdi. Müsəlman qızları üçün ilk dünyəvi məktəb açılmışdı, Azərbaycan qadınları səsvermə hüququ qazanmışdılar, ölkədə çoxpartiyalı parlament fəaliyyət göstərirdi, Şərqin ilk opera və baleti yazılmışdı.

1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan xalqının öz torpağına, öz ölkəsinə, öz taleyinə sahib olduğunu diqqətə çatdıran Mehriban xanım Əliyeva bu dövrü xarakterizə edərək deyib: "Bu 20 il ərzində biz böyük nailiyyətlər əldə etmişik. Biz tamamilə yeni siyasi və iqtisadi sistem qurub sürətlə inkişaf edirik. Azərbaycan bu gün bölgənin aparıcı dövlətidir. Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür. Bölgədə həyata keçirilən bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı və təşəbbüsü ilə reallaşır. Son illər iqtisadi templərin artımına görə Azərbaycan dünyanın lider ölkələri sırasındadır. Avropa İttifaqı bu gün Azərbaycanı enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaş kimi tanıyır. Azərbaycan Avropanın neft və qaz ilə təminatında öz rolunu oynamağa hazırdır".

Sürətli inkişafın ölkəmizin bütün sahələrini əhatə etdiyini deyən Mehriban xanım Əliyeva Azərbaycanda mədəniyyət sahəsində görülən işlər barədə məlumat verib. Azərbaycanda sosialyönümlü siyasətin aparıldığını, son illər ərzində 2 mindən çox yeni məktəb binasının inşa olunduğunu, 900 mindən çox yeni iş yerinin açıldığını, yoxsulluğun səviyyəsinin kəskin azaldığını deyən Azərbaycanın birinci xanımı ölkəmizin bütün bu nailiyyətləri Ermənistanla münaqişə şəraitində əldə etdiyini xüsusi vurğulayıb.

Mərasim çərçivəsində Almaniyanın Tarix muzeyində xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Azərbaycan incəsənət ustalarının konserti keçirilib. Konsertdən sonra isə qonaqlara zəngin Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.

Paris və Moskvadan sonra Azərbaycan mədəniyyəti Berlini fəth etdi. Milli mədəniyyətimiz dünyanın mədəni mərkəzlərindən olan Almaniyada yaşandı. Bu mərasimlər həm də onu təsdiq edir ki, Azərbaycanın mədəniyyət incilərinin sorağı mötəbər siyasi və mədəni mərkəzlərdən gəlir.

Azərbaycanın inkişafı ilə yanaşı, həm də beynəlxalq miqyasda yüksək imiclə tanınması üçün hər bir azərbaycanlı milli dəyərlərimizi yaşatmaq mövqeyindən çıxış etməli, vətənin təəssübkeşi olmağı özünə müqəddəs borc bilməlidir. Bu baxımdan Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizin beynəlxalq miqyasda təbliği və daha yaxından tanıdılması istiqamətində həyata keçirilən tədbirlər hər kəsdə fərəh və qürur hisləri doğurur.


Rəşad Cəfərli

Azərbaycan.- 2011.- 5 oktyabr.- № 219.- S. 4.