UNESCO-nun Baş Konfransında Azərbaycanın milli bəyanatı səslənib
Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu təşkilatın layihələrini dəstəkləməklə onun mesajlarını və dəyərlərini bütün dünyada təşviq edir.
Bu fikri UNESCO-nun Baş Konfransının 38-ci sessiyasının ümumi siyasi debatları çərçivəsində Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov ölkəmizin milli bəyanatının təqdimatında səsləndirib.
O, UNESCO-nun 70 il ərzində çox böyük nailiyyətlərə imza atdığını diqqətə çatdıraraq qəbul edilmiş hüquqi sənədlərin əhəmiyyətinə toxunub. A.Kərimov “insanların şüurunda sülh yaratmaq” kimi müqəddəs məqsəd daşıyan bu təşkilatın keçən müddət ərzində mühüm konfranslar keçirdiyini, sülh mədəniyyətini möhkəmləndirmək və təşviq etmək, mədəniyyətlərarası dialoqu yaratmaq və onun davamlılığını, eləcə də bütün insanların təhsilə çıxışını təmin etmək, ətraf mühiti qoruyub saxlamaq və irqi, dini və etnik fərq qoymadan insanlar üçün yaxşı sosial və iqtisadi şərait qurmaq kimi mesajlarının bütün dünyada yayıldığını diqqətə çatdırıb.
Müharibə və münaqişələrin hələ də davam etdiyini, ekstremizmin, radikalizmin artdığını, mədəni və dini abidələrin dağıdılmasını təəssüflə qeyd edən A.Kərimov beynəlxalq ictimaiyyəti belə zorakılıqlara laqeyd qalmamağa və bütün bunlara lazımi cavab verməyə çağırıb. O, UNESCO-nun mövcud mexanizmləri və resursları ilə belə məsələləri gündəliyində prioritet kimi saxlamaq üçün səylərini əsirgəmədiyini yüksək qiymətləndirib. UNESCO-nun silahlı münaqişələrdə mədəni irsin müdafiəsi, mədəni plüralizmin təşviqi sahəsində fəaliyyətini möhkəmləndirmək məqsədi daşıyan strategiyanın hazırlandığı andan baş direktorun irəli sürdüyü “Unite4Heritage” kampaniyasını alqışlayıb.
A.Kərimov BMT-nin davamlı iqtisadi və sosial inkişaf əsasında daha yaxşı və təhlükəsiz dünyaya nail olmaq məqsədi daşıyan “Davamlı İnkişafın Hədəfləri”(DİH) proqramına toxunaraq “Davamlı inkişaf - 2030" gündəliyində ”keyfiyyətli təhsil"in təmin edilməsinin prioritet olduğunu diqqətə çatdırıb. UNESCO-nun təhsil sahəsində DİH-in hazırlanmasına fəal cəlb olunmasının iki gün bundan əvvəl təhsil nazirlərinin burada yüksək səviyyəli görüşündə “Təhsil-2030 Fəaliyyət Planı”nın qəbul olunması ilə nəticələndiyini və ölkələrin təhsil siyasətində rəhbər tutulacağına inandığını bildirib. Təhsil sahəsindəki təcrübə və bilikləri ilə UNESCO-nun DİH-ə daxil edilmiş məqsədlərə çatmaq üçün beynəlxalq ictimaiyyətə müvəffəqiyyətlə bələdçilik edəcəyinə əminliyini ifadə edib.
Azərbaycanın UNESCO ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini deyən nümayəndəliyin rəhbəri ötən 23 ildə ölkəmizin bu qurumu tam dəstəklədiyini və onun missiyalarına bütün sahələrdə öz töhfələrini verdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, 2013-cü ilin iyul ayında UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq Çərçivə sazişinin imzalanmasından sonra bu əməkdaşlıq daha intensiv xarakter alıb. Azərbaycanın məqsədinin, ilk növbədə, UNESCO-nu çətin anlarda daim dəstəkləmək olduğunu bildirən A.Kərimov saziş çərçivəsində həyata keçirilən layihələrdən danışıb. Xüsusən Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu təşkilatın layihələrini dəstəkləməklə onun mesajlarının və dəyərlərinin bütün dünyada təşviqinə göstərdiyi böyük dəstəyi qeyd edib.
Bildirilib ki, sivilizasiyaların kəsişdiyi bir məkanda yerləşən Azərbaycan mədəniyyətlərarası dialoq platformasına çevrilib və bununla fəxr edir. Bu il keçirilən 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi ən yaxşı nümunədir.
“Lakin dərin təəssüf hissi ilə əlavə etməliyəm ki, bizim regionda sülh, təhlükəsizlik və sabitlik hələ də təhdidlərlə üzləşir. UNESCO-nun prinsipləri və dəyərləri Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ərazilərinin davam edən hərbi işğalı ilə pozulur. Əslində, bu gün biz dünyanın müxtəlif yerlərində mədəni irsin qəsdən dağıdılmasının şahidi oluruq. Ermənistanın mədəni-etnik təmizləmə siyasəti ilə üzləşən Azərbaycan xalqı belə oxşar hadisələri şəxsən yaşayıb. Dağıdılmış və ya boşaldılmış ərazilərdə, eləcə də Ermənistan torpaqlarında azərbaycanlıların qədimdən yaşadığını göstərən bütün tarixi abidələr, məscidlər və qəbiristanlıqlar məhv edilib. Ancaq bu qədər cinayətlər törətmiş və hazırda yeganə mono-etnik və mono-dini ölkə olmasına baxmayaraq, Ermənistan başqalarına dərs keçməyə çalışır” - deyə A.Kərimov vurğulayıb.
Şəhla Ağalarova,
AZƏRTAC-ın xüsusi müxbiri, Paris
Xalq qəzeti.- 2015.- 8 noyabr.- № 246.- S. 7.