Çap etmək   ⁞     ⁞   ISESCO

Azərbaycan-İSESKO əməkdaşlığı yüksələn xətlə inkişaf edir

Təşkilat ölkəmizdə təhsil və mədəniyyət sahələrinin inkişafına dəstək verilməsi istiqamətində bir sıra layihələrdə uğurla iştirak edir


Məlum olduğu kimi, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri bü günlərdə ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev İSESKO-nun baş di-rektoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib. Görüş zamanı İSESKO-nun baş direktoru xalqımızın Ümummilli lideri Heydər Əliyevin doğum gününün əlamətdar bir tarix olduğunu və bu günün ən xoş hisslərlə qeyd edildiyini xüsusi vurğulayıb. Dövlətimizin başçısı isə Azərbaycan ilə İSESKO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq baş direktor Əbdüləziz bin Osman əl-Tüveycrinin ölkəmizə səfərinin bu əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev bu yaxınlarda Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna toxunaraq Əbdüləziz bin Osman əl-Tüveycrinin bu beynəlxalq tədbirdə iştirakının əhəmiyyətini vurğulayıb.

İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Bakının artıq mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilməsinin önəmini qeyd edib. Görüşdə Azərbaycan-İSESKO əməkdaşlığının bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Xatırladaq ki, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin yaradılması və xalqlar arasında dialoqun qurulmasında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatının 2011-ci il üzrə qalibi elan olunub. İSESKO-nun baş direktoruna bu beynəlxalq mükafatı Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva təqdim edib.

Onu da bildirək ki, Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində aprelin 8-də "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb. Mehriban xanım Əliyeva İSESKO-nun baş direktorunu Bakıda yenidən görməkdən məmnun olduğunu deyib. Azərbaycanın birinci xanımı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun müsbət nəticələri olacağına əminliyini ifadə edib. Mədəniyyətlərarası dialoqa dair müzakirələrin vacibliyini qeyd edən İSESKO-nun baş direktoru isə forumun yüksək səviyyədə təşkilini vurğulayıb. Görüş zamanı Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycan ilə İSESKO arasında sıx əlaqələrdən də danışıb.

Ümumiyyətlə, bu təşkilatla Azərbaycan arasında münasibətlər getdikcə daha da güclənməkdədir. Məlum olduğu kimi, 2008-ci il 3-4 mart tarixində Mərakeş Krallığının Rabat şəhərində İSESKO-nun baş Qərargahında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Sivilizasiyaların yaxınlaşdırılmasında xidmətlərinə görə İSESKO-nun xoşməramlı səfiri yüksək fəxri adı ilə təltif edilən Mehriban xanım Əliyeva belə yüksək ada layiq görülən ilk qadındır. İndiyədək İslam dünyasının cəmi bir neçə görkəmli dövlət və ictimai xadimi İSESKO-nun xoşməramlı səfiri olub. Təşkilat Azərbaycanda təhsilin və mədəniyyətin inkişafının dəstəklənməsi istiqamətində Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq edir.

Qeyd edək ki, İslam, Elm, Təhsil və Mədəniyyət Təşkilatı ( İSESKO) 1980-ci ildə yaradılıb. Təşkilatın yaradılmasında əsas məqsəd İslam Konfransı Təşkilatının ixtisaslaşdırılmış qurumlarının, həmçinin, üzv dövlətlərinin təhsil, elm və mədəniyyət sahəsində fəaliyyətini əlaqələndirmək olub. Qloballaşma fonunda İslam mədəni dəyərlərinin qorunması məqsədilə 11 sentyabr 2006-cı il-də İslam konfransının Turizm Nazirlərinin V sessiyası zamanı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İSESKO arasında imzalanmış əməkdaşlıq Protokolu tərəflər arasında mütəxəssis və informasiya mübadiləsini, İSESKO Qərargahında Azərbaycan mədəniyyət günlərinin, Azərbaycan Respublikasında isə İSESKO həftəsinin keçirilməsini, teatr və konsert qastrollarının və incəsənət sərgilərinin təşkilini, mədəni turizm, mədəni sənayelər və kinematoqrafiyanın qarşılıqlı surətdə inkişaf etdirilməsini nəzərdə tuturdu. Artıq bu məsələlər uğurla həyata keçirilməkdədir.

Qeyd etdiyimiz kimi, İSESKO-nun fəaliyyət istiqamətlərindən biri də təhsil sahəsidir. Bu sahədə təşkilat Azərbaycanla sıx əməkdaşlıq edir. Məlumat üçün bildirək ki, İSESKO 1988-ci ildə Omanda keçirilmiş III Baş konfransda İslam ölkələrində təhsilin inkişaf strategiyasını qəbul edib. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra, 1991-ci ildə İSESKO-nun üzvlüyünə qəbul olunub. Bu nüfuzlu beynəlxalq təşkilatda ölkəmizi təmsil edən səlahiyyətli tərəfdaş orqan kimi Təhsil Nazirliyi müəyyən edilib. Məhz buna görə də, İSESKO ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələri daha çox təhsil sahəsi ilə bağlıdır. Fəaliyyətə başladığı dövrdən İSESKO tərəfindən üzv ölkələrdə yüzlərlə təlim sessiyası, işçi seminarlar, təhsil, elm, mədəniyyət mövzularında simpoziumlar keçirilib. Minlərlə alim, universitet müəllimləri, ekspertlər və mütəxəssislər bu proqram və tədbirlərdən bəhrələniblər. Ötən dövr ərzində təhsilin müxtəlif sahələri üzrə ərəb, ingilis və fransız dillərində 600-dək kitab və vəsait hazırlanıb, tərcümə edilərək çap olunub. Həmçinin, üzv dövlətlər və dünyanın müxtəlif ölkələrindəki müsəlman icmalarından olan 3000-dək tələbəyə təqaüdlər verilib.

İSESKO öz fəaliyyətini regional və universal beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində quraraq digər beynəlxalq təşkilatlarla əməkdaşlığı tənzimləyən 140-dək müqavilə imzalayıb. Bu təşkilatlar sırasında BMT, İslam Konfransı Təşkilatı, YUNESKO, YUNİSEF, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT İnkişaf Proqramı, BMT Əhali Fondu, İslam İnkişaf Bankı, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırma Mərkəzini göstərmək olar. Azərbaycan bu təşkilata 1991-ci ildən üzv olsa da, 2003-cü ilədək əməkdaşlığın səviyyəsi o qədər də yüksək olmayıb. Geniş əməkdaşlıq əsasən 2003-cü ildə İSESKO-nun Tehranda regional ofisi açıldıqdan sonra başlanıb. İSESKO ilə əlaqələrin əsas istiqamətlərindən biri həmin təşkilat tərəfindən təşkil edilən beynəlxalq simpozium, konfrans və seminarlarda iştirakdır. 2004-cü ilin noyabrında İSESKO-nun Tehrandakı Regional ofisi tərəfindən Bakı şəhərində "Qloballaşma və onun müsəlman ölkələrində iqtisadi və mədəni sahələrə təsiri" mövzusunda beynəlxalq simpozium keçirilib. Bu tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyi və İSES-KO tərəfindən təşkil olunmuşdu.

Simpoziumun açılış mərasimində İSESKO Baş direktorunun müavini Məhəmməd Haşem Alfalouqi, Qafqaz Müsəlmanları İdarəsinin başçısı Şeyxülislam Allahşükür Paşazadə, mədəniyyət naziri Polad Bülbüloğlu, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov çıxış ediblər. Simpoziumda azərbaycanlı alimlərlə yanaşı, Malayziya İslam Universitetləri kollecinin professoru Məhəmməd Muda, Bosniya və Herseqovinadan professor İzzet İbreliyik, İran İnvestisiya, İqtisadiyyat və Texniki Yardım Təşkilatının nümayəndəsi Əli Fəllahi, Qazaxıstanın Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun nümayəndəsi Gülnar İsmailova, Banqladeşin YUNESKO üzrə Milli Komissiyasının nümayəndəsi Əbu Nur Məhəmməd Bazlur Rəhman təqdimatlarla çıxış ediblər.

2004-cü ildə Təhsil Nazirliyinin müraciəti əsasında İSESKO Azərbaycanda həyata keçirilən təhsil islahatlarına yardım məqsədilə ekspert təyin edib, ekspertin Azərbaycanda fəaliyyəti təşkilat tərəfindən maliyyələşdirilib. İSESKO ilə əməkdaşlığın istiqamətlərindən biri də Azərbaycanda ərəb dilinin tədrisi ənənələrini qorumaq, ərəb dili müəllimləri və mütəxəssislərinin hazırlıq səviyyəsinin yüksəldilməsinə yardım göstərməkdir. Bu məqsədlə 2005-ci ilin mayında Azərbaycanda İSESKO həftəsi çərçivəsində tədbirlər keçirilib. 23-28 may 2005-ci il tarixlərində keçirilmiş bu həftədə Azərbaycanın ali və orta məktəblərində dərs deyən ərəb dili müəllimləri üçün təlim seminarları təşkil olunub. Beynəlxalq İslam Xeyriyyə Təşkilatının tərəfdaşı olduğu bu seminarların keçirilməsi üçün İSESKO-nun Təhsil Departamentinin rəhbəri doktor Mustafa Əl-Zebah Bakıda olub. Təlim seminarlarını uğurla başa vuran 35 ərəb dili müəlliminə xüsusi şəhadətnamələr verilib.

2006-cı ilin 19-21 noyabr tarixlərində isə Küveytdə təşkilata üzv olan ölkələrin "Ali təhsil və elm nazirlərinin təhsildə müasir kommunikasiya texnologiyalarının tətbiqi"nə həsr olunmuş III konfransı keçirilib. İSESKO Baş Direktorluğu və Küveytin Ali Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş bu konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti, eləcə də, 50-dən artıq İslam ölkəsinin ali təhsil və elm naziri iştirak edib. Əsas müzakirə mövzusu İslam ölkələri arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlıq, birgə elmi tədqiqat işlərinin aparılmasının həvəsləndirilməsi, təhsilin maliyyələşdirilməsi və dünya təhsil sisteminə inteqrasiya məsələləri olub. Konfransda Azərbaycanın təhsil naziri ölkəmizdə təhsil və elm sahəsində aparılan islahatlar, o cümlədən, Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ problemi, onun təhsilin inkişafına göstərdiyi mənfi təsir barədə məruzə edib. Eyni zamanda, nazir İSESKO-ya üzv ölkələrin ali təhsil və elm nazirlərinin növbəti IV konfransının 2008-ci ildə Bakıda keçirilməsi təklifini irəli sürüb. Bu təşəbbüs konfransın rəhbərliyi və iştirakçılar tərə-findən müsbət qarşılanıb və bununla bağlı xüsusi qərar qəbul edilib.

Azərbaycan Təhsil Nazirliyinin İSESKO ilə birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın görkəmli şərqşünas alimi Aida İmanquliyevanın "Yeni ərəb ədəbiyyatının korifeyləri" kitabı ərəb dilinə tərcümə olunub, İSESKO tərəfindən çap edilib. 2006-cı il noyabrın 23-də Heydər Əliyev Fondunda kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsinin təqdimatı da olub. Təqdimatda İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri iştirak edib. Mərasimdə Azərbaycan Respublikasının təhsil naziri Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsil sahəsində həyata keçirilən layihə və proqramlar barədə məlumat verib, ölkədə təhsilin inkişafında Heydər Əliyev Fondunun müstəsna xidmətləri olduğunu bildirib.

Qeyd edək ki, İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi ilə 6-8 oktyabr 2008-ci il tarixlərində Bakıda "Gülüstan" sarayında keçirilib. Konfrans "Elmdə gənc alimlərin gücü ilə dəyişikliklərə nail olunması" mövzusuna həsr olunub. Qeyd olunmalıdır ki, İSESKO-nun əvvəl keçirilən üç belə konfransından birincisi Səudiyyə Ərəbistanında, ikincisi Liviyada, üçüncüsü isə Küveytdə keçirilib. Tədbirdə 40-dək ölkədən və İSESKO ilə əməkdaşlıq edən bir sıra regional və beynəlxalq təşkilatlardan 200-dək nümayəndə iştirak edib. Nümayəndələr arasında 14 ölkənin naziri, 4 ölkənin nazir müavini, beynəlxalq təşkilat və təsisatların rəhbərləri olub.

İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri III və IV konfranslar arasındakı müddət ərzində üzv dövlətlərin elm, texnologiya və elmi tədqiqatlar sahəsində əldə etdikləri nailiyyətləri diqqətə çatdırıb, qloballaşma şəraitində universitetlərin fəaliyyəti, biliklərin qloballaşmasına doğru gedən dünya üçün konfransda müzakirə olunan məsələlərin əhəmiyyətini vurğulayıb. Baş direktor İSESKO-nun YUNESKO, Ümumdünya Yeniləşən Enerji Şəbəkəsi kimi regional və beynəlxalq təşkilatlarla birgə fəaliyyəti, üzv dövlətlərin iqtisadi və sosial inkişafına bilavasitə təsir göstərən sənaye sahələrinin inkişaf etdirilməsində elmin rolu, nanotexnologiya, biotexnika, genetika sahəsində layihələr barədə məlumat verib. Konfransda Malayziyanın ali təhsil naziri Dato Seri Məhəmməd Xalid Nurdin İslam ölkələrinin ali təhsil və elm nazirləri konfransının 3-cü sessiyasının sədri adından çıxış edərək iqtisadiyyatın idarə edilməsi, yeni sənaye sahələrinin inkişafı, iş yerlərinin yaradılması və həyat səviyyəsinin yaxşılaşdırılmasında elm və texnologiyanın rolu barədə fikirlərini bildirərək qeyd edib ki, milli inkişaf strategiyasında elm və texnologiyanı inkar edən və ya bunları prioritet olaraq qəbul etməyən ölkələr iqtisadi inkişaf baxımından durğunluq vəziyyətində olacaq və beləliklə, qlobal perspektivlərdən kənarda qalacaqlar. O, həmçinin, İslam Dünyası Elmi Şəbəkəsi və İslam Etikası Şəbəkəsi kimi bir sıra zəruri təşəbbüslərin icra edilməsində göstərdiyi səylərə görə İSESKO-nun fəaliyyətini yüksək qiymətləndirib.

Ümumiyyətlə, bu faktlar göstərir ki, Azərbaycan İSESKO-ya üzv ölkələr arasında özünəməxsus yer tutur və bu cür beynəlxalq tədbirlərin Bakıda keçirilməsi dövlətimizin nüfuzunun göstəricisidir. Proseslər onu deməyə əsas verir ki, Azərbaycanla İSESKO arasında əməkdaşlıq yüksələn xətlə inkişaf etməkdədir.


Nardar Bayramlı

Yeni Azərbaycan.- 2011.- 13 may.- № 84.- S. 7; 14 may.- № 85.- S. 10.