Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Azərbaycan qadınının ləyaqət və alilik simvolu: Mehriban Əliyeva - varlığı və fəaliyyəti ilə ölkəsinə ucalıq şərəfi gətirən dəyərli Azərbaycan xanımı


"Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur.
Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir"

Mehriban Əliyeva


Respublikanın ictimai-siyasi, mədəni və sosial həyatında aparıcı qüvvəyə malik olan Azərbaycan qadını həm də dünya miqyasında beynəlxalq cəmiyyətin nüfuz sahibinə çevrilib. Onun qadın gözəlliyi, qadın iradıəsi, saflığı və sədaqəti, əlbəttə ki, xalqımızın çoxəsrlik milli-mənəvi dəyərləri sistemində formalaşıb. Bütün sahələrdə əməyi olan Azərbaycan xanımı dövlətin inkişafında, dövlətçilik ənənələrinin möhkəmlənməsində əvəzsiz, müstəsna rola malikdir.

Bu gün müasirimiz olan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva da məhz Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli rola malikdir. Azərbaycanda baş verən nəhəng sıçrayışlarda, ölkənin simasının gündən-günə dəyişməsində, dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer qazanmasında Mehriban xanım Əliyevanın danılmaz fəaliyyəti, genişmiqyaslı layihələri öz uğurlu nəticəsini verib. Onun həyata keçirdiyi layihələr yerli əhəmiyyətli sosial problemlərin həllinə, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək məqsədi daşıyır. İnsanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi istiqamətində önəmlidir. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, uşaq müəssisələrinin infrastrukturlarını, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək istiqamətində böyük mahiyyət daşıyan addımlar Mehriban xanım Əliyevanın humanizm prinsiplərinə söykənir.

Öz varlığı ilə məmləkətinə şərəf gətirən Azərbaycanın birinci xanımının fəaliyyəti Azərbaycan haqqında olan təsəvvürlərin ciddi şəkildə dəyişilməsi ilə nəticələnib. Azərbaycan haqqında olan təsəvvür, insan haqqında olan təsəvvür Onun layihələri əsasında tamam fərqli bir şəkildə meydana çıxdı. Bütün dünyaya müstəqil dövlətdə yaşayan qadın obrazının lazımi şəkildə təqdiminə nail oldu. Öz peşəkarlığı, dünya arenasında baş verən hadisələrə yanaşması ilə humanist insan obrazını canlandırdı. Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinin tərkib hissəsinə daxil olmasında atdığı addımlar çox əhəmiyyətli hadisədir. YUNESKO-nun, İSESKO-nun, eləcə də digər beynəlxalq nüfuzlu mədəniyyət təşkilatlarının elə bir tədbiri yoxdur ki, orada Azərbaycanın milli-mənəvi dəyərlərindən, mədəniyyətindən, qədim folklorundan söz açılmasın. O, tarixi həqiqətləri, tarixi faktları, dünyanın nüfuzlu təşkilatlarının iştirakı olan tədbirlərdə qonaqlara çatdıraraq, maraqlı faktlar əsasındakı çıxışları ilə ölkə həyatında baş verən hadisələrin təbliğinə nail olub. Eyni zamanda Onun humanizminin nəticəsi olaraq Azərbaycan əhalisinin sağlamlığı, xoşbəxtliyi geniş bir sferanı əhatə edib. Belə ki, ahıllara, qocalara, uşaqlara qayğı ilə yanaşmaq məsuliyyəti çox dəyərli Mehriban xanımın fəaliyyətində özünü təsdiqləyib.

Mehriban Əliyeva tərəfindən yaradılan Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti nəinki Azərbaycanda, onun hüdudlarından kənarda belə əks-səda doğurub. Fond görkəmli siyasi xadim Heydər Əliyevin ölməz ideyalarını dəstəkləyərək, ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə fəaliyyətini davam etdirir. Bu yol Heydər Əliyevin müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə doğru yönəlib. Məhz buna görə Heydər Əliyev Fondu bir sıra dost dövlətlərdə nümayəndəliklər yaratmağı, eləcə də, bu ölkələrdə fəaliyyət göstərən analoji qeyri-hökumət qurumları ilə əməkdaşlıq əlaqələri qurmağı məqsədyönlü hesab edərək, Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə və ABŞ-da nümayəndəliklərini yaratdı. Fondun bu nümayəndəlikləri Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır.

Hər bir azərbaycanlı üçün fərəhlidir ki, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın fəaliyyəti beynəlxalq səviyyədə diqqətdədir. Onun gördüyü işlər cavabsız qalmamış, dünya dövlətləri, nüfuzlu təşkilatlar tərəfindən müxtəlif adlara, mükafatlara layiq görülmüşdür. Mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsində sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, islam aləmində görülən işlərə böyük dəstəyinə görə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə "Qızıl ürək" beynəlxalq mükafatı, Mərhum Polşa prezidenti Lex Kaçinski tərəfindən Azərbaycanla Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni, Fransanın eks-prezidenti Nikolya Sarkozinin sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilməsi və digər belə mükafatlar Onun fəaliyyətinin real qiymətidir.

Fəaliyyətinə görə təqdim olunan mükafatların davamı olaraq Onun Pakistanın nüfuzlu "Daily times" qəzeti və Qadın Könüllülər Təşkilatının "Humanizm simvolu-2012-ci ilin adamı" elan edilməsi də bəşəri, humanizm prinsiplərini yüksək tutmasına söykənir. Mehriban xanım bu ada Heydər Əliyev Fondunun 2012-ci ildə Pakistanın bütün əyalətlərində keçirdiyi humanitar aksiyalara, o cümlədən, təhsil və səhiyyə sahəsində işlərə görə layiq görülüb. Qeyd edək ki, Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda bir sıra layihələr gerçəkləşib. Belə ki, 2007-ci ildə Pakistanın zəlzələdən zərər çəkən Müzəffərabad şəhərində qızlar məktəbi tikilib, 2012-ci ildə isə həmin məktəb əsaslı təmir edilib, orada yenidənqurma işləri aparılıb. Həmin işlər bu gün də uğurla davam etdirilməkdədir. Bu və ya digər gördüyü işlər onu "Humanizm simvolu-2012-ci ilin adamı" elan edib. Mehriban Əliyeva qarşıya qoyduğu məqsədə doğru daim addımlayır. Özünü, Özünün kimliyini gördüyü işlərlə təsdiqləyir və fərdi dəyərlərini ortaya qoyaraq həyat missiyasını gerçəkləşdirir, Azərbaycan tarixinə silinməz izləri, əməlləri ilə həkk olunur.

Daha bir xüsusi məqama toxunaraq xatırlatmaq istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevlə bir müddət əvvəl Londona səfəri zamanı bəzi Qərb mətbuatı Fransa və Amerikanın birinci xanımlarını onunla müqayisə edir və üstünlüyü Mehriban Əliyevaya verirdilər. Çünki o, təkcə gözəlliyi, zövqü və birinci xanım olması ilə deyil, böyük, yorulmaz və humanist fəaliyyəti ilə də artıq dünyada geniş şəkildə tanınır. Üstəlik, o, ana olaraq 3 gözəl övlad böyüdüb.

Xarici səfərlər zamanı onun Azərbaycan haqqında nə qədər yüksək fikir formalaşdırdığının dəfələrlə şahidi olmuşuq. Mehriban Əliyeva ilə görüşmüş dünyaca ünlü siyasət, ictimaiyyət, mədəniyyət xadimlərindən onun haqqında daim müsbət fikirlər eşidirik. Demək olar ki, hamısı da fikirlərini belə bitirirlər: Azərbaycanın bəxti gətirib. Bu, inkar olunmayacaq bir həqiqətdir.

Bu gün gözəl Bakımızda Beynəlxalq Muğam Mərkəzi yaradılıb və fəaliyyət göstərməkdədir. Azərbaycanın dünyanı valeh edən bu ecazkar musiqisinin inkişafı, dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb. Azərbaycanda dünyanın müxtəlif bölgələrindən gələn muğam ifaçılarının iştirakı ilə Beynəlxalq Muğam Müsabiqəsi keçirilib. Muğamın daha geniş təbliği nəticəsində dünya bu böyük musiqi ilə daha yaxından tanış olmaq imkanı qazandı. Azərbaycanın qədim musiqisi olan əsrarəngiz muğam musiqisi YUNESKO-nun qeyri-maddi irs siyahısına salındı. Mehriban xanımın rəhbərliyi ilə hazırlanan və məşhur muğam ustalarının valehedici ifalarının toplandığı "Qarabağ xanəndələri" albomu bu gün bütün dünyada onu sadəcə bircə dəfə dinləyənləri cazibəsindən buraxmır, heyran qoyur.

Hazırda Azərbaycanın, ümumən türk millətinin qədim musiqisi olan aşıq musiqisinin, aşıq yaradıcılığının, Novruz bayramının YUNESKO-nun qeyri-maddi irs siyahısına salınması istiqamətində ciddi işlər görülür. Azərbaycanın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu açıq şəkildə göstərən Qobustan abidələrinin YUNESKO-nun dünya mədəni və təbii irsinin qorunması siyahısına daxil edilməsində də onun böyük xidmətləri var. Mehriban Əliyevanın YUNESKO xətti ilə keçirilən tədbirlər çərçivəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə, həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi, mədəni və dini abidələrin dağıdılmasına toxunmayan bir çıxışını belə xatırlamaq çətindir. O, təkcə çıxışlarında deyil, rəhbərlik etdiyi təşkilatların fəaliyyətində də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər görür. Dünyanın demək olar ki, bir çox dillərində "Azərbaycan həqiqətləri" adlı kitablar nəşr olunub ki, burada Qarabağın tarixi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, Xocalıda törətdikləri soyqırımı, erməni terror təşkilatlarının dinc azərbaycanlılara, türk insanına qarşı vəhşilikləri barədə geniş məlumatlar öz əksini tapır. Bundan başqa Heydər Əliyev Fondu Ermənistanın Xocalı şəhərində törətdiyi soyqırımını dünya ictimaiyyətinə çatdırmaq üçün bir neçə dildə film də hazırlamışdır. Dünyanın bir çox ölkələrində fondun dəstəyi ilə Xocalı soyqırımının ildönümündə böyük tədbirlər keçirilir, Xocalı soyqırımını əks etdirən foto və "Xocalı uşaqların gözü ilə" adlı rəsm sərgilər nümayiş olunur. Həmin dövrdə bu soyqırımı ilə bağlı dünyanın kütləvi informasiya vasitələri jurnalistlərinin şahidi olduqları materiallardan, onların məqalələrindən ibarət sərgi də dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Mehriban Əliyevanın rəhbərlik etdiyi fond erməni yalanlarını, Azərbaycan həqiqətlərini, Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi vəhşilikləri bütün insanlığa məxsus olan dini, tarixi və mədəni abidələrin dağıdılmasını özündə əks etdirən çoxlu sayda kitablar nəşr etdirərək təkcə Azərbaycana deyil, dünya ictimaiyyətinə doğru məlumatların çatdırılması istiqamətində böyük işlər görür.

Ümumiyyətlə, Mehriban Əliyevanın keçdiyi həyat yoluna nəzər saldıqda qısa zaman ərzində gördüyü böyük işlər insanı valeh edir. Bu sadəcə SEÇİLMİŞLƏRƏ verilən bir istedad, ağıl və güc sayəsində mümkündür. Bütün bu əhəmiyyətli faktorlar isə Mehriban Əliyevanın xarizmasında mövcuddur. Bu ali mövcudluq Azərbaycanın adının daha da uca tutulmasında müstəsna rol oynayır.


Zərifə Quliyeva,
YAP Qadınlar Şurasının üzvü, Nəsimi rayon Ağbirçəklər Şurasının sədri

Səs.- 2014.- 22 avqust.- № 153.- S. 5.