Çap etmək   ⁞     ⁞   UNESCO

Azərbaycan Respublikası ilə YUNESKO arasında birgə rəsmi məlumatın imzalanması və YUNESKO-nun baş direktoruna "Şöhrət" ordeninin təqdim olunması mərasimi


Avqustun 24-də Prezident Sarayında Azərbaycan Respublikası ilə YUNESKO arasında birgə rəsmi məlumatın imzalanması və YUNESKO-nun baş direktoru Koişiro Matsuuraya Azərbaycanın yüksək dövlət mükafatı olan "Şöhrət" ordeninin təqdim edilməsi mərasimi olmuşdur.

Salona toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı, YUNESKO-nun baş direktoru Koişiro Matsuura və xanımını hərarətlə qarşıladılar.

Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə YUNESKO-nun baş direktoru Koişiro Matsuura imzaladılar.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış ederək dedi:

- Hörmətli qonaqlar, xanımlar və cənablar!

Bu gün çox əlamətdar bir gündür. YUNESKO ilə Azərbaycan arasında təhsil sahəsində çox vacib sənəd imzalanmışdır. YUNESKO ilə Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir və bu əlaqələrin inkişafında hörmətli cənab Matsuuranın müstəsna xidmətləri vardır. Cənab Matsuuranın fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycan Prezidenti onu ölkəmizin yüksək mükafatı - "Şöhrət" ordeni ilə təltif edibdir və Bu gün mən bu ordeni təqdim etmək istəyirəm.

Cənab Matsuura YUNESKO-nıın baş direktoru vəzifəsinə seçildikdən sonra dünya mədəniyyətlərinin yaxınlaşmasına çox böyük töhfə vermişdir. Azərbaycanla YUNESKO arasında olan əlaqələrin yüksək səviyyəyə çatmasında da cənab Matsuuranın fəaliyyəti çox böyük əhəmiyyət kəsb edir.

"Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyinin təntənəli qeyd olunmasında da cənab Matsuuranın çox önəmli rolu olmuşdur. İçərişəhərin və Qız qalasının dünya mədəni irsi siyahısına daxil edilməsi də məhz cənab Matsuuranın bilavasitə iştirakı ilə bas vermişdir.

Hörmətli cənab baş direktor, Azərbaycan dövləti və Azərbaycan xalqı sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir və bu mükafat da onun təzahürüdür. İndi isə icazə verin, bu mükafatı sizə təqdim edim.

* * *

Prezident İlham Əliyev "Şöhrət" ordenini YUNESKO-nun baş direktoru Koişiro Matsuuraya təqdim etdi.

YUNESKO-nun baş direktoru Koişiro Matsuura dövlətimizin başçısına dərin təşəkkürünü bildirərək dedi:

— Cənab Prezident!

Hörmətli xanım Əliyeva!

Bu gün Azərbaycan Respublikasının yüksək ordenini almaq mənim üçün ən böyük şərəfdir. Hətta hesab edirdim ki, mən bunu qazanmamışam. Ancaq Siz bu gün məni yüksək ordenlə təltif edirsiniz. Bu ordeni verməklə, məni gələcək işlərimdə Azərbaycan və YUNESKO arasında əməkdaşlığın genişləndirilməsinə, nəinki mədəniyyət sahəsində, eyni zamanda təhsil sahəsində də əlaqələrin, əməkdaşlığın daha da inkişaf etdirilməsinə həvəsləndirirsiniz. Sizə, Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm.

Çox sağ olun.


Xalq qəzeti.- 2005.- 25 avqust.- № 196.- S. 2.