Çap etmək   ⁞     ⁞   Fond haqqında

Ulu öndərin ideyaları daim yaşayır

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı layihələr həyata keçirir


Müstəqil Azərbaycan Respublikası bu gün dünyada təkcə nəhəng neft-qaz ölkəsi kimi deyil, həm də davamlı sabitlik, sürətli inkişaf, demokratiya, yüksək tolerantlıq məkanı kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, sosial-iqtisadi, mədəni, hüquq, elm, təhsil, səhiyyə və digər sahələrdə, cəmiyyətimizin tam demokratikləşməsi istiqamətində qazanılan möhtəşəm nailiyyətlər, bəşəriyyətin enerji təhlükəsizliyi məsələlərinə ölkəmizin layiqli töhfəsi və digər mühüm amillər Azərbaycanı dünyanın diqqət mərkəzinə çevirib.

Uğurlarımızın təməlində ulu öndərimiz Heydər Əliyevin müdrik siyasi kursu, strateji proqramlar, konsepsiyalar və islahatlar dayanır. Alternativi olmayan bu siyasi kurs Azərbaycanın çox qısa zaman kəsiyində böhrandan qurtularaq dinamik inkişaf yoluna çıxmasına səbəb olub. Bu gün dahi rəhbərimizin siyasi kursu Azərbaycanın və regionumuzun yeni parlaq lideri, Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Heydər Əliyev ideyaları, onun siyasəti, azərbaycançılıq ideologiyası və qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir. Xalqımızın rifah halının yüksəldilməsi, sosial tələbatlarının ödənilməsi, regionlarımızın davamlı inkişafı, elm və mədəniyyətimizin tərəqqisi, vətəndaşlarımızın hüquq və azadlıqlarının davamlı təmin olunması üçün ölkədə hər bir şərait yaradılmışdır. Azərbaycanın sürətli inkişafında, dünyada nüfuzunun durmadan artmasında Heydər Əliyev Fondunun da önəmli payı var.

Ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatında Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti olduqca mühüm və danılmazdır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu qarşısına qoyduğu, reallaşdırdığı layihələrin, məqsəd və vəzifələrin əhəmiyyətinə, miqyasına görə ölkəmizdə analoqu olmayan yeni tipli ictimai qurumdur. Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən, ulu öndərimizin ölməz irsini layiqincə yaşadan, humanizm və nəciblik, ölkəmizdə mədəni irsin qorunması, Azərbaycan mədəniyyətinin bütün dünyada layiqincə təbliği kimi missiyaları şərəflə yerinə yetirən Mehriban xanım Əliyevanın fəaliyyət dairəsi geniş və çoxşaxəli olub həyatımızın bütün sahələrinə dərindən nüfuz edir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində Prezident İlham Əliyev bu barədə deyib: “Fonda 10 il ərzində Mehriban Əliyeva rəhbərlik edir. Onun rəhbərliyi ilə fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir. Mehribanın rəhbərliyi ilə bir neçə istiqamət üzrə konkret proqramlar icra edilmişdir. Bir çox hallarda fondun təşəbbüsləri bir qədər sonra həm ictimai təşkilatlar, eyni zamanda, dövlət qurumları tərəfindən dəstəklənmiş və bir növ dövlət proqramına çevrilmişdir. Xüsusilə fondun təşəbbüsü ilə başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi bu gün geniş vüsət almışdır və dövlət bu proqrama qoşularaq son 10 il ərzində 3 minə yaxın yeni məktəb tikdirə bilmişdir.

“Xocalıya ədalət!” kampaniyası da məhz fondun təşəbbüsü ilə başlamışdır. Ondan sonra dövlət qurumları, ictimai qurumlar bu təşəbbüsə qoşulmuşlar və nəticə etibarilə qısa müddət ərzində 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən soyqırımı kimi qəbul etmişdir. Səhiyyə ilə bağlı təşəbbüslər geniş vüsət almışdır. Azərbaycan mədəniyyətinin, mədəni irsimizin qorunması, dünyada təbliği işində fond əvəzsiz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənəti UNESCO-nun Dünya Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmişdir... Bu gün Heydər Əliyev Fondu ulu öndərin adını şərəflə daşıyır, ulu öndərin xatirəsinə layiq fəaliyyət göstərir”.

Ulu öndərimizin çoxşaxəli fəaliyyətində ölkəmizin iqtisadi, sosial və mədəni tərəqqisinin mühüm amillərindən olan elm, təhsil və mədəniyyətin, səhiyyə və idmanın inkişaf etdirilməsi məsələləri əhəmiyyətli yer tuturdu. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz növbəsində bu sahələrdəki layihələrin həyata keçirilməsini, xüsusən də dünya standartlarına cavab verən müasir məktəblərin və səhiyyə ocaqlarının inşasına, azərbayçançılıq məfkurəsinin bərqərar olmasına, milli-mənəvi dəyərlərin qorunmasına, böyüməkdə olan gənc nəslin sağlam, hərtərəfli biliyə malik layiqli vətəndaş, gələcəyin mütəxəssisi kimi yetişməsinə yardım edir. Strateji layihələri uğurla gerçəkləşdirməyə nail olmuş Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin hər bir səhifəsi özündə ulu öndərimizin ali ideallarını parlaq şəkildə təcəssüm etdirir. Heydər Əliyev Fondunun yaradılmasının 10-cu ildönümü ilə əlaqədar fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Milli Məclis” jurnalına müsahibəsində qarşıya qoyulan məqsədlərdən danışaraq deyib: “2004-cü ildə Heydər Əliyev Fondu fəaliyyətə başlayanda biz qarşımıza bir məqsəd qoymuşduq – doğma xalqımıza, vətənimizə xidmət etmək. Elə ilk günlərdən biz ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrinə dərindən nüfuz edərək genişmiqyaslı layihələr həyata keçirməyə başladıq. Fəaliyyətimizin çoxşaxəli olmasına baxmayaraq, prioritet istiqamətləri müəyyən etdik və daha çox diqqət tələb edən problemlərin həllində yaxından iştirak etməyə çalışdıq. Sözsüz ki, ilk növbədə cəmiyyətimizin daha çox qayğıya ehtiyacı olan təbəqələrinə - valideyn himayəsindən məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkünlərə, qocalara və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yönəlmiş layihə və proqramların icrasına başladıq”.

Ulu öndərimizin adını daşıyan fondun həyata keçirdiyi layihələrin real nəticələri göz qabağındadır. Müsahibədə də vurğulandığı kimi, bu, yüz mindən çox şagirdin təhsil şəraitinin yaxşılaşmasına xidmət edən yüzlərlə yeni məktəb binasının istifadəyə verilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı göstərilməsi, müasir avadanlıqla təchiz edilmiş yeni tibb mərkəzlərinin inşası, gənc istedadların dəstəklənməsi, tarixi abidələrin bərpası, qədim mədəniyyət və incəsənətimizin təbliği və nəhayət, Azərbaycanın əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin qorunub saxlanıldığı sivil bir ölkə kimi dünyaya tanıdılmasıdır.

Mehriban xanım Əliyeva fəaliyyət göstərdiyi hər bir sahədə böyük uğurlar qazanılmasına, qlobal layihələrin gerçəkləşməsinə, mədəni irsimizin dünyada tanınmasına nail olub, təhsil və səhiyyəmizin inkişafına güclü dəstək verib. Bu qədər gərgin işlə məşğul olmasına baxmayaraq, o, fəaliyyətinin əsas hissəsini xalqımızın gələcəyi olan uşaqlara yönəldir. Yardıma və qayğıya ehtiyacı olan hər bir kəsə, xüsusən də əlil və xəstə uşaqlara həmişə kömək edir. Azərbaycanın birinci xanımının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Diabetli uşaqlara ən yüksək qayğı” və “ Talassemiyasız həyat naminə” layihələri neçə-neçə xəstə uşağa şəfa ilə bərabər ümid, inam da bəxş edib. Belə layihələrin sayı yetərincədir. Məsələn, Heydər Əliyev Fondu kor və ya görmə qabiliyyəti zəif olan insanlara, xüsusən də uşaqlara əlavə imkanlar yaratmaq mexanizmi kimi informasiya-kommunikasiya texnologiyalarından istifadəni zəruri sayır və bununla bağlı layihə həyata keçirir. Üç mərhələdən ibərət olan layihə BMT-nin İnkişaf proqramı ilə birgə reallaşdırılır.

Regionlarımızın sürətli inkişafında ulu öndərimizin adını daşıyan fondun da önəmli payı var. Bu proqramlar çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü və yaxından iştirakı ilə regionlarımızda 2708 məktəb, 38-i mərkəzi xəstəxana olmaqla, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyekti tikilmiş və ya əsaslı təmir olunmuş, 41 Olimpiya İdman Kompleksi yaradılmışdır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə regionlarda uşaq bağçası-körpələr evlərinin, məktəblərin, səhiyyə müəssisələrinin, mədəniyyət obyektlərinin tikintisi, yenidən qurulması, təmiri, eləcə də tarixi-mədəni abidələrin bərpası və qorunub saxlanması sahəsində irimiqyaslı layihələr həyata keçirilmişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt isə milli genefondun qorunması, saf dəyər və duyğuların ictimai şüurda geniş yayılmasıdır. Azərbaycanın birinci xanımı haqlı olaraq informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə insani və mənəvi-əxlaqi dəyərlərin yad təsirlərdən qorunmasına daha çox ehtiyac olduğunu daim bildirir. Bu baxımdan fondun həyata keçirdiyi xoşməramlı tədbirlər sırasında milli-mənəvi irsin qorunması xüsusi əhəmiyyət daşıyır.

Xeyriyyəçilik, yaxşı əməl, mənəvi saflıq hər bir bəşər övladının özündən sonra qoyub getdiyi ülvi və müqəddəs dəyərlərdəndir. Mənəvi kamillik səviyyəsinə qovuşmuş şəxsiyyətlər öz əməlləri ilə həmişə başqalarına örnək olur, dövrünün problemlərinə əsl ziyalı, vətəndaş təəssübkeşliyi ilə yanaşır, xalqının xoşbəxt və təminatlı gələcəyinə xidmət edən xeyirxah əməllərin müəllifinə çevrilir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkənin ictimai- siyasi həyatında fəal iştirak etməklə, ulu öndərimizin irsini yaşadıb, təbliğ etməklə, son dərəcə mühüm sosial layihələri həyata keçirməklə, xalqımızın minilliklərlə yaradıb yaşatdığı bəşəri dəyərlərin hamisinə və əsl qayğıkeşinə çevrilib.

Tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti xalqımızın tarixi nailiyyətidir və bu amil ictimai-siyasi həyatımızın aparıcı normasına çevrilmişdir. Ölkəmizdə həmişə bütün dinlərə və onların mənsublarına hörmətlə yanaşılıb, dindarların ibadətlərini layiqincə yerinə yetirmələri üçün hər cür şərait yaradılıb. Azərbaycan dünya üçün yalnız böyük neft-qaz ölkəsi deyil, həm də milli-dini tolerantlıq nümunəsidir. Qürurverici faktdır ki, bir çox dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar. Heydər Əliyev Fondu da hər bir layihəsi ilə xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına öz töhfəsini verir. Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılır.

Bakıda yəhudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi, Fransa regionlarında kilsələrin, müqəddəs Roma katakombalarının bərpasında fondun yaxından iştirakı, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidə ucaldılması da məhz ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir. Azərbaycanda bütün mədəniyyət ocaqları təmir olunur, bərpa edilir. Yeni muzeylər, teatrlar tikilir, əvvəllər tikilmiş mədəniyyət infrastrukturu yeniləşir, müasirləşir.

Göründüyü kimi, fondun fəaliyyəti Azərbaycanın hüdudları ilə məhdudlaşmır, bir çox ölkə və qitələri əhatə edir. Humanizm ideallarına arxalanaraq fəaliyyət göstərən Heydər Əliyev Fondu istər Azərbaycanda, istərsə də xarici ölkələrdə hər zaman köməyə ehtiyacı olanların yanındadır. Bu baxımdan, 2007-ci ildə zəlzələdən zərər çəkən Pakistanın Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən 500 nəfərlik qızlar məktəbinin inşası və orada əsaslı yenidənqurma işlərinin, Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın Xayber Paxtunxva əyalətində “Hepatit B” virusuna qarşı peyvəndləşdirmə aparılması, Laki Marvat şəhərində yerləşən serebral iflic institutunda pulsuz müalicə kurslarının təşkili də xüsusi qeyd olunmalıdır.

Mədəni irsimizin qorunması işində də Heydər Əliyev Fondu fəal iştirak edir. Bakıda Beynəlxalq Muğam Mərkəzinin inşası və dünyada ilk dəfə olaraq Azərbaycanda Beynəlxalq Muğam Festivalının keçirilməsi Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuşdur. Qəbələ Beynəlxalq Musiqi Festivalı, Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalı, dünya şöhrətli musiqiçilər—Üzeyir Hacıbəyli, Bülbül, Dmitri Şostakoviç və Şopenin yubileylərinə həsr olunmuş beynəlxalq festivallar müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir. Xarici mütəxəssislər Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən bu layihələri dünyada mədəniyyətin inkişafına böyük töhfə adlandırıblar.

Mehriban xanım Əliyevanın xidmətləri dünyanın bir çox dövlət başçıları və beynəlxalq qurumları tərəfindən də yüksək qiymətləndirilir. O, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb. 2009-cu ildə Polşa prezidenti tərəfindən Azərbaycanla Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Böyük Komandor Xaçı ordeni ilə təltif olunub. 2010-cu ildə Fransa prezidentinin sərəncamı ilə Fəxri Legion ordeninin zabit dərəcəsi ilə təltif edilib.

Bu gün Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə filialları fəaliyyət göstərir. Bu bir tərəfdən təşkilatın qlobal miqyasda artan nüfuzunun ifadəsidirsə, digər tərəfdən Azərbaycanı daha geniş təbliğ etmək, ölkə həqiqətlərini dünya arenasına çıxarmaq, habelə diaspor hərəkatının güclənməsinə yardımçı olmaq niyyətinin təzahürüdür. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən aparılan “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır.

Göründüyü kimi, həqiqətən də Heydər Əliyev Fondunun xalqımız naminə gördüyü işlər misilsizdir Azərbaycanın birinci xanımı bu işlərdən danışarkən xüsusi vurğulayıb:" Mənim mövqeyim ondan ibarətdir ki, irimiqyaslı, uzunmüddətli layihələrlə yanaşı, gündəlik həyatda insanları narahat edən problemlərin araşdırılması çox vacibdir, bunların həlli üçün yollar tapmaq lazımdır. Ehtiyacı olan insanlara yardım göstərmək lazımdır. Mən həmişə çalışıram işimizi elə quraq ki, bu problemləri də daim çözə bilək...

Məncə bunların hamısına nail olmaq üçün əsas iki amil lazımdır. Birincisi, siyasi sabitlik, ikincisi də iqtisadi inkişaf. Bu gün bizim ölkəmizdə bunların ikisi də var. Siz bilirsiniz ki, Azərbaycan regionda aparıcı dövlətdir. İqtisadi inkişafın göstəricilərinə baxsaq görərik ki, biz dünyada lider ölkəyik. Azərbaycanın hər bir rayonunda, hər bir regionunda inkişaf gedir, islahatlar aparılır, yeni məktəblər, xəstəxanalar açılır, yeni zavodlar, fabriklər tikilir, yeni iş yerləri açılır, respublikamızın ucqar kəndlərinə yollar çəkilir. Mən inanıram ki, möhkəm iradə olanda, qarşıya qoyduğumuz hər bir məqsədə nail ola biləcəyik".


Məhərrəm Məmmədov

Xalq qəzeti.- 2014.- 19 avqust.- № 177.- S. 3.