Mehriban Əliyeva: Mən konkret iş görmək, insanlara kömək etmək istəyirəm
Mehriban Əliyeva
Sözsüz ki, Prezident İlham Əliyevin fəaliyyətinin başlıca qayəsi və amalı hər bir Azərbaycan vətəndaşının xoşbəxt yaşaması, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin sosial-iqtisadi inkişafını, Azərbaycanıın dünya dövlətləri arasında özünə layiqli yer tutmasını və qüdrətlənməsini təmin etməkdir. Ötən illərdə ölkəmizdə görülən genişmiqyaslı işlər, vətəndaşların sosial rifahının daha da yaxşılaşmasına, cəmiyyətimizin demokratikləşməsinə xidmət edən çoxşaxəli islahatlar Prezident İlham Əliyevin xalqa verdiyi vədlərin əməli işə çevrildiyinin sübutudur.
Bu gün hər bir azərbaycanlının qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən, ümummilli mənafelərdən çıxış edərək Azərbaycanın yüksəlişi üçün çalışan Prezidentin siyasi kursuna dəstək vermək, bu işdə əlindən gələni əsirgəməməkdir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əsl vətəndaş mövqeyindən çıxış edərək ölkəmizdə gedən inkişaf proseslərinə verdiyi töhfələr, milli mədəni irsimizin qorunması və təbliği, təhsilin səviyyəsinin yüksəlişi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində misilsiz fəaliyyəti hər bir vətəndaş üçün nümunə sayıla bilər. Birinci ledi özünün həyat məramını, ömrünün mənasını insanlara, xüsusilə qayğı və diqqətə daha çox ehtiyacı olanlara yardım etməkdə, onları sevindirməkdə görür. Onun ictimai-siyasi fəaliyyəti çox genişdir, cəmiyyətimizin spesifik sahələrini əhatə edir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, “Azərbaycan-İrs” jurnalının, eləcə də yenicə nəşrə başlayan “Muğam” jurnalının baş redaktoru kimi çoxşaxəli fəaliyyət dairəsi olan Mehriban xanım Əliyevanın zəngin təcrübəsi hər kəs üçün örnək sayıla bilər.
Mehriban xanım Əliyeva həm də bir deputat kimi seçicilərinin böyük rəğbətini qazanan, insanların etimadını doğruldan ictimai-siyasi xadimdir. Onun təşəbbüsü ilə Mərdəkan, Binə, Şüvəlan, Türkan, Zirə və digər Bakıətrafı qəsəbələrdə geniş tikinti-abadlıq işləri həyata keçirilmiş, bir sıra yerlərə içməli su xətləri çəkilmiş, elektrik enerjisi şəbəkəsi yenidən qurulmuşdur. Deputat seçkiləri ərəfəsində verdiyi vədlərə əməl edən Mehriban xanımı vaxtaşırı məktəblərdə, uşaq bağçalarında, sadə adamların əhatəsində görmək olar. Hər gün Heydər Əliyev Fonduna yüzlərlə məktub və teleqram daxil olur, Mehriban xanım Əliyeva ilə görüşməyə can atanların, ona təşəkkür etməyə tələsənlərin sayı yüzlərlə, minlərlədir. Bu, hər insana qismət olan səadət deyil. Bu xoşbəxtliyi Mehriban xanımın özü qazanıb. Belə bir səmimiyyət ilk əvvəl Mehriban xanımın milli təəssübkeşliyindən, xeyirxah niyyətindən və digər ali insani keyfiyyətlərindən irəli gəlir.
Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinin ən ümdə qayəsi xalqının, millətinin rifahı üçün çalışmaq, bu işdə Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. İşgüzarlığı, insanlara doğma və mehriban münasibəti göstərir ki, Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri və deputat kimi üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir. Bunu Mehriban xanım Əliyevanın ümummilli liderimiz Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqımızın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə verdiyi dəstək, ulu öndərin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı layihələrın reallaşmasına etdiyi kömək təsdiq edir. Bu günlərdə Bakıda bədii gimnastika üzrə 23-cü Avropa çempionatının keçirilməsi, o cümlədən Mehriban xanımın redaktorluğu ilə üç dildə “Muğam” jurnalının çapına başlanılması da buna sübutdur.
Mehriban Əliyeva bütün imkanlarını, intellekt və bacarığını xalqımızın azad, firavan həyatı üçün səfərbər edib və bu yolda əzmkarlıqla çalışır. Nəzərəçarpan haldır ki, Azərbaycanın birinci ledisi hansısa ayrıca götürülmüş sahənin inkişafı naminə fəaliyyət göstərmir. Mehriban xanım Əliyeva xeyriyyəçilikdən tutmuş, ölkənin səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətinin inkişafı, Azərbaycanın beynəlxalq aləmdəki reputasiyasının formalaşması sferalarında ciddi və məhsuldar aktivlik nümayiş etdirir. Bütün bunların mərkəzində şübhəsiz ki, ilk növbədə xeyirxahlıq, qayğıkeşlik və insanpərvərlik amili durur.
O, YUNESKO-nun xoşməramlı səfiri olaraq Azərbaycan mədəniyyəti və incəsənətini dünyada təbliğ edir, ölkənin beynəlxalq imicinin formalaşması işinə önəmli töhfələrini verir, ölkənin ən ümdə məsələlərini, o cümlədən Dağlıq Qarabağ problemini ən yüksək və mötəbər toplantılarda müzakirəyə çıxarar. Azərbaycanın özündə isə Mehriban Əliyeva Heydər Əliyevin adını daşıyan və onun özü kimi əzəmətli olan amallara xidmət edən fond vasitəsilə xeyriyyəçilik missiyasının daşıyıcısıdır.
Son üç ildə Heydər Əliyev Fondunun dövlət və millət maraqları baxımından müstəsna çəkili layihələrin uğurla gerçəkləşdirilib cəmiyyətin etimadını qazanmasında istisnasız olaraq Mehriban Əliyevanın yüksək işgüzarlıq bacarığı və enerjisi, habelə daxilindən gələn insanpərvərlik hisslərinin mühüm rolu olub. Bütün bu layihələrin əsasında Azərbaycanın milli genefondunun qorunub saxlanması vəzifəsi dayanır. Həcminə görə Azərbaycanda analoqu olmayan “Azərbaycan” informasiya portalının yaradılması, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” layihələr, “Qarabağ xanəndələri” adlı diskin buraxılması, “Qarabağ həqiqətləri” kitabının ərsəyə gəlməsi Mehriban xanımın həyatımızın ən müxtəlif sahələrinə qayğı və himayəsinin, ən əsası isə bu sferalardakı problemlərin həllinə nail olmaq istəyinin əyani təcəssümüdür.
YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva ölkəmizin ictimai-mədəni həyatında müstəsna rol oynamaqdadır. YUNESKO ilə əlaqələrin yeni mərhələsinə bu seçim öz təsirini göstərməkdədir. Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi, həm Azərbaycan Prezidenti, həm də Mehriban xanımın həyat yoldaşı kimi İlham Əliyev üçün təbii ki, ikiqat önəm daşıyır. Prezident haqlı olaraq hesab edir ki, Mehriban xanım xoşməramlı səfir adını daşımağa layiqdir: “O, həmişə insanlara xoş münasibəti, xoş niyyəti ilə seçilib. Bu onun xasiyyətinin fərqləndirici cəhətidir. Əminəm ki, bu yeni işdə də fəal çalışacaq və fəaliyyəti ilə ümumi məqsədlərimizə töhfəsini əsirgəməyəcək”.
Heydər Əliyev Fondu Azərbaycan xalqının kökü çox qədimlərə gedən sənət xəzinəsinə, muğamımıza, sözün əsl mənasında, sahib çıxaraq, bu sahəyə də yaxından himayədarlıq etdi. İlkin nəticələrdən biri “Qarabağ xanəndələri” adlı albomun nəfis tərtibatda buraxılmasıdır. Həmçinin, Fond rəhbərliyinin təşəbbüsü ilə “Qarabağ” kitabının çapa hazırlanması da Azərbaycanın, Qarabağın tarixi keçmişinin öyrənilməsinə və təbliğinə diqqətin dəyərli təzahürlərindən biri kimi diqqəti çəkir. Digər bir layihə isə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun bütün əsərlərinin CD və DVD-də buraxılmasını əhatə edir. Mehriban xanımın redaktorluğu ilə “Muğam” jurnalının çapa başlanması da bu şərəfli missiyanın davamı hesab edilə bilər. Əslində, Mehriban xanımın şəxsi səyləri nəticəsində Azərbaycan xalqının milli sərvəti sayılan qeyri-maddi irsimiz də, xüsusilə muğam bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri sırasına daxil edilmişdir. Mehriban Əliyevanın Azərbaycan muğamlarının öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti onun milli-mənəvi dəyərlərə bağlılığının və yüksək vətənpərvərliyinin bariz göstəricisidir. “Qarabağ xanəndələri” adlı nəfis albomun buraxılması da Fondun uğurları sırasında özünəməxsus yer tutur. Mehriban Əliyevanın rəhbərliyi altında “Qarabağ” kitabının çapa hazırlanması isə Azərbaycanın, Qarabağın tarixi keçmişinin öyrənilməsi və təbliği baxımından son dərəcə böyük əhəmiyyət daşıyır. Mehriban xanımın təşəbbüsü ilə və YUNESKO-nun baş katibinin iştirakı ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulmuşdur.
Heydər Əliyev Fondu sosial sferaya aid digər aktual məsələləri, o cümlədən milli-mənəvi dəyərlərin mühafizə edilməsini də daim diqqətdə saxlayır. Bu baxımdan, Azərbaycanın tarixi abidələrinə göstərilən qayğı, Mehriban xanımın təşəbbüsü ilə Qobustan qoruğunun YUNESKO-nun xüsusi mühafizə olunan tarixi abidələr siyahısına salınması yüksək qiymətləndirilməlidir. Bu mənada, Prezident İlham Əliyevin “Bakı şəhərində tarixi-memarlıq abidələrinin bərpası və qorunması haqqında” imzaladığı sərəncam da Azərbaycan mədəniyyətinin bir çox qiymətli nümunələrinin dünya inciləri sırasına daxil olması kimi müstəsna bir məqsədi nəzərdə tutur. Dövlət başçısının sərəncamında nəzərdə tutulan vəzifələr uzun müddətdir ki, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın ardıcıl təşəbbüsləri ilə yüksək səviyyədə icra olunmaqdadır. Mehriban xanım daim xalqımızın mədəni irsinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının tərəfdarı kimi çıxış edir. YUNESKO-nun xoşməramlı səfiri kimi fərqli mədəniyyətləri bir araya gətirmək missiyasını öz üzərinə götürmüş Mehriban Əliyevanın bu sahədə fəaliyyəti hələ 10 il əvvələ, “Azərbaycan Mədəniyyətinin Dostları Fondu”nun yaradılması dövrünə gedib çıxır. Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu dünyanın ən mötəbər mədəniyyət qurumları ilə əməkdaşlıq çərçivəsində ölkəmizdəki tarixi abidələrin qorunması üçün həyata keçirilən tədbirlərdə də fəal iştirak edir. Gəncə şəhərində Cavadxan türbəsinin, Comərd Qəssab məqbərəsinin, Bakının Şüvəlan qəsəbəsində yerləşən Pirhəsən ziyarətgahının bərpası, Abdulla Şaiqin ev-muzeyinin təmiri buna parlaq nümunədir. YUNESKO-nun xoşməramlı səfiri Azərbaycanın tanınmış oğul və qızlarının adı ilə bağlı tarixi abidələrin bərpasını yalnız keçmişə hörmət və tarixi həqiqətin bərpası kimi deyil, eyni zamanda, gənc nəsli milli-vətənpərvərlik ruhunda tərbiyə etməyin əsas elementi, Heydər Əliyevin azərbaycançılıq ideologiyasının inkişafı kimi qiymətləndirir.
Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Mehriban Əliyevanın Bakıda “Qafqaz xalq ənənələri evi”nin yaradılması ilə bağlı YUNESKO qarşısında irəli sürdüyü təşəbbüsü də olduqca təqdirəlayiqdir. Belə bir qurumun təşkili Qafqaz xalqlarına məxsus mədəni irsin qorunması, təbliği baxımından böyük faydalar vəd edir. Bu təşəbbüs, eyni zamanda, həm də böyük siyasi əhəmiyyətə malikdir. “Qafqaz xalq ənənələri evi”nin yaradılması Avropa Birliyinin təşəbbüsü ilə Qafqaz regionunda həyata keçirilən “Yeni Qonşuluq Siyasəti”nin icrasına müəyyən töhfə verməklə bərabər, həm də zaman-zaman Azərbaycanın mədəniyyət incilərini oğurlayıb öz adlarına çıxan ermənilərin mənfur hərəkətlərinin qarşısını alacaqdır. Nəzərə alaq ki, geostrateji mövqeyinə görə Azərbaycan iki dünyagörüşünün, iki həyat tərzinin, iki mədəniyyətin qovuşduğu məkanda yerləşmişdir. Belə bir məkanda yaşayan insanlar bu təmasın təkcə coğrafi deyil, həm də mənəvi təzahürünü, Qərb və Şərq mədəniyyətinin dialoqunu gündəlik həyatımızda hiss etməkdədirlər. Əslində nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansı əyyamındasa unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı isə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Görünür, bunun özü də maraqlı bir qanunauyğunluqdur.
Milli Məclisin deputatı seçildikdən sonra sırf millət vəkili kimi Mehriban Əliyevanın fəaliyyətində də maraqlı bir məqam diqqəti çəkir. Adətən, seçkiqabağı təşviqat dövründə maraqlı ideyalar gündəmə gətirilir. Deputatlığa namizədlər seçki zamanı vətəndaşların dəstəyini qazanmaq üçün xalqa doğru gedərək, ardıcıl görüşlər keçirir, bir-birindən fərqli platformalar açıqlayırlar. Belə bir təsəvvür yaranır ki, bu platformalarda irəli sürülən müddəalar real işə çevrilərsə, qısa müddətdən sonra konkret ərazilərin bütün problemləri öz həllini tapacaqdır. Mehriban Əliyevanın deputatlıq fəaliyyətini fərqli edən ən əsas məqam isə bundan ibarətdir ki, o, seçicilər qarşısına pafoslu platformalarla çıxmamış, sadəcə, mövcud çətinlikləri dəqiqliklə öyrənmiş, seçkiqabağı kampaniya zamanı seçicilərlə görüşlərdə qaldırılan məsələlərin həlli, verilmiş vədlərin yerinə yetirilməsi vəziyyəti ilə tanış olmaq məqsədi ilə Bakıətrafı qəsəbələrə səfərlərini parlament seçkilərindən sonra daha da intensivləşdirmişdir. Mehriban xanım Əliyevanın Azərbaycan dövləti, xalqı naminə gördüyü işlər bütün bunlarla məhdudlaşmır. O, ölkənin birinci xanımı statusu ilə Azərbaycan cəmiyyətində novatordur. Bəşər sivilizasiyasının ən qədim xalqlarından olan azərbaycanlıların yüksək mənəvi-əxlaqi keyfiyyətlərini, genetik yaddaşını pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə milli intibaha, cəmiyyətin pozitiv ruhda inkişafına əsaslı təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək Mehriban xanımın fəaliyyətinin əsas qayəsini təşkil edir.
Mehriban xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti, ilk növbədə, dünyanın xilasına yönələn mütərəqqi ümümbəşəri və milli idealların cəmiyyətdə daha da möhkəmlənməsinə, ictimai şüura hakim kəsilməsinə, fərqli bəşəri sivilizasiyaların uğurlu dialoquna, keçmişlə gələcək arasında möhkəm körpü salınmasına, insanlara xeyirxahlıq və nəciblik kimi ali dəyərlərin aşılanmasına yönəlmişdir. Mehriban Əliyevanın özünün də söylədiyi kimi, bu gün bəzi strukturların laqeydliyi, biganəliyi ilə üzləşən, dərdinə əlac axtaran köməksiz insanların sonuncu ümid qapısına çevrilmiş Heydər Əliyev Fondunun fəaliyyət fəlsəfəsində insanlara yaxşılıq kimi sadə olduğu qədər də bəşəri və müqəddəs bir ideya, amal dayanır. Məhz bu saf amalla Mehriban Əliyeva rəhbərlik etdiyi Fonda üz tutmuş vətəndaşların mənəvi hamisi, qayğıkeşi kimi çıxış edir, imkan daxilində onların üzləşdiyi problemlərin həllinə çalışır. Bu xeyirxah missiya “Keçmişə ehtiram, gələcəyə ümid” postulatına əsaslanır.
Qeyd edək ki, Mehriban xanım Azərbaycanda yüzlərlə yeni məktəb binasının tikilib istifadəyə veriləcəyini bəyan etmişdir. Təqdirəlayiq haldır ki, Prezidentin regionlara səfərləri zamanı Mehriban xanım Fondun xətti ilə aparılan işlərlə yaxından tanış olur, lazımi tövsiyələrini verir. Fond yeni təhsil ocaqlarının tikintisi ilə yanaşı, mövcud müəssisələrin əsaslı təmiri və yenidənqurulması işini də diqqət mərkəzində saxlamışdır. Ötən il xüsusi qayğıya ehtiyac duyan uşaqların təhsil aldığı 23 müəssisə əsaslı şəkildə bərpa edilmiş, zəruri avadanlıqlarla təchiz olunmuşdur. Bu, orta hesabla hər ay iki məktəbin normal iş və tədris rejiminə gətirilməsi deməkdir. Bakıda, Sumqayıtda, Xaçmazda, Əli Bayramlıda, Şəkidə, Astarada, İsmayıllıda, Ağdamda, Bərdədə, Beyləqanda, Gədəbəy, Saatlı, Zərdab, Yardımlı, Qax, Göyçay, Qusar, Lerik, Salyanda, habelə bir sıra kəndlərdə qəza vəziyyətində olan məktəblərin yeniləri ilə əvəz olunması insanlarda böyük rəğbət və minnətdarlıq hissi doğurmuşdur. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 22 min nəfərlik şagird yeri yaratmağa nail olması da təqdirəlayiq göstəricidir.
“İstər YUNESKO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, insanlara kömək etmək istəyirəm. Bu, mənim seçimimdir”- deyən Mehriban Əliyeva ulularımızın bizə ərməğan etdiyi xeyirxahlıq, yaxşılıq, şəfqət və mərhəmət kimi ali mənəvi dəyərləri öz fəaliyyətində yaşatmaqla uğurlu bir yoldadır. Mehriban xanımın öz fəaliyyətini ümummilli lider Heydər Əliyevin nurlu ideyaları və Prezident İlham Əliyevin siyasətinə uyğun qurması bu yolun gələcəyinin çox parlaq olacağını şərtləndirir.
Ceyhun Abbas
İki sahil.- 2007.- 6 iyul.- № 120.- S. 3.