Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Şərəfli ənənələrin ləyaqətli davamçısı


Bəşər sivilizasiyasının ən qədim xalqlarından olan azərbaycanlılar bütün zamanlarda yüksək zəkalı, nəcib və xeyirxah qadınları ilə qürur duymuşlar. Tarixin müxtəlif mərhələlərində xanımlarımız fədakarlıq, mətinlik mücəssəməsi kimi öz adlarını ədəbi salnamələrə, eposlara yaza bilmişlər. Cəmiyyətin ictimai-siyasi həyatında və idarəetmə sistemində daim fəal mövqe tutmuş qadınlarımız bu gün müstəqil respublikamızın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə əzmlə çalışırlar. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsində daha parlaq təcəssüm edir.

Ümumbəşəri dəyərlərə söykənən zəngin mənəviyyata, dar maraqlarla çərçivələnməyən konkret həyat amalına malik insanlar dövrünün problemlərinə əsl ziyalı yanğısı, vicdanlı vətəndaş təəssübkeşliyi ilə yanaşır, fürsət düşdükcə, xalqının nicatına, təminatlı gələcəyinə xidmət edən xeyirxah əməllərin sahibinə çevrilirlər. Şəxsiyyətə hörmət, vətəndaşa həssas münasibət, insanlara qayğı və təmənnasız xidməti özünün fəaliyyət kredosuna çevirmiş Heydər Əliyev Fondunun prezidenti son illər ərzində xalqın milli varlığını özündə yaşadan zəngin mənəvi, elmi-intellektual və mədəni mülkiyyəti müasir qloballaşma dövrünün mənfi təsirlərindən mühafizə etmək üçün genişmiqyaslı işlər görmüşdür. YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərin qorunması, elm və təhsilin səviyyəsinin yüksəldilməsi, səhiyyənin inkişafı, insanların fiziki və mənəvi sağlamlığının təminatı yönümündə həyata keçirdiyi qlobal layihələr onun kamil vətəndaşlıq mövqeyində dayanmasının, mənəvi məsuliyyətinin təzahürüdür. Millətə və dövlətə xidmət məramına əsaslanan bu fəaliyyətin qayəsində həm də yüksək humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlər dayanır. Heydər Əliyev Fondu ulu öndərimizin ideallarını fəaliyyətində daim əsas tutaraq qloballaşmanın qarşısıalınmaz prosesə çevrildiyi indiki dövrdə xalqımıza xas olan gözəl mənəvi dəyərlərin ictimai münasibətlər sistemində saxlanılması yolu ilə cəmiyyətin normal inkişafına təkan vermək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiyanı uğurla həyata keçirmək əzmində olduğunu təsdiqləmişdir.

Sivilizasiyalararası dialoq və yaxınlaşma, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya və texnogen proseslərin geniş vüsət alması mütərəqqi proses olduğu qədər də, bəzən milli mədəniyyətə, mənəvi dəyərlər sisteminə real təhlükə qismində çıxış edir. Bəşəri və milli ideallar, zəngin mənəvi dəyərlər kapital münasibətləri fonunda müəyyən aşınmaya məruz qalır, kütləvi mədəniyyət stereotipləri hakim mövqeyə keçir. Belə bir şəraitdə xalqın milli “mən”inin, mənəvi dəyərlərinin qorunması məsələsi də son dərəcə vacib və aktual problem kimi önə çıxır. Bu baxımdan Azərbaycan mədəniyyətinin YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın timsalında özünə etibarlı hami və xilaskar tapması mühüm məqam kimi qiymətləndirilməlidir. “İndi, kütləvi mədəniyyət stereotiplərinin hakim olduğu bir şəraitdə, milli ənənələrin qorunub saxlanılması, onlara qayğı ilə, düşünülmüş münasibət göstərilməsi son dərəcə vacibdir. YUNESKO-nun çoxsaylı vəzifələrindən biri də insanın mənəvi dünyasını qorumaqdır. Odur ki, planetimizdə məskunlaşmış xalqlardan hər birinin milli “mən”ini daha parlaq əks etdirən qeyri-maddi irs incilərinin qorunması ən aktual vəzifəyə çevrilir” – deyən Mehriban xanım Əliyeva rəhbərlik etdiyi fondun fəaliyyətində bu aktual və həssas məqamı dəqiqliklə nəzərə alır. O, haqlı olaraq hesab edir ki, Azərbaycan xalqının milli mədəniyyətinin yabançı təsirlərdən qorunması üçün, ilk növbədə, milli-mənəvi və əxlaqi dəyərlərin cəmiyyətdə tam bərqərar olmasına, habelə ictimai şüurda daha möhkəm intişar tapmasına çalışmaq lazımdır.

BMT-nin ali humanitar qurumu olan YUNESKO qarşısında “Qafqaz xalq ənənələri evi”nin yaradılması təşəbbüsü ilə çıxış etməsi də Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyətinin sistemli və ardıcıl xarakter daşıması ilə şərtlənir. Belə bir qurumun təşkili Qafqaz xalqlarına məxsus mədəni irsin qorunması və təbliği sahəsində son dərəcə mühüm addım ola bilər. Bu faydalı təşəbbüsün irəli sürülməsi, eyni zamanda dünyada maddi və qeyri-maddi irsin qorunub saxlanması vəzifəsini yerinə yetirən YUNESKO-nun həmin layihə çərçivəsində əməkdaşlığa dəvət edilməsi bir neçə cəhətdən mühüm önəm daşıyır. Bununla təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqaz xalqlarının zəngin mənəvi-mədəni abidələrinin qorunması və təbliği məqsədi önə çəkilir. “Qafqaz xalq ənənələri evi”nin yaradılması tarix boyu Azərbaycanın təkcə ərazisinə deyil, həm də maddi mədəniyyət nümunələrinə, incəsənətinə, musiqisinə, mətbəxinə göz dikən, onları özününküləşdirməyə çalışan mənfur ermənilərin cəfəng iddialarının qarşısının alınması baxımından önəmlidir. “Qafqaz xalq ənənələri evi”nin yaradılması siyasi məzmun yükünə malik olmaqla, Avropa Birliyinin təşəbbüsü ilə Qafqaz regionunda həyata keçirilən “Yeni Qonşuluq Siyasəti”nin səmərəliliyi baxımından son dərəcə vacib əhəmiyyət kəsb edir.

Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsi, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, YUNESKO-nun “Dünya irs siyahısı”na İçərişəhərin, Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi, tarixi mədəniyyət abidələrinin bərpası “Azərbaycan Mədəniyyətinin Dostları” Xeyriyyə Fondunun fəaliyyətinin təqdirəlayiq məqamları kimi vurğulanmalıdır. Mehriban xanım Əliyevanın Azərbaycan muğamlarının öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti onun mənəvi dəyərlərə bağlılığının və yüksək vətənpərvərliyinin əyani təsdiqidir.

“Qarabağ xanəndələri” adlı nəfis albomun buraxılması da fondun 2005-ci ildəki uğurları sırasında qeyd olunmalıdır. Həmçinin, YUNESKO-nun qeyri-maddi irs siyahısına aşıq sənətinin daxil edilməsi yönündə səylərin gücləndirilməsi, təşkilatın baş katibinin iştirakı ilə ötən ilin avqust ayında Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulması fondun fəaliyyətinin kifayət qədər əhatəli olduğunu göstərir.

Cəmiyyətdə fəal maarifçilik xətti yeritməklə klassiklərimizin mütərəqqi ənənələrini davam etdirən Heydər Əliyev Fondunun son iki illik fəaliyyəti elmə və təhsilə qayğı nümunələri ilə zəngindir. Bu da təsadüfi deyildir – müasir dövrdə elmi-intellektual potensial hər bir xalqın mütərəqqi inkişafının ümdə şərti kimi çıxış edir. Müasir gerçəkliklər fonunda dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsi, cəmiyyətdə hamı üçün bərabər təhsil imkanlarının yaradılması, yeni məktəblərin, təhsil ocaqlarının inşası, gənc nəslin kompyuter və informasiya texnologiyalarına dərindən yiyələnməsi məsələləri fondun xüsusi diqqət mərkəzindədir.

Mehriban xanım Əliyevanın istər xeyriyyəcilik, istərsə də ictimai fəaliyyətinin prioritet istiqamətləri sırasında təhsilin mühüm yer tutması da millətimizin gələcəyini, nicat yolunu təhsilin inkişafında, vətəndaşların maariflənməsində görən ümummilli liderimiz Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinə əsaslanır.

Heydər Əliyev Fondunun 2005-ci ildən həyata keçirməyə başladığı və artıq ikinci mərhələsinə start verildiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə – tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir. Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə respublika üzrə bütün məktəb binalarının vəziyyəti yoxlanılmış və nəticədə Azərbaycanın ən müxtəlif bölgələrində tam yararsız hesab olunan 132 məktəb müəyyənləşdirilmişdir.

Mütəxəssislərin rəyi əsasında həmin məktəblərin yenidən inşası problemin optimal həll yolu kimi qiymətləndirilmişdir. İctimai dəstəyi vacib hesab edən Heydər Əliyev Fondu cəmiyyətin müxtəlif təbəqələrinin diqqətini bu məsələyə yönəltmək məqsədilə 2005-ci ilin iyun ayında müvafiq qurumların, habelə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların iştirakı ilə “dəyirmi masa” keçirmişdir. Proqramın həyata keçirilməsi məqsədilə Heydər Əliyev Fondunun cəmiyyətə ünvanladığı əməkdaşlıq çağırışı geniş əks-səda doğurmuşdur. 2006-cı ildə respublikamızda proqramın ikinci mərhələsinin həyata keçirilməsinə başlanılmışdır. Bu il Heydər Əliyev Fondunun təşəbbüsü ilə 100-dən artıq yeni məktəbin istifadəyə verilməsi gözlənilir. Heydər Əliyev Fondunun səhiyyə sahəsində həyata keçirdiyi layihələr də xalqın fiziki sağlamlığının və milli genofondumuzun qorunması məqsədinə xidmət edir. Bu baxımdan fondun uğurla həyata keçirdiyi “İnternat məktəbləri və uşaq evlərinin inkişafı”, “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız yaşam” layihələri xüsusi vurğulanmalıdır. Həmin layihələr çərçivəsində 14 yaşınadək olan diabetli uşaqlara dərman preparatları paylanmışdır və bu istiqamətdə işlər indi də davam etdirilir. Fond bu layihələri ilə həm də cəmiyyətin diqqətini uşaq evlərinə, internat məktəblərinə yönəltməyə nail olur. Mehriban xanım Əliyevanın başlıca məqsədlərindən biri də məhz xəstə, kimsəsiz uşaqlara qayğı örnəyini başqalarına da təlqin etməkdir. Təkcə ötən il fondun dəstəyilə 500-dən çox soydaşımıza səhiyyə yardımı göstərilməsi də Mehriban xanım Əliyevanın xeyirxah fəaliyyətinin göstəricisidir.

Fondun səhiyyə sahəsində həyata keçirdiyi digər layihə isə ölkədə talassemiyanın qarşısının alınmasına yönəlmişdir. Respublikanın bəzi rayonlarında həmin xəstəliyin yayılma tezliyi xüsusi təşviş doğurduğundan, Heydər Əliyev Fondu bu sahəyə diqqət yetirməyi zəruri hesab edir. Fondun təşəbbüsü ilə ölkəmizdə talassemiyalı xəstələrin sayı, vəziyyəti, müalicə imkanları ilə bağlı müvafiq informasiya toplandıqdan sonra 2005-ci ilin fevral ayında “Talassemiyasız həyat naminə” mövzusunda keçirilən “dəyirmi masa”da ictimaiyyət nümayəndələri, beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Talassemiya Federasiyası ilə birgə əməkdaşlıq imkanları müzakirə olunmuşdur. Geniş diskussiyadan sonra fondun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində müasir avadanlıqla təchiz olunmuş Talassemiya Diaqnostika Mərkəzinin yaradılması qərara alınmışdır.

“Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir” – deyən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın özünün də söylədiyi kimi, bu gün ən müxtəlif hakimiyyət strukturlarının laqeydliyi, biganəliyi ilə üzləşən, dərdinə əlac axtaran köməksiz insanların sonuncu ümid qapısına çevrilmiş Heydər Əliyev Fondunun fəaliyyət fəlsəfəsində insanlara yaxşılıq kimi bir ideya, bir amal dayanır. Bütün bunlar, şübhəsiz, Heydər Əliyev ideyalarına sədaqətin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin vətən, xalq naminə apardığı məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürü olmaqla yanaşı, həm də fondun cəmiyyətdə və ölkəmizdən xaricdə getdikcə artan nüfuzunun ifadəsidir. Birinci ledinin fikrincə isə, bütün bunlar görüləcək işlərin hələ başlanğıcıdır...


Rüstəm Xəlilov,
Milli Məclisin deputatı

Xalq qəzeti.- 2006.- 25 avqust.- № 191.- S. 3.