Vətənə məhəbbət, məktəbə məhəbbətdən başlanır
Bakı şəhərinin ən görkəmli, ən gəzməli yerlərindən biri də 28 may küçəsidir. Burada insanların marağını özünə cəlb edən guşələr, memarlıq cəhətdən qədim olan binalar şəhərin gözəlliyini birə on artırır. Həmin küçədə binaların birində də 23 saylı orta məktəb fəaliyyət göstərir. Bu məktəbin ilk fəaliyyət dövrü 1935-ci ilə təsadüf edir. Məktəbdə 51 kabinet, idman zalı, bufet, kitabxana, akt zalı və emalatxana şagirdlərin ixtiyarına verilmişdir.
Onu da deyim ki, 23 saylı orta məktəb ilk fəaliyyət dövründən 1995-ci ilə qədər A.S.Puşkinin adını daşımışdır. Sevinclə qeyd edim ki, görkəmli dövlət xadimi, öz həyatını ölkəmizin çiçəklənməsinə həsr etmiş dahi öndərimiz, böyük şəxsiyyət Heydər Əliyev 1995-ci ildə məktəbimizdə olarkən Azərbaycanın Milli Qəhrəmanı, canını Vətən uğrunda qurban vermiş, məktəbimizin məzunu Tahir Həsənovun adını bu məktəbə layiq görərək onu əbədiləşdirmişdir.
Məktəbimiz Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşir və paytaxtın ən yaxşı məktəblərindən biri sayılır.
Təhsil sahəsində məktəb özünün yadda qalan ənənə və nailiyyətləri ilə seçilir. 23 saytı orta məktəbdə 1400 nəfərdən yuxarı şagird təhsil alır. Burada 118 nəfər müəllim çalışır. Şagirdlərimiz Azərbaycan dili ilə yanaşı, rus dilində də təhsil alırlar.
Burada çalışan müəllimlərin çoxusu yüksək dərəcəyə malikdirlər. "İlin müəllimi" Respublika müsabiqəsində son 3 il ərzində məktəbimizin 7 nəfər müəllimi birinci yerə layiq görülərək mükafatlandırılmışlar.
Məktəbimizin yüzlərlə məzunu qızıl medala və fərqlənmə diplomlarına layiq görülmüşlər. Onların arasında tanınmış insanlar: siyasətçilər, müəllimlər, memarlar, incəsənət adamları və digər peşə sahibləri də vardır. Biz onlarla fəxr edirik. Onlardan bir neçəsinin adını çəkirəm: Mehriban Arif qızı Əliyeva 1981-ci ildə məktəbimizi qızıl medalla bitirib. Hazırda o, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasında fəaliyyət göstərən bədii gimnastika üzrə Olimpiya Komitəsinin sədridir.
Habelə məzunlarımızdan ədliyyə naziri Fikrət Məmmədovun, gənclər, idman və turizm naziri Əbülfəz Qarayevin, Azərbaycan Respublikasının xalq artisti Xuraman Qasımovanın, əməkdar memar Elbəy Qasımzadənin, 23 saylı orta məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Nailə Rzaquliyevanın, həmçinin minlərlə müəllim, həkim, alim, hərbçi, mühəndis və s. peşələrə yiyələnərək vətənin mənafeyi üçün çalışan digər insanların adlarını çəkə bilərəm. Onu da deyim ki, hazırda məzunlarımızın bir çoxu dünyanın ayn-ayrı ölkələrində çalışmaqla Azərbaycanı layiqincə təmsil edirlər.
Məktəbimizin şagirdləri müxtəlif respublika olimpiadalarında beynəlxalq proqramlarda iştirak edir, təhsillərini Amerikada və Avropanın məktəb, kollec və universitetlərində davam etdirirlər. Məhz bunun nəticəsidir ki, məzunlarımız arasında son 3 il ərzində hər il 650-dən yüksək bal toplayaraq ali məktəblərə qəbul olunanlar vardır. Şagirdlərimiz bu ənənələri indi də davam etdirirlər.
Yeri gəlmişkən qeyd edim ki, son illərdə məktəbimiz təlim-tərbiyə işlərində Bakı şəhəri üzrə "İlin ən yaxşı təhsil müəssisəsi" adına layiq görülmüş, müxtəlif diplom və fəxri fərmanlarla təltif edilmişdir.
Zenfira Mahmudova,
23 saylı orta məktəbin tədris işləri üzrə direktor müavini
Prezident.- 2005.- 15 iyun.- № 7.- S. 2.
