Mehriban Əliyeva: Mərhəmət mənim üçün ümdə anlayışdır
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyəti bu fikri bir daha təsdiq edir
Azərbaycanın zəngin, qüdrətli, müasir dövlətə çevrilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi, iqtisadi və siyasi mövqeyini gündən-günə möhkəmləndirən ölkəmizin regionda və dünyada qazandığı imicin qorunub saxlanılması və s. Prezident İlham Əliyevin fəaliyyətinin əsasını təşkil edir. Təbii ki, hər birimiz ölkə başçısının ətrafında sıx birləşərək, bu işdə üzərimizə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirsək, qarşıya qoyulan məqsədlərin reallığa çevrilməsi heç kəsdə şübhə doğurmaz. Ulu öndər Heydər Əliyevin “Vətənin, xalqın taleyi hər birimizin taleyinə çevrilməlidir”, “Vətən birdir və hamı bu Vətən uğrunda çalışmalıdır!” fikirləri hər bir Azərbaycan vətəndaşının həyat amalına çevrilməlidir.
Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bir vətəndaş kimi Azərbaycanın bu günü, gələcəyi üçün gördüyü işlər, ölkəmizin tərəqqisinə verdiyi töhfələr hər birimiz üçün nümunə ola bilər.
İlk öncə onun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərə diqqət yönəltmək istərdik. Müharibə şəraitində yaşayan, ermənilərin əsassız iddiaları nəticəsində 20 faiz torpaqları işğal olunan, 1 milyondan artıq soydaşı qaçqın və köçkün vəziyyətində yaşayan bir ölkə üçün bu sahədə əldə olunan uğurların nə kimi əhəmiyyət kəsb etdiyi aydındır. Bu baxımdan Heydər Əliyev Fondunun təşəbbüsü ilə Dağlıq Qarabağ probleminin əsil mahiyyətini, Qarabağın tarixini özündə əks etdirən bir sıra kitab və nəfis albomların buraxılması təqdirəlayiqdir. Belə ki, “Qarabağ xanəndələri” adlı nəfis albom buraxılmış, “Qarabağ həqiqətləri” kitabı ərsəyə gəlmişdir. Azərbaycanlıların soyqırımı günü münasibətilə dünyanın müxtəlif ölkələrində Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir sıra tədbirlər təşkil olunmuş, “Qarabağ həqiqətləri” kitabı tədbir iştirakçılarına çatdırılmışdır. Təbii ki, bu hadisə həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımız tərəfindən müsbət dəyərləndirildi.
Milli irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində atılan addımlar da göz qabağındadır. Mehriban xanım Əliyeva ulu öndər Heydər Əliyevin “Bir milləti dünyada tanıdan onun dili və mədəniyyətidir” fikrini hər zaman önə səkərək bu yönümdə əhəmiyyətli addımlar atıb. Onun muğamlarımızın öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti milli-mənəvi dəyərlərimizə bağlılığının, vətənpərvərliyinin göstəricisidir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulub. Mədəni irsimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyətinə görə Mehriban xanım Əliyevanın mükafatlara layiq görülməsi təqdirəlayiqdir.
Təhsil millətin gələcəyidir. Bugünkü gündə, yəni Azərbaycanın müasir dövlətə çevrilməsi yönümündə addımların atıldığı bir zamanda elmin dərin sirlərinə yiyələnən, müasir texnologiyalardan istifadəni bacaran kadrlara böyük ehtiyacın olduğunu Prezident İlham Əliyev hər zaman bəyan edir. Təbii ki, bu məqsədin reallığa çevrilməsinə yardımçı olan ilk ocaq məktəblərdir. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yüzlərlə məktəb tikilmiş, əsaslı təmir olunmuş, dünya standartlarına cavab verən avadanlıqlarla təchiz olunmuşdur. Bunu nəzərə almaq lazımdır ki, müasir dövr informasiya texnologiyaları əsridir. Məktəblər kompyuterləşdirilmiş, şagirdlərin bilik və bacarıqlarının artırılması üçün hər cür şərait yaradılır. Son üç ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 130-dan artıq məktəb tikilib, əsaslı təmir olunub.
Səhiyyənin də inkişafına diqqət Mehriban xanım Əliyevanın fəaliyyətində mühüm yer tutur. Fiziki cəhətdən qüsurlu uşaqları daim diqqətdə saxlayan Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə xeyli sayda xəstə uşaqlar dünyanın nüfuzlu səhiyyə ocaqlarında müalicə alıb, öz sağlamlıqlarını bərpa ediblər. Bu xeyirxahlığın, mərhəmətin nəticəsidir ki, Fonda hər gün yüzlərlə təşəkkür məktubları daxil olur, öz problemlərinin, qayğılarının həlli üçün Mehriban xanım Əliyevadan kömək istəyir, bu müraciətin cavabsız qalmayacağına böyük ümidlər bəslənilir. Mehriban xanım Əliyevanın çıxışlarında hər zaman bu fikir önə çəkilir - Yaxşılıq, mərhəmət mənim üçün ümdə anlayışdır.
Mehriban xanım Əliyevanın fəaliyyəti, ölkəmizin tərəqqəsi naminə gördüyü işlər haqqında xeyli sayda kitablar çap olunmuş, hər bir qələm əhli onun bu nəcib keyfiyyətlərini, xeyirxahlıq, yaxşılıq, şəfqət və mərhəmət kimi ali mənəvi dəyərlərin bu insanın fəaliyyətində əsas olduğunu özünəməxsus şəkildə qələmə almışdır.
Mehriban xanım Əliyevanın Heydər Əliyev irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində gördüyü işlər göz qabağındadır. “Heydər Əlirza oğlu Əliyev aydın ifadə olunan xarizmaya malik idi. Onun enerjisi ətrafda hər şeyi dəyişməyə qadir idi. Onun gəlişi ilə hər şey dəyişdi. Onun fantastik yaddaşı, intellekti, hədsiz məlumatlılığı bəzən həlli müşkül görünən problemləri həll etməyə imkan verirdi.” Mehriban xanım Əliyeva ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını xalqın, dövlətin xilası kimi qeyd edərək, Azərbaycanı tənəzzüldən tərəqqi yoluna çıxaran Heydər Əliyev siyasi kursunun bu gün uğurla davam etdirilməsini yüksək qiymətləndirərək, ölkənin gələcəyinə böyük inam bəslədiyini qeyd edir. Möhkəm iradə olsa, qarşıya qoyulan bütün vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsinin mümkünlüyünü bildirir. Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin iqtisadi və siyasi cəhətdən daha da möhkəmlənməsi, demokratik prinsiplərin bərqərar olması istiqamətində əzm və siyasi iradə nümayiş etdirməsi bu gün təqdir olunur. Bu da həyata keçirilən siyasətin önündə dövlətin, xalqın mənafeyinin, milli maraqların dayanmasından irəli gəlir. Mehriban xanım Əliyeva bu gün Azərbaycanın tərəqqisi üçün bütün imkanların mövcud olduğunu bildirir. Qeyd edir ki, tərəqqi üçün ilk növbədə siyasi sabitlik, iqtisadi mühit lazımdır ki, bunun da əsası ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qoyulub. 1994-cü ildən bəri Azərbaycan özünün inkişaf dövrünü yaşayır.
Ölkənin hərtərəfli inkişafını regionların inkişafı ilə əlaqələndirən Prezident İlham Əliyevin “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilmə səviyyəsi, eyni zamanda ölkə əhalisinin problemləri , qayğıları ilə yaxından tanış olmaq məqsədilə bölgələrə səfəri çərçivəsində Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə görülən işlərlə yaxından tanış olur, tapşırıqlarını və tövsiyələrini verir. Bu günlərdə ölkə Prezidentinin Neftçalaya səfəri çərçivəsində də dövlət başçısı və xanımı Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir olunan internat məktəbində görülən işlərlə tanış oldu, tövsiyələrini bildirdi. Prezident İlham Əliyev həmin məktəblərdə aztəminatlı ailələrin uşaqlarının təhsil aldığını nəzərə alaraq, burda onlar üçün hər cür şəraitin yaradılmasının vacibliyini bildirdi.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə səhiyyə sahəsində də bir sıra layihələr həyata keçirilir. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” və s. layihələr buna əyani sübutdur.
Nəzərə almaq lazımdır ki, Mehriban xanım Əliyeva həm də millət vəkilidir. Onun seçiciləri ilə mütəmadi görüşləri, onların problemləri ilə yaxından tanış olması, həlli istiqamətində atdığı addımlar hər birimizə bəllidir. Bakıətrafı qəsəbələrin sosial problemlərinin həlli yönümündə mühüm addımlar atılmışdır. Mehriban xanım Əliyevanın seçkiqabağı platformasında verdiyi vədlər vəd olaraq söylənilməmiş, bu gün onların hər birinin arxasında konkret əməli iş dayanır. Sözlə əməl birliyi, təbii ki, bu gün seçicilərinin ona etimadını daha da artırır.
Bu gün elə bir sahə yoxdur ki, o istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti olmasın. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Hərəyə bir ağac əkək” layihəsi də yüksək dəyərləndirildi. Ekoloji durumun yaxşılaşmasına, ətraf mühitin sağlamlaşdırılmasına, Vətənimizin yaşıllıqlar diyarına çevrilməsinə xidmət göstərən bu aksiya bölgələrdə də böyük sevincə səbəb oldu. Bütün idarə və təşkilatlar bu hərəkata qoşulmaqla Mehriban xanım Əliyevanın təşəbbüsünü alqışladıqlarını əməli işləri ilə təsdiqlədilər.
Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasında eyni zamanda humanizmlik prinsipi də dayanır. Ulu öndər Heydər Əliyevin bu siyasətinə sadiqlik nümayiş etdirən Prezident İlham Əliyev imzaladığı əfv fərmanları və amnistiya aktları ilə minlərlə məhkumu azadlığa qovuşdurur, onlara, ailələrinə böyük sevinc bəxş edir. Bu xətt Mehriban xanım Əliyevanın fəaliyyətində də özünü göstərir. Məlum olduğu kimi, ulu öndər Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva amnistiya aktının imzalanması ilə bağlı Milli Məclisə müraciət etdi. Parlament “Amnistiya haqqında” qanun layihəsini təsdiq etdi. 9 min nəfər məhkuma şamil edilən “Amnistiya aktı”nın qəbul edilməsi humanizm baxımından yüksək qiymətləndirilərək, minlərlə ailənin sevincinə səbəb oldu.
Xeyirxahlıq, yaxşılıq, mərhəmət kimi ali mənəvi dəyərləri fəaliyyətinin əsas istiqamətinə çevirən Mehriban xanım Əliyeva uşaqlara da daim diqqət və qayğısını əsirgəmir. Mütəmadi olaraq körpələr evinə baş çəkən, onların qayğıları ilə maraqlanan Mehriban xanım Əliyeva ana nəvazişindən məhrum olan körpələrin məhəbbətini qazanır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə xeyli sayda uşaq evləri, internat məktəbləri tikilmiş, təmir-bərpa işləri görülmüşdür. Hər bir bayram günlərində uşaqların əhatəsində olmağa çalışan, onlara maddi və mənəvi dəstək olan Mehriban xanım Əliyeva ulu öndər Heydər Əliyevin “uşaqlar bizim gələcəyimizdir” tezisini əsas tutur, gördüyü işlərlə bunu təsdiqləməyə çalışır.
Mehriban xanım Əliyevanın fəaliyyəti yalnız sadaladıqlarımızla məhdudlaşmır. Onun titullarına diqqət yetirdikdə hər biri bu və ya digər sahələrdəki xidmətlərinin göstəricisidir. Fəaliyyətində yalnız bəzi məqamlara diqqət yetirməklə bu xeyirxah insanın Azərbaycan vətəndaşı olaraq ölkəmizin tərəqqisi üçün gördüklərini bir daha diqqətə çatdırır, Vətənini, xalqını sevən hər bir kəsi bu yolu tutmağa çağırırıq. Ümummilli lider bildirirdi: “Hamını Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi, ölkəmizin gələcəyi, müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi naminə fəaliyyətə, birliyə, əməkdaşlığa dəvət edirəm!”
Yeganə Əliyeva
İki sahil.- 2007.- 25 avqust.- № 156.- S. 3.