“Ölkəmiz Heydər Əliyev Fondu qismində qrant alan ölkədən qrantverən ölkəyə çevrilib”
Azay Quliyev: “Heydər Əliyev Fondu Azərbaycanın milli maraqlarını həm ölkədə, həm də xaricdə yüksək fəallıqla təbliğ edir”
Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın parlamentə təqdim etdiyi Amnistiya Aktı layihəsi müsbət rəy aldıqdan sonra icrasına başlanılıb. Layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsini və siyasi məfkurəsini təşviq edir. Heydər Əliyev Fondu ulu öndərin sosial-iqtisadi, mədəni inkişafa, dünya birliyinə inteqrasiyaya yönəlmiş siyasətinin öyrənilməsinə və bu ideyaların həyata keçirilməsinə hər zaman dəstək verir. İnsanpərvərlik, humanizm, qayğı və yardıma ehtiyacı olan insanlara kömək göstərilməsi Heydər Əliyev Fondunun fəaliyyətinin əsas qayələrindən biridir. Amnistiya Aktının cəmiyyətdə müsbət rəy qazandığını söyləyən Prezident yanında Əfv Komissiyasının üzvü, millət vəkili Azay Quliyev bildirdi ki, Mehriban xanım Əliyevanın ikinci dəfə atdığı humanist addımın əsas məqsədi insanlara, vətəndaşlara yenidən imkan vermək, şans yaratmaq, normal həyata qaytarmaq, əvvəlki buraxdıqları səhvləri götür-qoy edib ondan nəticə və ibrət dərsi götürməkdir.
- Bu, dövlət tərəfindən Mehriban xanımın təşəbbüsü ilə həmin vətəndaşlara verilən çox ciddi şansdır. Onların cəzalarının yerdə qalan hissəsinin bu və ya digər formada bağışlanmasıdır. İkinci mühüm amil odur ki, Amnistiya Aktına düşən şəxslər Azərbaycan dövlətçiliyi və ərazi bütövlüyü üçün müəyyən xidmətləri olmuş şəxslərdir. Layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar və bəzi digər kateqoriyadan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcək. Həmçinin, azadlıqdan məhrum edilmiş və cəzalarının bitməsinə bir il qalmış qadınlara və altı ay qalmış kişilərə, islah işləri, ictimai işlər cəzasına məhkum edilmiş bütün şəxslərə, habelə, cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq etməklə, onların cəzadan azad olunmaları təklif edilib. Aparılan təhlillərə əsasən təqribən 9 min şəxsin Amnistiya Aktının təsiri altına düşməsi nəzərdə tutulub. Təqribən 1700 məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi gözlənilir. Hesab edirəm ki, bu, çox humanist addımdır. Həmçinin, indiyə qədər dövlətimiz tərəfindən həyata keçirilən humanizm siyasətinin uğurlu davamı kimi dəyərləndirilir.
- Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun 5 ili tamam oldu. 5 illik fəaliyyəti necə şərh edərdiniz?
- Fondun 5 illik fəaliyyəti dövlət, millət üçün yadda qalan əhəmiyyətli layihələrlə xatırlanır. 5 il o qədər də böyük müddət deyil, amma buna baxmayaraq, Fond Mehriban xanım Əliyevanın şəxsi istəyi və ciddi zəhməti hesabına ölkəmizdə çox böyük quruculuq prosesinin önündə oldu. İstər təhsil, istər səhiyyə sahəsində, istər sosial problemlərin həllində xalqımız üçün çox əhəmiyyətli işlər gördü. Xüsusilə, qeyd etmək lazımdır ki, 5 il ərzində misli görünməmiş sayda yeni məktəblər, uşaq bağçaları tikildi, təmir olundu. Kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlara xüsusi qayğı göstərildi. Müxtəlif sosial qayğı ilə yaşayan, problemlərlə üzləşən insanlar Heydər Əliyev Fondunun məhz dəstəyini hiss etdi. Bu, çox böyük fəaliyyətdir.
- Heydər Əliyev Fondu həm ölkədə, həm də xaricdə kifayət qədər tanınır, qəbul edilir. Fond, həmçinin, Azərbaycanın milli-mənəvi dəyərlərini xarici ölkələrdə təbliğ edir. Fondun xarici ölkələrdə gördüyü işləri necə qiymətləndirirsiniz?
- Mehriban xanım Əliyeva həm YUNESKO-nun, həm də İSESKO-nun xoşməramlı səfiri olaraq, 5 il ərzində ölkəmizi xaricdə çox uğurla təmsil və təbliğ etdi. Bu təmsilçilik, sadəcə olaraq, hər hansı forumlarda iştirakla yekunlaşmadı, konkret olaraq arxasında çox ciddi layihələrin həyata keçirilməsi ilə müşaiyət olundu. Xüsusilə, Azərbaycanın mədəniyyətini, incəsənətini, tarixini, adət-ənənələrini, Dağlıq Qarabağ həqiqətlərini, torpaqlarımızın 20 faizinin işğal edilməsini, XX əsrdə ən qanlı soyqırımı olan Xocalı faciəsini dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında Fondun müstəsna xidmətləri oldu.
Qədim mədəniyyətimizin bir parçası olan Muğam sənəti məhz Heydər Əliyev Fondunun və Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü ilə sanki yenidən doğuldu, özünün inkişafının yeni intibah mərhələsini yaşamağa başladı. Məhz Muğam sənəti ölkədə dirçəldi, ona diqqət və qayğı artdı, ayrıca Muğam Teatrı təchiz olundu. Eyni zamanda, bu sənət dünyada özünə layiq olan yeri aldı, YUNESKO-nun sənət inciləri sırasına daxil edildi. Azərbaycanın tarixi abidələrinin təbliğində Fondun böyük xidməti olub. Fond tək Azərbaycan mədəniyyəti, azərbaycançılıqla öz fəaliyyətini məhdudlaşdırmadı. Fond ilk dəfə idi Azərbaycan təşkilatı olaraq xarici ölkələrdə müəyyən humanitar layihələr həyata keçirməyə başladı. Xüsusilə, Pakistanda zəlzələdən zərər görmüş məktəbin yenidən tikilməsi və ən müasir formada inşasının başa çatdırılıb məhz pakistanlı uşaqlara verilməsini xüsusi qeyd etmək istəyirəm. Bu, Azərbaycanın həm beynəlxalq, həm də humanist dövlət imicinin yüksəlməsində, möhkəmlənməsində çox böyük tarixi əhəmiyyəti oldu. Bütün bunlar hamısı Azərbaycan adının, nüfuzunun möhkəmlənməsi naminə edildi. Hazırda Fond Afrika dövlətlərdə qeyri-maddi mədəni irsin qorunması layihəsinə yardım göstərməyə hazırlaşır. Bu da, onu deməyə əsas verir ki, artıq Heydər Əliyev Fondu özünün beynəlxalq fəaliyyətinin coğrafi dairəsini genişləndirməkdədir. Fond Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün xeyli işlər gördü. Fond özü-özlüyündə QHT-dir. Azərbaycanda analoqu olmayan ciddi personala və çox böyük layihə həyata keçirmək təcrübəsinə malik olan ümummilli və beynəlxalq təşkilatdır. Hesab edirəm ki, Fondun təcrübəsi çox maraqlıdır. Vətəndaş cəmiyyəti quruculuğu prosesində çox ciddi töhfələri var. Fondun təcrübəsi istər daxildə, istərsə də xaricdə fəaliyyət göstərən QHT-lər üçün örnək olmalıdır.
- Qeyd etdiniz ki, Heydər Əliyev Fondu həm də beynəlxalq QHT-dir. Ola bilərmi ki, Azərbaycanda formalaşan QHT sektoru Heydər Əliyev Fondunun fəaliyyət və təcrübəsindən yararlansın?
- Heydər Əliyev Fondu QHT olaraq çox ciddi ənənələr yaratdı. Ona görə də, bu Fondun təcrübəsi mütləq öyrənilməli və tətbiq olunmalıdır. Şübhə etmirəm ki, Fondun beynəlxalq əlaqələri bundan sonra da genişlənəcək və analoji fondlarla ikitərəfli əməkdaşlıq istiqamətində qurulan işlər daha geniş spektrdə davam etdiriləcək. Bilirsiniz ki, Azərbaycan qrant alan ölkələr sırasında idi. Məhz xaricdən gələn vəsait hesabına layihələr həyata keçirirdi. İndi sevindirici haldır ki, Heydər Əliyev Fondu qismində qrant alan ölkədən qrant verən ölkəyə çevrilmişik. Yəni, yardım alan ölkədən, yardım verən ölkə kimi fəaliyyətdəyik.
Sevinc Nəzərova
Səs.- 2009.- 19 may.- № 91.- S. 7.