Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Latviya Tarix Muzeyində olmuş, milli geyimlər sərgisinə baxmışdır


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasına dövlət səfəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva oktyabrın 4-də Riqa şəhərində Latviya Tarix Muzeyi ilə tanış olmuşdur. Hörmətli qonağa məlumat verildi ki, burada ölkənin tarixinin müxtəlif dövrlərinə aid çoxlu əşya və sənədlər toplanmışdır. Əlverişli coğrafi mövqedə yerləşən Latviya tarix boyu qonşularının hərbi təcavüzünə məruz qalmışdır. Bütün bu tarix, habelə latış xalqının azadlıq uğrunda mübarizəsi muzeyin eksponatlarında öz əksini tapmışdır.

Mehriban xanım muzeylə tanışlıqdan sonra fəxri qonaqlar kitabına ürək sözlərini yazdı. Hörmətli qonağa xatirə hədiyyəsi təqdim edildi. Həmin gün Azərbaycanın birinci xanımı Latviya milli geyimlər sərgisində nümayiş etdirilən müxtəlif tikmələrə, zərif şəkildə işlənmiş zinət əşyalarına baxmışdır

Mehriban xanıma məlumat verildi ki, burada Latviyanın 16 regionunu, bütövlükdə isə latış xalqının qədim tarixini və mədəniyyətini əks etdirən nadir nümunələr cəmlənmişdir. Məhz bu geyim dəstləri vasitəsilə latış xalqının zəngin keçmişi barədə məlumat almaq olar. Mehriban Əliyeva orta əsrlərin yadigarı olan qadın geyimlərinə, zərif əl işlərinə baxdı, bəzək əşyaları və onların toxunma üsulları ilə maraqlandı.

Sərginin Şərq və digər bölmələrində nümayiş etdirilən kişi və qadın geyimləri də orijinallığı ilə diqqəti cəlb edirdi.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva latış xalqının milli tarixi ənənələrini tikmələrdə yaşadan sərgini yüksək qiymətləndirdi və bildirdi ki, kişi və qadın geyimləri ilə yanaşı, latış xalqının kulinariyasını, musiqisini, eləcə də mədəniyyətinin digər elementlərini əks etdirən nümunələrin olması sərgiyə daha da zənginlik gətirə bilər. Sərgi ilə tanışlıqdan xatirə olaraq Mehriban xanıma hədiyyə təqdim edildi.

Mehriban Əliyeva fəxri qonaqlar kitabına sərgi barədə təəssüratını yazdı.


Xalq qəzeti.- 2006.- 7 oktyabr.- № 228.- S. 3.