İSESKO və Azərbaycan əlaqələri
İslam aləmində və bütün dünyada elmin, mədəniyyətin, təhsilin inkişafına dəstək verən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) 2009-cu il üçün Bakı şəhərini islam Mədəniyyətinin Paytaxtı elan edib
İSESKO-nun yaradılması İslam Konfransı Təşkilatı (İKT) Xarici İşlər nazirlərinin X konfransında (1979, may, Fəs) 12/10-C saylı qərarı ilə təklif edilmiş, XI konfransının (1980, may, İslamabad) 2/11-C qərarı ilə isə nizamnaməsi təsdiq olunmuşdur. III İslam sammitinin (1981, yanvar, Məkkə və Taif) 6/3-C saylı qərarı ilə xarici işlər nazirlərinin konfransında qurumun təsis olunması barədə qərar təsdiq edilmiş və üzv dövlətlərə təşkilatı dəstəkləmək barədə müraciət olunmuşdur. 3-5 may 1982-ci ildə Fəsdə İSESCO-nun təsis yığıncağı keçirilmişdir. İSESKO İKT tərkibində mütəxəssis qurum olsa da, fəaliyyətinə görə beynəlxalq təşkilat hesab olunur - təşkilat 5 qitənin dövlətlərini birləşdirir və YUNESKO ilə sıx əməkdaşlıq edir. İSESKO-ya üzv olmaq istəyən ölkə İKT-yə üzv olan bütün dövlətlərə müraciət edərək təşkilatın Nizamnaməsini imzaladıqdan sonra ona üzv ola bilər. İKT-yə üzv olmayan və ya müşahidəçi statusunda olan dövlətlər, həmçinin beynəlxalq təşkilatlar İSESKO-nun fəaliyyətinə sadəcə müşahidəçi ola bilərlər. 2007-ci ilə qədər İKT-nin 57 üzvündən 50-si bu təşkilata üzv olmuşdur. Təşkilatın fəaliyyəti bütün dünya müsəlmanlarını əhatə edir. Üzv dövlətlərin hökumətləri tərəfindən təyin olunmuş nümayəndələrdən ibarət olan Ümumi konfrans (nümayəndələrin seçimi zamanı onların təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində çalışan məmur olması nəzərə alınmalıdır. Üç ildən bir keçirilir), İcraedici şura (Şura hər üzv dövlətdən təhsil, elm, mədəniyyət və kommuni¬kasiya sahəsində hərəsindən bir nəfər olmaqla təcrübəli mütəxəssislərdən təşkil edilir) və Ümumi direktorluq (Baş direktor Ümumi konfrans tərəfindən 3 il müddətinə seçilir. O, İSESCO-nun administrasiyasının rəhbəridir. icraedici şuranın və Ümumi konfransın işinə cavabdehdir) İSESKO-nun orqanlarıdır. İSESCO-nun işçi dilləri ingilis, ərəb və fransız dilləridir. qərargahı isə Mərakeş krallığında - Rabatda yerləşir.
2007-ci ildə təşkilatın 25 illiyi təntənə ilə qeyd olunmuşdur. Qeyd etmək lazımdır ki. may ayında Mərakeşdə keçırılən yubiley tədbirində Azərbaycanı Xarici işlər naziri Elmar Məmmədyarov təmsil etmişdir.
İslam həmrəyliyi məqsədilə üzv dövlətlər arasında, həmçinin İKT-nin təhsil. elm, mədəniyyət və kommunikasiya sahələrinə dair xüsusiləşmiş təsisatların fəaliyyətlərini mərkəzləşdirmək, əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək, bütün tədris planlarının İslam mədəniyyətinə əsaslanmasına nəzarət, ali İslam dəyərləri və idealları çərçivəsində elmlərin və texniki yeniliklərin tətbiq edilməsini əlaqələndirmək, İslam mədəniyyətini birləşdirmək və islam təfəkkürünün müstəqilliyini məhv, təhrif və eybəcərləşdirmədən, hər cür müdaxilədən müdafiə etmək, İslam sivilizasiyasının xüsusiyyətlərini qorumaq təşkilatın əsas məqsədləridir. Təşkilat İslam dünyasının inkişafı və həmrəyliyi məqsədilə üzv dövlətlər və digər beynəlxalq təşkilatlarla birlikdə simpozium, seminar və beynəlxalq konfranslar təşkil edir, irimiqyaslı layihələr, proqramlar həyata keçirir, qrantlar və kreditlər ayırır.
İSESKO-nun 2007-2009-cu il fəaliyyət planına əsasən, üzv dövlətlərdə təhsil, elm, mədəniyyət və kommunikasiya vasitəsilə insan resurslarının inkişafı (təhsili ümumiləşdirərək savadsızlığı ləğv etmək, pedaqoji maarifləndirmə layihələri həyata keçirmək və s.). elmi-tədqiqatlarda islam sivilizasiyasının elementlərinin önə çəkilməsi (bu sahədə biliklərin inkişafı üçün elmi-tədqiqatdan istifadə etmək), islam və müsəlmanların Qərb dünyasında mövqeyini araşdırmaq (xalqların birgə sülh şəraitində yaşaması üçün mədəni hərəkatı canlandırmaq və s.), üzv dövlətlərin informasiya və bilik əldə etməsini asanlaşdırmaq (rəqəmsal eyniliyə nail olmaq və s.) strateji məqsəd olaraq müəyyən edilmişdir.
Göstərilənlərlə yanaşı, təşkilat islam dünyasının maddi və mənəvi mədəniyyətinin qorunması, sivilizasiyalararası dialoqun qurulması istiqamətində də fəaliyyət göstərir və bu sahədə müstəsna xidmətləri vardır. Maddi abidələrin qorunması istiqamətində, konkret olaraq, Azərbaycan və iraqla əlaqəli faktları nəzərdən keçirmək kifayətdir.
İKT Xarici işlər nazirlərinin XXVI toplantısında (1999, Uaqaduqu) «Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında» qətnamə qəbul edilmişdir. İslamın maddi və mədəni irsinin qorunması və müdafiəsinə dair İKT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsasən, Azərbaycan tarixinin və mədəniyyətinin: arxeologiyasının etnoqrafiyasının və memarlığının Azərbaycanın və onun xalqının tarixinin ayrılmaz hissəsi kimi islam irsinin mənbələrindən biri olduğunu və Ermənistan tərəfindən etnik təmizləmə məqsədi ilə Azərbaycanda məscidlərin və islama aid olan digər müqəddəs yerlərin tam və vəhşiliklə dağıdılmasının vandalizm aktı olduğu bəyan edilmişdir. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində erməni təcavüzkarları tərəfindən islam irsinə vurulmuş böyük zərərlərin, İslam mədəniyyətinə aid misilsiz abidələrin, habelə məscidlərin. məbədlərin, məzarlıqlarım arxeoloji qazıntıların, muzeylərin, kitabxanaların, rəsm qalereyalarının, dövlət teatrlarının, musiqi məktəblərinin tam və ya bir qisminin dağıdılması, zəbt edilmiş muzeylərdən çoxsaylı qiymətli əşyaların, milyonlarla kitab və tarixi əlyazmaların məhv edilməsi faktları nəzərə alınaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məscidlərin, təhsil ocaqlarının, kitabxanaların, muzeylərin İKT-yə üzv dövlətlərin yardımı ilə bərpa proqramının hazırlanması, həmçinin bu proqramların qəbul edilməsinə görə islam İnkişaf Bankına və İSESKO-ya təşəkkür edildiyi, о cümlədən problemə dair İKT-yə üzv dövlətlərinin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara məlumat verilməsi də əks olunub. «islam Dünyasının təhlükə altında olan mədəni və sivilizasiya irsinin mühafizəsi ilə əlaqədar İSESKO-nun səylərinə dair» İCCM5/2007/R.3.4 nömrəli Qətnamədə isə göstərilir ki. «Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində Ermənistan rəsmiləri tərəfindən aparılan və unikal islam abidələrinin və arxeoloji yerlərin məhv edilməsi, yaddaşdan silinməsi və erməniləşdirilməsinə yönəldilmiş təcrübələri rədd edir, bunların müdafiəsini və mühafizəsini tələb edir.»
İraq müharibəsi zamanı dağıdılmış və oğurlanmış maddi mədəniyyət nümunələrinin tapılıb geri qaytarılmasına kömək göstərilir. Bu məqsədlə İKT konfranslarında bütün üzv dövlətlərdə bu siyahıda olan əşyaların sərhədlərdən keçirilməsi, alış-satış zamanı dövlət tərəfindən toplanıb iraqa geri qaytarılması barədə qərar qəbul edilmişdir.
İSESKO-nun digər bir xidməti isə İslam mədəniyyətinin, İslam sivilizasiyasının formalaşmasında və inkişafında, həmçinin İslamın intibah dövründə elm və mədəniyyət mərkəzi olmuş şəhərlərin irsinin qorunmasına diqqətlə yanaşması, onların təbliği üçün göstərdiyi səylərdir. «islam mədəniyyətinin paytaxtları» proqramı adı ilə həyata keçirilən layihəyə əsasən Ərəb. Asiya və Afrika regionlarının hər biri üçün bir şəhər olmaqla hər il üç şəhər İslam Mədəniyyətinin Paytaxtları kimi qeyd olunur. Mədəniyyət nazirlərinin IV islam Konfransı (15-17 dekabr 2004. Əlcəzair) 2005-2014-cü illər üçün nəzərdə tutulmuş islam Mədəniyyətinin Paytaxtları proqramını təsdiqləmişdir. islam Mədəniyyətinin Paytaxtı statusunu alan şəhər zəngin tarixi keçmişə malik olmalı, həm islam, həm də bəşər mədəniyyətində elm, incəsənət, ədəbiyyat sahəsindəki töhfələrinə görə xüsusi yeri olmalı, arxeoloji təhsil və elmi-tədqiqat mərkəzləri, zəngin və qədim əlyazmaları qorunan kitabxanaları, həmçinin beynəlxalq mədəni tədbirlərin keçirilməsi üçün mədəniyyət qurumlarına malik olmalıdır. Bu tədbir həm də ölkələrin bir-birinin mədəniyyəti ilə tanışlığı üçün də xüsusi əhəmiyyət daşıyır. İlk dəfə bu ada Məkkə şəhəri layiq görülmüşdür. İslam Mədəniyyəti Paytaxtı statusu verilmiş şəhərlərin bu mövzuya həsr olunmuş fərdi saytları fəaliyyət göstərir.
İKT mədəniyyət nazirlərinin IV konfransında (Əlcəzair, 2005) 2006-cı il üçün Asiya qitəsindən İsfahan (İran), Ərəb dünyasından Hələb (Suriya) və Afrika üçün ilk islam Mədəniyyətinin Paytaxtı statusu qazanmış Tombouctou (Mali) bu titula layiq görülmüşlər. Bu barədə qərarının rəsmi olaraq elan olunması Qurban bayramına təsadüf etdiyindən daha təntənəli keçmişdir. İsfahan şəhərinin islam sivilizasiyasının formalaşmasındakı rolu nəzərə alınaraq islam Mədəniyyətinin Paytaxtı seçilmişdir. 5000 illik tarixi olan Hələb şəhəri isə hərbi yürüşlərə baxmayaraq, öz tarixi görünüşünü. maddi abidələrini qoruya bilmişdir.
2007-ci il üçün isə Asiya qitəsindən Daşkənd (Özbəkistan). Ərəb dünyasından Fəs (Mərakeş) və Tripoli (Liviya), Afrika qitəsindən isə Dəkkə (Seneqal) şəhərləri islam mədəniyyətinin paytaxtı elan olunub. Daşkənd Böyük ipək Yolunun ticarət mərkəzlərindən biri olub və indi də dünyada yüz minlərlə insanın diqqətini cəlb edən islam mədəniyyətinin tarixi keçmişinə aid abidələrin qorunması və müasir mədəniyyətin paralelliyi əks etdirən şəhərdir. İSESKO-nun seçimi həm də Asiyanın qədim tarixi və zəngin mədəniyyəti olan bu şəhərinin dünya sivilizasiyasının tarixindəki xüsusi rolu ilə əlaqələndirilir. Bu cəhətlər Daşkənd şəhərinin islam Mədəniyyətinin Paytaxtı seçilməsi üçün əsas amillər olmuşdur. Hazırda turistləri Daşkəndə cəlb edən tarixi abidələr arasında mədrəsələr, məscidlər, qədim və zəngin əlyazmaların qorunduğu kitabxanalar, islam intibah dövrünə aid sənətkarların əl işləri nümayiş etdirilən muzeylər üstünlük təşkil edir. Daşkənddə beynəlxalq konfransların, seminarların, din və siyasətə, tolerantlıq və müasir dünyada sülhün qorunmasına aid aktual problemlərin həsr edildiyi tədbirlərin keçirildiyi dini və dünyəvi təhsil verən islam İnstitutu, İslam Universiteti və mədrəsələr mövcuddur. Qeyd etmək vacibdir ki, keçirilən tədbirlərlə yanaşı. «İslam Mədəniyyətinin Paytaxtı - Daşkənd» kitabı da hazırlanmışdır. Fəs şəhərinin islam mədəniyyətinin paytaxtı elan edilməsi münasibətilə keçirilən bayram tədbirlərindən biri may ayında Uşaq festivalının keçirilməsi olmuşdur. Festivalda iştirak edən uşaqlara 6 nominasiya üzrə mükafatlar təqdim edilmişdir.
2008-ci ilin İslam Mədəniyyətinin Paytaxtı isə Dəməşq, Lahor, İsgəndəriyyə, Cibuti olmuşdur.
«İslam dünyasında mədəniyyət siyasətləri: keçmişə əsaslanaraq gələcəyin formalaşdırılması» mövzusunda təşkil olunmuş İKT üzv dövlətlərin mədəniyyət nazirlərinin V konfransında (21-23 noyabr 2007, Tripoli) isə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bakı şəhərinin «İslam Mədəniyyətinin Paytaxtları» proqramında müəyyən edilən bütün meyarlara tamamilə uyğun gəldiyi üçün bu şəhərin 2009-cu ildə islam Mədəniyyətinin Paytaxtı kimi qeyd olunması təklifini irəli sürmüşdür. Nəticədə Bakı Asiya qitəsindən 2009-cu il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilib.
Ümumiyyətlə. İKT ilə Azərbaycan Respublikasının əlaqələrinin bütün tarixi boyu 2006-2007-ci illər tədbirlərin sayına və əlaqələrin səviyyəsinə görə ən zəngin illər olmuşdur və KİV bu ili «Azərbaycanda İKT ili» kimi qeyd etmişdir. 2006-cı ildə beynəlxalq konfranslar keçirilmiş. Azərbaycanın təşəbbüsü ilə İslam Konfransı Təşkilatının Gənclər Forumu yaradılmışdır.
Həmçinin, İSESKO ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi (Bakı, 2006, sentyabr), Təhsil Nazirliyi (Bakı, 2007, aprel) və Heydər Əliyev Fondu (Bakı, 2007, may) arasında qarşılıqlı əməkdaşlıq haqqında protokolların imzalanması əlaqələrin inkişafına daha böyük təkan vermişdir.
Münaqişələrin qarşısının alınmasında, sivilizasiyalararası dialoqun aparılmasında xidmətlərinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə və həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adı verilmişdir (2006, 24 noyabr).
Heydər Əliyev Fondu ilə İSESKO arasında əməkdaşlıq 2005-ci ildən başlasa da, əməkdaşlıq haqqında protokol 2007-ci ildə imzalanmışdır və 5 il müddətinə əməkdaşlığın əsas prinsiplərini tənzimləyən protokol hər iki qurum arasında sosial, mədəniyyət və təhsil sahələrində əlaqələrin inkişafını, birgə layihələrin işlənib həyata keçirilməsini, fəaliyyətin əlaqələndirilməsini nəzərdə tutur.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və İSESKO arasında imzalanmış əməkdaşlıq protokolu (11 sentyabr 2006, Bakı) qloballaşma proseslərində islam mədəni dəyərlərinin mühafizəsi, həmçinin İSESKO-nun üzv dövlətləri üçün mədəniyyət sahəsinin inkişaf məqsədlərini nə-zərə alaraq, Şərqlə Qərbin kəsişməsində formalaşmış Azərbaycan mədəniyyətində islam komponentinin əhəmiyyətli olduğunu hesab edərək 7 maddədə əks olunmuş məlumat, sənədlər, tədqiqatlar və statistik məlumatların əldə olunması və istifadəsi üçün geniş imkanların yaradılmasında bir-birinə yardım etməyi, tərəflərin mütəxəssis və informasiya mübadiləsinin aparılması. İSESKO-nun Baş Qərargahında Azərbaycan mədəniyyət günlərinin, Azərbaycanda isə İSESKO həftəsinin keçirilməsi, teatr və konsert qastrollarının, incəsənət sərgilərinin təşkilini, turizmin. kinematoqrafiyanın qarşılıqlı surətdə inkişaf etdirilməsi və digər məsələlər barədə razılığa gəldilər.
İSESKO-nun Baş direktoru Əbdül-Əziz bin Osman əl-Tuveycri bildirmişdir ki, «Mən Azərbaycanla tanış olduqdan sonra bu qənaətə gəldim ki, zəngin maddi və mənəvi irsinə görə Azərbaycan çox əhəmiyyətli ölkədir. ISESKO bütün dünyaya çatdırmalıdır ki. siz necə də qədim və zəngin mədəniyyətə sahibsiniz. Azərbaycanla əməkdaşlıq sahəsində imzalanan protokolların həyata keçirilməsi üçün İSESKO öz tərəfindən asılı olan bütün tələbləri yerinə yetirəcəkdir və bu əməkdaşlıq digər üzv dövlətlər üçün nümunə olacaqdır.» Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev isə bildirmişdir ki, bu protokollar Azərbaycana imkan verir ki, islam ölkələrinin elm, mədəniyyət və təhsilin inkişafı məqsədilə təşkil olunmuş çox ciddi tədbirlərdə iştirak etsin. Azərbaycan Asiya və Avropanın arasında yerləşməsi ilə mədəni körpü rolunu icra edir və beynəlxalq tədbirlərin müntəzəm olaraq burada keçirilməsi təsadüfi deyildir.
Azərbaycan qısa müddət ərzində protokoldan irəli gələn vəzifələri yerinə yetirməyə və yaradılan şəraitdən istifadə etməyə başlamışdır.
2008-ci il martın 3-4-də İSESKO-nun Baş Qərargahında (Rabat) Azərbaycan Mədəniyyəti Günləri keçirilmişdir. İslam dünyasının nüfuzlu təşkilatlarından birində ilk dəfə keçirilmiş bu tədbirdə təxminən 70 nəfərlik nümayəndə heyəti iştirak etmişdir. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin hazırladığı dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgi və zəngin konsert proqramı bu tədbirlərdə milli incəsənətimizi layiqincə təmsil etmişlər.
Mədəniyyətlərarası dialoqun aparılması ənənələrinə malik olan Azərbaycan Respublikası həm İSESKO-ya, həm də Avropa Şurasına yeganə üzv dövlətidir. Bakının 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Azərbaycanda mövcud olan ənənəvi yaradıcılıq sahələrinin təmsil olunacağı dünya səviyyəli beynəlxalq silsilə tədbirlərdə Avropa Şurası və Avropa Mədəniyyət nazirlərinin fəal iştirak etməsi üçün imkanların yaradılması da nəzərdə tutulur.
Qərb ilə Şərqin birləşdiyi Azərbaycan həm də sivilizasiyaların və dinlərin tarixi qovşağı olduğu bir məkandır. Bu gün Azərbaycanın beynəlxalq və regional təşkilatlarda xüsusi yer tutması, müxtəlif iqtisadi layihələrin həyata keçirilməsi, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin yaradılması, tarixi ipək yolunun bərpası. BTC, Nabuko kəmərləri, həmçinin mədəniyyət və idman sahəsində beynəlxalq tədbirlərin həyata keçirilməsi tarixi ənənələrin davamıdır.
Beləliklə. İSESKO və Azərbaycan arasında əlaqələr inkişaf etməkdədir. Azərbaycan Respublikası bu gün İslam ölkələri ilə elm və mədəniyyət sahəsində əməkdaşlığa böyük diqqət yetirir. Bakı yaradılan imkandan istifadə edərək bir daha bütün dünyaya İslam Mədəniyyətinin Paytaxtı olduğunu layiqincə nümayiş etdirəcək. 2009-cu il Azərbaycanın İslam sivilizasiyasının digər elm və mədəniyyət sahələri üzrə tədqiqat mərkəzləri arasında əmək-daşlığın artırılmasında mühüm bir mərhələ olacaqdır.
ƏDƏBİYYAT
1. İCCM5/2007/R.5.2 nömrəli qətnamə.
2. İSESKO-nun xoşməramlı səfiri adı islam dünyasının nüfuzlu 4 ictimai və dövlət xadiminə təqdim edilmişdir. M. Əliyeva bu titula layiq görülmüş ilk qadındır.
Səidə Quliyeva,
BDU-nun Azərbaycanşünaslıq Elmi-Tədqiqat Mərkəzinin kiçik elmi işçisi
Dövlət və din.- 2009.- № 1.- S. 50-56.