Çap etmək   ⁞     ⁞   Fond haqqında

“Sonu olmayan dəhliz” sənədli filminin təqdimatı keçirilib


Martın 11-də Heydər Əliyev Fondunun dəstəyi ilə “Nizami” Kino Mərkəzində “Qafqazda sülh” beynəlxalq layihəsi əsasında Avropa kinematoqrafçılarının birgə istehsalı olan “Sonu olmayan dəhliz” sənədli filminin siqnal variantının təqdimat mərasimi keçirilib. “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası çərçivəsində istehsal edilən film Xocalı faciəsinin 20 illiyinə həsr edilib.

Təqdimat mərasimində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva iştirak edib.

Böyük Britaniya, Litva, Estoniya və Finlandiya kinematoqrafçılarından ibarət yaradıcı qrupun çəkdiyi “Sonu olmayan dəhliz” sənədli filmi 1992-ci ilin 26 fevral gecəsində baş vermiş insan faciəsindən bəhs edir. Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyeva tədbirdə çıxış edərək, filmin yaradıcı qrupunun işindən söz açaraq, bu əməyi yüksək dəyərləndirib. Leyla xanım Əliyeva bu filmin Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacağını diqqətə çatdırıb: “Xocalı soyqırımı nəinki Azərbaycan xalqının, eləcə də, bu faciə haqqında heç olmasa bir dəfə məlumat almış və onun nəticələrini görmüş hər bir vicdanlı insanın ağrısıdır. Bu hadisə 20 il bundan əvvəl baş verib, lakin öldürülmüş günahsız insanların xatirəsi daim ürəyimizdə yaşayacaqdır. Göstəriləcək film xarici jurnalistlər tərəfindən hazırlanıb. Bu film 1992-ci il fevralın 26-da Xocalıda törədilən faciədən bəhs edir. Fikrimcə, bu film həmin dəhşətli hadisələri dəqiqliyi ilə və faktlarla əks etdirir. Bildiyiniz kimi, bu il Azərbaycan xalqı Xocalı faciəsinin 20 illiyini qeyd edir və biz bununla əlaqədar dünyanın bir çox yerlərində müxtəlif tədbirlər keçirmişik. Bu dəhşətli faciədə günahsız yerə öldürülən və işgəncəyə məruz qalan qocaların, qadınların və körpələrin xatirəsi daim ürəyimizdə yaşayacaqdır. Biz inanırıq ki, bu dəhşətli faciə tezliklə beynəlxalq qiymətini alacaq, hadisənin günahkarları isə cəzalandırılacaqlar”.

Leyla xanım Əliyeva 2012-ci ildə İslam Konfransı Gənclər Forumunun xətti ilə Xocalı faciəsinin siyasi və hüquqi aspektlərdən tanınması, o cümlədən, ədalətin tam bərqərar olması istiqamətində fəaliyyətin davam etdiriləcəyini vurğulayıb.

Təqdimat mərasimində filmin əsasını təşkil edən müstəqil tədqiqatın müəllifi, litvalı jurnalist Riçardas Lopaytis çıxış edərək, Ağdamda könüllü kimi yardım etdiyi vaxtları və daha sonra münaqişə bölgəsinə etdiyi səfərləri zamanı şahidi olduğu hadisələri gündəliyinə yazdığını qeyd edib: “Keçən illər ərzində mən yazılarıma dəfələrlə qayıdıb “Kim? Niyə? Nə üçün?” suallarına cavab tapmağa çalışırdım. Biləndə ki, mənim həmyerlilərim, kinematoqrafçılar bu suallarla və bir növ şahid kimi mənim qeydlərimlə maraqlanırlar, filmdə iştirak etmək qərarına gəldim”. Filmdə Ermənistan və Azərbaycanda münaqişəyə dair rəsmi dairələrin mövqeyinin əksini tapdığını bildirən Riçardas Lopaytis onun üçün bütün dünyanın Xocalı haqqında məlumata malik olmalarının vacibliyini söyləyib:”Məhz bu, ədalətin bərpa olunmasının əsas şərtidir”.

Litvalı jurnalist Leyla xanım Əliyevanın “Xocalıya ədalət” kampaniyasının fəaliyyətini yüksək qiymətləndirməklə yanaşı, kampaniyanın peşəkarcasına aparılması və obyektivliyi, çəkiliş qrupuna siqnal nümayişinin məhz kampaniya çərçivəsində keçirilməsi haqqında qərar qəbul edilməsinə təsir göstərdiyini də söyləyib. Daha sonra jurnalist “Mən çox istərdim ki, bu film Ermənistanda da göstərilsin. Bu, dialoqun başlanmasına, heç olmasa, humanitar xarakter daşıyan bu məsələdə ortaq məxrəcin tapılmasına kömək edərdi” - deyə fikrini yekunlaşdırıb.

Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə film nümayiş olunub. Böyük məharət və zəhmət hesabına ekranlaşdırılan filmdə Xocalı dəhşətləri bir daha tarixi faktlarla əksini tapıb. Faciə zamanı əsir düşmüş xocalılı musiqi müəllimi, rusiyalı hərbi fotomüxbir, ailəsinin əksər üzvlərini Xocalı qırğınında itirmiş və əsir düşmüş qadın, 1992-ci ilin fevralında öz taleyində dönüş yaratmış litvalı jurnalist Riçardas Lopaytisin faciədən 20 il sonra başladığı müstəqil jurnalist araşdırmalarının iştirakçısı olmuşlar. Filmdə müxtəlif insan taleləri ilə bərabər, SSRİ-nin süqutu dövrünə və Qarabağ münaqişəsinə dair şahidlərin xatirələri də əksi olunub.

Xatırladaq ki, “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə irəli sürülüb. Hazırda faciənin mənəvi və siyasi-hüquqi cəhətdən tanınmasına yönələn bu kampaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyta keçirilir. Bu ilin yanvarında İKGF-nin təşəbbüsü ilə 51 ölkəni özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Xocalı faciəsini soyqırımı aktı kimi tanımışdır. Oxşar qərarlar Meksika və Pakistan parlamentlərində də qəbul edilmişdir.

Tədbirin iştirakçılarına Leyla Əliyevanın ideya müəllifi olduğu, ingilis və rus dillərində hazırlanmış “Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...” kitabları təqdim edilib.


Zümrüd Bayramova

Səs.- 2012.- 13 mart.- № 46.- S. 6.