Çap etmək   ⁞     ⁞   UNESCO

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban Əliyevanın YUNESKO-nun baş direktoru ilə görüşündə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunmuşdur


Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri çərçivəsində onun xanımı, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban Əliyeva yanvarın 23-də Parisdə, YUNESKO-nun iqamətgahında bu beynəlxalq qurumun baş direktoru Koiçiro Matsuura ilə görüşmüşdür.

Ölkəmizin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Eleonora Hüseynova AzərTAc-ın müxbirinə bildirmişdir ki, söhbət zamanı baş direktor xalqımızın ədəbi abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyi ilə bağlı Bakıda keçirilmiş təntənələrdə iştirak etdiyini xatırlatmış, Prezident Heydər Əliyevin görkəmli dövlət xadimi və dünyanın tanınmış siyasi lideri olduğunu xüsusi vurğulayaraq, Azərbaycanla YUNESKO arasında sıx əməkdaşlığın yaranmasında onun əvəzsiz xidmətlərini yüksək qiymətləndirmişdir.

Mehriban xanım Əliyeva cənab Matsuuranın rəhbərlik etdiyi beynəlxalq qurumun dünyanın, o cümlədən qədim tarixi və zəngin abidələri olan Azərbaycanın mədəniyyətinə və incəsənətinə xüsusi diqqət göstərdiyinə, gözəl memarlıq kompleksinin - İçərişəhərin Dünya Mədəni İrs siyahısına və xanəndə Alim Qasımovun ifasında Azərbaycan muğamlarının bəşəriyyətin qeyri-maddi irs siyahısına daxil edilməsinə görə minnətdarlıq etmişdir.

Daha sonra Mehriban xanım Əliyeva yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun fəaliyyəti və məqsədlərindən söhbət açmış, zəngin mədəniyyətimizin görkəmli, eləcə də gənc nümayəndələrinə himayə və yardım, qədim sənət növlərinin saxlanılması və yaşadılması, kitab və kompakt disklərin buraxılması, kimsəsiz və xəstə uşaqlara yardım, onların həyat və tədris şəraitlərinin yaxşılaşdırılması və sair kimi xeyirxah işlərindən danışmışdır. O, Fondun beynəlxalq miqyaslı tədbirlər də təşkil etdiyini bildirmiş, Bakıda "İpək yolunun musiqisi" festivalı və Yaponiya mədəniyyəti günləri keçirildiyini misal gətirmişdir.

Mehriban xanım Əliyeva Azərbaycan üçün ən mühüm problem - qaçqın-köçkünlər, xüsusilə onların uşaqlarının təhsili məsələsinə toxunmuş, ölkəmizdə bununla bağlı dövlət proqramının hazırlanaraq həyata keçirildiyini vurğulamış, məktəblərin dərs və texniki ləvazimatla təchiz edilməsinə YUNESKO-nun yardım göstərməsini arzulamışdır.

Eyni zamanda, Mehriban xanım Əliyeva çoxmillətli Qafqazda xalq sənətlərinin qorunması, təbliği ilə məşğul olacaq "Qafqaz xalq ənənələri evi"nin Bakıda yaradılması ideyasını cənab Koiçiro Matsuuranın nəzərinə çatdırmışdır. O, dünyada maddi və qeyri-maddi mədəni irsin qorunub saxlanması ümdə vəzifəsi olan YUNESKO-nun bu layihədə əməkdaşlığını təklif etmişdir.

Görüşdə son zamanlar YUNESKO ilə Azərbaycan arasında əlaqələrin daha da genişlənməsi, Azərbaycanın bu mötəbər qurumda çəkisinin və rolunun artırılması üçün Azərbaycan dövlətinin daha çox səy göstərəcəyi vurğulanmışdır.

Mehriban xanım Əliyeva görüşdən xatirə olaraq, YUNESKO-ya müasir azərbaycanlı rəssamın bir tablosunu hədiyyə etmişdir.


AzərTAc
2004, 26 yanvar