O, çox iş görüb, bundan sonra daha çox iş görəcək!
Bu fikir Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Bakının Əzizbəyov rayonunun Mərdəkan, Şüvəlan, Zirə, Türkan, Binə qəsəbələrində sakinlərlə görüşlərində dönə-dönə səslənmişdir
MEHRİBAN ƏLİYEVA: “Mən öhdəmə götürdüyüm hər bir işə çox böyük məsuliyyətlə yanaşıram. Hər zaman öz fəaliyyətimdə çalışmışam bir neçə amala əsaslanım. Bunlar vətənpərvərlik, insansevərlik və mərhəmətlilikdir”.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva oktyabrın 12-də Bakının Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsindəki 2 nömrəli internat məktəbində Heydər Əliyev Fondunun vəsaiti hesabına aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.
Direktor Kamran Hacıyev məlumat verdi ki, 1985-ci ildə tikilmiş məktəb binası indiyədək təmir edilmədiyinə görə yararsız hala düşmüşdü. Mehriban xanım bu ilin fevralında vəziyyətlə tanış olduqdan sonra burada Fondun vəsaiti hesabına əsaslı təmir işləri aparılacağını bildirmişdi. İndi təmir və yenidənqurma işləri tam başa çatıb. Məktəbin üçmərtəbəli 3 yataqxanası, tədris korpusu, yeməkxanası, yardımçı binaların dam örtüyü, bütün kommunikasiya xətləri təzələnib, ilk dəfə olaraq istilik sistemi quraşdırılıb. İdman salonu və meydançaları, əyləncə mərkəzi, istirahət guşələri də tamamilə yenidən qurulub, həyətə asfalt örtük döşənib, tibbi yardım kabinələri müasir avadanlıqla dəstləşdirilib. Hazırda məktəbdə valideyn himayəsindən məhrum olmuş 280 uşaq təlim-tərbiyə alır, 52 müəllim və tərbiyəçi, 42 xidmətçi çalışır. Məktəb 9 illik təhsil verir. Buranı qurtaranlar orta təhsil verən digər məktəblərə köçürülürlər. Məktəbdə əmək təlimi dərslərinə xüsusi diqqət yetirilir, uşaqların müxtəlif peşələrə yiyələnməsinə imkan yaradılır.
Mehriban xanım məktəblilərin əl işlərinə tamaşa etdi, ümummilli liderimiz Heydər Əliyevin şərəfli ömür yoluna, Fondun fəaliyyətinə həsr olunmuş fotoguşələrə baxdı. Məktəbin şagirdlərindən ibarət nəfəs alətləri orkestrinin ifasından razı qalan Mehriban Əliyeva musiqi müəllimi Rafael Bağırovun əməyini yüksək qiymətləndirdi, Fondun keçirəcəyi tədbirlərə orkestrin də dəvət ediləcəyini bildirdi. Müəllimlərlə keçirilən görüşdə məktəbin veteran pedaqoqu Səbinə Salayeva kollektivin yekdil fikrini ifadə edərək dedi ki, bu şəhərcik, əslində, yeni tikilmiş böyük təhsil kompleksidir. Burada hər şey təzədir. Sakinlər, valideynlər, müəllim və uşaqlar yaxşı bilir ki, bütün bunlar Mehriban xanımın şəxsi təşəbbüsü, qayğısı ilə başa gəlib. Hamimiz Mehriban xanımın respublikamızdakı uşaq evlərinə, internat məktəblərinə əsil analıq qayğısı göstərməsini yüksək qiymətləndiririk. Bu qayğı və diqqətdən minlərlə ailə sevinc, təsəlli duyur.
Mehriban xanım Heydər Əliyev Fondunun işləyib hazırladığı “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirdi, görülən işlərə, deyilən xoş sözlərə görə razılığını ifadə etdi, xeyirxah, savab əməl sahiblərinə ən xoş arzularını yetirdi, tövsiyələrini verdi.
Geniş, işıqlı, təzə avadanlıqla təmin edilmiş yeməkxanada nahar süfrəsi arxasında uşaqlarla keçirilən görüş də unudulmaz xatirəyə çevrildi. Müxtəlif millətlərdən olan uşaqlar Mehriban xanımı salamladılar, Vətənə, ulu öndər Heydər Əliyevə, Azərbaycan Prezidentinə həsr edilmiş şerlər söylədilər.
Elə həmin gün Mehriban Əliyeva Mərdəkandakı Pir Həsən ziyarətgahını da ziyarət etdi, buraya gələnlərlə hal-əhval tutdu, Fondun vəsaiti hesabına aparılan əsaslı təmir-bərpa işləri ilə tanış oldu. Bu ziyarətgahda axund Hacı Turab ağa, Hacı Zeynalabdin Tağıyev, qızı Sona xanım dəfn ediliblər. Burada yenidən inşa edilən məqbərə və ibadətgah kompleksi qədim milli, dini ornamentlərlə bəzədilir, artıq son tamamlama işləri görülür. Ziyarətgaha gələnlər Prezident İlham Əliyevin və xanımının xalqımızın milli mənəvi dəyərlərinə göstərdikləri qayğı, hörmət və ehtiramı yüksək qiymətləndirdilər, razılıqlarını bildirdilər, ən xoş arzularını çatdırdılar.
Daha sonra qəsəbədə oğlanlar üçün internat məktəbin tikintisində işlərin gedişi ilə tanış olan Mehriban xanıma məlumat verildi ki, hazırda beşmərtəbəli binada əsas işlər başa çatdırılıb, dam örtüyü vurulub. Fondun hesabına tikilən bina yaxın vaxtlarda istifadəyə veriləcək. Heydər Əliyev Fondunun prezidenti Şüvəlan qəsəbəsindəki 10 nömrəli körpələr evi və uşaq bağçasında, mədəniyyət sarayında, qəsəbədəki yeganə xəstəxanada da oldu, 1953-56-cı illərdə inşa edilmiş bu təhsil, mədəniyyət və səhiyyə ocaqlarının problemləri ilə maraqlandı, şəraitlə tanış oldu. Vaxtilə “Şimal” DRES-in balansında olmuş bu binalar artıq öz görkəmini itirib. Mehriban xanım yararsız vəziyyətdə olan binaların əsaslı təmirinə, yaxud yenidən tikilməsinə ehtiyac olduğunu bildirdi, mütəxəssislərin rəyindən sonra Fondun lazımi kömək göstərəcəyini vəd etdi.
Həkim Abasqulu Bağırov Mehriban xanımın təşəbbüsü və birbaşa rəhbərliyi altında hazırlanıb həyata keçirilən “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələrinin böyük əhəmiyyətini, artıq bu sahədə illərlə yığılıb qalmış problemlərin bir hissəsinin həll edildiyini bildirdi, rayonun çoxminli tibb işçiləri adından ixtisasca həkim olan Mehriban xanımı tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün müvəffəqiyyətlə dissertasiya müdafiə etməsi münasibətilə təbrik etdi, səhiyyə işçilərinin parlament seçkilərində fəal iştirak edəcəyini və artıq öz seçimlərini etdiklərini, öz həmkarlarını Milli Məclisdə görmək istədiklərini, Mehriban xanımın millət vəkili kimi ölkəmizin səhiyyə sistemindəki problemlərin aradan qaldırılmasına səmərəli kömək göstərəcəyinə inandıqlarını vurğuladı.
Buraya toplaşan qəsəbə sakinləri, müəllimlər və tibb işçiləri Şüvəlanın bir sıra digər problemləri ilə bağlı xahiş və arzularını çatdırdılar. Mehriban xanım ölkəmizin iqtisadi potensialının gücləndiyini, büdcə gəlirlərinin günbəgün artdığını, dövlət tərəfindən geniş sosial layihələrin işlənib hazırlandığını, ardıcıl həyata keçirildiyini diqqətə çatdırdı. Ümummilli liderimiz Heydər Əliyevin adini daşıyan Fondun da bu işdə öz köməyini əsirgəmədiyini vurğuladı, qaldırılan məsələlərin hamisinin diqqətlə öyrəniləcəyini, imkan daxilində kömək göstəriləcəyini bildirdi.
Qəsəbədəki “Bizim market” mağazasına girən Mehriban xanım ərzaq məhsullarının çeşidi, saxlanması, keyfiyyəti, qiymətləri, camaatın alıcılıq imkanları ilə maraqlandı, yerli məhsullardan nümunələr aldı. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva oktyabrın 14-də rayonun Zirə, Türkan, Binə qəsəbələrindəki körpələr evi, uşaq bağçaları, məktəb, xəstəxana, mədəniyyət evi, kitabxana və məscidlərdə oldu. Sakinlər, ağsaqqal və ziyalılar Mehriban xanımı hər yerdə xoş əhval-ruhiyyə ilə, səmimiyyətlə qarşılayaraq, onun respublikamızda gördüyü işləri, rəhbərlik etdiyi fondun çoxşaxəli fəaliyyətini, xeyriyyəçilik əməllərini yüksək qiymətləndirdilər. Onlar rayonun, yaşadıqları qəsəbələrin, eləcə də şəxsi qayğı və bir sıra problemləri ilə bağlı Mehriban xanıma öz xahişlərini, təkliflərini çatdırdılar.
Zirədəki mədəniyyət evinin işçisi Sona Əliyeva Mehriban xanımın mədəniyyətimizin inkişafı üçün gördüyü genişmiqyaslı işlərin əhəmiyyətini vurğuladı, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun fəaliyyətini yüksək qiymətləndirdi, YUNESKO-nun xoşməramlı səfiri fəxri adinin da Mehriban xanıma məhz bu sahənin inkişafına verdiyi töhfələrə görə layiq görüldüyünü yaxşı xatırladıqlarını söylədi. Mədəniyyət evinin əvvəlcə köhnə ATS-ə məxsus olduğunu, darısqallığa, şəraitin çətinliyinə baxmayaraq, burada uşaqlar üçün dərnəklərin açıldığını, vaxtaşırı tədbirlər keçirildiyini dedi. Mehriban xanım bu binanın mədəniyyət evi üçün tamamilə yararsız olduğunu, tezliklə qəsəbədə yeni binanın inşasına başlanacağını, artıq layihələrin hazırlandığını bildirdi.
1993-cü ildə Füzuli rayonunda gedən döyüşlərdə bir ayağını itirən əlil Füzuli Mehrəliyev 12 min nəfər sakini olan Zirə camaatının dolanışığı barədə məlumat verərək, qəsəbə sakinləri arasında təbil qazın paylanmasında ari-seçkiliyə yol verildiyini, xüsusilə qışda kəskin tələbat yarandığını, ona verilmiş torpaq sahəsinin qanunsuz əlindən alınıb başqasına verildiyini söylədi. Camaatın Mehriban xanıma inandığını, mövcud problemlərin həllinə yardımçı olacağına ümid etdiklərini, ona görə də noyabrın 6-da keçiriləcək seçkilərdə qəsəbə sakinlərinin ona səs verəcəklərini bildirdi. Mehriban xanım Azərbaycan Prezidentinin regionlarda keçirdiyi görüşlərdə ayrı-ayrı məmurların qanunsuz hərəkətləri barədə daxil olan müraciətlərin diqqətlə öyrənilib belələri haqqında ciddi cəza tədbiri görüləcəyi barədə dediyi sözləri xatırladıb, yerli icra orqanlarına xalqın haqlı tələb və şikayətlərinə obyektiv, ədalətlə baxmağı, bu məsələyə xüsusi diqqət yetirməyi tövsiyə etdi. Eyni zamanda qəsəbələrin abadlaşması üçün xeyli işlərin görülməsinə zəruri ehtiyac olduğunu diqqətə çatdırdı.
Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində cari dərs ilində 90 məktəbin tikilib istifadəyə verilməsini, ilin sonunadək daha 30 məktəbin də inşasının tamamlanacağını Azərbaycan tarixində nadir hadisə adlandıran müəllimə Tükəzban Həsənova Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Bədii Gimnastika Federasiyasının rəhbəri kimi milli-mədəni dəyərlərimizin qorunub saxlanması və dünyada təbliği, olimpiya idman hərəkatının genişlənməsində də böyük xidmətləri olan Mehriban xanımın xüsusən kimsəsiz, valideyn himayəsindən məhrum, əqli və fiziki cəhətdən qüsurlu uşaqların müalicəsi, onların təhsilə cəlb olunması, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirdiyi tədbirlərin, respublikamızın regionlarına səfərləri zamani uşaq evləri və internat məktəblərinin problemləri ilə tanış olub bunların həllinə kömək göstərməsinin ona cəmiyyətin bütün təbəqələri arasında hörmət və ehtiram qazandırdığını dedi. Qeyd etdi ki, respublikamızda fəaliyyət göstərən 100-ə yaxın qadın təşkilatı Mehriban xanımı özlərinin vahid lideri seçmiş, milli birlik, yekdillik nümunəsi göstərmişlər. Parisdə Mehriban xanıma YUNESKO-nun xoşməramlı səfiri diplomunun, “İlin qadını” fəxri mükafatını - Azərbaycan qadınının gözəllik, zəriflik və sədaqət rəmzi olan Möminə xatının adini daşıyan türbənin maketinin Mehriban xanıma təqdim olunmasının ardınca Azərbaycanın birinci xanımına “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun təsis etdiyi “Yaqut xaç” ordeninin ilk dəfə olaraq qadın xeyriyyəçiyə verilməsini tarixi hadisə adlandırdı, Mehriban xanımı Əzizbəyov rayonunun seçici qadınları adından təbrik etdi və onun “İlin qadını” adini alarkən dediyi: “Mən öhdəmə götürdüyüm hər bir işə çox böyük məsuliyyətlə yanaşıram. Hər zaman öz fəaliyyətimdə çalışmışam bir neçə amala əsaslanım. Bunlar vətənpərvərlik, insansevərlik və mərhəmətlilikdir.”- sözlərini xatırlatdı. Mehriban xanımın Milli Məclisin deputatı seçilmək üçün təbliğat kampaniyası aparmağa heç bir ehtiyacı olmadığını bildirərək, onu bəri başdan rayonun qadın seçiciləri adından təbrik etdi.
Türkan qəsəbəsində yüzlərlə sakinin toplandığı meydançada respublikanın xalq artisti, məşhur muğam ustası Ağaxan Abdullayev Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın milli musiqi sənətimizin qorunub saxlanmasına, tərəqqisinə verdiyi misilsiz töhfələri konkret faktlarla dilə gətirdi, Bakı kəndlərinin hərtərəfli inkişafı üçün gördüyü işləri faktlarla açıqladı, həmkəndlilərinin qarşıdan gələn seçkilərdə ona səs vermək istəyinin təbil, etibarlı əsaslara söykəndiyini vurğuladı, Mehriban xanımın millət vəkili kimi bu bölgənin problemlərinin həllinə ən yaxşı yardımçı olacağına inandığını bildirdi, qəsəbə sakinlərinin Mehriban xanımı namizədlər arasında Milli Məclisin deputatı adına ən layiqli namizəd hesab etdiyini söylədi. Mehriban xanım bu görüşlərə gəlməzdən əvvəl Əzizbəyov rayonunun iqtisadi potensialını, başlıca problemlərini, əhalini narahat edən məsələləri diqqətlə öyrəndiyini, əldə edilən məlumatların ümumiləşdirildiyini, qəsəbələrin hər biri üçün yaxın iki ili əhatə edən kompleks tədbirlər planı tərtib ediləcəyini bildirdi. Qəsəbələrin hamısında məktəb, xəstəxana, idman kompleksi, klub və kitabxana tikiləcəyini, təmirə ehtiyacı olan obyektlərdə əsaslı yenidənqurma işləri aparılacağını, yol, nəqliyyat, su, təbil qazla təminat sahəsindəki xeyli problemlərin yaxın vaxtlarda həll ediləcəyini vurğuladı. Yeni iş yerlərinin yaradılmasını, əhalinin məşğulluğunun təmin edilməsi üçün bir sıra müəssisələrin açılacağını, yeni tikiləcək obyektlərin hamisinin yeri, layihəsi ilə əlaqədar sakinlərlə məsləhətləşmələr aparılacağını, bu tikintilərdə yüzlərlə yerli vətəndaşımızın işləyəcəyini bildirdi. Qeyd etdi ki, on dörd min nəfər əhalinin yaşadığı Türkan qəsəbəsində 1930-cu ildə tikilmiş 214 nömrəli bağça yenidən bərpa edilib yararlı vəziyyətə gətiriləcək, burada çörək zavodu, aptek, daha bir təcili tibbi yardım məntəqəsi açılacaq, iki min sakini olan Yeni Türkandakı 9 illik məktəbin bazasında 500 yerlik təzə məktəb inşa ediləcək, şagirdlərin orta təhsilini tamamlamaq üçün xeyli məsafə qət edərək ətraf kənd və qəsəbələrə getməsinə son qoyulacaq, xeyli müəllim və xidməti işçinin məşğulluğuna şərait yaranacaq, Hövsan südçülük sovxozundakı 70 nömrəli körpələr evi, 218 nömrəli məktəb də əsasi təmir ediləcək, bu təhsil və tərbiyə ocaqlarının hamisi yeni avadanlıqla təchiz olunacaqdır.
Qəsəbə ağsaqqalı Hacı Rasim Mehriban xanımın indiyə qədərki fəaliyyətinin bütün xalqın gözləri qarşısında olduğunu, yüksək dəyərləndirildiyini, minnətdarlıq, razılıq hissləri ilə qarşılandığını dedi, ona Quran bağışladı. Müqəddəs kitabı 3 dəfə öpüb alnına sıxan Mehriban xanım uşaqlıqdan Uca Yaradana, Qurana, İslam dinimizə ürəkdən, içdən gələn hörmət və ehtiram hissləri ilə böyüdüyünü, ağsaqqalların, dindarların etimadını doğrultmaq üçün mümkün olan hər şeyi edəcəyini bildirdi. Mehriban xanım hər dəfə onu hərarətli alqışlarla, gülərüzlə, əziz qonaq kimi qarşılayan sakinləri, ona müraciət etmək istəyən, dərdini bölüşməyə gələn vətəndaşların hər birini səbirlə dinlədi, yazılı məktublarını aldı, bir çoxunu şəxsən qəbul etmək barədə fondun əməkdaşlarına tapşırıqlar verdi. Mehriban xanım ünvanına deyilən xoş sözlərə, ona göstərdikləri inam və etimada görə hamıya öz razılığını yetirdi, bundan sonra da hər qəsəbədə yenidən görüşəcəklərini bildirdi.
Ağanisə Sultanova
İki sahil.- 2005.- 18 oktyabr.- № 202.- S. 3.
