“Heydər Əliyev: “Qəlbimin bir hissəsi Rusiyadadır...” fotoalbomu “Kitab sənəti” müsabiqəsinin qalibi olmuşdur
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, “Heydər Əliyev: qəlbimin bir hissəsi Rusiyadadır...” fotoalbomu MDB dövlətlərinin “Kitab sənəti” beşinci beynəlxalq müsabiqəsində “Birlik” nominasiyasının qalibi olmuş və birinci dərəcəli diploma layiq görülmüşdür.
Heydər Əliyev Fondu və İTAR-TASS agentliyi tərəfindən 2007-ci ildə Moskvada nəşr olunmuş fotoalbom ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr edilmişdir. Fotoalbomun təqdimatı Prezidentin İcra Aparatının başçısı Ramiz Mehdiyevin və Kreml Administrasiyasının sabiq başçısı S.Narışkinin iştirakı ilə İttifaqlar evinin Sütunlu salonunda keçirilmiş rəsmi tədbirdə olmuşdur. Fotoalbomda Heydər Əliyev Fondu tərəfindən təqdim olunmuş, ulu öndərin həyat və fəaliyyətinin Moskva dövrünü əks etdirən nadir şəkillər toplanmışdır. Alboma ön sözü Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko yazmışlar.
MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun mətbuat xidmətindən bildirmişlər ki, “Kitab sənəti” Beşinci beynəlxalq müsabiqəsinə Birliyin 10 ölkəsindən – Rusiya, Belarus, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan, Ukrayna, Ermənistan, habelə Litvadan 170-dən çox nəşr daxil olmuşdur. “Müasirimiz” nominasiyasında Vladimir Putinin ən yaxşı fotoşəkillərindən ibarət fotoalbom qalib gəlmişdir. Azərbaycan, Qırğızıstan, Belarus və Rusiyada çap olunmuş kitablar birinci dərəcəli diplomlara layiq görülmüşdür.
Münsiflər heyəti “Birlik”, “Ölkəm”, “Uşaq və gənclər üçün kitab”, “Müasirimiz, “Art-kitab”, “MDB-də çap olunmuşdur”, “Qran-Pri” nominasiyalarında təqdim olunmuş kitabları nəzərdən keçirərək qalibləri müəyyənləşdirmişdir. Onlara birinci, ikinci və üçüncü dərəcəli diplomlar təqdim ediləcəkdir.
“Şəki xanlarının sarayı” (Azərbaycan) kitabı “Ölkəm” nominasiyasında birinci dərəcəli diploma layiq görülmüşdür. Faiq N.Alimin “Mirteymur” kitabı MDB ölkələrinin dövrü mətbuat, kitab nəşri, yayımı və poliqrafiyası sahəsində əməkdaşlığı üzrə Dövlətlərarası Şuranın və MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun xüsusi diplomunu almışdır. Ç.Qacarın “Köhnə Bakı” və yazıçı Elçinin “Pyeslər” kitabları da xüsusi “Nominant” diplomuna layiq görülmüşdür.
Xalq qəzeti.- 2008.- 30 avqust.- № 193.- S. 2.