Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın ABŞ-a işgüzar səfəri davam edir
Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ABŞ-a işgüzar səfəri davam edir.
Dekabrın 7-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Ağ evdə ABŞ-ın birinci xanımı Loura Buş ilə görüşmüşdür. Mehriban xanım Əliyeva ABŞ-a səfəri zamanı göstərilən qonaqpərvərliyə görə xanım Loura Buşa təşəkkürünü bildirmişdir. Səmimi şəraitdə keçən söhbətdə iki ölkənin birinci xanımları Azərbaycan-ABŞ münasibətlərinin möhkəmləndirilməsində təhsil, səhiyyə, mədəniyyət sahələrinin rolundan danışmışlar. Mehriban Əliyeva və Loura Buş bu sahələrdə öz ölkələrində həyata keçirilən proqram və layihələr barədə bir-birilərinə məlumat vermişlər. Azərbaycanda Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində həyata keçirilən layihələr ABŞ-ın birinci xanımında xüsusi maraq doğurmuşdur. Görüşdə vurğulanmışdır ki, hər iki ölkənin gələcəyi baxımından təhsil sahəsinə yönəldilən sərmayə ən dəyərlisidir. Bu sahədə birgə səylərin görülməsinin əhəmiyyətindən də danışılmışdır. Bununla bağlı Mehriban Əliyeva Loura Buşun Amerikanın xarici ölkələrlə əməkdaşlıq təcrübəsi barədə məlumatını maraqla dinləmişdir. Görüşün sonunda Mehriban xanım Əliyeva ABŞ-ın birinci xanımını ölkəmizə səfərə dəvət etmişdir.
Səfər çərçivəsində Mehriban Əliyeva ABŞ senatoru Key Beyli Hatçinson və Konqresin üzvü Şila Sikula Qibs ilə görüşmüşdür.
Mehriban Əliyeva Azərbaycan ilə ABŞ arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığımızın daha da gücləndirilməsinin vacib olduğunu bildirmişdir. Azərbaycanın birinci xanımı Xəzər hövzəsində həyata keçirilən enerji layihələrinin əhəmiyyətinə də toxunmuş və bu layihələrin reallaşmasında ABŞ-ın mühüm rol oynadığını xüsusi qeyd etmişdir.
Senator Hatçinson ABŞ ilə Azərbaycanın müxtəlif sahələrdə uğurlu əməkdaşlığını, ABŞ-ın bir çox şirkətlərinin ölkəmizə irihəcmli investisiyalar qoyduğunu diqqətə çatdırmışdır. Azərbaycana səfərini məmnuniyyətlə xatırladan senator bu səfərin onda xoş təəssüratlar yaratdığını bildirərək demişdir: "Regionda dostlara malik olmaq bizim üçün çox önəmlidir".
Görüşün sonunda Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu və senator Hatçinsonun həmsədri olduğu "Vital Voice" qeyri-hökumət humanitar təşkilatı arasında əməkdaşlığa dair memorandum imzalanmışdır.
Mehriban xanım Əliyevanın Azərbaycanın ABŞ-dakı səfirliyində Amerikanın müxtəlif ştatlarında təhsil alan azərbaycanlı tələbələr ilə görüşü maraqlı keçmişdir. Heydər Əliyev Fondunun fəaliyyətində təhsil layihələrinin prioritet yer tutduğunu qeyd edən Mehriban Əliyeva Fondun bu istiqamətdə apardığı konkret işlərdən danışmışdır. O, Prezident İlham Əliyev tərəfindən imzalanmış Fərmanın Azərbaycanın istedadlı tələbələrinin xarici ölkələrdə təhsil almasına geniş imkanlar açacağını bildirmişdir. Azərbaycanın birinci xanımı tələbələri ABŞ-da təhsillərini bitirdikdən sonra vətənə qayıdıb biliklərini ölkənin inkişafı naminə sərf etməyə çağırmışdır.
ABŞ-Azərbaycan Ticarət Palatası Vaşinqtonun möhtəşəm "Endryu Melon" Auditoriumunda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şərəfinə ziyafət vermişdir. Ziyafətdə 300-dən artıq qonaq, o cümlədən Ağ evin və Dövlət Departamentinin yüksək vəzifəli rəsmiləri, ABŞ Konqresinin üzvləri, görkəmli siyasi və ictimai xadimlər, xarici ölkələrin ABŞ-da akkreditə olunmuş səfirləri iştirak etmişlər. Mərasimin aparıcısı, ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri Ceyms Beyker Mehriban xanımı və onu müşayiət edən Milli Məclisin üzvlərini salamlamışdır. Ziyafətdə ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri, senator Riçard Luqar geniş nitq söylədikdən sonra Mehriban xanım Əliyevaya söz verilmişdir. Mehriban Əliyeva nitqində ABŞ-a səfərindən məmnunluğunu ifadə etmiş, Azərbaycan-ABŞ əlaqələrinin əhəmiyyətindən danışmış və bu səfərin ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi və möhkəmləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir.
Ziyafətdə Mehriban Əliyevaya ABŞ-Azərbaycan Ticarət Palatasının "2006-cı ilin Xoşməramlı səfiri" mükafatı təqdim edilmişdir. Palata, həmçinin senator Riçard Luqarı "Azadlığa dəstək" mükafatı ilə təltif etmişdir.
Azərbaycandan gəlmiş gənc ifaçıların konsert proqramı qonaqlar tərəfindən hərarətlə qarşılanmışdır.
AzərTAc
7 dekabr 2006-cı il