Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın Romada görüşləri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına və Vatikan Dövlətinə rəsmi səfəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanımın Əliyeva üçün də ayrıca xüsusi səfər proqramı tərtib olunmuşdu. Mehriban Əliyeva vaxtilə İtaliya krallarının və hazırda isə dövlət başçısının iqamətgahı olan, möhtəşəm tarixi abidə kimi öz füsunkar gözəlliyi ilə seçilən Prezident Sarayı ilə tanış oldu. Azərbaycan Prezidentinin xanımına məlumat verildi ki, sarayın Kiyurunale salonu imperator Napoleonun Romada qarşılanması üçün hazırlanmışdı. Təxminən 1800-cü illərdən bu sarayda yer alan valehedici incəsənət nümunələri öz orijinallığı və gözəlliyi ilə göz oxşayır. 1870-ci illərdən başlayaraq bu saray Roma krallarının iqamətgahı idi.
Mehriban xanım Əliyeva təxminən iki əsrlik tarixi olan saraydakı mərasim otaqlarına, güzgülü salona, təbii yolla daim təmiz hava ilə təchiz edilən otaqların layihələşdirilməsi qaydalarına, divarlarda, tavanda, hətta döşəmələrdə yüksək peşəkarlıqla təsvir olunan və İtaliya mədəniyyətinin zənginliyinin əyani göstəricisi kimi diqqəti cəlb edən nadir incəsənət əsərlərinə, qədim və zəngin İtaliya mədəniyyətinin digər nümunələrinə baxdı.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Romadakı uşaq xəstəxanasına da baş çəkdi. Kənar şəxslər üçün qapalı olan və videoçəkiliş üçün icazə verilməyən bu tibb ocağının müalicə və fəaliyyət prinsipləri ilə yaxından tanış oldu.
Mehriban xanım Əliyeva Romadakı nadir incəsənət muzeyləri ilə də maraqlandı. Bergeze qalereyasında 17-18-ci əsrlərə aid təsviri sənət əsərlərindəki real məişət lövhələri, mənzərələrdəki təbiilik, romantika, təbiətin canlı boyaları, zahiri təmtəraq və təntənə ruhunun üstünlük təşkil etdiyi realizm elementləri istər-istəməz insanlarda xoş ovqat yaradır.
Məşhur İtaliya memarı və heykəltəraşı Berinin heykəllərində, monumental kompozisiyalarda güclü dinamika elə ilk baxışdan diqqəti cəlb edir. İtaliyada həssaslıqla qorunan və böyük səxavətlə qonaqlara nümayiş etdirilən hər bir mədəniyyət abidəsi, incəsənət nümunəsi istər-istəməz onu müşahidə edənlərdə bu ölkəyə rəğbət, xoş duyğular oyadır.
Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva tanışlıqdan məmnun qaldığını bildirmişdir.
Xalq qəzeti.- 2005.- 1 mart.- № 47.- S. 4.