Çap etmək   ⁞     ⁞   UNESCO

Mədəni irsimiz layiqincə qorunur


Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri seçildikdən sonra ölkəmizdə bu istiqamətində mühüm işlər həyata keçirilir.

Ötən həftə respublikamızın ictimai-mədəni həyatında çox əlamətdar bir hadisə ilə yadda qaldı. Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəvəti ilə YUNESKO-nun baş direktoru Koişiro Matsuura və bir neçə xoşməramlı səfir Azərbaycana səfər etdilər. Qeyd edək ki, səfər çərçivəsində bir sıra mühüm tədbirlər keçirildi. YUNESKO-nun baş direktoru cənab Matsuura keçirilən tədbirlərdəki nitqlərində YUNESKO ilə Azərbaycan arasındakı əməkdaşlığın indiki səviyyəsindən razı qaldığını bildirdi, xüsusən də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın qurumun xoşməramlı səfiri seçildikdən sonra ölkəmizdə qeyri-maddi və maddi irsin qorunması istiqamətində mühüm işlərin həyata keçirildiyini dəfələrlə vurğuladı. Öz növbəsində Mehriban xanım da YUNESKO ilə Azərbaycan arasında əməkdaşlığın bugünkü səviyyəsini yüksək qiymətləndirib. YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın Azərbaycana səfərinin yekunlarına dair Dövlət Televiziyasına verdiyi müsahibəsində Mehriban Əliyeva 1992-ci ildən YUNESKO-nun üzvü olan ölkəmizdə bu illər ərzində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirildiyini deyib. Belə ki, YUNESKO Azərbaycan muğamını bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edib. İçərişəhər, Qız qalası isə çox nadir memarlıq incisi kimi dünya mədəni İrs siyahısına salınıb. Həmçinin Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlərinin yubileyləri YUNESKO-nun təqviminə salınıb və bəşəriyyət üçün böyük əhəmiyyəti olan hadisə kimi qeyd edilir. Məsələn, dahi Məhəmməd Füzulinin 500 illik yubileyi, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi çox geniş tədbirlərinə qeyd olunub və yekun tədbirlərində YUNESKO-nun baş direktoru cənab Matsuura da iştirak edib. Hər iki yubileylə bağlı YUNESKO-nun iqamətgahında, Paris şəhərində də xüsusi tədbirlər keçirilib.

Bir sıra elm, təhsil və mədəniyyət proqramlarında Azərbaycanın qurumlarının iştirak etdiyini deyən xoşməramlı səfir Azərbaycana aid olan məsələlərlə bağlı YUNESKO çərçivəsində tədbirlər keçirildiyini söyləyərək bu sırada xüsusilə təhsil sahəsində əməkdaşlığı vurğulayıb. Buna misal olaraq isə o, Bakıda YUNESKO-nun baş direktoru cənab Matsuuranın və xoşməramlı səfirlərin iştirakı ilə "Azərbaycan-YUNESKO: gələcəyə körpü" adi təhsil sisteminə həsr olunmuş böyük konfrans keçirildiyini nəzərə çatdırıb.

Qeyri-maddi irsin qorunması sahəsində yeni planlar həyata keçirilir

Xatırladaq ki, avqustun 24-də Beynəlxalq Muğam Mərkəzinin təməli qoyuldu. Sözsüz ki, bina inşa olunandan sonra bu mərkəz bütün muğamsevərlər üçün doğma bir evə çevriləcəkdir. "Qarabağ xanəndələri" albomundan sonra muğam layihələri üzrə işlərin davam etdirildiyini deyən Mehriban xanım bu ilin sonuna qədər muğam dəstgahları albomunun işıq üzü görəcəyi, bir sıra muğam ustalarının kitablarının və albomlarının çap olunacağı barədə də məlumat verib. O qeyd edib ki, bir neçə qədim muğam traktatlarının tərcüməsi artıq başa çatıb və onlar çapa hazırdır. Eyni zamanda müasir fransız musiqişünası Cerardın əsəri də tərcümə olunub və çapa hazırdır. Bir sözlə, muğamla bağlı çox geniş layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Mehriban xanım bildirib ki, həm muğam mərkəzinin layihəsini müzakirə etmək, həm də gələcək planlar haqqında danışmaq üçün o, yaxın gələcəkdə tanınmış muğam ustaları ilə görüşməyi nəzərdə tutub. Muğamla yanaşı, aşıq sənətinin də YUNESKO-nun qeyri-maddi irs siyahısına salınmasının zəruriliyini vurğulayan səfir mədəni irsimizin zənginliyindən bəhs edərək onun ayrı-ayrı qollarının öyrənilməsi istiqamətində böyük işlər görülməsinin vacibliyini bildirib.

Maddi mədəniyyət abidələrimiz bəşəri əhəmiyyət daşıyır

Məlum olduğu kimi, YUNESKO-nun baş direktoru və xoşməramlı səfirlər Bakıya səfər zamanı Qobustanda oldular. Və nümayəndələr orada bu abidənin bəşəriyyət üçün nə qədər əhəmiyyətli olduğunu müzakirə etdilər. Mehriban xanım orada Qobustanın dünya mədəni və təbii irsin qorunması siyahısına salınmasını təklif etdi. Amma qeyd edək ki, YUNESKO-nun öz qaydaları var və hər bir abidənin siyahıya salınması müəyyən prosedurdan keçir. Öncə bir neçə ölkədən ekspertlər təklifləri öyrənir, öz rəylərini verir. Sonra komissiyaların iclaslarında müzakirələr gedir. Adətən, abidənin siyahıya daxilalma prosesi 3-5 il çəkir. Onu da nəzərdə saxlamalıyıq ki, bir ölkədən müəyyən dövr ərzində yalnız bir abidə və ya yalnız bir əsər YUNESKO-nun siyahısına daxiledilə bilər. YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım müsahibəsində bildirib ki, gələn ilin yayında YUNESKO-nun iqamətgahında keçiriləcək növbəti toplantıda Qobustanla bağlı müzakirələr aparılacaq və o ümid etdiyini bildirib ki, bu məsələ öz müsbət həllini tapacaqdır.

İşğal altında olan ərazilərdəki tarix və mədəniyyət abidələri ilə bağlı məsələlər diqqət mərkəzindədir

Məlumat üçün bildirək ki, bu problemlər haqqında Mehriban xanım Əliyeva xoşməramlı səfirlərin YUNESKO-nun iqamətgahında keçirilən illik toplantısında və Kazanda YUNESKO-nun Avropa regionu üzrə toplantısında dəfələrlə danışıb. Məlum olduğu kimi, YUNESKO elm, təhsil və mədəniyyətlə məşğul olan təşkilatdır. Bu baxımdan şübhəsiz ki, YUNESKO tarixi abidələri qorumaq üçün tədbirlər keçirməli, konkret işlər görməlidir. Digər tərəfdən, hərbi münaqişə zonalarında vəziyyət həddən artıq siyasiləşdiyinə görə YUNESKO çalışır ki, siyasi xarakter daşıyan heç bir bəyanatla çıxış etməsin. Buna baxmayaraq, Mehriban xanım hər bir görüşündə, YUNESKO-nun əməkdaşları ilə hər bir ünsiyyətində bu sualları qaldırmağa çalışdığını diqqətə çatdırıb.

Mehriban Əliyeva müsahibəsində YUNESKO ilə əməkdaşlıq çərçivəsində görüləcək işlər barədə də məlumat verib. Bu tədbirlərdən ən əlamətdarı isə bu ilin sentyabr ayında Parisdə görkəmli Azərbaycan alimi Yusif Məmmədəliyevin 100 illik yubileyinin təntənə ilə qeyd olunması olacaq.

Biz bütün bunların ölkəmizin dünya birliyinə inteqrasiya prosesini sürətləndirən amillər olduğunu nəzərə alaraq istər elm və təhsil, istərsə də mədəniyyət sahəsində çoxşaxəli fəaliyyət göstərən YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Prezidenti Mehriban Əliyevaya işlərində uğurlar arzulayırıq.


Sevinc Paşayeva

Azad Azərbaycan.- 2005.- 31 avqust.- № 275.- S. 3.