Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun yeni layihəsi - “Hərəmiz bir ağac əkək”


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış “Hərəmiz bir ağac əkək!” layihəsinin icrasına Azərbaycanın birinci xanımının iştirakı ilə onun deputat seçildiyi Əzizbəyov rayonundan başlanmış, bu çağırış ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılanmışdır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin abad, yaşıl, çiçəklənən diyara çevrilməsi naminə başlanan bu hərəkatın əhəmiyyətini yerlərdə yaxşı başa düşür və lazımınca dəyərləndirirlər.

AzərTAc-ın müxbirləri bölgələrdə keçirilən iməciliklərdən reportajlar hazırlamışlar.

Qax rayonu

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə başlanan “Hərəmiz bir ağac əkək!” aksiyası Qax rayonunda da böyük rəğbətlə qarşılanmışdır. Rayonun ayrı-ayrı əmək kollektivləri, ziyalılar, ümumtəhsil məktəblərinin şagirdləri, kənd sakinləri Heydər Əliyev Fondunun nəcib təşəbbüsünə böyük həvəslə qoşulmuşlar.

Rayon icra hakimiyyətindən verilən məlumata görə, aksiya çərçivəsində keçirilən iməciliklərdə indiyədək rayon mərkəzində, kənd yerlərində, habelə avtomobil yollarının kənarlarında 20 mindən çox müxtəlif növ ağac və bəzək kolu əkilmiş, küçə və meydanlarda, inzibati binaların həyətlərində abadlıq və səliqə-sahman işləri aparılmışdır.

Havaların soyuq və yağmurlu keçməsi ilə əlaqədar olaraq dağ kəndlərinin sakinləri aksiyaya bir-neçə gündən sonra qoşulacaqlar.

Rayonda yaşıllaşdırma işlərinin aprelin sonunadək davam etdirilməsi nəzərdə tutulur.

Ağstafa rayonu

Ağstafa Rayon İcra Hakimiyyətindən bildirmişlər ki, bütün idarə, müəssisə və təşkilatların kollektivləri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə həyata keçirilən “Hərəmiz bir ağac əkək!” layihəsini ürəkdən alqışlamışlar.

Ölkəmizin bütün bölgələrində olduğu kimi, rayonda da iməciliklər keçirilmişdir. Əhali tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanan bu kampaniya çərçivəsində təkcə ötən şənbə və bazar günləri 15 mindən artıq bəzək kolu və ağac əkilmişdir. Yaşıllaşdırma işləri davam etdiriləcəkdir.

Əkilən ağaclara aqrotexniki qulluq edilməsi üçün təcrübəli aqronomlar, bağbanlar ayrılmış, xüsusi briqadalar təşkil olunmuşdur.

Tovuz rayonu

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə martın 17-də başlanmış ”Hərəmiz bir ağac əkək!” devizi altında həyata keçirilən xeyirxah təşəbbüsə ürəkdən qoşulan tovuzlular bu ilin yazında rayonun dağlıq zonasında fındıq və 60 min ədəd moruq, qarağat şitilləri əkməyi qərara almışlar. Həmin aksiyanın həyata keçirilməsi ekoloji mühitin sağlamlaşdırılması ilə yanaşı, dağ kəndlərinin iqtisadiyyatının möhkəmlənməsinə, çətin şəraitdə yaşayan əhalinin problemlərinin həllinə, sosial müdafiəsinin yaxşılaşdırılmasına da əhəmiyyətli kömək edəcəkdir.

Tovuz Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, layihə tarixən mövcud olmuş, lakin sonradan unudulmuş bir sıra bağçılıq təsərrüfatı sahələrinin də yenidən dirçəldilməsinə təkan vermişdir. Yerli torpaq, iqlim şəraiti, ictimai rəy nəzərə alınmaqla ayrı-ayrı kəndli-fermerlərin torpaq paylarında əkmək üçün daha 5 min fındıq tingi, 6 min moruq şitili alınıb gətirilmişdir.

Masallı rayonu

Masallı rayonunun sakinləri Novruz bayramı günlərindən başlayaraq Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırlanan “Hərəmiz bir ağac əkək!” layihəsinə yüksək vətənpərvərlik və mütəşəkkilliklə qoşulmuşlar. Rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, məktəblilər, habelə ayrı-ayrı kəndlərin sakinləri kütləvi surətdə iməciliklərə çıxaraq küçə və meydanların, yol kənarlarının yaşıllaşdırılması, abadlaşdırılması üçün var qüvvə ilə çalışırlar. Bu sahədə gənclər xüsusilə fəallıq göstərirlər.

İndiyədək keçirilən kütləvi ağacəkmə kampaniyalarında şəhərin meydanlarına, küçə və məhəllələrinə 5 mindən çox ağac əkilmişdir. Bakı-Ələt-Astara magistral yolunun kənarında vaxtilə mövcud olmuş, lakin sonralar baxımsızlıq ucbatından məhv olmuş yaşıl zolağın bərpasına da başlanmış, 10 cərgədə 10 min ting basdırılmışdır. Ümumilikdə kampaniya çərçivəsində aprelin sonunadək 20 min ağac əkilməsi nəzərdə tutulur.

Samux rayonu

Heydər Əliyev Fondunun “Hərəmiz bir ağac əkək!” çağırışına qoşulan Samux rayon sakinləri indiyədək rayon ərazisində 10 minədək ağac əkmişlər. Havaların əlverişli keçməsindən istifadə edən idarə, müəssisə, təhsil və səhiyyə ocaqlarının kollektivləri yaşıllaşdırma aksiyasında böyük həvəslə iştirak edirlər.

Rayon icra hakimiyyətindən bildirmişlər ki, Samuxda yaşıllaşdırma işi aprelin axırınadək davam etdiriləcəkdir.

Yaşıllıq salınması nəzərdə tutulan sahələrdə texniki tədbirlər görülmüş, su arxları çəkilmiş, əkin üçün lazımi qədər ting tədarük edilmişdir.


Xalq qəzeti.- 2007.- 6 aprel.- № 71.- S. 4.