Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

ABŞ Konqresinin üzvləri Azərbaycanın birinci xanımı ilə görüşlərinə dair bəyanat vermişdir


ABŞ Konqresinin üzvləri Nümayəndələr Palatasında bəyanatla çıxış edərək Vaşinqtona işgüzar səfər edən Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı salamlamışlar.

Konqresdə Azərbaycanla iş üzrə qrupun yeni həmsədri, Pensilvaniya ştatının təmsilçisi Bill Şuster öz adından və qrupun digər həmsədri, Texas ştatından konqresmen Solomon Ortis adından çıxış edərək Azərbaycanın birinci xanımına və onu müşayiət edən Milli Məclisin bir qrup üzvünə səfərə görə təşəkkürünü bildirmişdir. Konqresmen Şuster ABŞ-ın mühüm strateji tərəfdaşlarından olan Azərbaycan Respublikasının parlament üzvlərini iki ölkənin qanunverici orqanı arasında işçi qrupunun fəaliyyətini və əlaqələndirmə səylərini dəstəkləməyə çağırmışdır.

Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva ilə Vaşinqtonda görüş keçirən digər Konqres üzvü Şeli Sekula Gibbs də Nümayəndələr Palatasında çıxış edərək Azərbaycanın birinci xanımını və onu müşayiət edən Milli Məclis üzvlərini salamlamışdır. Xanım Gibbs vurğulamışdır ki, Nümayəndələr Palatası ABŞ-la Azərbaycanın strateji tərəfdaşlığını, qlobal terrorla mübarizədə birgə səyləri, Azərbaycanın Qərb üçün etibarlı enerji mənbəyi kimi mühüm rolunu tanıyır. O, əlavə etmişdir ki, iqtisadi artımı enerji layihələri sayəsində bu il 30 faizə çatacaq Azərbaycan sürətlə müasirləşir. Ölkə bu iqtisadi artımdan gələcəyinə sərmayə qoymaq üçün istifadə edir. Xanım Gibbs Azərbaycanı inkişafda olan demokratiya adlandıraraq ölkədə sosial, siyasi və iqtisadi imkanları genişləndirmək istiqamətində iş aparıldığını demişdir. Onun sözlərinə görə, Azərbaycanın bu sahələrdəki təşəbbüsləri digər Qafqaz və Mərkəzi Asiya dövlətlərinə nümunə ola bilər. Konqres üzvü həmçinin Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun Mehriban Əliyevanın rəhbərliyi altında təhsil, səhiyyə, beynəlxalq əlaqələr, mədəniyyət və digər humanitar sahələrdə həyata keçirdiyi proqramları həmkarlarının diqqətinə çatdırmışdır. İxtisasca həkim olan Şeli Sekula Gibbs vurğulamışdır ki, doktor Mehriban Əliyevanın həkimlik biliklərini xeyriyyə işlərində istifadə etməsi xüsusilə təqdirəlayiqdir.

Çıxışının sonunda o, "həmkar həkim, parlament üzvü, həyat yoldaşı və ana" olan Azərbaycanın birinci xanımını bir daha Vaşinqtonda salamlayaraq Azərbaycanda həyata keçirilən səhiyyə proqramlarını və qadınların cəmiyyətdə rolunu artıran təşəbbüsləri alqışlamışdır.


Şəfəq Akifqızı,
AzərTAc-ın xüsusi müxbiri, Vaşinqton

Xalq qəzeti.- 2006.- 9 dekabr.- № 277.- S. 2.