Çap etmək   ⁞     ⁞   Millət vəkili

Milli Məclisin deputatları Xocalı soyqırımının 14-cü ildönümü ilə əlaqədar Türkiyədə keçiriləcək tədbirlərdə iştirak edəcəklər


Milli Məclisin deputatları Qənirə Paşayeva, Elman Məmmədov və Həvva Məmmədova Türkiyədə Xocalı soyqırımının 14-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək üçün fevralın 22-dən Ankarada rəsmi səfərdə olacaqlar.

Fevralın 23-də Türkiyə Böyük Millət Məclisində deputatlarımızın iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş dinləmələr keçiriləcəkdir. Fevralın 24-də Ankaranın mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsi naminə əbədi məşəlin açılışı olacaq, Türkiyə ictimaiyyəti və Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri ilə birlikdə anma mərasimi keçiriləcəkdir. Mərasimdən sonra Ankaranın Esterqon abidəsində Milli Məclisin deputatlarının, Türkiyənin ictimai-siyasi xadimlərinin, bu ölkədə akkreditə olunmuş diplomatik korpusların nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Fondunun təşkil etdiyi "Xocalı soyqırımı" adlı sərgi nümayiş etdiriləcəkdir. Sərgi ilə tanışlıqdan sonra Xocalı soyqırımına həsr olunmuş böyük tədbir keçiriləcək, Heydər Əliyev Fondunun hazırladığı "Xocalı soyqırımı" adlı sənədli film göstəriləcəkdir.

Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciəti səslənəcəkdir. Sonra Milli Məclisin deputatları, ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri və ictimaiyyətin nümayəndələri çıxış edəcəklər.


Milli Məclisin mətbuat xidməti

AzərTAc
2006, 23 fevral