Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilən Poladlı kənd məktəbi istifadəyə hazırdır
Qobustan Rayon Təhsil Şöbəsindən bildirmişlər ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına uyğun olaraq rayonun Poladlı kəndində inşa edilən məktəb binasının tikintisi başa çatmışdır,
14 sinifdən, müəllimlər otağı, direktor kabineti, kitabxanadan ibarət geniş, yaraşıqlı binanı inşaatçılar yüksək keyfiyyətlə tikmişlər. Bunu məktəbə baxış keçirən tikinti və layihəçilərdən ibarət qrup da təsdiq etmiş, məktəbin proqram üzrə tikintisi tam başa çatan birinci obyekt olduğunu bildirmişlər.
Tikinti işlərində yerli sakinlər də yaxından iştirak etmişlər. Smeta dəyəri 675 milyon manat olan 200 yerlik məktəbdə Fondun vəsaiti hesabına təzə avadanlıq da alınıb quraşdırılır.
1400 nəfər sakini olan bu ucqar dağ kəndinin 324 şagirdi yeni dərs ilini təzə məktəbdə qarşılayacaqdır. Onlar bu sevinci indidən yaşayırlar. 1951-ci ildən əlverişsiz binada fəaliyyət göstərən Poladlı məktəbi sentyabrın 15-dən özünün ikinci ömrünü yaşamağa başlayacaqdır.
Kənd sakinləri, müəllim və şagirdlər bu xeyirxah qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirirlər.
Respublika.- 2005.- 3 sentyabr.- № 204.- S. 5.