Çap etmək   ⁞     ⁞   Fond haqqında

Azərbaycan savadlılığın dəstəklənməsi təşəbbüslərinə fəal şəkildə qoşulur

Heydər Əliyev Fondunun bu sahədəki genişmiqyaslı fəaliyyəti təkcə respublikamızda deyil, bütün dünyada dəstəklənir


Bəşəriyyət inkişafının elə bir həlledici mərhələsinə çatmışdır ki, hazırda hansısa ölkədə savadsızlığın mövcudluğuna sivil dünyanı təhdid edən problem kimi yanaşılır. Bu da təsadüfi deyildir. Çünki müasir dövrdə hər bir dövlətin gücü və qüdrəti həm də onların malik olduğu milli-intellektual potensialla, elm və təhsilin inkişaf səviyyəsi ilə ölçülür. Cəmiyyətin yüksək elmi səviyyəsi milli inkişafda stimulverici amil olaraq iqtisadi tərəqqiyə, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatına yol açır. Dünya standartlarına cavab verən fəal maarifçilik xəttinin dəstəklənməsi və təbliği isə təkcə dövlətin deyil, cəmiyyətin hər bir ictimai təsisatının ümdə vəzifəsidir.

Çoxşaxəli fəaliyyəti müddətində Heydər Əliyev Fondu da məhz milli mənafelərə əsaslanan maarifçilik xəttini uğurla davam etdirməyə qabil təşkilat kimi özünü təsdiqləmiş, ölkədə böyük nüfuz və etimad qazanmışdır. Fondun xəttilə görülən işlər, ilk növbədə ümumbəşəri və milli idealların cəmiyyətdə daha da möhkəmlənərək ictimai şüura hakim kəsilməsinə, fərqli sivilizasiyaların dialoquna, keçmişlə gələcək arasında körpü salınmasına, insanlara xeyirxahlıq, insanpərvərlik və nəciblik kimi ali dəyərlərin əxz edilməsinə yönəlmişdir. Azərbaycan təhsilinin, elminin inkişafı sahəsində bir sıra layihələri gerçəkləşdirən Heydər Əliyev Fondunun dövlətin bu sahədə həyata keçirdiyi siyasətin uğurlu nəticələr verməsində müstəsna xidməti var. Fondun istər xeyriyyəcilik, istərsə də ictimai fəaliyyətinin əsas prioritetləri sırasında təhsilin mühüm yer tutması qətiyyən təsadufi deyil. Azərbaycan xalqının gələcəyinin təhsillə bağlı olduğunu böyük müdrikliklə vurğulamış ümummilli lider Heydər Əliyevin ideyalarının gerçəkləşdirilməsinə çalışan bu nüfuzlu təşkilat əsrin əvvəllərində yaşamış vətənpərvər ziyalılarımızın yeritdiyi fəal maarifçilik təmayülünü hazırda uğurla davam etdirir. Bu sahəyə yönələn diqqət və qayğının hansı məqsəddən qaynaqlandığını, xalqın, dövlətin gələcəyi baxımından necə böyük əhəmiyyət kəsb etdiyini isə xüsusi vurğulamağa ehtiyac yoxdur.

Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd Azərbaycanda bu sahəni çağdaş dövrün tələbləri səviyyəsinə yüksəltməkdir. İndiyədək ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesi üçün normal şəraitin yaradılmasının zəruriliyini düzgün qiymətləndirən təşkilat bir çox uğurlu nəticələr əldə etmişdir. Bütün dünyada elm və təhsilin, mədəniyyətin yüksək hamisi kimi çıxış edən, sivilizasiyalararası dialoq təşəbbüsünü ələ alan mötəbər beynəlxalq qurumla - YUNESKO ilə sıx əməkdaşlıq əlaqələri qurmuş Heydər Əliyev Fondu milli-mənəvi irsimizə yüksək bəşəri münasibətə də nail olmuşdur. Azərbaycanın birinci xanımının 2004-cü ilin sentyabrında təşkilatın xoşməramlı səfiri təyin olunması həmin əlaqələrə əlavə impulslar vermiş, strateji əhəmiyyət daşıyan müxtəlif layihələrin müştərək icrasına geniş imkanlar açmışdır.

Hələ 2004-cü il iyulun 6-da Fondun təşəbbüsü ilə Parisdə YUNESKO-nun iqamətgahında "Davamlı inkişaf üçün Azərbaycanda təhsil islahatları" mövzusunda beynəlxalq konfrans keçirilmiş, 2005-ci ilin avqust ayında isə Bakıda "YUNESKO-Azərbaycan: Azərbaycanın təhsil problemləri və perspektivləri" adlı geniş tədbir təşkil olunmuşdur. Mötəbər məclisdə çıxış edən YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycanın milli təhsilinin problemlərindən söz açmış, həyata keçirilən islahatlar barədə iştirakçılara ətraflı məlumat vermişdir. Konfrans milli təhsilin ümumi vəziyyəti ilə bağlı YUNESKO nümayəndələrində tam təsəvvür yaratmaq, onları hərtərəfli məlumatlandırmaq, habelə perspektivdə birgə layihələrlə çıxış etmək baxımından uğurlu nəticələrlə yadda qalmışdır.

Ümumiyyətlə, son illər YUNESKO-nun diqqətinin ölkənin təhsil problemlərinə cəlb olunması nəticəsində beynəlxalq təşkilatlarla münasibətlər daha da dərinləşmiş, bir neçə istiqamətdə əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu əlaqələr əsasən, "Təhsil hamı üçün" proqramını, texniki-peşə təhsilinin inkişafı üzrə əməkdaşlıq, inkluziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO kafedralarının yaradılması və digər sahələri əhatə etmişdir. Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da ikitərəfli əməkdaşlığa daxil olan əsas məsələlərdəndir. İndiyə qədər YUNESKO-nun Baş direktorunun rəhbərliyi ilə bu qurumun məsul işçiləri və ekspertləri Azərbaycanda məcburi köçkün və qaçqın ailələrində yaşayan uşaqların təhsil problemləri ilə bağlı müxtəlif layihələr işləyib hazırlamışlar. YUNESKO kimi geniş imkanlara malik nüfuzlu beynəlxalq təşkilatın bəzi pilot layihələrinin sınaqdan keçirilmə məkanı kimi Azərbaycanı seçməsi də ölkəmizdə reallaşdırılan təhsil islahatlarının uğurlu nəticələr verəcəyinə olan böyük inamın təzahürüdür.

Bu günlərdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda YUNESKO-nun Dünyada savadlılığın dəstəklənməsi üzrə "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək" mövzusunda regional konfransının keçirilməsi də ümumilikdə Azərbaycanın təhsil sahəsində mühüm beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini əminliklə söyləməyə əsas verir. Məlumat üçün bildirək ki, belə regional konfransların təşkili ideyası ABŞ-ın birinci xanımı, BMT-nin savadlılıq onilliyi proqramının fəxri səfiri Laura Buşun himayəsi ilə 2006-cı ilin sentyabrında Nyu-Yorkda keçirilən Qlobal Savadlılıq üzrə Ağ Ev konfransında meydana gəlmişdir. Təşəbbüsün əsas məqsədi təhsilə investisiyaların artırılması və daha artıq dəstək yolu ilə dünya üzrə qlobal savadlılıq səviyyəsinin yüksəldilməsidir. Bakı konfransı bölgənin 31 ölkəsini əhatə etmişdir.

İndiyə qədər belə konfranslar ərəb ölkələri, Afrika, Asiya və Sakit okean hövzəsi, Avropa, Latın Amerikası və Karib hövzəsində keçirilmiş, bu regionların savadlılıqla bağlı spesifik problemləri müzakirə olunmuşdur. Qlobal savadlılığın dəstəklənməsi məqsədilə Bakıda Avropa regionu üzrə təşkil olunmuş sayca beşinci konfrans isə mötəbərliyi, aparılan müzakirələrin yüksək səmərəliliyi, praktik əhəmiyyəti, özünəməxsusluğu ilə fərqlənmiş, bir sıra uğurlu nəticələrlə yaddaqalan olmuşdur. Konfransda YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranın, Hollandiya şahzadəsi xanım Laurentienin, YUNESKO-nun xoşməramlı səfirləri - İordaniya şahzadəsi xanım Ferialın və İslandiyanın sabiq prezidenti xanım Viqdos Finboqadottirin, habelə bir sıra ölkələrin təhsil nazirləri və çoxsaylı mütəxəssislərinin, Azərbaycan hökumətinin nümayəndələrinin, xarici ölkələrin Azərbaycandakı səfirlərinin iştirakı da onun mötəbərliyini bir daha təsdiqləyir.

Müasir Avropada savadlılıq anlayışı insanın yazmaq və oxumaq qabiliyyəti ilə məhdudlaşmır və bununla bağlı artıq yeni baxış formalaşmışdır. Sürətli texnoloji dəyişikliklər və qloballaşma hər bir fərddən idraki və təcrübi qabiliyyətlər tələb edir. Bu gün qabiliyyəti istiqamətləndirmək, biliyi idarə və inteqrasiya etmək əsas şərtdir. Odur ki, savadlılıq probleminin yeni tərzdə, daha geniş rakursda şərhi meydana gəlmişdir. Hazırda savadlılıq dedikdə təkcə yazı və oxu bacarığı deyil, həmçinin texniki biliklər və kompüter vərdişləri, səmərəli ünsiyyət, habelə məlumatı anlama, şərh etmə və ötürmə bacarığı, sosial bilgilər və eləcə də bütün bunları praktik həyatda tətbiq etmə vərdişləri nəzərdə tutulur. Bu meyarlara cavab verməyən gənclər və ya yaşlılar öz funksiyalarını tam və səmərəli şəkildə yerinə yetirə, tərəqqi edən dünyanın insanlara bəxş etdiyi rifahdan yararlana bilmirlər.

Konfransda açıqlanan məlumatlardan bəlli olmuşdur ki, bu gün Avropada 80 milyon aşağı təhsilli fəhlə var və onlar ümumi işçi qüvvəsinin üçdə birini təşkil edir. Hesablamalara görə, 2010-cu ilədək ibtidai təhsili olanlar yeni yaradılacaq iş yerlərinin yalnız 15 faizində çalışa biləcək, iş yerlərinin 50 faizi isə daha yüksək ixtisaslı işçilər tələb edəcəkdir. Bu vəziyyət Avropa ölkələrində insanların xeyli hissəsinin hüquqlarının pozulmasına yol açır. Ümumilikdə, dünyada 774 milyon yaşlı insan var və onların beşdə biri hələ də yazmağı və oxumağı bacarmır. 2005-ci ildə aparılmış araşdırmalara əsasən, yaşlıların təxminən üçdə bir hissəsi gündəlik həyat və iş üçün tələb olunan savadlılıq səviyyəsinə çata bilməmişlər. Bunların üçdə iki hissəsini qadınlar təşkil edir. 72 milyon uşaq ibtidai savad almır və onların təhsil almaq üçün çox az imkanları var. Müasir əmək bazarı savadlılığı aşağı olan insanlara məhdud miqdarda iş yeri təklif etdiyindən məsələ ilə bağlı beynəlxalq səviyyədə narahatlıqların kifayət qədər əsası var. Buna görədir ki, Avropada böyüklərdə baza vərdişlərini yüksəltmək və təsdiqləmək imkanını təmin etmək Avropa Komissiyasının böyüklərin təhsili üzrə Fəaliyyət planının əsas istiqamətlərindən birinə çevirmişdir. Bakıda təşkil olunmuş "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək" mövzusunda konfransın gedişində bu və digər məsələlər geniş müzakirə olunmuş, iştirakçıları maraqlandıran suallara ətraflı cavab verilmişdir. Bakı konfransı əsasən Avropada savadlılığın yüksəldilməsi məsələsi ilə bağlı problemlərin həlli yollarının axtarılıb tapılması məqsədi daşımış, Azərbaycanın təhsil işçilərinə və alimlərinə Qərbin nüfuzlu elm xadimləri ilə səmərəli əlaqələrin yaradılmasına, gələcəkdə bu sahədə birgə layihələrin həyata keçirilməsinə geniş imkanlar açmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətində vurğulandığı kimi, qloballaşma proseslərinin getdikcə dərinləşdiyi, vahid ölkə çərçivəsindən çıxaraq ümumbəşəri dəyərə çevrildiyi bir şəraitdə savadlılıq problemi ətrafında müzakirələrin aparılması təqdirəlayiqdir. İnformasiya cəmiyyətinin qurulması yolunda uğurlu addımlar atan Azərbaycan da rastlaşdığı yeni tipli problemləri həll etməyə çalışır. Müraciətdə deyilir: "EƏminəm ki, konfrans YUNESKO ilə əməkdaşlığımızın daha da genişləndirilməsinə öz töhfəsini verəcəkdir. Bu gün ölkəmizdə savadsızlıq probleminin hələ əlli il bundan əvvəl öz həllini tapdığını düşünənlər əksəriyyət təşkil edir. Sizin konfransınız qloballaşan dünyada savadlılıq anlayışının yeni mənasını açıqlayır və hər bir insanın yaxın gələcəkdə istər əmək bazarında, istərsə də cəmiyyətdə ciddi problemlərlə üzləşə biləcəyindən xəbər verir. Digər tərəfdən, konfransda qoyulan məsələlər vətəndaş cəmiyyətinin bütün strukturları üçün geniş fəaliyyət dairəsi açır və insanların bütün ömür boyu təhsil almalarının zəruriliyini xüsusi vurğulayır".

İnformasiya cəmiyyətinin qurulması yolunda son illər uğurlu addımlar atan Azərbaycan rastlaşdığı yeni tipli problemlərin də çevik həllinə nail olmağa çalışır. Məhz bu baxımdan Bakıda belə bir konfransın keçirilməsi böyük əhəmiyyət kəsb edir və respublikanın təhsil ictimaiyyətinə Avropa ölkələrinin müsbət təcrübəsindən bəhrələnmək üçün geniş imkanlar yaradır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın konfransın Bakıda keçirilməsi təşəbbüsünün tədbir iştirakçıları tərəfindən alqışlanması və yüksək dəyərləndirilməsi də bu baxımdan təsadüfi deyildir. Azərbaycanın birinci xanımı yüksək keyfiyyətli təhsilə çıxışın təmin edilməsi, savadsızlığın aradan qaldırılması məsələlərinə xüsusi diqqət yetirməklə yanaşı, respublikanın YUNESKO ilə təhsil əlaqələrinin dinamik inkişafına çalışır.

Konfransda dərin məzmunlu nitq söyləyən Mehriban xanım Əliyeva YUNESKO-nun təhsilin inkişafı sahəsindəki fəaliyyətinin bütün dünyada yüksək dəyərləndirildiyini nəzərə çarpdırmış, eyni zamanda elm, təhsil və mədəniyyətə dəstək sahəsində yorulmaz və hərtərəfli fəaliyyətinə, ölkələr arasında əməkdaşlığın qurulmasında göstərdiyi xidmətlərə görə YUNESKO-nun Baş direktoru Koişiro Matsuuraya minnətdarlığını bildirmişdir. Azərbaycanın birinci xanımı vurğulamışdır ki, qlobal savadlılığın dəstəklənməsinə yönəlmiş Bakı konfransı milli, regional və beynəlxalq səviyyələrdə savadlılığın təşviq edilməsinə yönəlmiş müştərək səylərin bir hissəsidir. Hazırda YUNESKO hər bir ölkə üçün təhsilə açıq və bərabər çıxışın təmin edilməsindən ötrü resurslar səfərbər edir. "Bu tədbir qitəmizdə savadsızlığa aid problemlərin səmərəli həllinə yardım edəcəkdir. Avropa ölkələri milli siyasəti vasitəsilə savadlılığı uğurla təşviq etmişlər. Bununla belə, ümumi savadlılığın ənənəvi yüksək səviyyədə qalmasına baxmayaraq, bu sahədə hələ də xüsusi problemlər və çağırışlar mövcuddurE Ümidvaram ki, konfrans savadlılıq və təhsil sahəsindəki problemlərin həlli üçün milli strategiyaların formalaşdırılmasına mühüm töhfə verəcəkdir. Bu tədbir hamı üçün təhsil proqramının uğurla həyata keçirilməsinə xidmət edəcəkdir. Mən bu cür mühüm konfransın Bakıda keçirilməsini təhsil sahəsində öz siyasətinin təşviq olunmasında Azərbaycanın əldə etdiyi nailiyyətlərin bəyənilməsi kimi qiymətləndirirəm. Şadam ki, YUNESKO və Azərbaycan bir çox sahələrdə uğurla çalışır və hazırda sıx dəstəkləyici tərəfdaşlıq qurublar" - deyə Mehriban xanım Əliyeva vurğulamışdır.

Bu gün Azərbaycan sürətlə inkişaf edən ölkədir və müasirləşmə siyasəti iqtisadi, siyasi və mədəni sahələrdə də müşahidə edilir. Sabit siyasi vəziyyət və artan iqtisadi inkişaf təhsil sahəsində problemlərin uğurlu həllinə zəmin yaradır, yeni texnologiyaların tətbiqinə, istifadəsinə və inkişafına imkan verir. Son illərdə iqtisadiyyatın bir çox sahələrində - idarəçilik, bank işi və digər sektorlarda mütəxəssislərin formalaşmasına ciddi ehtiyac duyulur. YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bütün bu məsələləri önə çəkməklə yanaşı onu da vurğulamışdır ki, "Böyüklər üçün təhsil" bu sahədə həyata keçirilən ən uğurlu layihələrdəndir. Hökumət ən müasir tələblərə cavab verən milli təhsil sisteminin yaradılmasına xüsusi əhəmiyyət verməklə, təhsil infrastrukturunun inkişafına, müasir qurğuların inşasına sərmayə qoyur. Təhsilin inkişaf etdirilməsi və onun Avropa standartlarına çatdırılması üçün genişmiqyaslı proqramlar həyata keçirilir.

Mehriban xanım Əliyeva konfransdakı çıxışında ənənəvi olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də xüsusi toxunmuşdur. Milli Məclisin deputatı eyni zamanda Azərbaycan hökumətinin qaçqın və məcburi köçkün övladlarının təhsili üçün görülən işlərdən söz açmışdır: "EErmənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyon qaçqın və məcburi köçkün yaranmışdır. Son 20 il ərzində belə vəziyyətdə yaşayan yeni nəsil formalaşıbdır. Qaçqın-köçkün uşaqları münaqişənin nəticələrindən əziyyət çəkirlər. Buna baxmayaraq, mürəkkəb vəziyyət olsa da, hökumətimiz həmin uşaqlar üçün təhsilin müvafiq səviyyəsini təmin edə bilmişdir. Biz onların təhsil problemlərini həll etmək məqsədilə regionlardakı infrastrukturu dəstəkləyən təhsil modelini yaratmışıq. Hazırda bütün uşaqlar öz müəllimləri tərəfindən verilən təhsili alır, işğal olunmuş rayonların məktəbləri digər orta məktəblər kimi eyni səviyyədə fəaliyyət göstərir".

Heydər Əliyev Fondunun milli maarifçilik xətti konkret çərçivə ilə məhdudlaşmayıb məktəb tikintisindən tutmuş, YUNESKO ilə konkret təhsil proqramlarının həyata keçirilməsinədək geniş dairəni əhatə edir. Qısa müddət ərzində uğurla gerçəkləşdirilən bu layihələr cəmiyyətdə böyük rezonansa səbəb olmaqla bərabər, həm də rəğbətlə qarşılanmışdır. Azərbaycanın birinci xanımı nitqində son illərdə bu sahədə görülən böyük işlərdən söz açmışdır: "ETəhsilin inkişafına hərtərəfli dəstək Heydər Əliyev Fondunun fəaliyyətinin prioritetlərindən biridirE"Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində fond tərəfindən ölkənin müxtəlif bölgələrində 200-dən artıq məktəb inşa edilmiş və müasir avadanlıqla təchiz olunmuşdur. İnternat məktəblərində uşaqlar üçün təhsil bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Heydər Əliyev Fondu YUNESKO ilə əlaqələrini genişləndirməkdə davam edir və bu təşkilata dəstək verir. 2007-ci ildə ölkəmizdə peşə təhsilinin inkişafı ilə bağlı layihənin həyata keçirilməsi haqqında YUNESKO, Azərbaycan hökuməti və Heydər Əliyev Fondu arasında saziş imzalanmışdır. Bugünkü konfrans əməkdaşlığımızın yeni bir nümunəsidir. Birgə əməkdaşlığımız vasitəsilə biz hamının konkret şəkildə yararlanacağı daha möhkəm və uzunmüddətli münasibətlər quracağıq".

YUNESKO-nun Baş direktoru Koişiro Matsuura öz növbəsində Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycanla təhsil, mədəniyyət və elm sahələrində sıx əməkdaşlığın davam etdiriləcəyini bildirmişdir. "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək" mövzusunda Bakı konfransının əhəmiyyətini vurğulayan qonaq Azərbaycanın YUNESKO çərçivəsində görülən işlərdə fəal iştirak etdiyini nəzərə çatdıraraq demişdir ki, bu cür regional tədbirlər savadlılığın təşviqi baxımından çox vacibdir.

Azərbaycanla ikitərəfli əməkdaşlığa toxunan baş direktor mövcud əlaqələrin genişləndirilməsində təşkilatın xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətlərini xüsusi vurğulamışdır. Heydər Əliyev Fondu təşkil etdiyi konfransla milli mənafelərə əsaslanan maarifçilik xəttini uğurla davam etdirdiyini bir daha sübut etmişdir. Bu xoşməramlı missiya ilk növbədə Azərbaycanın gələcəyi üçün yüksək səviyyəli, intellektual kadrların yetişdirilməsinə, millətin nurlu sabahına xidmət edir.


İ. Əliyeva

Azərbaycan.- 2008.- 23 may.- № 111.- S. 4.