Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulmuşdur
Avqustun 24-də Bakıda, Dənizkənarı Milli Parkda YUNESKO-nun dəstəyi ilə yaradılan Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Mərasimə toplaşanlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranı və xanımı Takaka Matsuuranı, bu beynəlxalq qurumun nümayəndə heyətinin üzvlərini hərarətli alqışlarla qarşıladılar.
Mərasimi Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu açdı.
Mədəniyyət naziri Polad Bülbüloğlunun çıxışı
— Möhtərəm cənab Prezident!
Hörmətli Mehriban xanım!
Hörmətli cənab Matsuura!
Hörmətli xanımlar və cənablar!
Bu gün biz milli ruhumuzun, təfəkkürümüzün ən bariz təcəssümü olan möhtəşəm muğam sənətimizin qorunması istiqamətində növbəti və sözün əsil mənasında, tarixi hadisənin canlı iştirakçılarıyıq.
Bu gün yeni bir musiqi məbədinin - Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulur. Tədbirin müstəsna əhəmiyyətini nəzərə alaraq, Mehriban xanımın dəvəti ilə ölkəmizə gəlmiş YUNESKO-nun baş direktoru cənab Matsuura və xanımı, YUNESKO-nun dünyada tanınmış bir sıra xoşməramlı səfirləri bizimlədirlər. Mən hörmətli qonaqları salamlayır, Azərbaycanın muğam ustaları, musiqiçiləri adından onlara dərin təşəkkürümü bildirirəm. Azərbaycan xalq musiqisinin şah qolu olan muğamlarımızın qədim tarixi var. Əsrlər boyu muğam sənətinin ilkin təravəti, klassik forması və orijinallığı Yaxın Şərq və Orta Asiya ölkələri arasında, demək olar ki, Azərbaycanda qorunub saxlanılmışdır. Dəfələrlə nüfuzlu beynəlxalq forumlarda, festivallarda, müsabiqələrdə, simpoziumlarda səslənən Azərbaycan muğamları həmişə böyük məhəbbətlə, alqışlarla qarşılanmış, onu yaradan xalqın qüdrətini bir daha sübut etmişdir.
Xalqımızın canına, qanına hopmuş, daxili dünyasının ayrılmaz hissəsi olan muğam sənəti 2003-cü ildə YUNESKO-nun tərtib etdiyi "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri" siyahısına daxil edilmişdir.
Azərbaycan muğamları bu gün də yaşayır və inkişaf edir. Əlbəttə, muğamları yaşadan və inkişaf etdirən onun ifaçılarıdır. Onların sırasında bütün dünyada tanınan adlar vardır.
Muğam aləmində Qarabağ muğam məktəbi xüsusi yer tutur və təsadüfi deyil ki, bu yaxınlarda Mehriban xanımın təşəbbüsü və rəhbərliyi ilə "Qarabağ xanəndələri" adlı çox nəfis bir albom buraxılmış və onun təntənəli təqdimatı keçirilmişdir.
Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri seçilməsi ilə muğamlarımızın qorunması və təbliği yeni vüsət tapmışdır. Məhz Mehriban xanımın təşəbbüsü ilə Azərbaycan Dövlət Filarmoniyasında xalq musiqisi ifaçılarının silsilə konsertləri təşkil olunur, muğam ustaları ilə işgüzar görüşlər keçirilir. Azərbaycan mədəniyyətinə, incəsənətinə daim qayğı və diqqət göstərən Mehriban xanımın muğam ustalarına verdiyi dəstək onları ruhlandırır, yeni uğurlara səfərbər edir!
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev xalq musiqisinə, xüsusilə muğam sənətçilərinə daim qayğı göstərir. Muğamlarımızın yaşaması, qorunması və dünyada tanınması üçün bu gün təməlini qoyduğumuz Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncamı, muğam ifaçılarının böyük bir hissəsinin yüksək mükafatlara, fərdi təqaüdlərə, fəxri adlara layiq görülməsi buna sübutdur.
İnanıram ki, Beynəlxalq Muğam Mərkəzi bu canlı və nadir sənətin bütün dünyada təbliği və tanınması, habelə tədqiqi və öyrənilməsi sahəsində nüfuzlu bir mədəniyyət ocağına çevriləcək və bizim hamımız onun keçirəcəyi mötəbər tədbirlərin, konsertlərin, festival və simpoziumların iştirakçısı olacağıq.
Mən buna əminəm və hamınızı bu münasibətlə səmimi qəlbdən təbrik edirəm.
Diqqətinizə görə minnətdaram.
İndi də icazənizlə, sözü YUNESKO-nun musiqi sahəsində qızıl mükafatını alan, Azərbaycan Respublikasının xalq artisti Alim Qasımova verim.
* * *
Görkəmli muğam ustası, Azərbaycan muğamlarının dünyada tanıdılması işində böyük xidmətləri olan xalq artisti ALİM QASIMOV mərasim iştirakçılarını, xarici qonaqları bütün muğamseverlər adından salamlayaraq dedi ki, mən bu ulu sənətin yolçusu kimi çox sevinirəm. Bakının çox gözəl yerində Beynəlxalq Muğam Mərkəzinin bünövrəsi qoyulur. Ona görə bu işin təşəbbüsçülərinə, bu işdə böyük kömək edənlərə minnətdarlığımızı bildirirəm. Xalqımızın bir bayatısını xatırlatmaq istəyirəm:
Əzizim bizim qala,
Həmişə bizim qala.
Tikmədim, Özüm qalam,
Tikdim ki, izim qala.
Çox sağ olun, minnətdaram.
YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın çıxışı
— Zati-aliləri cənab Prezident!
Hörmətli xanım Əliyeva!
Hörmətli mədəniyyət naziri!
Hörmətli qonaqlar!
Hörmətli dostlar, xanımlar və cənablar!
Mən bugünkü təməlqoyma mərasimində iştirakımdan dərin məmnunluq hissi duyuram. Sizinlə birgə bu mərasimində iştirak etməyimdən çox şadam.
Yaradılacaq Beynəlxalq Muğam Mərkəzi, şübhəsiz ki, öz töhfəsini verəcəkdir. Mədəniyyət nazirinin dediyi kimi, 2003-cü ilin noyabr ayında Azərbaycan muğamının 28 əsəri qeyri-maddi-mədəni irs siyahısına daxil edilmişdir. Bu da YUNESKO-nun ikinci bəyannaməsində əks olunmuşdur. Bildiyiniz kimi, bu ilin mart ayından sentyabr ayına qədər Yaponiyada beynəlxalq sərgi keçirilmişdir və mən orada qərar qəbul etdim ki, iyulun 27-də həmin sərgidə BMT günü qeyd olunsun.
BMT günü zamanı mən dünyanın qeyri-maddi-mədəni irsi siyahısına daxil olan əsas musiqi əsərləri sırasında məhz Azərbaycan muğamının da səsləndirilməsi, təqdim olunması qərarına gəlmişdim və bu mərasim çox yaxşı təşkil edilmişdi.
Xanım Mehriban Əliyevaya mən xüsusi minnətdarlığımı bildirirəm ki, Azərbaycanın muğam ustalarından ibarət bir qrupun həmin vaxt Yaponiyaya göndərilməsinə öz yardımını göstərdi. Buna görə də ona ürəkdən minnətdaram. Orada muğamı dinləyən bütün yaponlar, ümumiyyətlə, digər ölkələrdən gəlmiş sərgi iştirakçıları bundan çox böyük və xoş təəssürat aldılar.
Mən bu gün buraya gəlməmişdən əvvəl İçərişəhərdə oldum. Onu da deyim ki, İçərişəhər də bu günlərdə dünyanın mədəni irsi siyahısına daxil edilmişdir. Bu təşəbbüs maddi mədəniyyət abidələrinin qorunmasına dair 1972-ci ildə qəbul olunmuş Konvensiya çərçivəsində qaldırılmışdır. Bu konvensiya şifahi və qeyri-maddi mədəni irsə aid deyildir. Bunu nəzərə alaraq, YUNESKO 2003-cü ildə qeyri-maddi-mədəni dəyərlərin qorunması ilə bağlı yeni bir konvensiya qəbul etdi. Bu konvensiyanın müddəalarına uyğun olaraq, Azərbaycan muğamı da qeyri-maddi-mədəni dəyərlərin biri kimi, həmin konvensiyanın əks etdirdiyi siyahıya daxil olundu.
Azərbaycan muğamının əsas əsərləri bundan sonra qorunmağa başlandı. Mən sizə məlumat vermək istəyirəm ki, bu proses davam edəcək və bu siyahıya gələcəkdə muğam sahəsində yeni əsərlər də daxil olunacaqdır.
YUNESKO maddi və qeyri-maddi-mədəni irslərin qorunmasında çox qətiyyətlidir, əzmlidir. Bu mənada adlarını çəkdiyim iki konvensiya hüquqi baxımdan çox mühüm sənədlərdir!
Beynəlxalq Muğam Mərkəzi muğamın təbliğ olunmasında, onun tam qorunmasında və dünyada daha da tanıdılmasında xüsusilə əhəmiyyətli rol oynayacaqdır. İnanırıq ki, bu nümunəyə uyğun olaraq, bütün dünyada qeyri-maddi-mədəni irsin qorunmasına daha da böyük diqqət yetiriləcəkdir.
Bu gün burada cənab Prezident İlham Əliyevlə, xanım Mehriban Əliyeva və YUNESKO-nun xoşməramlı səfirləri ilə birlikdə təməlqoyma mərasimində iştirak etməkdən böyük məmnunluq duyduğumu bir daha ifadə edirəm. Sağ olun.
* * *
Prezident İlham Əliyev mərasimdə nitq söylədi.
Azərbaycan Prezident İlham Əliyevin mərasimdə nitqi
YUNESKO-nun hörmətli baş direktoru cənab Matsuura!
Hörmətli xanım Matsuura! Hörmətli qonaqlar, xanımlar və cənablar!
Mən sizi bir daha salamlayıram və bu gün Beynəlxalq Muğam Mərkəzinin təməl daşının qoyulması münasibətilə hamınızı ürəkdən təbrik edirəm. Bu gün böyük bayramdır. Muğam Azərbaycan mədəniyyətinin ən gözəl incisidir.
Azərbaycan musiqisi muğam üzərində qurulmuşdur. Biz öz mədəni irsimizə çox böyük diqqətlə və qayğı ilə yanaşırıq. Azərbaycanın çox zəngin mədəniyyəti var və biz çalışmışıq ki, öz mədəniyyətimizi inkişaf etdirək və dünya ictimaiyyətinə daha da yaxşı tanıdaq. Muğam hər bir azərbaycanlı üçün çox əzizdir, doğmadır. Ancaq bu günə qədər Azərbaycanda muğam evi, Muğam Mərkəzi yox idi. Mən çox şadam ki, bu gün təməlini qoyduğumuz bina bir müddətdən sonra öz qapılarını açacaq və Azərbaycanda çox gözəl Muğam Mərkəzi yaradılacaqdır.
Şübhə etmirəm ki, bu mərkəz qısa müddət ərzində tikilib başa çatdırılacaq, dünyanın ən yüksək standartlarına cavab verəcəkdir. Ümid edirəm ki, YUNESKO-nun baş direktoru cənab Matsuura və dəyərli qonaqlarımız muğam mərkəzinin açılış mərasimində də bizimlə bərabər olacaqlar. Bu gün həqiqətən çox böyük bayramdır. Azərbaycan musiqisevərlərinin bayramıdır, muğam ustalarının bayramıdır və bütün Azərbaycan xalqının bayramıdır. Çünki nə qədər ki, muğam var, Azərbaycan xalqı da var.
Bu fürsətdən istifadə edərək, cənab Matsuuraya dərin minnətdarlığımı bildirirəm ki, onun şəxsi təşəbbüsü ilə Azərbaycanın milli irsinin, mədəni irsinin qorunması işində böyük işlər görülübdür. YUNESKO-nun vasitəsilə Azərbaycan öz mədəniyyətini dünya ictimaiyyətinə daha geniş şəkildə təqdim edə bilibdir. Ümid edirəm ki, gələcəkdə YUNESKO ilə Azərbaycan arasında gözəl əməkdaşlıq ənənələri yaşayacaqdır və möhkəmlənəcəkdir. Cənab Matsuuranın Azərbaycanın mədəni irsinin təbliğ olunmasında və YUNESKO tərəfindən qorunmasında müstəsna xidmətləri vardır və bu, Azərbaycanda yüksək qiymətlən-dirilir. Bu məqsədlə bu gün mənim sərəncamımla cənab Matsuura Azərbaycanın yüksək mükafatı - "Şöhrət" ordeni ilə təltif olunubdur. Bu münasibətlə sizi bir daha ürəkdən təbrik edirəm.
Əziz dostlar, Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulması münasibətilə sizin hamınızı bir daha ürəkdən təbrik edirəm. Sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.
* * *
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və YUNESKO-nun baş direktoru Koişiro Matsuura gilizi binanın təməlinə qoydular və ilk beton qarışığı tökdülər. Gilizin içərisindəki kağızda Azərbaycan və ingilis dillərində bu sözlər yazılmışdı: "YUNESKO-nun dəstəyi ilə yaradılan Beynəlxalq Muğam Mərkəzinin təməl daşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və YUNESKO-nun baş direktoru Koişiro Matsuura tərəfindən 2005-ci il avqustun 24-də qoyulmuşdur".
Mərasimdə iştirak edən muğam ustaları, mədəniyyət və incəsənət xadimləri Prezident İlham Əliyevlə səmimi görüşdülər, dövlətimizin başçısına və Mehriban xanım Əliyevaya bu tarixi hadisəyə, muğam sənətinə verdikləri yüksək qiymətə görə dərin təşəkkürlərini bildirdilər.
Xalq qəzeti.- 2005.- 25 avqust.- № 196.- S. 2-3.