Çap etmək   ⁞     ⁞   Millət vəkili

Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın ABŞ-a işgüzar səfəri


Azərbaycan Respublikasının birinci xanımı, Azərbaycan – ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ABŞ-a dekabrın 4-də başlanmış səfəri çərçivəsində bir sıra görüşlər keçirmişdir.

ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun həmsədrləri, konqresmenlər demokrat Solomon Ortis, respublikaçı Bil Şuster və qrupun üzvləri Ed Uitfild, Virciniya Foks ilə görüşündə xanım Mehriban Əliyeva Azərbaycan ilə ABŞ arasında münasibətlərin yüksək səviyyədə olduğunu və uğurla inkişaf etdiyini vurğulamışdır. Görüş zamanı bir neçə aktual məsələ, o cümlədən Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin aradan qaldırılması, Azərbaycanın geostrateji mövqeyi, ölkəmizin müasir durumu ətrafında müzakirələr aparılmışdır. Hər iki tərəf parlamentlərarası əlaqə və mübadilələrin ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsi üçün əhəmiyyətini vurğulamış və bu sahədə müəyyən proqramın tərtib edilməsinin zəruriliyini qeyd etmişlər.

Mehriban xanım ABŞ Konqresinin Avropa və yeni təhlükələr üzrə alt komitəsinin sədri vəzifəsinin icrasına yaxın günlərdə başlayacaq konqresmen Robert Ueksler ilə görüşmüşdür. Ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Mehriban Əliyeva ABŞ-ın dəstəyi ilə regionda həyata keçirilən layihələrin əhəmiyyətini, ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra ABŞ-ın Azərbaycana güclü dəstək verdiyini qeyd etmişdir. Mehriban xanım Robert Ueksleri ölkəmizdə həyata keçirilən islahatlar, əldə edilmiş nailiyyətlər ilə tanış olmaq üçün Azərbaycana səfərə dəvət etmişdir.

Konqresmen Ueksler Azərbaycanın ABŞ üçün əhəmiyyətinə toxunaraq, yeni seçilmiş Konqresin Cənubi Qafqaz regionuna, xüsusilə Azərbaycana diqqətini daha da artıracağına ümidvar olduğunu bildirmişdir. Görüşdə regional vəziyyət, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvi istiqamətində səylərin artırılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Konqresdə keçirilmiş görüşlərdə Azərbaycanın birinci xanımını Milli Məclisin bir qrup üzvü müşayiət etmişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Corc Buş Prezident Kitabxanası Fondunun prezidenti, ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri general Brent Skoukroftla görüşmüşdür. Söhbət zamanı Heydər Əliyev Fondu ilə Corc Buş Prezident Kitabxanası Fondu arasında əməkdaşlığın perspektivləri və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilmişdir. General Brent Skoukroft Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsil, mədəniyyət və səhiyyə sahəsində həyata keçirdiyi layihələr barədə məlumatı maraqla dinləmiş və görülən işləri yüksək qiymətləndirmişdir.

Azərbaycanın birinci xanımı Vaşinqtonun nüfuzlu təhlil və tədqiqat mərkəzlərinin, universitetlərinin nümayəndələri ilə görüş keçirmişdir.

Görüşdə ABŞ-ın tanınmış alim və ictimai xadimləri, o cümlədən Syuzan Eyzenhauer, Frederik Star, Svanta Kornel, Ancela Stend, Ceyms Beyker, Rob Sobhani, Roald Saqdeyev, Ariel Koen iştirak etmişlər. ABŞ – Azərbaycan münasibətlərinin inkişafını yaxından izləyən alimlər Azərbaycanın hazırkı mərhələsinə dair öz mülahizələrini söyləmiş və bu münasibətlərin dinamikasına yeni ahəng vermək üçün fikirlərini bildirmişlər.

Səfər zamanı Mehriban Əliyeva həmçinin “Volter Rid” adına Hərbi Tibb Mərkəzində və Vaşinqtondakı Toxuculuq muzeyində olmuşdur. Toxuculuq muzeyində Azərbaycan xalçaçılıq muzeyi ilə uğurla həyata keçirilən layihələr barədə Azərbaycanın birinci xanımına məlumat verilmişdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Vaşinqtondakı ABŞ-Azərbaycan Ticarət Palatası nəzdində olan Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində Amerikada yaşayıb fəaliyyət göstərən azərbaycanlı və amerikalı incəsənət xadimləri ilə görüşmüşdür. Azərbaycan ilə ABŞ arasında münasibətlərin yüksək səviyyəsindən danışan Mehriban Əliyeva vurğuladı ki, zəngin mədəni irsimizin Amerikada tanıdılmasına dair layihələrin həyata keçirilməsinə ehtiyac vardır. Bu layihələrin sərgilər, konsertlər, Amerikada Azərbaycan günləri kimi keçirilməsini mümkün hesab edən Azərbaycanın birinci xanımı bu işdə ABŞ-da yaşayan azərbaycanlı incəsənət xadimlərinin dəstəyinin vacib olduğunu bildirmişdir.

Mehriban xanım Əliyevanın ABŞ-a işgüzar səfəri davam edir.


AzərTAc

4 dekabr 2006-cı il